26 Kasım 2013

Qəbirdən ümid və pənah gözləməyin!


İnsanların ümid və pənah yeri qəbirlər olmalı deyil. İnsanların ümid və pənah yeri insanları yaradan uca Allah olmalıdır. Allah təala xalqımızı qəbirə ibadətdən uzaqlaşdırıb, qəbirə ümid və pənah aparmaqdan uzaqlaşdırıb Allaha ibadətə yönəltsin. Amin!
Ona görə belə deyirəm ki, qəbirlər bütlərdir. Allah təala buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (Zumər surəsi 3), “Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!” (Yunus surəsi 18), “Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir şey anlamadığı üçün) suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mənasız sözlərdən) başqa bir şey deyildir!” (Ər-Rəd surəsi 14), “Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!”. Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət də) daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz? Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız! Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur. Onlar bunu özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün edirlər. Hələ ki (dünyada) kef çəkib ləzzət alın. (Başınıza gələcək müsibəti) sonra biləcəksiniz! (Müşriklər) onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə (heç nə anlamayan bütlərə) pay ayırırlar. Allaha and olsun ki, yaxdığınız iftiralara görə sorğu-sual ediləcəksiniz!” (Ən-Nəhl 51-56),   
Yenə uca Allah Qurani Kərimdə buyurur ki: “De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz? Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!” (Maidə 76), yenə buyurur: “Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın!” (Nisa 36), yenə buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (Nisa 48), yenə buyurur: “Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır. (Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailəyə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər. Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Şeytan) onlara (müşriklərə) vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir. Onların (Şeytana uyanların) yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar. İman gətirib yaxşı işlər görənləri isə, Biz (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan vədi üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir?!” (Nisa surəsi 116-122). Yenə buyurur: “(Müşriklər) Allahı qoyub göylərdən və yerdən onlara verəcək heç bir ruzisi olmayan və buna gücləri də çatmayanlara (bütlərə) ibadət edirlər. (Allah qoşduğunuz şərikləri, Onun yaratdıqlarını) Allaha bənzətməyin. Allah (heç bir şəriki olmadığını, heç bir məxluqun Ona bənzəmədiyini) bilir, siz isə (bu həqiqəti) bilmirsiniz! Allah belə bir məsəl çəkdi: “Heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul özünə verdiyimiz gözəl ruzidən (Allah yolunda) gizli və aşkar sərf edən birisi ilə (azad bir insanla) eyni ola bilərmi?! Həmd (hər cür tərif və şükür) yalnız Allaha məxsusdur, lakin (müşriklərin) əksəriyyəti (bunu) bilməz!  Allah iki nəfər (Özü ilə bütlər) barəsində yenə belə bir məsəl buyurdu: (bu iki nəfərin) biri dilsizdir (laldır), heç bir şeyə gücü çatmaz. O öz ağasına bir yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub haqq-ədaləti əmr edən (insanları ədalətli işlər görməyə sövq edən) bir kimsə kimi ola bilərmi?! Göylərin və yerin qeybini (gözə görünməyən, heç kəsə bəlli olmayan məchul sirlərini) bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması (əmri) bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir! Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz! Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!” (Nəhl surəsi 73-79).
Allah təala buyurur: “Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər” (Həcc surəsi 31).
Mən Quranı bu mövzu ilə bağlı olaraq gözdən keçirdikdə dəhşətə gəldim. Çünki insanların tək Allaha ibadət edib, digər pirləri, qəbirləri, seyidləri, ağaları tərk etmələrinin ciddi məsələ olduğunu gördüm. İnanın ki, bütün ayələrin nazil olmasının da məqsədi məhz budur ki, insanlar yalnız Allaha ibadət etsinlər. Allahdan başqa özlərinə digər varlıqları köməkçi bilməsinlər. Ayələrin hamısını məhz uca Allah bu səbəbdən nazil etmişdir ki, insanlar ibadətdə uca Allahı təkləşdirsinlər. Bu yazını məsləhət yönlü qəbul edin. Allahdan bağışlanmağımızı istəyirəm. Cəmiyyətimiz hələ də qəbirlərə inanırsa bunu təhlükə hesab edirəm. Tezliklə hər birimizin uca Allaha dönməyimiz vacibdən də vacibdir. Yoxsa dünya və axirət həyatımız təhlükədə ola bilər. Allah qorusun! Amin!
Əkrəm Həsənov (ilahiyyatçı).

Hiç yorum yok:

Yorum Gönder