Bismillah.
Allaha həmd olsun. Razı olduğu qədər, ərşinin ağırlığı qədər, kəlimələrinin
sayı qədər. Allaha hər hal və hər zaman və hər işdə həmd olsun. Allaha həmd
olsun ki, hər zaman haqq əhlini batil əhli üzərində qələbəyə nail etmişdir.
Həmçinin Allahın bütün peyğəmbərlərinə və son peyğəmbər Məhəmmədə, onun
ailəsinə, səhabələrinə salam olsun. Sonra bu yazılarımı oxuyan bütün
müsəlmanlardan, haqqı axtaranlara doğru sözü eşitdikdən sonra ona tabe olana
salam olsun. Qəlbində ayrılıq, nifaq, xəstəlik olanlara Allah əgər onlar
hidayətlikdirsə hidayət versin, deyillərsə Allah Təala o batil əhlinin bütün
fitnələrini, şübhələrini müsəlmanlardan qorusun. Amin.
Həqiqətən bu
ümmətə böyük bir fitnə doldu. Bunda heç bir tərəddüd və şübhə yoxdur ki, haqq
din haqqında sual verməzdən əvvəl gərək məsələlərin isnadına baxasan və isnadla
maraqlanasan. Heç bir müdafiəsiz haqq din haqqında üzə çıxan fitnə İmam Osman
bin Affanın xilafətinin başlanğıcında üzə çıxdı. Xüsusilə Əli ibn Əbu Talib
xilafətinin sonlarında xəyanət səbəbi ilə şəhid oldu. Bu ümmətin insanlarının
bölünməsi və ayrılması səbəblərindəndir ki, Rəsulullahın (səlləllahu aleyhi və
səlləm) hədislərində yalan yayıldı və uydurma (bidət) ortaya çıxdı.
Əbu İshaq
dedi ki: “Bidətlərə gəlincə, o şeylər Əlidən (Allah ondan razı olsun) sonra
ortaya çıxdı. Əlinin əshablarından biri dedi ki: “Allah onları öldürsün, gör
hansı elmdə fəsad etdilər” (Səhih Müslimin şərhində 1\40). İbn Sirin dedi:
“İsnad haqqında heç kim soruşmurdu, fitnə ortaya çıxdıqdan sonra dedilər:
“Bizim üçün adamları qarışdırdılar. Əhli Sünnəyə baxılsın və onların hədisləri
götürülsün, əhli bidətə baxılsın və onların hədisi götürülməsin
(əl-Masdaru-s-Sabiq, 1\44). Bunun üçün isnadın tələbi və onun üstündə durmaq
ortaya çıxdı. Bu ümmətin xüsusiyyətlərindən böyük, xüsusi bir nemət, yollardan
ən üstün bir yol, sünnətlərdən ən yüksək bir sünnətdir.
İbn Sirin
dedi: “Həqiqətən də bu elm itaətdir (borcdur). Dininizi kimdən aldığınıza
diqqət yetirin” (əl-Masdaru-s-Sabiq, 1\44). İmam Səxavi (Allah Təala ona rəhmət
eləsin) deyir: “Bizə əbu Abbas yoluyla rəvayət olundu ki, əd-Dəğuli[1]
dedi: “Mühəmməd bin Hatim bin Müzəffərdən eşitdim, dedi: “Həqiqətən də Allah bu
ümmətə isnad bəxş etməklə yaxşılıq etdi, şərəfləndirdi və onu fəzilətli etdi.
Qədim və yeni ümmətlərin heç birinin isnadı yoxdur, o onların əllərində
səhifələrdir. Artıq onlar Tövratda və İncildə nazil olunmayan fərqli
xəbərlərini öz kitablarına qarışdırdılar. Arasına da doğru olmayan xəbərlər
qatdılar. Öz kitablarına qarışdırdıqları doğru olmayan xəbərləri mənbə kimi
götürdülər. Tövratda və İncildə nazil olunan fərqli xəbərlərinə heç bir əsası
və səhihliyi olmayan xəbərlər qatdılar. Bu ümmət əmanətin və doğruluğun
zamanında hədisləri əsli olmayan batil sözlərdən qoruyaraq toplamışlar. Sonra
ən güclü bir yoxlama ilə yoxlamış, incələmiş, müzakirə etmiş, hətta əzbər
öyrənib hifz etmişlər. Onu tam olaraq doğru bir şəkildə mühafizə edib
qorumuşlar. Daha az bir insan qrupundan daha çox bir insan qrupuna çatdırmış,
sonra hədisləri iyirmi və daha çox növdə yazmış, onu yalandan və səhvdən
təmizləmişlər. Hərflərini hərəkələmiş və dəfələrlə saymışlar. Bu isə bu ümmətə
Allaha şükr etmək üçün Allahın bəxş etdiyi ən böyük nemətdir”.
Əbu Hatim
ər-Razi[2]
deyir: “Allahın Adəmi yaratdığından bəri ümmətlər içərisində bu ümmətdən başqa
elə bir ümmət yoxdur ki, peyğəmbərlərin əsərlərini (həyat yolunu, sözünü,
davranış və əməllərini) qorusun”. Əbu Bəkr Mühəmməd bin Əhməd[3]
deyir: “ Mənə gəlib çatdı ki, Allah Təala bu ümmətə xüsusi olaraq üç şey
vermişdir (üç şeyi bu ümmətin xüsusiyyəti etmişdir), bundan əvvəl isə bunu heç
kimə verməmişdir: İsnad, Ənsab, İrab”. Müəllif deyir ki,
onun bu sözünü bu kitablarda tapmadım. Yalnız Kitabu Şərhu-l-Məvahib əd-Diniyyə
5\395-ci səhifədə tapdım. Bu ümmət öz içərisində belə biri digərini iddiham
etdi. Namaz qılan namaz qılana kafir dedi. Hökm Allahındır deyib özü
başqalarına hökm verdi. Cümə namazını tərk edib, müsəlman camaatdan, camaat
namazından ayrılıb sonra da həmin müsəlman camaatına kafir dedi. Özü bığını
saqqalını qırxdı, cahillərlə oturub durdu, paltarını yerlərlə sürüdü, təkəbbür
edərək başqasına kafir dedi. Ya Rəbbi biz müsəlmanları bu cür əqidəsizlərin
fitnəsindən və şərrindən qoru. Amin!
Mən
Allahın yaratdığı bir insanam. Hər bir insanın özünə uyğun bu və ya digər
günahları olur. Heç kim özünü təmizə çıxarmamalıdır. Mən də həmçinin. Allah
mənə nəsihət edən bütün müsəlman bacı və qardaşlarımdan razı olsun. Amin! Mən
Allahın izni ilə, yaşatması ilə yaşayan, yeritməsi ilə yeriyən, xəstələndiyim
zaman mənə öz böyük lütf və mərhəməti
ilə mərhəmət edən, şəfa verməsi ilə şəfa tapdığım bir insanam. Mənim
yazılarımın kimlər tərəfindənsə oxunub münasibət göstərilməsi mənim üçün
xoşdur. Mən bütün müsəlman bacı və qardaşlarımdan çox xahiş edirəm ki,
yazılarımı diqqətlə oxusunlar. Harada xəta etmişəmsə mənə nəsihət etsinlər.
Çünki, hər biləndən də üstün bir bilən var.
Əvvəlcə
onu qeyd edim ki, Əməllər niyyətlərə
görədir...
Ömər ibn Xəttab (Allah ondan razı
olsun) deyir ki, mən Peyğəmbərin (Allahın salamı olsun ona ailəsinə və
səhabələrinə) belə dediyini eşitmişəm: «Doğrudan da əməllər niyyətlərə görədir.
Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır. Kimin hicrəti Allaha və
rəsuluna olarsa, onun hicrəti Allaha və rəsulunadır. Kimin hicrəti əldə edəcəyi
dünya mənfəətinə, yaxud evlənəcəyi qadına görə olarsa, onun hicrəti də ona
görədir»[1]. Buxari və Müslim.
Həqiqətən də Allah bilir ki, mənim də prezidentə
yazdığım məktub və həmçinin digər təkfirçilərlə bağlı yazdıqlarım Allahın
dininin bu gün gənclər tərəfindən əsl olduğu kimi anlaşımaması və ya minhəcə uyğun
olmadığı üçündür. Mənim məktubda da qeyd etdiyim kimi bu yazıları yazmaqda
məqsədim nəyəsə müvəqqəti ve tez keçən dünya həyatında müəyyən bir xeyirə nail
olmaq deyil. Yenə qeyd etdiyim kimi biz insanlar bəzən müəyyən bir xeyirə nail
olmaq üçün elə olur ki, niyyətimizi gizlədir və ya özümüzü elə aparırıq ki,
guya qarşımızdakına niyyətimizin təmiz olmasını demək istəyirik. Lakin təəssüf
ki, bir az da dərinə gedəndə heç də məsələ belə deyil. Mənim yazmağımın vaxtı
yetişib. Yəni artıq mən də əvvəllər təkfirçilər barədə bilmirdim və bilsəm də
onların yalnış yolda olduğunu fərq edirdim. Amma açıq aşkar onların bir çoxunu
gördük və əməlləri ilə hərəkətlərinin bir-birinə tərs düşdüyünü gördük. Xüsusilə
onların bütün xalq kütlələrinə kafir dediklərinin şahidi olduq. Allaha and
olsun ki, onların eləsini gördüm ki, zahirən başını bağlayan və məscidə gəlib
namaz qılan müsəlman bacılarımıza cariyə dediklərini gördüm. Onlar şəriəti
bilsəydilər belə deməzdilər. Onlar bilməliydilər ki, cariyə yalnız
kafirlərlərlə döyüş zamanı əldə edilən dul qadınlar və ya qızlardır. Onların
digər mənfi cəhəti şəxslər üzərində dayanmalarıdır. Təkfir məsələsində həddini
aşıblar. Mənim məqsədim və niyyətim bu təkfirçilərə sus demək deyil. Çünki sus
deyəndə belə susmurlar. Mənim məqsədim budur ki, dövlət səviyyəsində biz İlahiyyatçılara şərait yaradılsın. Biz xarici dildə
olan dini ədəbiyyatları ölkəyə gətirib tərcümə edək. Yeni yetişən gənclərin
oxumaları üçün şərait yaradaq. Bundan əlavə orta məktəblərdə və ali məktəblərdə
heç olmasa bir saat dini dərslər keçirilsin. Bu dərsləri aparan müəllimlər
digər ixtisas sahələrində olan müəllim deyil, məhz İlahiyyatı oxuyan, dini
bilən, Mədinədə, Məkkədə, Əl-Əzhər Universitetində və s. dini universitetlərin məzunu olanlar aparsın.
Dövlət axı bu tələbələri yetişdirib, digər ölkələrdə dini təhsil almalarına
şərait yaradıb və indi də gəlib burada işsiz qalıblar. Mən işsiz deyəndə yanlış
anlaşılmasın. İş mənim hansısa bir maaşa bağlı olaraq iş kimi yox, ümumiyyətlə
elmi yaymaq üçün iş kimi qəsd edirəm. Həmçinin Tükiyədə olduğu kimi olsa daha
yaxşı olar. Türkiyədə dövlət məscid imamlarına hər ay maaş verir.
Mənim yazılarımda böyük xətaların olduğunu
deyənlərə təşəkkür edirəm. Çünki bu mənim üçün xeyirdir. Müsəlman müsəlmanın
aynasıdır. Onun harada səhv etdiyini görsə düzəltməli, harada xəta etdiyini
görsə nəsihət etməlidir. Mən açıq aşkar bəyan edirəm ki, mən bütün yazılarımda
müəyyən xüsusiyyətləri ələ alıb onu geniş müsəlman kütləsinə aid etməmişəm. Mən
hər kəsə eyni gözlə də baxmamışam. Bunu iddia edən mənim haqqımda yalan
danışır. Bunu idda edən ya mənim yazılarımı düzgün anlamayıb, ya da özü belə
deyir ki, başqaları da yazılarımı oxuyanda elə hesab etsin ki, yazılarım bütün
müsəlman kütləsinə aid edilib. Mən əsasən o kütləni nəzərdə tutmuşam ki, onlar
kiçik bir qruplaşma halında, həm fikirlərində, həm əqidələrində, həm də davranışlarında
belə düzgün mövqedə deyillər. Mən məscid əhlini nəzərdə tutmamışam. Məscidə
gedən hər bir kəs mənim müsəlman bacı və qardaşımdır. Heç məscidə getməyən,
qəlbində zərrə qədər də olsa imanı olub namaz qılmayana da mən müsəlman kimi
baxıram. Amma günahkar müsəlmandır. Mənim iradım o kəslərədir ki, onlar namaza
təzə gəliblər, özləri məscidə getmir, müsəlman camaatın içərisində olmur, amma
məscidə gedənlərə kafir deyirlər. Halbuki özləri də əvvəlcə belə idilər. İndi
bir-iki kitab oxuyub başqalarına hökm verirlər. Onlar anlamalıdırlar ki, hökm
Allaha məxsusudur. Mən mürciələr kimi də demirəm. Mürciələrdən uzağam. Çünki
böyük günah sahibi günahkardır. Kafir deyil. Məgər müsəlman böyük günah etmir
ki? Əlbəttə edir. Çox təssüf ki, bu təkfirçilər nəinki böyük günah sahibi olan
müsəlmanlara, bütün dünyada olan məscid imamlarına və həmin imamların arxasında
namaz qılan təmiz müsəlmanlara kafir deyirlər. Allah onların fitnəsindən və
şərrindən bütün müsəlman camaatı qorusun. Amin! Onların fikirləri ucbatından bu
gün müsəlman ölkələrində partlayışlar baş verir. Dinc əhali, qadın, uşaq
öldürülür. Sonra da bu təkfirçilər deyirlər ki, dinc əhali ölməliydi, cihad
etsəydi, vətəni tərk etsəydi ölməzdi. Allaha and olsun ki, mən bunu özümdən
demirəm, bunu deyənləri eşitdim.
Mən bilirəm və iman edirəm ki, İslam müsəlman əmirlərə itaəti vacib qılmışdır. Mən
bunu inkar etmirəm. Mən demirəm ki, bu belə olmalı deyil. Əlbəttə əgər bir
ölkənin bütün vətəndaşları müsəlmandırsa onun əmiri də müsəlmandır. Azərbaycan
xalqı əksəriyyət etibarı ilə müsəlmandır. Bu təbii prossesdir ki, 70 il bizim
dini yaşantımıza kafir dövlətlər icazə verməyiblər. Amma bu gün Allaha çox
şükürlər olsun ki, biz dinimiz İslamı öyrənirik, tədbiq edib gücümüz çatan
qədər yaşayırıq. Biz hələ islamı bilməyən insanlara dinlərini öyrətməliyik.
Onlar islamı ətraflı öyrənməlidirlər. Əgər öyrənməsələr, buna rəğbət etməsələr,
bunu öyrənməyə mane olsalar onda biz bunu edənlərə kafir deyə bilərik. Amma bu
gün Azərbaycanda məscidlər açılır, insanlar çox rahat məscidlərə gedib namaz
qılıarlar. Xütbəni dinləyirlər. Buna mane olan varmı? Bəli, mən də deyirəm ki,
buna mane olan təkfirçilər var. Hamıya kafir deyənlər. Onlar məscidə getməyin
düzgün olmadığını iddia edirlər. Məscidə gedib Cümə namazının qılınmayacağını
iddia edirlər. Təbii ki, onlar yalançıdırlar. Allah onları islah etsin. Amin!
Mən özümə alim demirəm. Bəzi qardaşlar məni
iddiham edə bilərlər. Çünki onlar dinc müsəlmanlara, hələ dini bilməyənlərə
kafir dediklərinə görə onları iddiham edirəm. Onlara demək istəyirəm ki,
tələsməyin. Orada-burada fikirlər yaymayın. Sizin dediyiniz Quran ayələri,
Məhəmməd peyğəmbərin hədisləri və sələf alimlərinin sözləridir. Bunlar
həqiqətdir, amma siz bu həqiqətləri öz əqidənizə, fikrinizə və insanlarla
davranışınıza görə yalnış şəkildə sitifadə edirsiniz. Siz hələ 70 il əsarətdən
10-15 ildir çıxan bu xalqa islamı öyrədin. Ondan sonra tam olaraq dəvət edin.
Çox dəvət edin. İndi dəvət vaxtıdır. Amma sizlər nə edirsiz. Bu xalqa Quranın
hərflərini öyrətməmiş, hədisin nə olduğunu izah etməmiş, şəriət elminin
növlərindən bəhs etməmiş birbaşa şəxslər üzərində dayanaraq təkfir edirsiz
(müsəlmana kafir deyirsiniz). Məndə sizə nəsihət edirəm ki, Allahdan qorxun.
Quran ayələrini və Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) hədislərini Allah
və Peyğəmbəri necə tədbiq edibsə sizdə eləcə tədbiq edin.
Mənə münasibət bildirməyiniz məni sevindirdi.
Çünki əlbəttə biz hamımız bir-birimizə nəsihət etməliyik. Amma heç vaxt olmayan
iftiranı bir-birimizə atmamalıyıq. Mən heç kimə iftira atmadım. Mən təhlükənin
olduğunu dedim. Çünki bu gün hələ islamın nə olduğunu bilməyən insanlara kafir
deyib, onun canının və malının halal olduğunu iddia edən bir şəxs və ya bir
neçə şəxs əlbəttə doğru yolda deyil. Bu fikirlərin yayılması isə Azərbaycan
xalqı üçün təhlükədir. Allah təala bizim bütün müsəlman bacı və qardaşlarımızı,
həmçinin Azərbaycan xalqımızı bu təhlükədən qorusun. Amin!
Salam aleykum va Rahmatullahi va barakatuhu.
Əkrəm
Həsənov (BDU, İlahiyyat Məzunu).
22.07.2008
[1]
Mühəddis, imam Əbu Abbas
Mühəmməd bin Əbdürrəhman bin Səbur əd-Dəğuli, vəfatı h.325, “Təzküratu-l-Huffaz”
da 3\823-cü səhifədə onun tərcümeyi halına bax.
[2] Bu imam əl-Hafiz Əbu
Hatim Mühəmməd bin İdris bin əl-Mənzir bin Davud bin Mehran əl-Hənzəli ər-Razi,
h.275-də vəfat edib. Bunun həyatına baxmaq istəsən. Təhzibu-l-Kamal: 24\381.
[3] Hafiz, İmam əl-Qutvətu
Əbu Bəkr Mühəmməd bin Əhməd bin Raşid bin Mədan əs-Səqafi əl-Əsbahani, h.309-da
vefat edib. Bu alimin tərcümeyi halına Tarixi Bağdad 1\302. Siyər Aləm əl-Nəblə
14\404 , Muxtasar Tarix Dəməşq 21\270, Tarix İsfahan 2\243 baxmaq olar.
Hiç yorum yok:
Yorum Gönder