26 Ağustos 2011

Səfərlə bağlı bilməli olduğumuz 45 məsələ


1-Səfərə çıxdıqda özünə saleh yoldaş seçməlisən.
2-Kişinin tək-tənha səfər çıxması bəyənilmir.
3-Səfərə getmədən öncə vəsiyyət yazılmalıdır.
4-Yaxşı olar ki, səfərə cümə axşamı günortadan əvvəl çıxılsın.
5-Səfərə çıxarkən müsafirlərdən biri başçı təyin edilməlidir.
6-Səfərdə olarkən duaları çoxaltmaq lazımdır, çünki müsafirin duası qəbul olunandır.
7-Gecə vaxtı səfərdən qayıdıb, qəfildən evin qapısını döymək qadağandır.
8-Səfərdən qayıtdıqda yaxşı olar ki, məscidə gedib, iki rükət namaz qılınsın.
9-Səfərdən gəldikdə yaxınlarına hədiyyə vermək bəyənilir.
10-Səfərdən gələnin dostlarına ziyafət verməsi müstəhəbdir.
11-Səfərdə ikən fəcr və məğrib namazı istisna olmaq, digər namazlar qısaldılıb iki rükət qılmaq vacibdir. 

Allah (subhənəhu və təalə) buyurur:
- Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz. [1]

İbn Abbas deyir ki, "Allah, Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) dili ilə namazı sizə qeyri səfərdə dörd, səfərdə iki, qorxu anında isə bir rükət fərz etmişdir"[2].

Yəla ibn Umeyyə bu ayə haqqında Ömər ibn əl-Xəttabdan soruşmuş və demişdir: "kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa..." - ayəsini necə başa düşək, axı bu gün insanlar əminamanlıqdadırlar (yəni, elə çıxır ki, bu gün səfər namazı qılınmalı deyil). Ömər isə cavabında demişdir: Mən də sənin kimi təəccüblənmişdim deyə bu haqda Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) soruşdum və o dedi: "Bu, Allahın sizə bəxş etdiyi sədəqədir. Siz də onun sədəqəsini qəbul edin" [3]

Aişə (radıyAllahu anhə) buyurur:
- Səfərdə və evdə qılınan hər namazı yalnız iki rükət qılmaq vacib buyuruldu, sonra da səfərdə qılınan namazlar olduğu kimi qaldı, evdə qılınan namazlara isə bir və ya iki rükət əlavə olundu. [4]

İbn Ömər deyir ki, mən Peyğəmbərlə (sallAllahu aleyhi və səlləm) səfərdə yoldaşlıq etmişəm. O, vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Həmçinin Əbu Bəkrlə səfərdə yoldaşlıq etmişəm. O da vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Ömərlə də səfərdə yoldaşlıq etmişəm. O da həmçinin, vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Osmanla da səfərdə yoldaşlıq etmişəm. O da, vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Belə ki, Uca Allah buyurmuşdur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!"[5]

Abdullah ibn Ömər (radıyAllahu anhu) buyurur:
- Mən iki və ya dörd ay Azərbaycanda olduğum zaman namazları iki rükət, iki rükət qılırdım. [6]

12-Səfərdə ikən zöhr, əsr və işa namazını qısaltmayıb, tam qılanın namazı səhihdir, lakin Rasulullaha (sallAllahu aleyhi və səlləm) asilik etmiş sayılır.

13-Səfərdə ikən nafilə namazlarından yalnız sübh namazının sünnəsi və vitr namazı qılınır. Eləcə də gecə namazını və duha namazını qılmaq olar.

14-Nafilə namazlarını minik üzərində qılmaq caizdir. Ən zəruri halda, məs, namazın vaxtı bitəcəyi təqdirdə isə fərz namazlarını da minik üzərində qılmaq olar. Rasulullah (sallAllahu aleyhi və səlləm) fərz namazlarını minik üzərində qılmamışdır. [7]

15-Yerli sakinlərdən olan imamın arxasında namaz qılan müsafir ona tabe olmalıdır və onun qıldığı kimi tam qılmalıdır.

İbn Abbas (radıyAllahu anhu) buyurur:
- Yerli imamın arxasında ikən ona tabe olub namazı tam qılmaq və əks təqdirdə də qısaltmaq Əbul Qasimin (sallAllahu aleyhi və səlləm) sünnəsidir. [8]

Arxasında namaz qıldığı imamın müsafir yoxsa yerli sakin olduğunu bilməyən şəxs imamla namazını tam qılacağını niyyət edib ona tabe olmalıdır.

16- Müsafir yerli sakinlərə imamlıq edərsə, o, özü namazını iki rükət qılıb salam verməli, ona tabe olan namaz qılanlar isə salam vermədən qalxıb, qalan rükətləri tamamlamalıdırlar.

17-Səfərdə ikən namazları- zöhrlə əsri, məğriblə də işanı cəm edib qılmaq isə sünnədir. [9]

18-Zöhrlə əsr namazını zöhrün əvvəl vaxtından əsrin axır vaxtınadək, məğriblə işa namazını isə məğribin əvvəl vaxtından işanın axır vaxtınadək istənilən vaxtda, qılmaq olar. [10]

19-Namazları cəm etdikdə bu namazların qılınması üçün bir azan verilir, lakin iqamə hər namazdan əvvəl verilməlidir.

20-Namazları birləşdirib ardıcıl qılmaq şərt deyil, əksinə öz vaxtında qılmaq daha əfzəldir. [11] 

Şeyxul İslam İbn Teymiyyə (rahiməhullah) buyurur:
- Səfərdə ikən namazları cəm etmək onları qısaltmaq kimi deyildir. Əksinə, yalnız ehtiyac üzündən namazları cəm etmək olar. [12]

Zöhrlə əsri, məğriblə işanı cəm edib bir vaxtda qılmaq, səfərdə mənzil başına çatanadək müstəhəbdir. Lakin mənzil başına çatdıqdan sonra bu namazları cəm etmək caiz, imkan olarsa onları öz vaxtında qılmaq isə daha əfzəldir.

21- Səfər namazının qılınması üçün qəti olaraq müəyyən bir gün və ya məsafə təyin edilməmişdir.

İbn Teymiyyə (rahiməhullah) buyurur:
- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sünnəsini araşdırıb, onun müsafirə iki rükət namaz qılmağı buyurduğunu , səfər üçün nə bir məsafə, nə də üç, ya dörd, ya on iki, ya da on beş gün məhdudlaşdırmadığını görən hər bir şəxs səfərdə namazı qısaltmalıdır. Bir çox sələflərdən bunu edənlər olmuşdur. Müsəlmanlar “Nəhəvənd” döyüşündə altı ay namazlarını qısaltmışlar. [13]

İbnul Qeyyim (rahiməhullah) buyurur:
- Peyğəmbər (sallAllahu aleyhi və səlləm) namazların qısaldılması və orucun açılmasına dair ümməti üçün səfərlə bağlı müəyyən bir məsafə təyin etməmiş, əksinə, bunu mütləq şəkildə səfərə aid etmişdir. [14]

Bu məsələdə alimlərin iyirmiyə yaxın rəyi var, lakin ən doğru rəy yuxarıda qeyd olunan rəydir. [15]

El arasında səfər hesab olunan yerdə səfər namazı qılmaq üçün rüsxət verilir. [16]
Bu da əksər islam alimlərinin rəyidir. [17]

22-Səfərə çıxan şəxs hələ evində ikən səfər namazı qıla bilməz.
İbn Munzir (rahiməhullah) buyurur:
- İslam alimlərinin hamısı belə bir fətva vermişlər ki, səfərə çıxan şəxs müsafir sayıldığı müddət ərzində namazlarını qısaldaraq qılmalıdır. [18]

23-Səfərdə olan adam getdiyi yerdə uzun müddət qalacağını niyyət etməyibsə və ya nə vaxt qayıdacağını yəqin bilmirsə, onda səfərə aid bütün şəriət hökmlərinə riayət edə bilər.

24-Səfərdə ikən orucu tutmaq və ya tərk etmək caizdir.
Allah (subhənəhu və təalə) buyurur: 
- Xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. [19]
Səfərdə oruc tutmaq insanın öz ixtiyarına buraxılmışdır, yəni qüvvəsi çatan adama səfərdə oruc tutmaq müstəhəbdir. Hətta şiddətli istidə belə oruc tutmaq caizdir.

25-Səfərdə ikən birinci dəfə çəkilən məshdən sonra üç gün ərzində xuffun və corabın üstündən məsh çəkmək olar.
Əli İbn Əbu Talib (radıyAllahu anhu) buyurur:
- Rasulullah (sallAllahu aleyhi və səlləm) müsafirə üç gün və üç gecə, yerli sakinı isə bir gün və bir gecə məsh çəkməyə rüsxət verdi. [20]

26-Təyyarəyə ilə səfər çıxmaq istəyən kəs həmin gün üçün orucuna ara vermişsə, sonra da təyyarə uçuşu təxirə salaraq, geri dönmüşsə, həmin adama evinə döndüyündə həmin günün orucunu tamamlamaq vacib deyil, lakin sonrakı aylarda həmin günün qəzasını tutmalıdır.

27-Orucu pozmaq niyyəti ilə səfərə çıxmaq günahdır. Çünki şəri qaydaya görə vacibi tərk etmək üçün fənd işlətmək niyyəti batil edir və sahibinə günah qazandırır.

28-Evdə qıldığı namazın batil olduğunu səfərdə xatırlayan şəxs həmin namazı tam qılmalıdır. Səfərdə qıldığı namazın batil olduğunu evdə xatırlayan şəxs də həmin namazı tam qılmalıdır.

29-Namazın vaxtı girdikdən sonra həmin namazı qılmayıb səfərə çıxan şəxs o namazı səfərdə qısaltmalıdır. Namazın vaxtı girdikdən sonra həmin namazı qılmayıb vətəninə daxil olan şəxs isə, o namazı tam qılmalıdır.

30-İmama tabe olaraq namazı tam qılmağa niyyət edən müsafirin namaz əsnasında dəstəmazı pozularsa, dəstəmaz aldıqdan sonra tərk etdiyi camaat namazına çatarsa onu tam qılmalıdır. Yox əgər namaz qılınıb bitmişdirsə və o, namazı tək qılarsa, bu halda o, namazı qısaltmalıdır.

31-Namazı tam və ya qısa qılmağı niyyət etmədən namaza başlayan müsafir namazını qısaltmalıdır. Eləcə də namazı qısaltmağı niyyət edib-etmədiyinə şəkk edən müsafir öz namazını qısaltmalıdır.

32-Səfərdə namazı qılmaq unudulmuşsa və elə səfərdə ikən yada düşsə, onu qısaldıb qılmaq lazımdır. Eləcə də daimi yaşayış yerində unudulan namaz həmin yerdə yada düşsə, onu tam şəkildə qılmaq lazımdır. Səfərdə ikən qılmağı unudulmuş namaz vətənə qayıtdıqdan sonra yada düşərsə, onu qısaldıb qılmaq lazımdır. Daimi yaşayış yerində unudulan namaz səfərdə ikən yada düşsə, onu tam şəkildə qılmaq lazımdır.
33-Hər hansısa bir səbəbdən səfərdən qayıtmağı təxirə düşən kəs namazını qısaldıb qılmalıdır.

34-Əgər bir kəs getdiyi yerdə uzun müddət qalmayacağını, işini görüb qurtaran kimi evinə dönəcəyini niyyət etmişsə, onda o, namazlarını qısa şəkildə qılmalıdır. Əgər onun işi ləngisə belə və o, bu işin ucbatından uzun müddət səfərdə qalsa belə, yenə də namazlarını qısa şəkildə qılmalıdır. Əgər bir kəs getdiyi yerdə uzun müddət qalacağını və səfərdən qayıtmasının heç bir işdən asılı olmadığını niyyət etmişsə, onda o, namazlarını tam şəkildə qılmalıdır.

35-Səfərdə əsr ilə məğrib namazını cəm etmək olmaz.

36- Səfərdən evinə qayıdan adam cəm edəcəyi namazları təxirə salmış və ikincisinin vaxtında gəlib yaşadığı yerə çatmışsa, onda o, bu namazları cəm edib tam şəkildə qılmalıdır. 

37- Səfərdə ikən cümə namazını qılmaq vacib deyil.

38- Cümə namazını əsr namazı ilə birləşdirmək caiz deyildir, kim bu cür etmişsə əsr namazını yenidən qılmalıdır. Lakin müsafir cümə günü əhali ilə cümə namazını qılmayıb zöhr namazını qılarsa, o zaman ona zöhrlə əsri cəm etmək caizdir.

39-Qadının tək başına səfərə çıxması qadağandır.
Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:
- Allaha və Axirət gününə iman etmiş qadının bir gün və bir gecə yanında məhrəmi olmadan sıfırı çıxması ona halal deyildir. [21]

Məhrəm dedikdə qadının atası, əri, əmisi və dayısı, atasının əmisi və dayısı, anasının əmisi və dayısı, doğma və ögey oğlu, doğma və süd qardaşı, atabir və ya anabir qardaşı, qız və ya oğul nəvəsi, qardaşının və bacısının oğlu, qayınatası, kürəkəni, həm ata, həm də ana babası.

40-Səfərdə, nəfsə zülm edildiyi halda oruc tutmaq bəyənilmir, lakin tutulmuş oruc məqbulsayılır.

41-Taqəti olmayan şəxsə səfərdə ikən oruc tutmamaq daha əfzəl hesab olunur.

42-Təkbir gətirib, yəni namaza başladıqdan sonra hər hansı nəqliyyat vasitəsi ilə səfərə çıxan kəs namazını tam qılmalıdır, eləcə də təkbir gətirib, yəni namaza başladıqdan sonra hər hansı nəqliyyat vasitəsi ilə vətəninə daxil olan şəxs də namazını tam qılmalıdır.
43-Səfərdə ikən namazı həm qısaldıb, həm də cəm etmək olar. Məs: Zöhr namazını iki rükət qılıb, ardınca əsr namazını iki rükət qılmaq.

44- Səfərdə ikən yalnız ratibə sünnələri (fərz namazlara bağlı olan sünnələr, daimi qılınan sünnələr, məs. zöhrün, əsrin, məğribin və işanın sünnələri) qılmaq məkruhdur (bəyənilmir), bütün yerdə qalan sünnələri (səbəbli və səbəbsiz), məs. təhiyyəti, dəstəmazdan sonra 2 rükət, tövbə üçün 2 rükət, duha, təhəccüd (vitr) və yalnız fəcrin sünnələri isə qılmaq müstəhəbdir. 

45- Səfərlə bağlı olan hökmlər eyni ilə qadınlara da aiddir.

[1]- ən-Nisa, 101
[2]- Səhih Sünən İbn Macə: 876. Müslim: 1/ 479/ 687. Əbu Davud: 4/ 124/ 1234. Nəsai: 3/ 118. İbn Macə: 1/ 339/ 1068. Hədis səhihdir.
[3]- Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: 3762. Müslim: 1/ 478/ 686. Əbu Davud: 4/ 64/ 1187. Nəsai: 3/ 116. İbn Macə: 1/ 339/ 1065. Tirmizi: 4/ 309/ 5025.
[4]- Buxari: 2/ 569/ 1090. Müslim: 1/ 478/ 685. Əbu Davud: 4/ 63/ 1186. Nəsai: 1/ 225
[5]- Buxari: 2/ 577/ 1102. Müslim: 1/ 479/ 689. Əbu Davud: 4/ 90/ 1211. Nəsai: 3/ 123.
[6]- Məcmə uz-Zəvaid; Heysəmi, Sunən əl-Beyhəqi
[7]- Səhih Muslim
[8]- Səhih hədislər silsiləsi, 2676
[9]- Şərhul Mumti, 4/509, 548
[10]- Şərhul Mumti, 4/449
[11]- Şərhul Mumti, 4/568-569
[12]- Məcmu əl- Fətava, 24/63
[13]- Məcmu əl- Fətava, 24/18
[14]- Zədul Məad, 1/189
[15]- Nuzum əl-Fəraid, 1/463
[16]- Şərhul Mumti, 4/498
[17]- Məcmu Fətava, İbn Bəzz, 12/267
[18]- əl-İcmə, 47
[19]- əl-Bəqərə, 185
[20]- Səhih Muslim
[21]- Səhih Muslim

________________
Hazırladı: əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder