05 Aralık 2013

Müğənnilərə verilən qiymətin qarşılığı


Müğənilərə verdiyimiz dəyərdən elm əhlinə də verək

Maraqlı burasıdır ki, diqqətlə nəzər saldıqda görürük ki, bu gün ictimaiyyətdə musiqiyə, mahnıya çox yüksək qiymət verilir. Başqa gənclərdən fərqli olaraq mən düşünürəm ki, bizim bu cür milli mahnılara, müğənnilərə verilən qiymətin ən çoxu elmimizə, alimlərimizə verilməlidir. Nəyə görə televizor kanallarında, radio dalğalarında yalnız müğənnilərə, musiqiçilərə, təlxəklərə söz verilir, onlar cəmiyyətin aparıcı qüvvəsi kimi təqdim olunur? Bizlər də oturub bu vəziyyətdə onlardan danışır və onların şəxsi və günahlarla dolu həyatlarından dəm vururuq. Amma elmə, elm əhlinə, alimlərə belə üstünlüklər verilmir. Sizcə bu vəziyyətdə bizlər və bizdən sonra gələcək nəsillər hara doğru gedirik?

Qərbə doğru deyə bilərsiz, keçid dövrü deyə bilərsiz, inteqrasiya deyə bilərsiz, amma bütün bu sözlər yalnız özümüzü aldatmaqdır. Axı əxlaqdan, dindən, imandan, mənəviyyatdan uzaq bu insanları nəyə görə bu qədər şişirdirik? Nəyə görə onlardan yazırıq, onlardan danışırıq, onları bizə kim seçib ki, bizə dərs desinlər və ağalıq etsinlər. Onlar, cəmiyyətə, Azərbaycanın problemlərinə hansı töhfəni verirlər. Əksinə qadağan olunan günlərdə də öz ürəkbulandırıcı, çirkin hərəkətlərini davam etdirilər. Məsələn, bu yaxınlarda baş vermiş hadisələri hamınız bilirsiniz ki, 26 Fevral Xocalı soyqırımı günü bizim bu dırnaqarası dərs deyənlərimiz hansısa bir xarici ölkədə şənlənib mahnı oxumuşlar. Nə qədər qadın müğənnilərimiz nə qədər həm özlərinə qarşı, həm də cəmiyyətə qarşı haqsızlıqlar edirlər. Biz bunlardanmı ibrət almalıyıq? Hətta bu müğənni qadınlar soyunmağa belə normal baxırlar. 

Normal olacaq əlbəttə. Çünki insanda iman nuru, iman şirinliyi, qəlb rahatlığı, Allahın verdikləri nemətləri gözü ilə gördüyü halda qəlb gözünü aça bilməyən üçün qadının soyunması normal haldır. Ona görə normaldır ki, qadınların çılpaq olması qəlbində əyrilik olanlar, bəsirət gözü bağlı olanlar üçün sərf edir. Elə bu üzdən də qadınların soyumasından istifadə edən bəzi şorgöz kişilər papaqlarını sevindiklərindən o qədər uzağa atıblar ki, hələ də onu tapa bilmirlər. 
İnanın belə deyən qadın müğənninin də sözünü dəstəkləyən və belə sözün üstündə durub bu sözü müdafiə edənlər də az deyildir. Bu müğənniləri mailiyyələşdirən, onlara sponsurluq edənlər, onlara kifayət qədər pul ayıran qeyrətli vətən oğulları da çoxdur. Azərbaycanda bir çox müğənnilərin sponsorunun olması yəqin ki, heç kim üçün də gizli deyildir. Bəziləri məhz iifasını bəyəndiyindən, bəziləri də məhz simpatiyaları olduğundan müğənnilərə dəstək göstərirlər.Gəlin baxaq bu qadın müğənninin kim olmasına. Əvvəlcə bunlar haqqında Qurani Kərimə baxaq. Allah təala Qurani Kərimdə buyurur ki, "İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir. Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir əzabla (axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə ver!" (Loğman surəsi, 6-7). Bu ayənin nazil olmasına səbəb məhz müğənnilər olmuşdur. Çünki Nadir bin Haris, yəni Harisin oğlu Nadir adlı müşriklərdən, din düşmənlərindən biri Məkkədə Allah Rəsulunun səlləllahu aleyhi və səlləmin gətirdiyi Allahdan olan ayələri, dini, islamı ələ salırdı. Özündən şer və mahnılar oxuyaraq Məhəmməd peyğəmbərin dəvətindən insanları yayındırmaq istəyirdi. Hətta buna görə bu insan bir çox yerlərə gedib müxtəlif şahların həyatına aid rəvayətlər öyrənmiş və gəlib Məkkədə insanlara danışaraq insanları islamdan uzaqlaşdırmağa cəhd etmişdi. Demək olar ki, bir çox insanları aldatmağa müvəffəq ola bilmişdi. Özü də yəhudi və xristianlarla otururb-durar və əlavə olaraq bir çox musiqi alətlərində çalmağı da öyrənərdi ki, insanları ələ ala bilsin. Bununla kifayətlənməyən bu din düşməni iki müğənni kölə qadın da satın almışdı. Çünki indi olduğu kimi o vaxt da bir çox insanlar şairlərə, aşiqlərə, musiqiçilərə meyl edərdilər. Bu insana da və onun pulnan aldığı qadın müğənnilərə də meyl edənlər və bunlara görə küllü miqdarda pul verənlər var idi. Allah Rəsulu salavatullah bir məclisdə oturub Allahın vəhyini, axirəti, islamdan nəyisə xalqa öyrətdikdən və məclisi tərk etdikdən sonra bu din düşməni də pulnan əldə etdiyi qadın müğənnilərlə bərabər gəlib həmin məclisdə insanları ələ alar, onlara müxtəlif şahların başına gələn hadisələri danışar və şeir deyib, mahnı oxuyub, müğənni qadınları da oxudardı. İddia edərdi ki, mən sizə necə müxtəlif şahlardan danışıramsa bu peyğəmbər də mənim kimi sizə öyrəndiklərini danışır deyərdi. Beləliklə həm böhtan atar, həm də öz üzərinə ağır yük götürərdi. 
Bu günlə müqayisə edin bu hadisələri eyni tarix təkrarlanır. Müğənnilər efirlərdə insanlara dindən, imandan dərs keçirlər, özlərini hamıdan ağıllı və bilikli hesab edirlər. 
Bu günkü bir çox dindən uzaq səfeh müğənnilər kimi Harisin oğlu Nadir də insanları boş-boş sözlərlə aldadaraq, onlardan xeyli miqdarda gəlir əldə edirdi. O pulnan satın aldığı müğənnilərə sərxoş edici içki içizdirib deyirdi ki, insanları ələ alın, onlara içki içizdirin. Onlara inandırırdı ki, zənginlik burdadır. Belə dedi: "Mənim sizə dəvət etdiyim bu yol, bu dediklərim Muhammədin sizi dəvət etdiyindən yaxşıdır. Sizə deyir ki, namaz qılın, oruc tutun, döyüşə gedin, sizdə belə etməklə ölümə gedirsiniz". Belə olduqda məhz uca Allah təala aşağıdakı ayəni nazil edir: "İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar" (Loğman surəsi 6). 
Beləliklə bu ayə tək həmin şəxs üçün nazil olmamışdır. Qiyamət gününə qədər gələcək bütün batil əməllər edənlər üçün bu ayə nazil olunmuşdur. Batil əməllərə də mahnı oxumaq birbaşa daxildir. Allaha itaətdən ayıran bu cür əməllər "ləhvəl-hədis" ("boş sözlər") adlanır. Yəni müğənnilərin oxuduqları bütün mahnıların hamısı batil sözlərin, boş sözlərin hökmünə daxildir. Bu hökmü də biz özümüzdən çıxarmamışıq. Açıq-aşkar Qurani Kərimdə bu ayə vardır. 
Bu əlbəttə şeytanın yoludur. Şeytanın yolu ilə gedənlərin qarşısına ancaq zərər və ziyan çıxa bilər. İbn Məsuda bu ayədə keçən "ləhvəl-hədis" ("boş sözlər") haqqında soruşanda İbn Məsud Allaha üç dəfə and içib deyir ki, burada boş söhbətdən məqsəd musiqi alətləri və çalğı alətləridir. Yəni onlarla məşğul olmaqdır. Müğənnilik etməkdir. Həsən əl-Bəsri də deyir ki, bu ayə musiqi alətləri və müğənnilər üçün nazil olmuşdur. Yəni onların əməllərinin batil olması üçün nazil olunmuşdur. Allah təala bu ayənin sonunda belə insanları və onları dəstəkləyənləri şiddətli bir əzaba uğratmaqla xəbərdarlıq edibdir. 
Məhz bu səbəbdən də bu gün soyunan və soyunmaqda heç bir problem görməyən müğənnilərin etdikləri bizi təəccübləndirmir. Ona görə ki, onlar Allahın düzgün yolu ilə getmirlər. Onlar öz nəfslərinin və Allahın düşməni olan şeytanın yolu ilə getdikləri üçün həmin yol onlara şeytan tərəfindən gözəl göstərilmişdir. Halbuki açıq aşkar Quran ayəsindən də görürük ki, bu yol onları cəhənnəmə aparan iyrənc bir yoldur. Allahdan salamatlıq istəyirik.
Bütün bunlara baxmayaraq insanlar içərisində elələri vardır ki, onlar tutduqları əməllərin yalnış olduğunu dərk edib özlərini düzəldə, islah edə bilirlər. Bütün günahlara görə tövbə edib Allaha tərəf addım ata bilirlər. Belə olduqda, soyunmaqda heç bir qəbahət görməyən müğənnilər bunun böyük günah olduğunu dərk edib, deidkləri sözə görə peşmançılıq çəksələr, Allaha tövbə etsələr ola bilsin ki, Allah təala onları bağışlayar. Çünki Allah təala Qurani Kərimdə buyurur ki, "Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir" (Nisa surəsi 17).
Bu müğənnilər axı bizə nə verir ki, biz onları atribut kimi qəbul edirik. Məgər, bir az vicdan əzabı hiss etmirikmi? Ətrafa, təbiətə baxıb, hər gün torpağa tapşırdığımız insanlara, yaxınlarımıza baxıb ibrət almırıqmi? Yoxsa Allah təalanın kitabında bizə buyurduğu insanlardanıqmı biz? Allah təala buyurur ki, “Onları doğru yola səsləsəniz (dəvət etsəniz) eşitməzlər. Görərsən ki, sənə baxırlar, görmürlər” (əl-Əraf surəsi, 197-ci ayə). Allah təalanın belə ayələri çoxdur. Amma ibrət alan varmı? 
Əziz və mehriban bacı qardaşlarımız! Allahı çox-çox yada salın. Siz bir neçə il bundan əvvəl yox idiniz. Allah təala sizi yaratdı. Sizi böyüdüb bu vəziyyətinizə gətirdi. Sonra sizi öldürəcək və Qiyamət günü yenə dirildəcək. Belə olduğu halda və bunu bilə-bilə niyə elmə və elm əhlinə qiymət vermirik. Sual verə bilərsiniz ki, hansı elm əhlinə? Məgər siz yer üzərində günahsız bir qul axtarırsınız? Xeyr, bu mümkün deyil. Hər bir insanın müəyyən qədər günahı vardır. Amma müğənnilərin günahı çox-çoxdur. Alimin günahı isə o vaxt çox olur ki, o elmi ilə əməl etməsin. Bunun üçün isə biz elmə və alimlərə hər şeyin üstündə qiymət verməliyik ki, alimlərimiz onlara olunan hörməti və izzəti bilsinlər ki, ürəklərində elmə olan həvəs güclənsin. Cəmiyyətimiz bəşər sivilzasiyasının ən yüksək mövqeyində dursunlar. 
Mən çox suallar verdim. Əgər sizdə düşünən bir qəlb varsa və qəlb gözünüz kor deyilsə mənim bu yazıma fikir və rəylərinizi yazın. Allah xalqımıza hidayət bəxş etsin. Amin!

Əkrəm Həsənov (ilahiyyatçı).

Hiç yorum yok:

Yorum Gönder