13 Nisan 2012

“Sələfi” bacıların asudə vaxtı İNTERNET-də keçirmək! (II Hissə)


“Sələfi bacı”ların öz asudə vaxtlarını internetdə keçirərək israf etmələri, onların cəhalətindən qaynaqlanır. Onların bu haqda bilməli olduğu bir neçə məsələ vardır:

I- Asudə vaxt Allahın nemətidir.

Öncə bacılar bilməlidir ki, asudə vaxt Uca Allahın onlara verdiyi ən böyük nemətlərdəndir. Bu vaxtın israf edilməsi isə bu nemətə qarşı nankorluq, eləcə də dünya və Axirətlərinin itirilməsi deməkdir. Bu bacılar, internetə daxil olmaqla öz vaxtlarını necə keçirmək və onu necə “öldürmək” haqqında düşünür. Şeyx Munəccid (hafizəhullah) bu xüsusda çox gözəl bir söz demişdir: 

- “Bir çoxları vaxtını özünə düşmən bilib- onu öldürmək istəyir, fəqət onlar bilmir ki, vaxtı öldürməklə, yalnız özlərini öldürürlər.” 


Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:
- İki nemət var ki, insanların çoxu onlardan qafildirlər və onları dəyərləndirmirlər: Can sağlığı və Asudə vaxt.[1]

Başqa bir hədisdə buyurur:
- Beş şey gəlmədən öncə beş şeyin qədrini bilin: Ölmədən öncə həyatınızın, xəstələnmədən öncə sağlamlığınızın, məşğul olmadan öncə asudə vaxtınızın, qocalıq gəlmədən öncə cavanlığınızın, kasıblamadan öncə zənginliyinizin... [2]

Şeyxul İsləm ibnul Qeyyim əl-Cəuziyyə (rahiməhullah) buyurur:
- Vaxt insanın bu dünya və əbədi həyatıdır. Bu həyatın əbədi xoşbəxtlik və ya əbədi əzab içində keçməsi, o vaxtı necə keçirməkdən asılıdır. Zaman çox sürətlə ötür, əsl doğru həyat odur ki, insan bu vaxtını Allaha itaətlə keçirir. Əgər o bu vaxta etinasızlıq göstərib onu israf edirsə, boş əyləncə və xəyallar ilə keçirirsə, onun ölümü bu həyatından daha xeyirlidir.[3]

Həmçinin İbnul Qeyyim (rahiməhullah) buyurur:
- Vaxtı (israf edərək) öldürmək, ölümdən daha pisdir, çünki ölüm insanı bu dünyadan və onun əhlindən uzaqlaşdırır. Vaxtı (israf edərək) öldürmək isə, insanı Allahdan və Axirət günündən uzaqlaşdırır. 

- Abid bir kəsə ən əziz şey onun asudə vaxtıdır. Əgər vaxtı boş yerə xərclənərsə, o kədərlənər. Çünki bilir ki, vaxt keçdisə, onu bir daha geri qaytarmaq mümkün olmayacaqdır. [4]


İmam Şəfii (rahiməhullah) buyurur:
- Vaxt qılıncdır, sən onu kəsməsən, o səni kəsəcəkdir. [5]

Şeyx Muhəmməd Salih əl-Munəccid (hafizəhullah) buyurur:
- Allahın bəndələrinə bəxş etdiyi ən böyük nemətlərdən biri – Vaxtdır. Hətta vaxtın mühüm bir nemət olduğundan Allah Qurani-Kərimdə ona and içərək buyurur: “And olsun axşam çağına!”(Asr surəsi, 1) 

Fəqət, çox insan bu nemətin əhəmiyyətindən qafil olub, vaxt ilə əlaqəli olan vəzifələrinə etinasızlıq edirlər. Bu vaxtı itaət və həmd içində keçirməkdə laqeydlik göstərirlər.... Vaxt bu qədər mühümdürsə, demək ki, müsəlmanın asudə vaxtı olmamalıdır. Müsəlman, bir ibadətdən digər bir ibadətə, bir itaətdən də digərinə keçməlidir.

- Hər bir ağıl sahibi olan müsəlman dərk etməlidir ki, o əbədi yaşamayacaq və onun həyatı çox qısadır. O Rəbbi ilə qarşılaşacaqdır. Və ondan gəcnliyi haqda, onu necə keçirdib, nələrə sərf etdiyi haqda soruşulacaqdır. Bu səbəbdən, hər kəs öncəki sələfilərə, öncəki alimlərə baxıb- onlardan ibrət alaraq, öz vaxtını neçə keçirəcəyi haqda düşünsün![6]

Həfiz ibn Həcər (rahiməhullah) öz kitabında ət-Tiybinin (rahiməhullah) belə dediyini rəvayət etmişdir:

- Rasulullah (sallAllahu aleyhi və səlləm) müsəlmanı bir tacirə bənzətmişdir. O tacir ki, sərmayədardır, qazanc əldə etmək və bu qazancını qorumaq istəyir... Bizim sərmayəmiz sağlamlığımız və asudə vaxtımızdır. Biz Allah ilə iman vasitəsi ilə əlaqə qururuq, həmçinin nəfsimizin şərrindən, istəklərindən və dinin düşməni olan şeytandan qorunmalı, ona qarşı vuruşmalıyıq ki, dünya və Axirətdə ən xeyirli olana nail olaq. Bu, məhz Uca Allahın ayədə bildirdiyinə bənzəyir:

- Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? (Səff susəri, 10)

Biz nəfsin əmrlərinə tabe olmayıb, şeytandan uzaq durmalıyıq ki, həm sərmayəmizi qorumuş olaq, həm də qazancımızı itirrməyək! [7]

İbn Aqil əl-Hənbəli (rahiməhullah) buyurur:
- Mən heç bir zaman vaxtımı israf etməzdim. Hətta uzanıb istirahət edərkən, qalxıb nə edəcəyim haqda düşünərdim. Bu mənim elmə həvəsimi artırıb və mənim hal-hazırda səksən yaşım olmasına baxmayaraq, mən iyirmi yaşlı bir kəsdən daha həvəsliyəm.[8]

Son olaraq isə bacılara Uca Allahın bu ayəsi haqda düşünməyi tövsiyyə edirəm:
- İşlərini qurtaran kimi Allah yolunda çalış! (Şərh surəsi, 7)

Ardı var...


İstifadə edilən mənbələr:

[1]- Buxari, 12/389/6412; Əhməd, 1/258
[2]- Sahihul-Cəmi, 1077
[3]- əl-Cəvabul Kəfi, səh. 109
[4]- Mədaricus-Salikin, 3/49
[5]- əd-Dəuvad-Dəvau, səh. 250
[6]- Şeyx Muhəmməd ibn Salih əl-Munəccidin rəsmi saytı
[7]- Fəthul Bəri kitabı
[8]- əl-Muntəzəm, 9/214

_________________
Hazırladı: əz-Zubeyr.

Hiç yorum yok:

Yorum Gönder