26 Kasım 2013

İslam dəvətçisi Qurana əsaslanmalıdır!


         Dini maarifləndirmədə Quranla dəvət metodu seçilməlidir
Allah təala mübarək Kitabında, Quranda bizə bilmədiklərimizi öyrədir. Bizim bilmədiklərimiz çoxdur, ancaq bəzən, çox hallarda elmimizi artırmaq üçün nəyisə də öyrənməyə səhlənkar yanaşırıq. Bu gün Azərbaycanın rayonlarında isə Allaha qarşı cahillik daha çoxdur. Son dövrlər paytxtda islama dəvət gedir.
İslam dəvətçiləri ekranlarda, saytlarda, qəzet və jurnallarda islama dəvət metodlarını həyata keçirirlər. Ancaq bu dəvət rayon yerlərinə gedib çatmır. İslam dəvətinin rayonlara çatması isə təkcə dəvətçilərə düşən məsuliyyət deyil. Adi vətəndaşlardan tutmuş dövlət idarəçilərinə qədər bütün insanlara məsuliyyət düşür. İslam dəvətçilərinə isə bu sahədə daha böyük məsuliyyət düşür. Ancaq dəvətçilərə, ilahiyyatçılara həm də xalq tərəfindən, dövlət tərəfindən dəstək durulmalıdır. İstər şəhər əhalisi olsun, istərsə də rayon əhalisi olsun, bütün vətəndaşlarımız dövlətdən yaxşı məvacib, yaxşı dolanışıq istədikləri kimi Allaha tərəf addım atmaqda daha yaxşı ixtisasını bilən din alimləri də istəməlidirlər. Ən azı həftədə bir dəfə bir kənddə, bir qəsəbədə bir islam dəvətçisi olmalı, islamı elmi şəkildə təbliğ etməlidirlər.
İslama dəvət edənləri də xüsusi seçmək lazımdır. Çünki islamdan danışanların bir çoxu maddi gəlir əldə etmək, bir çoxu insanları özünə cəlb etmək, bir çoxu dəstələr toplamaqla məşğuldurlar. Yəni islam dəvətçilərinin bir çoxunun başqa-başqa məqsədləri var. İslamdan danışan o qədər televiziyada ilahiyyatçı kimi təqdim olunan şəxslər vardır ki, onlar insanları Allaha tərəf çağırmaq əvəzinə pirlərə, seyidlərə, xüsusi mollalara tərəf çağırırlar. Bununla da bir çox belə nəfsinin istəklərini yerinə yetirən dəvətçilər vardır ki, onlar insanları Allahın yolundan yayındırıb başqa-başqa yollara və məqsədlərə yönləndirirlər. Bununla da cəmiyyət cahilləşir. Mənəvi qida əldə edə bilmir. Allah qorusun! Amin!
İslam dəvətçiləri islama dəvət zamanı yenə müraciət edəcəkləri qaynağı daha düzgün seçməlidirlər. Əsasən Allahın Kitabına nəzər salıb əvvəlki peyğəmbərlərin dəvətinə baxmaq lazımdır. Allah təala Adəm peyğəmbərdən (ona salam olsun) son peyğəmbər Muhammədə (səlləllahu aleyhi və səlləm) qədər bütün peyğəmbərlərin dəvət metodlarını bizə öyrətmişdir. Məhz Allah təalanın Qurani Kərimdə peyğəmbərlərin həyatından qıssalar verməsi də dəvətçilər üçün tarix boyu böyük bir dərs olmuşdur və olmağa davam edir. Başqa nağıllara, yuxulara, uydurulmuş rəvayətlərə meyl etməyə ehtiyac belə yoxdur. Hər bir islam dəvətçisi buna xüsusi önəm verməlidir. Çünki Allah təala buyurur ki, “(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!” (Yusif surəsi 111). Hər bir islam dəvətçisi təfəkkürlə, düşünərək, Quran ayələrini başa düşə-düşə peyğəmbərlərin yolu ilə gedərək Quranda olan heykayələrdən istifadə etməlidir. Çünki Allah təala buyurur: “Bu əhvalatları onlara söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!” (Əraf surəsi 176).
Bu gün bir çox islamdan danışan mollalar vardır ki, onlara verilən dəvət fürsətindən istifadə edərək insanların yas məclislərində ümumiyyətlə islam dini ilə heç bir əlaqəsi olmayan mövzulardan, xurafatlardan, yalanlardan, uydurulmuş rəvayətlərdən danışaraq insanlarda islam haqqında yalnış təsəvvürlər formalaşdırırlar. Xüsusi ilə islamı insanlara ancaq qara bir anlam kimi, matəm kimi, yas kimi təqdim edirlər. Bütün bu qaranlıqlar içərisində isə bir məclisi aparmaq üçün özlərindən küllü miqdarda qiymət oxuyur, insanların mallarını və pullarını haqsız yerə yeyirlər. Bunun əvəzində isə insanlara heç bir elm, bilik verib fayda vermirlər.
Bir çox hallarda məclislərdə olan mollalar insanları ələ salaraq onlarla kobud davranır, özlərini onlardan üstün hesab edirlər. Özlərini bilən kimi təqdim edərək qarşılarında olan insanlara dini fayda, mənəvi qida verə bilmirlər. Çox mollalar isə yalnız ərəbcə Quranı oxuyub işini bitmiş hesab edir. Düzdür məclisdə oturan insanlar da fərqli fikirlərdə olurlar. Elə insan olur ki, Quranı ərəbcə dinləmək istəyir, elə insan olur ki, Quranı ərəbcə dinləməklə yanaşı islamla bağlı, imanla bağlı, mənəviyyatının yüksəlməsi ilə bağlı söhbətləri də dinləməyi üstün hesab edir. İslam dəvətçiləri bu məsələlərə xüsusi önəm verməli, bu işdə aidiyyatı qurumlar elmli ilahiyyatçıları bu işlərə cəlb edərək, islama dəvətdə onları dəstəkləməlidirlər.
Belə olmadıqda insanlar mənəvi cəhətdən boşluqda qalır, gənclər radikal təsirlərə meyl edirlər. İslamın düzgün, elmi, səhih, olduğu kimi yayılması və yaşanması üçün məscidlərin də əvəzedilməz rolu var. Bu səbəbdən də dövlət tərəfindən məscidlər tikilməli, məscidlərdə gənc uşaqlara Allahın Kitabı öyrədilməlidir. Allah təaladan səhih, doğru, düzgün, məqsədi yalnız Allah rizası üçün olan dəvətçilərə müvəffəqiyyət istəyirəm. Allah təala düzgün istiqamətdə olan islam dəvətçilərinin həm elmlərinə, həm də dəvətlərinə çoxlu xeyir-bərəkət versin! Amin!
Əkrəm Həsənov (ilahiyyatçı, gənc alim).

Hiç yorum yok:

Yorum Gönder