Allaha həmd
olsun ki, Ramazan ayına yaxınlaşırıq. Ramazan ayı xeyir-bərəkəti çox olan ən
əzəmətli aydır. Bu ayın digər aylara üstünlüyü Günəşin ulduzlara üstünlüyü
kimidir. Bu ayda çoxlu xeyirlər vardır.
Hər bir insan bu ayda oruc tutmaqla
Allahın razılığını əldə edə bilər. Bu ayda oruc tutmaq hər bir müsəlmana
vacibdir, mütləq tutmalıdırlar. Bu ayın qış günlərinə, uzun yay günlərinə
düşməsinə baxmayaraq oruc tutmaq Allahın əmri olduğu üçün hər bir müsəlman oruc
tutmalıdır. Ramazan ayını görmək artıq o deməkdir ki, sən oruc tutmağa
başlamalısan. Oruc tutmaq hər bir həddi büluğa gəlmiş müsəlmana vacibdir. Yəni
mütləq oruc tutmalıdır.
Ayı görən
kimi oruc tutmaq vacib olur. Bunun sübutu Allah təalanın bu sözüdür: “...Sizlərdən
bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar...” (Bəqərə 185). Bu Allahın
əmridir. Allahın əmrini sevərək yerinə yetirmək bizə vacibdir. Bütün
müsəlmanlar Ramazan ayının gəlməsinə sevinirlər. Çünki bu ayda oruc tutmaqla
günahlar bağışlanır, Allah oruc tutandan razı olur, insana rahatlıq gəlir,
mənəvi cəhətdən ən böyük zövq əldə edirlər. Həmçinin düşünürlər ki, keçən
Ramazandan bu Ramazana qədər bir çox müsəlmanlar bu aya çata bilmədilər. Özləri
də dəqiq bilmirlər ki, gələn Ramazana, Ramazanın sonuna həyatda qala biləcəklər
ya yox. Buna görə də bu ayı həsrətlə gözləyib, bu ayda ən gözəl şəkildə ibadət
edirlər.
Ramazan ayını
görmək üçün bir nəfər adil müsəlmanın ayı görməsini demək kifayət edir. Əgər
müsəlmanlar arasında ədalətli, savadlı, elmli bir müsəlman ayı gördüyünü
deyirsə onda həmin andan oruc tutulmağa başlanılır. Bizə Abdullah ibn Ömər
(Allah hər ikisindən razı olsun) rəvayət edir ki, bəzi insanlar Ramazan ayını
gördülər və bunu mən Allah Rəsuluna
(səlləllahu aleyhi və səlləm) xəbər verdim.
Allah Rəsulu səlləllahu aleyhi və səlləm mənə dedi ki, məndə ayı gördüm
və insanlara oruc tutmalarını əmr etdim. Bu hədisi Abu Davud, Darimi və
başqaları rəvayət ediblər. Oruc tutmaq əmrini hər bir dövlətdə o dövlətin bütün
işlərini idarə edən dövlət başçısı icra edir. Hər bir ölkənin dövlət başçısı
ölkənin idarəsində böyük rolu və nüfuzu olan ümumi dövlət strukturları ilə
məsləhətləşərək ölkədə Ramazan ayının başlanmasını elan edir. Bu məsələ bir
başa Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) sünnəsidir. Ölkədə Ramazan
ayının başlanması elan olunduqdan sonra hər bir müsəlmana vacibdir ki, həm
Allahın əmrini yerinə yetirsinlər, həm də ölkəni idarə edənlərə tabe olaraq
Ramazan ayının başlanmasından başlayaraq orucun şərtlərinə riayət edərək oruc
tutsunlar.
Bütün elm
əhli ittifaq ediblər ki, Ramazan ayının görünməsi və ölkənin rəhbər
sturukturlarının Ramazan ayının başlanğıcını elan etməsindən sonra artıq hər
bir müsəlman oruc tutmalıdır. Həmçinin bu məsələlərdə ayrı seçkiliyə, təkliyə,
ixtilafa, münaqişəyə düşmək bəyənilmir. Ölkədə Ramazan ayının başlanması elan
edildikdən sonra ümumi camaata ixtilaf edərək bir gün əvvəl və bir gün sonra
ayı gördüyünü iddia etmək və müsəlmanların arasında ixtilaf salmaq, fitnə
çıxarmaq bəyənilmir. Belə hallara yol verən müsəlmanlara Allahdan hidayət və
doğru istiqamət istəyirik.
Allah təala
Ramazan ayını bizim üçün xeyirli-bərəkətli etsin. Amin!
Əkrəm Həsənov (ilahiyyatçı)...
Hiç yorum yok:
Yorum Gönder