12 Mayıs 2013

Borclu olmaq çox təhlükəlidir


Borcu qaytarmaq özünü xilas etməkdir.
Bu gün insanlar bir-birlərinə kömək etməyə səy edirlər. Bizim cəmiyyətimizdə sanki belə bir ümidsizlik var ki, mənim kiməsə kömək etməyimdə heç bir xeyir olmur. Məsələn mən bu yaxınlarda Türkiyədə oldum.
Orada insanlar bir-birlərinə kömək edirlər. Bir-birlərinə əl tuturlar. Etibarlılıq prinsipi qorunub saxlanılır. Hər hansısa bir iş qurmaq istəyənə dövlət səviyyəsində və ictimai səviyyədə, qeyri-hökümət təşkilatları, özəl iş adamları birləşib birlikdə yeni işləmək istəyənə kömək edirlər. Bizdə isə etibarlılıq qorunub saxlanılmır. Hətta iş o yerə çatır ki, Türkiyə kimi böyük bir ölkədə azərbaycanlıların etibarsız çıxdığının şahidi olursan. Mən bunun belə olduğunu demirəm. Mən Azərbaycan vətəndaşı kimi, azərbaycanlı kimi öz vətəndaşlarımızı daha etibarlı, daha güvənli bilirəm və müxtəlif ölkələrdə səfərlərdə olanda bunları qeyd edirəm. Lakin bəzən hansısa azərbaycanlının səhv hərəkətini eşidəndə görəndə bunu gizlətmək, örtmək istəyirəm. Çünki tarixən bizdə belə etibarsızlıq olmayıb. Bizim o qədər zəngin torpağımız, suyumuz, saysız-hesabsız nemətlərimiz vardır ki, hansısa etibarı qorumayanın bir vəfasızlığını bizə yaraşdırmıram.
Bizdə o qədər insanlar dəyişiblər ki, yeni iş quran şəxsə kömək etmək istəyi az olur. Səbəbi də etibarın doğrudulmamasıdır. Axı nəyə görə biz bir imkanlı şəxsdən borca bir işi həyata keçirmək üçün müəyən məbləğ alıb, daha sonra özünə qaytarmayaq!? Burada cavab üçün alternativlər çoxdur. Bu hər bir insanın öz daxili aləmindən gələn yanaşmadır. Özünün öz qarşısında, onu yaradan uca Rəbbi qarşısında olan məsuliyyətidir. Bəzi insanlar özlərini elə həddə çatdırırlar ki, nəinki özləri öz Rəbbləri (yaradanları) qarşısında məsuliyyətini hiss etmirlər, eyni zamanda özləri qarşısında belə məsuliyyət hiss etmək istəmirlər. Bu səbəbdən də bizdə imkanlı insanlar kasıb insanların bir çoxuna maddi dəstək durmağa çəkinirlər. Nəticədə verdikləri borcun qaytarılmaması, borcun gecikdirilməsi insanlarda yardımlaşmanın güclənməsini azaldır. Belə olduqda isə işsizlərin sayı çoxalır. Az bir qrup zəngin, çox qrupar isə kasıb vəziyyətə düşürlər.
Kiməsə maddi dəstək durmaq, ona kömək etmək, öz malından, pulundan borc vermək uca Allahın zənginlərə əmridir. Allah təala Qurani Kərimin bir çox surələrində və ayələrində borc verməyi xeyirli əməl, yaxşı əməl, savab iş görmək kimi bizə bildirir. Məsələn, borc vermək haqqında olan bir çox ayələrdən birində uca Allah buyurur ki, “Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!” (əl-Hədid (Dəmir) surəsi, 11). Başqa bir ayədə belə buyurur: “Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də cox qiymətli bir mükafat (Cənnət) gözləyir!” (əl-Hədid (Dəmir) surəsi, 11). Digər ayədə belə buyurur: “Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!” (ət-Təğabun (Qarşılıqlı aldanma) surəsi, 17).
Bütün bu və ya digər Quran ayələrində uca Allah zənginlərin öz mallarından kasıblara borc verməyi əmr edir. Allaha və axirət gününə iman edən zənginlər Allahın onlara verdiyi xəzinələrdən çox hallarda bağışlayırlar, çox hallarda isə Allaha inandıqları üçün borc verirlər. Beləliklə də onlar böyük bir xeyirə nail olurlar. Ancaq bundan çox hallarda imanı zəif olan, borcun məsuliyyətini hiss etməyən müsəlmanlar, ayrı-ayrı şəxslər zəngindən aldıqları malı qənimət kimi bilib vaxtında borclarını qaytarmırlar. Ola bilər ki, borcu alanın hal-hazırda borcunu qaytarmağa imkanı olmasın. Təəssüf edirik ki, çox hallarda imkanları olduqları halda borclarını vaxtlı-vaxtında öz sahiblərinə qaytarmırlar. Bunun nəticəsində də bir çox problemlər, narazılıqlar ortaya çıxır. Ən yaxın qohumlar arasında narazılıqlar doğur, düşmənçilik yaranmasına səbəb olur. Bu heç də yaxşı hal deyildir.
Uca Allah zənginlərə borc verməyi əmr etdiyi kimi kasıblara da borcu vaxtında qaytarmağı əmr edir. Borcu vaxtında qaytarmamaq özü borc aldığın şəxsə zülm etməyin deməkdir. Allah təala borc verənə buyurur ki, borcunu yazsın, borcu götürənə isə borcunu vaxtında qaytarmağı əmr edir. Gəlin səbrlə bu ayəni oxuyaq: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nəğd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!” (Bəqərə surəsi 282). Bu ayədə uca Allah çox ciddi şəkildə borc alana xəbərdarlıq edir ki, borcunu vaxtında qaytarsın və borc aldığı şəxsə zülm etməsin.  Allah təala zənginə borc verdiyi adama müəyyən müddət güzəşt etməsini əmr edir, eyni zamanda borc alan şəxsə borcunu vaxtında və ədalətlə geri qaytarmasını ona bildirir. Borcu vaxtında ödəmək hər bir vicdanlı şəxsin vicdan borcudur. Borcu ödəməmək həm borc aldığın şəxsə həm də yalnız özünə zərərdir.
Borcu vaxtında ödəməyəndə artıq sənin özünə olan zülmün odur ki, bir daha sənə borc verən olmur. Digər tərəfdən kiminsə malını haqsız yerə yemiş olursan. Başqa bir tərəfdən şeytana qapı açıb yaxın münasibətdə olduğun insanlarla öz aranda düşmənçiliyə səbəb olursan. Borclu olmaq çox təhlükəlidir. Allah təala Öz haqlarını bağışlaya bilər, amma borclu qaldığın şəxsin haqqını sənə bağışlamayacaq. Həmin şəxs, borclu qaldığın şəxs sənə haqqını halal etməmiş sən Qiyamət gününün sorğu-sualından xilas olub Cənnətə daxil ola bilməzsən. Bu məsələ o qədər ciddidir ki, Allah Rəsulu səlləllahu aleyhi və səlləm borcu olub, borclu vəziyyətdə ölənə cənazə namazı qılmırdı. Allah Rəsulunun dövründə bir şəxs vəfat edir. Allah Rəsulu yanında olan səhabələrdən soruşur ki, bu adamın borcu var idimi? Səhabələr buyururlar ki, bəli borcu var idi. Onda Allah Rəsulu ona cənazə namazı qılmır. Bunu görən digər səhabə buyurur ki, onun borcunu mən ödəyəcəyəm. Belə dedikdən sonra Allah Rəsulu cənazə namazını qılır. Cənazə dəfn olunanın səhəri günü Allah Rəsulu borcu ödəməyi öz üzərinə götürən səhabədən soruşur ki, müsəlman qardaşının borcunu ödədinmi? Səhabə cavab verir ki, bu gün ödəyə bilmədi, səhər ödəyəcək. Beləliklə Allah Rəsulu üç gün ard-arda eyni sualı borcu ödəyəcək səhabəyə verir. Üçüncü gün səhabə deyir ki, Ya Rəsulullah borcu ödədim. Allah Rəsulu buyurur ki, hə bax indi qardaşının cənazəsi soyudu, borcdan xilas oldu. Artıq qəbirdə əzabdan xilas oldu. Allahın peyğəmbəri heç vaxt borcu olana cənazə namazı qılmazdı. Həmçinin digər ölən şəxsin həyatda sağ qalan yaxınlarına deyərdi ki, onun borcunu ödəsinlər. Çünki borclu ölən insanı qəbir sıxır, həm də daha sonra Qiyamət günü diriləndə borclu vəziyyətdə Allahın hüzuruna gəlir. Allah təala öz haqqını bağışlasa da borc verənin haqqını borclu olandan alıb özünə qaytardıqdan sonra bağışlayır. Çalışmaq lazımdır ki, Allah tərəfindən bağışlanmaq üçün vaxtında borcları öz sahiblərinə qaytaraq ki, Allah təala da bizim günahlarımızı bağışlasın! Allah təala borclu olan bütün müsəlmanları borcdan xilas etsin və bizlərin hamımızı borca düşməkdən qorusun! Amin! 
Əkrəm Həsənov (ilahiyyatçı, ilahiyyat üzrə doktorluq ərəfəsində).

Hiç yorum yok:

Yorum Gönder