garibekrem@hotmail.com
Bismilləh.
Allahın Adı ilə başlanılan hər bir işdə böyük bir xeyir vardır. Uca Allah bu
başladığım xeyir işi Onun qulları üçün xeyir etsin və bu kiçik risaləmi bütün
oxuyanlar üçün faydalı və ibrətli etsin. Amin! Əziz müsəlman bacı və
qardaşlarım! Siz heç Quranı açıb oxudunuzmu? Əgər oxumamızsa böyük bir zərərdə
olduğunuzu sizə xatırlatmaq məcburiyyətindəyəm.
Əgər oxumusunuzsa, sizə Quranın
bir ayəsini işarə verim, daha doğrusu gəlin bir yerdə həmin ayəyə baxaq. Allah
Təala öz mübarək kitabında əl-Maidə (Süfrə)
surəsi, 90-cı ayədə buyurur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da,
bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan
çəkinin ki, bəlkə, nicat tapasınız!”. Böyük təfsir alimi, Əbdülvahid Mətin
“Mufassal təfsir” kitabında bu ayəyə belə bir şərh verir: Allah (Subhanahu və
Təala) halal etdiyi gözəl nemətləri nəfsə haram etməyi daha əvvəlki ayələrində
qadağan etmiş, ruzi olaraq verdiyi nemətlərin halal və təmiz olanlarından yeyilməsini
əmr etmişdi. Bu ayədə isə cahillik vaxtında halal və təmiz olaraq tanınan içki
və qumarın yanlış bir inancla İslamda da halal və təmiz ruzilərdən olaraq
bilinməməsi üçün, həm bu ikisinin, həmdə bütlərlə fal oxlarının şeytandan bir
pislik olduğunu möminlərə xəbər verməkdədir.
“Şərab (içki)”. Ərəb
dilində “xamr” الْخَمْرِ “örttü”
mənasına gələn “xamara” kəliməsindən törənmişdir. İçki, ağılı örtdüyü üçün ona
bu ad verilmişdir. Allah (Subhanahu və Təala) bu ayədə möminlərə içkini haram
etdiyini xəbər verir. Amma içki möminlərin üzərinə birdən-birə deyil, tədricən
haram edilmişdir. Çünki, cahiliyyə ərəbləri içkiyə çox aludə idilər. Əgər içki
birdən-birə haram edilsəydi, bəlkədə çoxları içki içməyi tərk etmədikləri üçün
islama da girməyəcək, beləliklə islamdan tamamilə uzaqlaşmaq istəyəcəkdilər.
Eyni ilə cahiliyyə dövründə böyük bir şair olan Əl-Aşanın etdiyi kimi. Bu
mövzuyla bağlı belə bir rəvayət vardır:
Əl-Aşa
müsəlman olmaq üçün Mədinəyə getmək istədi. Qüreyş müşrikləri onun bu qərarını
öyrəndikdə böyük bir şair olması səbəbilə, şerini islamı yaymaq üçün istifadə
etməsindən qorxdular. Əl-Aşa Mədinə yolu üzərindəykən bəzi müşriklər ona
çataraq belə dedilər:
“Hara
gedirsən?” Əl-Aşa onlara:
“Müsəlman
olmaq üçün Məhəmmədin (səlləllahu aleyhi və səlləm) yanına gedirəm” dedi. Onlar
dedilər:
“Bax ha
onun yanına getmə! Çünki, o sənə namaz qılmağını əmr edəcək”. Əl-Aşa onlara
belə dedi:
“Rəbbə
xidmət etmək vacibdir”. Cəld ona belə dedilər:
“Malı
yoxsullara verməyini əmr edəcəkdir. Qəti getmə!” Əl-Aşa dedi:
“Yoxsullara
yaxşılıq etmək lazımdır”. Onlar:
“O, zinanı
haram edir” dedilər. Əl-Aşa onlara dedi:
“Zina
pislikdir, çirkinlikdir. Sağlam ağıl onu rədd edir. Bundan başqa da ki, mən
qocalmışam. Ona ehtiyacım yoxdur”. Ondan sonra müşriklər ona belə dedilər:
“Məhəmməd
içki içməni də qadağan edir”. Əl-Aşa bunu eşitdikdə:
“Bax,
mən buna səbr etmərəm” deyir və geri qayıdır. Geri qayıdarkən də belə deyir:
“Bu il
içki içərəm, sonra təkrar Məhəmmədin (səlləllahu aleyhi və səlləm) yanına
müsəlman olmaq üçün gedərəm”. Geri qayıdarkən yolda dəvəsindən yıxılır və boynu
qırılaraq ölür, evinə çatmır. (İbn Kəsir, Əl Bidayə və-n-Nihayə)
Allah (Subhanahu
və Təala) içkini tədricən dörd mərhələdə haram etmişdir. Əvvəlcə, Peyğəmbər (səlləllahu
aleyhi və səlləm) Mədinəyə hicrət etməzdən əvvəl nazil etdiyi Nəhl surəsinin
67-ci ayəsiylə həm yaratdıqlarına olan nemətlərini xatırlatmış, həm də içkinin
sərxoşluq verici xüsusiyyətindən xəbər vermişdir. Bu barədə belə buyurmuşdur:
“Siz xurma
ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi
(kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da
ağılla düşünənlər üçün bir ibrət vardır” (ən-Nəhl (Bal arısı) surəsi, 67).
Allah bu ayədə
sərxoşluq verən içki ilə gözəl ruzini ayrı-ayrı zikr etmişdir. Bu ayəylə sanki
belə demək istəyir: “Gözəl ruzi başqa, sərxoşluq verən içki başqadır”.
Allahın (Subhanahu
və Təala) bu ayədə istifadə etdiyi üslub dərin düşünənlər üçün içki içməməyə
səbəb ola bilər. Çünki ayəni diqqətlə düşünən bir kimsə, sərxoşluq verən
içkinin təmiz bir ruzi olmadığını anlayar.
İkinci
olaraq; Bəqərə surəsinin 219-cu ayəsində içki və qumarın faydalarının az
olmasına baxmayaraq, zərərlərinin daha çox olduğunu bildirmişdir. Allah (Subhanahu
və Təala) bu barədə belə buyurur:
“- (Ya Rəsulum!)
Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük
günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları
mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını
soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!”
Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz” (əl-Bəqərə (İnək)
surəsi, 219).
Bu ayə
nazil olduqda, müsəlmanlardan bəziləri içki içməyi tərk etdilər və belə
dedilər: “Buna ehtiyacımız yoxdur. Çünki zərəri çox olan şeydən uzaq durmağımız
lazımdır”. Amma ayədə açıq aşkar haram hökmü olmadığı üçün bəzi müsəlmanlar içki
içməyə davam etdilər və belə dedilər: “Biz onun faydalarından istifadə edər,
zərərindən uzaq durarıq”.
Üçüncü
olaraq; Nisa surəsinin 43-cü ayəsilə sərxoşluq halında namaza yaxınlaşmaması
əmr edilmişdir. Allah (Subhanahu və Təala) bu barədə belə buyurur:
“- Ey iman
gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar)
olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz
qılınan yerə) yaxınlaşmayın....” (ən-Nisa (Qadınlar) surəsi, 43)
Bu ayə nazil
olduqdan sonra müsəlmanlar içkini ancaq gece namazından sonra içməyə davam
etdilər.
Dördüncü və son
olaraq Allah (Subhanahu və Təala) əl-Maidə (Süfrə) surəsinin 90 və 91-ci
ayələrini endirərək içkini tamamilə haram etdi. Ömər (Allah ondan razı olsun):
“Allahım bizə içki haqqında açıq bir hökm endir” deyərək Allaha dua edərdi.
Allah (Subhanahu və Təala) Bəqərə surəsinin 219-cu ayəsini endirdikdə Ömər (Allah
ondan razı olsun): “Allahım içki haqqında açıq bir hökm endir, çünki o həm
malı, həmdə ağılı aparır” dedi. Allah (Subhanahu və Təala) daha sonra ən-Nisa
(Qadınlar) surəsinin 43-cü ayəsini endirdi. Bu ayə Ömərə (Allah ondan razı
olsun) oxunduqda, Ömər yenə: “Allahım içki haqqında açıq bir hökm endir” deyə
dua etdi. Bundan sonra əl-Maidə (Süfrə) surəsinin 91-ci ayəsi endi. Bu ayə
endikdə, Ömər (Allah ondan razı olsun) çağrıldı və ona oxundu. Ömər (Allah
ondan razı olsun) bu ayəni eşitdikdə: “Artıq içməyi tərk etdik ya Rəbbi!” dedi.
(Əbu Davud, Tirmizi, Əhməd) (Tirmizi və Əli bin Mədəniy bu hədisə səhih
dedilər). Bu ayənin nazil olma səbəbi haqqında belə rəvayətlər də vardır:
Səd bin Əbu Vəqqas (Allah
ondan razı olsun) belə dedi: “İçki haram edilmədən əvvəl mühacir və ənsardan
bəziləri ilə qarşılaşdım. Onlar mənə: “Bizimlə bərabər gəl, sənə də yemək
yedirək və içki içirək” deyərək məni yemək-içməyə dəvət etdilər. Mən də onların
dəvətini qəbul etdim. Sonra onların yığışdığı bir bostana getdik. Oraya
çatdıqda yemək üçün hazırlanmış, qızardılmış dəvə başı ilə, içmək üçün
hazırladıqları içkini gördüm. Onlarla bərabər yemək yedim və içki də içdim.
Nəhayət hamımız sərxoş olduq. Biz bu haldaykən aramızda ənsar və mühacir
məsələsi danışıldı. Mən onlara belə dedim: “Mühacirlər ənsardan daha
xeyirlidir”. Bu sözümə görə ənsardan bir nəfər dəvənin çənə sümüyü ilə məni
vuraraq burnumu qanatdı. Bu hadisə səbəbilə Allah rəsulunun (səlləllahu aleyhi
və səlləm) yanına gedərək ənsarinin mənə nə etdiyini xəbər verdim. Mənim bu
hadisəm səbəbilə Allah (Subhanahu və Təala) bu ayəni (Maidə 90) endirərək
içkiylə bağlı hökmü bildirdi. (Müslim)
İbn Abbas (Allah
ondan razı olsun) belə dedi: “İçkini haram edən ayənin enmə səbəbi belədir:
Ənsardan iki qəbilə sərxoş olana qədər içdilər. Sərxoş olduqdan sonra bir
birləriylə dalaşmağa başladılar. Sərxoş vəziyyətdən ayılandan sonra özlərinə
gəlib etdikləri davanın ardınca bir-birlərini üzləri, başları yaralı,
saqqalları dağılı bir vəziyyətdə gördülər. Bir-birlərinə belə deməyə
başladılar: “Məni bu hala gətirən filankəsdir”. Beləliklə hər biri adını
çəkdiyi digər qardaşına kin bəsləməyə başladılar. Halbuki bundan əvvəl
bir-birləri ilə mehriban olan qardaş idilər. Amma bu hadisə və dava səbəbilə
düşdükləri vəziyyəti gördükdə hamısı belə deməyə başladılar: “Qardaşım məni
sevsəydi və mənə qarşı mərhəmətli olsaydı əsla bunu mənə etməzdi”. Bununla da
kinləri daha da artdı. Bu hadisədən sonra Allah Təala Maidə surəsinin 90-cı
ayəsini nazil etdi.
Bütün
alimlərin içkiyə “rics” sifətini vermələrinin səbəbi içkini maddi bir nəcis
olaraq görmələridir. Buna görə də alimlər dedilər ki; “İçkinin maddi nəcasəti
vardır”. Rəbiə əl-Leys bin Səd və Şafinin dostu əl-Müzəni içkini maddi yox,
mənəvi bir nəcis olaraq görmüşlər və: “İçkini ancaq içmək haramdır” demişlər. Səid
bin Həddad əl-Qəravi içkinin maddi yox, mənəvi nəcis olduğuna və təmiz olduğuna
dəlil olaraq içki haram edildikdə səhabələrin içkini yollara tökmələrini dəlil
gətirmiş və bu barədə belə demişdir: “Əgər içki maddi bir nəcis olsaydı
səhabələr yollara tökməz, Peyğəmbər də (səlləllahu aleyhi və səlləm) böyük və
kiçik ayaqyolunu yolda etməyi qadağan etdiyi kimi içkini yollara tökməyi də
qadağan edərdi”. İmam Qurtubi bu dəlilə belə cavab vermişdir: “Səhabələrin
içkini yollara tökmələrinin səbəbi onların yer altında kanalizasiyalarının
olmamasına görədir. Hətta onların çoxunun evində tualet belə yox idi. Bundan
başqa, içki yollara tökülsə də səhabələrin yeriyərkən ondan uzaq durmaları
mümkün idi. Çünki Mədinənin yolları olduqca geniş idi və tökülən içki bütün
yolu əhatə edəcək qədər çox deyildi. Buna görə də tökülən içki yolların az bir
hissəsini əhatə edirdi. Ona görə də içkinin yollara tökülməsi onun nəcis
olmadığına dəlil olmaz. Bu barədə doğru olan budur: İçkinin maddi bir nəcisliyi
vardır. Çünki Allah Təala ona “rics” adını vermişdir. Ərəb-dilində “rics” nəcis
deməkdir”.
Allah
Təala içkini haram etdiyi halda hər kim bu əməli halal qəbul edərsə kafir və ya
tağut olar. İçkinin halallaşdırılması tək dil ilə yox, həm də sərbəstlik
vermək, istəyən istədiyi əməli işləyə bilər demək, belə pis əməlin işlənməsi
üçün icazə vermək, bu əməli işləyənə cəza verməmək, onu tənbeh etməmək onu
halallaşdırmaq kimidir.
Allah Təala bizi
bilmədiyimiz və gücümüz çatmayan işlərə görə bağışlasın. Bütün müsəlmanları
haramlardan uzaq durmağa, saleh əməllər işləməyə müvəffəq etsin. Allah Təala
aqibətimizi xeyir etsin. Amin.
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...
28 Iyun 2007|12 Cemadiyas-Sani 1428
Hiç yorum yok:
Yorum Gönder