İblisi xatırla! Kim idi, İblis? O vaxt ki, o, mələklər
ilə bir səfdə dayanıb Rəbbinə ibadət edirdi. O, uzun müddət Rəbbinə ibadət
etmişdir və Allah da ondan razı idi. O, elə bir məqama ucalmışdı ki, Vallahi, bəlkə
də biz o məqama heç vaxt çata bilmərik.
Fəqət bir gün gəldi ki, Uca Allah insan yaratdı və
İblisə də ona səcdə etməyi əmr etdi.
Bir zaman mələklərə: “Adəmə səcdə edin!”–
demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) imtina etdi. (Ta Ha,
116)
İblis Allahın əmrinə itaət etmədi.
O, Allahın qüvvət və qüdrət sahibi olduğunu bildiyi halda, Allahın şiddətli əzab
verən olduğunu bildiyi halda, Allahın əmrinə qarşı çıxanın cəzalandırılacağını
bildiyi halda Allaha itaət etmədi. Allahı gözəl tanıdığı halda Onun əmrinə asi
oldu. Və bu səbəbdən Allahın rəhmətin qovuldu, lənətə düçar oldu.
(Allah) dedi: “Oradan çıx! Artıq sən
qovuldun. Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”. (Hicr, 34-35)
İblis – bircə asilik etdi və Uca
Allah bu bir asiliyi ona bağışlamadı. Çünki, O uca Allahın nəyə qadir olduğunu
çox gözəl bilirdi.
Kitab və Sünnədə bir çox misallar
var ki, Uca Allah bircə günahı bağışlamayıb və dərhal cəzalandırıb. Necə ki, Adəm
aleyhissələm. Bircə asilik etdi və yeyilməsi qadağan olunmuş meyvədən yedi. Uca
Allah bu asiliyi ona bağışlamadı. Məgər bir meyvədən yemək böyük günahdımı?
Halbuki, o Adəmin Cənnətdən yerə qovulması üçün kifayət etdi. Çünki O Allahın əmrinə
asi oldu.
Fəqət, indi günümüzdə nə qədər
Allahın “Səcdə et! Namaz qıl!” əmrinə asi olanlar var!
- Namaz qılın, zəkat verin və rüku edənlərlə
birlikdə rüku edin! (Bəqərə, 43)
Baxın, nə qədər bu əmrə asi
olanlar var, amma Uca Allah hələ də onlara rəhm edərək möhlət verir.
O vaxt ki, İblis Allahın rəhmətindən
qovuldu və nə etdi? DUA ETDİ!
(İblis) dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri
günə qədər mənə möhlət ver”. (Hicr, 36)
Ey Allaha dua etməyən müsəlman! Sən
İblis qədər də olmadın?! Ey Allaha dua etməyi qürurlarına sıxışdırmayanlar, nəfslərinə
sıxışdırmayanlar! İblis qədərdəmi olmadınız?! Fəqət o, Allahın lənətinə düçar
olduğunu bildiyi halda belə, Dua etdi! Və təkcə Allaha dua etdi. Ey “Allah
duamı qəbul etmir” deyə, duanı tərk edib, Allahdan ümidini üzənlər! İblis – rəhmətdən
qovulduğunu bilib də, duanı tərk etmədi!
Və bəziləri, həyatında bircə dəfə
Rəbbi qarşısında alnını səcdəyə qoymayıb, “Rəbbim mənim bütün dualarımı qəbul
edir” deyirlər! Əlində haram tutub, Allaha dua edir və sonra deyir ki, Allah mənim
duamı qəbul etdi və mən Allahın sevimli quluyam. SubhənAllah. O vaxt ki, İblis
Rəbbinə dua edərək dedi:
- “Ey
Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”. (Hicr, 36)
Uca Allah bundan sonrakı ayədə dərhal buyurdu:
- (Allah) dedi: “Sən möhlət verilənlərdənsən.
(Hicr, 37)
Uca Allah İblisin də duasını dərhal
qəbul etdi, amma o Allahın sevimlisi yox, lənətlənmiş bir məxluqu idi.
Və İblis sonra nə dedi?
(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan
çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların
hamısını azdıracağam. Yalnız Sənin sadiq qullarından başqa”. (Hicr, 39-40)
İblis söz verdi. Sadiq qullardan başqa hamını
azdıracağına dair söz verdi və hələ də sözünün üstündə durub.
Ey müsəlman! Sən də söz verdin. O vaxt ki, İslamı qəbul
etdin və müsəlman olmaq məsuliyyətini üzərinə götürdün, müsəlman adı ilə şərəfləndin.
“Əşhədu ənlə iləhə illəllahu vəhdəhu lə şərikələh, və əşhədu ənnə muhəmmədən
abduhu və rasuluh!” – deyərək Uca Allaha söz verdin. Dini
xalis olaraq Allaha aid edəcəyinə, Tövhidin heç bir növündə ona şərik
qoşmayacağına, dini Rasulullahın – sallAllahu aleyhi və səlləm- bizə miras
qoyduğu kimi yaşayacağına dair söz verdin , vəd verdin! Bəs nə oldu? Hanı
verdiyin söz? Hanı əhdin?
İblis hələ də verdiyi sözə sadiq qalıb, səni azdırmağına davam edir. Bəs sənin
sadiqliyin harada qaldı? Yoxsa İblis qədərdə mi olmadın?
Və düşün! İblis də uzun müddət Allaha ibadət
etmişdir, fəqət sonu nə oldu?
Ona görə ibadətin səni arxayın etməsin, qıldığın dörd
rükət namaz, bir ay tutduğun oruc, beş-on manat verdiyin sədəqə səni arxayın
etməsin! Daim dində sabit qalmağın üçün çalış və Rəbbinə dua et! Daim dindən
çıxacağın qorxusu ilə yaşa! Vallahi, bu qorxu canında olarsa, sən haram etməyə
cürətlənməzsən!
Rəvayətlərdə gəlir ki, bir Quran hafizi, Buxari və
Muslimin “Səhih” əsərlərini əzbər bilən var idi! Həmin insan, o qədər güclü
hafizə sahibi idi ki, kitabın iki müxtəlif vərəqini əlində saxlayıb, eyni
vaxtda həm bu vərəqdən, həm də o biri vərəqdən əzbərləyirdi. Fəqət, sonda təkəbbürlük
ona qalib gəldi və Ateist olaraq dünyadan çökdü!
Rəvayətlərin birində Səhl ibn Mənsur (rahiməhullah) deyir ki, Bişr ibn Mənsur
(rahiməhullah) namaz qılardı və namazını uzadardı. Bir gün bir nəfər arxadan gəlib
ona tamaşa etdi. Bişr (rahiməhullah) bunu hiss etdi və namazı bitirəndən sonra
geri çevrilib ona tamaşa edən kişiyə dedi:
- Məndə gördüyün sənin xoşuna gəlməsin, çünki
İblis də uzun müddət mələklər ilə birlikdə Rəbbinə ibadət etmişdir.
Sələfilərimizdən
biri nə gözəl buyurmuşdur!
- Siz
kiminsə dindən çıxdığınamı təəccüblənirsiniz? Əksinə, siz kiminsə hələ də dində
qaldığına təəccüblənin!
___________________
Hazırladı: əz-Zubeyr
Hiç yorum yok:
Yorum Gönder