Bismilləh. Əl-həmdulillah. Əs-Səlamu Aleykum və rəhmətullah.
Hörmətli müsəlmanlar, əminəm ki, Allaha təslim
olub, iman edənlər məni təsdiq edərlər ki, biz çox hallarda bəzi məclislərdə
oturanda bizə sıxıntı gəlir.
Bu məclislər içki məclisləri, siqaret çəkilən yerlər,
Allahın zikr olunmadığı yerlər, nərd, damino, şahmat və s. kimi boş vaxt
keçirilən yerlərdir ki, bu yerlərdə olduğumuz zaman bizə böyük sıxıntı və
darıxma gəlir. Əslində bu cür yerlərin xoşa gəlməyən yerlər olmasını bilməyimiz
uca Allahın bizə olan ən böyük nemətlərindən biridir. Çünki çoxlu insanlar
ömürlərini bu cür yerlərdə zay edirlər. Ancaq onlar ya bilərəkdən, ya da bilməyərəkdən
bu cür yerlərdə olmaqla özlərinin vaxtlarını səmərəli hesab edirlər. İnanın bu
cür yerlərdə ancaq və ancaq qəlbində imanı olanlar sıxıntı çəkirlər. Allaha həmd
olsun ki, bu cür yerlərdə oturmağı möminlərə qadağan edir, uca Allahdan bizim də
bu cür batil və faydasız yerlərdən uzaq qalmağımızda bizə kömək etməsini istəyirik.
Xatırladırıq ki, artıq Ramazan ayı yaxınlaşır. Bu
cür yerlərə adət edənlər artıq qəflət yuxusundan ayılmalı və vaxtlarını
Ramazana hazırlaşmaqla keçirməlidirlər. Bunun üçün ilk əvvəl çətin gələ bilər.
Amma tədricən özünü mülaicə etmək üçün faydalı səsli dərsləri, səsli Quranı və
tərcüməsini dinləməklə və bu cür yerlərdə çox oturansansa bundan sonra Ramazan
ayına doğru bu cür yerləri tərk etməyə çalışmaq lazımdır. Çünki artıq bu ay
böyük bir fürsət ayıdır ki, sənə verilir, bu ayın qədrini bil. Bu aya səninlə
yaşayanların çoxu çata bilmədi.
Bu vaxtlar həmdə Ramazan ayına yaxınlaşdığımız üçün
islamdan, şəriətədən, dindən həm bilənlərin, həm də bilməyənlərin danışmağa
başladığı vaxtlardan biridir. Allah təala buyurur:
“(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə
(bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz və
ürək–bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual
olunacaqdır” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi,
36).
Allah təala bu ayədə hər bir insana bilmədiyini
danışmamağı qadağan edir. Yəni Allah təala bu ayədə hər bir eşidən insana bilmədiyi
məsələlərdən danışmamağı əmr edir. Əgər bilmirsənsə danışma. Əgər hər hansısa
bir məsələdə elmin, məlumatın yoxdursa o məsələ barəsində danışma.
Bu ayədə deyilən qulaqdan ona görə sorğu-sual
olunacaq ki, qulağın eşitdiyi hər bir sözü dərhal danışmamalısan. Mən filan
şeyi gördüm, filan şeyi eşitdim, filan şeyi hiss etdim deyərək dəqiq bilmədiyin
həmin məsələləri danışma. Əgər sən nəsə görmüsənsə hələ o gördüyün məsələ barəsində
araşdırma aparmamış, dəqiq məlumat əldə etməmiş, açıq aşkar məsələdən xəbərdar
olmamış həmin məsələ barəsində dərhal danışma. Çünki heç də sən gördüyün və hiss
etdiyin həmin məsələ doğru olmaya bilər. Sonra sən doğru olmayan bir məsələni
danışdığına görə həm gözün sorğu-suala çəkilər, həm qulağın, həm də dilin. Məsələn
bu hadisə hamımızın başına gəlir. Birdən görə bilərik ki, kimsə tanıdığımız bir
müsəlman kişi naməhrəm qadının yanından tək halda çıxdı. Hələ bunu görən kimi dərhal
qəlbimizlə pis zənnə qapılmamalıyıq. Çünki biz hələ bilmirik ki, hansı böyük zərurətdən
məhz gördüyümüz müsəlman bir kişi naməhrəmin yanından çıxır. Buna aid çox
misallar vermək olar. Məsələn sən özünə hörmət bəslədiyin bir şəxsə zəng edirsən.
Həmin şəxs telefona cavab verə bilmir. Dərhal sən heç bir elmin və məlumatın
olmadığı halda onun haqqında pis zənnə qapılmağa başlayırsan. Nəticədə elmin və
məlumatın olmayan bir məsələyə girirsən və bununla da sorğu-sual olunacaqsan. O
qədər belə xətalar edirik ki, sayı-hesabı yoxdur. Allah bizə rəhm etsin. Amin!
Allaha inanmaqda, etiqad etməkdə də belə ol. Açıq
aşkar bilmədiyin, dəqiq məlumatın olmadığı halda etiqad etmə. Buna görə də
Allaha aid elmini artır ki, inancın dəqiq olsun. Allaha şəkk-şübhə ilə inanmaq
və şəkk-şübhə ilə ibadət etmək olmaz. Əgər belə etsən onda gözün, qulağın, qəlbin
hamısı sorğu-sual olunacaq.
Artıq gözünü aç, qəlbini aç, qulağını aç. Dərk et
ki, səni yaradan var. Bunu dəqiqləşdir. Bunun üçün özün haqqında düşün,
göyün-yerin yaranması haqqında düşün. Aləmlərin Rəbbinə iman edib, xeyir əməllərə
müvəffəq ol! Allaha tərəf addım at.
Əkrəm Həsənov (ilahiyyatçı)...
Hiç yorum yok:
Yorum Gönder