21 Temmuz 2012

Sahura (səhər yeməyinə) yatıb qalanlar oruclarını tamamlasın.


Bismillah. Allaha həmd olsun ki, biz artıq bu gündən oruc tutmağa başladıq. Həqiqətən də biz heç birimiz bu günləri yaşadığımıza görə Allaha layiqincə şükr edə bilmirik. Çünki bizimlə bərabər indiyə qədər bu ayı gözləyən qardaşlarımız var idi. Amma bu qardaşlarımızdan bir neçəsi bu günə qovuşa bilmədi. Biz heç birimiz həyatımız üçün zəmanət verə bilmərik ki, sabah və ya bu ayın sonu yaşayacaqğıq ya yox.
Mən islama yeni gələndə belə şeylərə əhəmiyyətsiz kimi baxırdım. Mənə elə gəlirdi ki, belə şeyləri düşünmək doğru deyil. Amma bilirəm ki, bu sətirləri oxuyan hər bir kəs də və ya bəzi kəslər də düşünə bilər ki, belə şeylər danışmaq və yazmaq doğru deyil. Amma mən bunu təcrübəsi olan bir insan kimi yazıram ki, mütləq belə şeyləri düşünüb ibrət almaq lazımdır. Həqiqətən də insan sabah nə ilə qarşılaşacağını deyə bilməz. Ola bilər ki, insan bu gün gördüyü yuxunu sabah yaşasın. Bu da bir rellıqdır. Bu o deməkdir ki, qeyb (gizlin) bizə məlum deyil. Həqiqətən mən Allaha yalvararaq dua edirəm ki, biz müsəlmanları bu mübarək Ramazan ayında tam olaraq ibadətlərimizi bitirib, günahlarımızın bağışlanmasına və həm bu dünyada, həm də axirətdə böyük bir xeyirə nail olmamıza kömək etsin. Amin!
İnsanların bir çoxu səhər namazına və ya suhura (səhər yeməyinə) dura bilmədikləri üçün bu günün orucunu təxirə saldılar. Belə ki, əgər sən axşamdan niyyət etmisənsə, səhər namazından əvvəl durub səhər yeməyini yeyə bilməmisənsə bunu bəhanə edib orucunu poza bilməzsən. Əlbəttə mən səni məcbur etmirəm ki, bu gün oruc tutmalıydın. Bunu nə qədər böyük nemət olduğunu bilsəydin tutardın. Mən sadəcə onu demək istəyirəm ki, əgər səhər yeməyinə qalxmamısansa da yenə oruc tuta bilərdin. Orucuna davam edə bilərdin. Bu sətirləri təbiidir ki, hər kəs oxuyub öz üzərinə almasın. Bunu mən bəhanə gətirib oruc tutmayanlara deyirəm. Çünki bu gün insanlar arasına çıxdım və gətirdikləri bəhanələri gördüm, ona görə də sizinlə bölüşmək istədim.
Əvvəlcə oruc tutanlara bizim məşhur və səhih hədis alimimiz olan Buxarinin “Oruc Kitabında” səhər yeməyi ilə bağlı rəvayət etdiyi bir hədisi nəzərinizə çatdırıram: Ənəs bin Malik Peyğəmbərin (səlləllahu aleyhi və səlləm): “Səhur yeməyini yeyin. Çünki səhur yeməyində bolluq vardır” dediyini rəvayət etmişdir. Ramazan ayında və ya digər vaxtlarda səhur yeməyi barəsində çoxlu hədislər gəlmişdir. Bu barədə mən yalnız bütün islam ümmətinin səhih hesab etdiyi Buxarinin rəvayət etdiyi hədisi qeyd edəcəm. Bu hədis belədir: Sələmə bin Əqva Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) Aşura günü gündüz Hind bin Əsmanı camaata belə elan etməsi üçün qəbiləsinə göndərdiyi rəvayət edilmişdir: “Hər kim yemək yedisə bu günü oruca başlayaraq tamamlasın! Oruc tutsun! Heç bir şey yeməmiş olanlar da bundan sonra heç nə yeməsinlər”. Bu hədis göstərir ki, hətta təkcə Ramazanda yox, digər vaxtlarda da oruc tutduqda, oruc tutmaq vaxtı olduqda əgər kimsə bilmədən yeyibsə, sonra bilibsə ki, bu gün oruc tutma günüdür, həmin şəxs oruc tutmağa başlamalıdır. Əgər kimsə hələ heç nə yeməyibsə və hazırlaşısa ki, nəsə yesin, amma oruc günü olduğunu ona deyiblər, onda heç bir şey yemədən oruca başlamalıdır. Həmçinin də bu hədisi səhər yeməyinə qalxa bilməyənlərə də aid etmək olar. Əgər onlar bilirlərsə ki, bu gün oruc günüdür, onda mütləq səhura qalxmamalarına baxmayaraq oruclarını davam etməlidirlər.
Həmçinin mühüm bir məsələ odur ki, əgər səhər duranda cünub olaraq durursansa və səhər namazının vaxtı daxil olubsa necə etməlisən? Orucunu pozmalısan,yoxsa orucunu davam etdirməlisən? Buxari “Oruc Kitabı”nda möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət edir ki, “Allah rəsulunun (səlləllahu aleyhi və səlləm) zövcəsi ilə yaxınlıq edib cünub olduğu halda fəcir vaxtına qədər gecikdiyi olardı. Allah rəsulu (səlləllahu aleyhi və səlləm) fəcirdən (səhər namazının vaxtı) sonra qüsl alıb orucunu tutardı”.
Bunlar hamısı onu göstərir ki, islamda elə bir qayda yoxdur ki, əgər sən oruclu vaxtı səhur yeməyinə qalxmamısansa demək orucun doğru deyil. Tamamilə əksinə, Allah rəsulunun (səlləllahu aleyhi və səlləm) da həyatına baxsaq görərik ki, o, hər bir halda orucunu tam olaraq tutmuşdur. Bizdə çalışmalıyıq ki, yuxudan lap günorta da durmuş olsaq orucu tamamlayib bitirək. Allah təala bizi dinində sabit etsin. Bizim gizlində və aşkar olan düşmənlərimizin yaxasını bizdən çəksin. Bizə xeyir-bərəkət, bol nemət qapılarını açsın. Amin! Salam Aleykum va Rahmatullah.

Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder