27 Mart 2012

“Qadında ağıl və din naqisdir” sözünün mənası.


Biz həmişə bu hədisi eşidirik: “Qadınlar ağılda və dində naqisdirlər”. Bəzi kişilər qadını təhqir etmək üçün bu hədisi dəlil gətirirlər. Ümid edirik ki, sizin üçün bu hədisin mənasını izah edə biləcəyik.
Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) hədisinin mənası belədir: “Mən sizin çoxunuzu, əksəriyyətinizi ağılda və dində kişilərdən daha naqis gördüm”. Deyildi ki: Ya Rəsulullah! Onların ağlında olan nöqsanlıq nədir?”. Dedi: “İki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər deyilmi?” Deyildi: “Ya Rəsulullah! Onların dində olan nöqsanlığı nədir?”. Dedi: “Məgər onlar adət halında olanda namaz qıla və oruc tuta bilirlərmi?”. Yəni onlar adət halında olanda namaz qıla bilmirlər və oruc tuta bilmirlər. Allah Rəsulu (səlləllallahu aleyhi və səlləm) qadının ağlında nöqsanın olmasını onun hafizəsinin zəif olması ilə bəyan etdi. Ağılda nöqsan olmaq demək yaddaşda zəiflik deməkdir. Onların birinin şəhadəti digərinin şəhadəti ilə bərabər tam bir şəhadət hesab olunur. Bunun da səbəbi birinin unutması, yaddaşının zəif olması ilə bağlı olaraq digərinin ona xatırlaması və yaddaşını təzələməsi üçündür. Allah təala buyurur: “...Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın...” (Bəqərə surəsi, 282-ci ayədən). Bu ayədə Allah təala bizə bildirir ki, qadınlardan biri unutduqda digəri onun yadına salsın. Buna görə də qadınlar yaddaşda zəif olduqları üçün onlardan ikisinin şəhadəti bir kişinin şəhadətinə bərabər olur. Qadının dində nöqsan olmasına gəldikdə isə, onda heyz halının və nifas halının olmasıdır. Çünki qadınlarda heyz halı və nifas halı olduqda onlar namaz qılmır, oruc tutmur və digər bütün ibadətləri tərk edirlər. Bu Allah təalanın böyük rəhmətindəndir ki, qadın belə halda olduqda zəifləyir, gücdən düşür, buna görə də namaz qılması, oruc tutması və digər ibadətləri yerinə yetirməsi ondan tələb olunmur. Ancaq heyz və nifas halı bitdikdən sonra qadın tutmadığı orucların qəzasını tutur. Namaz ibadətində isə ondan namaz qılması və namazının qəzası tələb olunmur. Allah təalanın rəhmətindəndir ki, heyz və nifas halında qadınlardan namaz qılmasını və daha sonra isə onu qəza etməsi tələb olunmur. Heyz və nifas halında qadının namazı tərk etməsinin səbəbi onun təmiz olmaması üçündür. Həmin hallarda qadın təmiz olmadığına görə namaz qılmır. Sonra qadından ağır, çətin və məşəqqətli olduğu üçün Allah təala namazın qəzalarını da istəmir və tələb etmir, qadının məşəqqətə düşməsini uca Rəbbi istəmir. Çünki namaz gündə beş dəfə qılınır, onu əda etmək üçün bir çox işləri yerinə yetirmək lazım olur, dəstəmaz alması, gündə beş vaxt namazın qılınması və s. bütün bunlar xəstəliyi bitdikdən sonra da qadından tələb olunmur. Allah təalanın qadına verdiyi dəyərə, hörmətə və diqqətə baxın. Allaha həmd olsun.
Qadının ağlında və dinində zəiflik olması başqa digər məsələlərdə zəiflik olmasına işarə deyil. Daha doğrusu dindən və ağıldan başqa digər bütün məsələlərdə qadın üçün zəiflik nisbət etmək olmaz. Ancaq bu da bir həqiqətdir ki, kişi qadından həm dininə görə, həm ağlına görə, həmdə digər bütün məsələlərə görə üstündür. Kişi qadından hər bir məsələdə üstündür. Allah təala buyurur: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir” (Nisa surəsi 34-ci ayədən). Lakin bir çox məsələlərdə qadınlar da kişilərdən üstünlük təşkil edirlər. Həqiqətən də elə qadınlar vardır ki, həm ağılda, həm hafizədə, yaddaşda həm başa düşməkdə, həm də başqa digər bir çox məsələlərdə bəzi kişilərdən üstündürlər, fəzilətlidirlər. Allah Rəsulundan (səlləllahu aleyhi və səlləm) bizə bir çox qadınların bəzi kişilərdən hər cəhətdən üstün olması barədə müxtəlif hədislər gəlmişdir. O qədər əməli saleh qadınlar olmuşdur ki, onlar əməlləri ilə, ibadətləri ilə, xeyirləri ilə bir çox kişilərdən üstün olmuş, axirətdə böyük dərəcələrə nail olmuşlar. İslam tarixində hafizədə güclü olan, təqvalı olan, Allahın üstün etdiyi qadınlar çoxdur. Onların xəbərləri bizə çatmışdır.
Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı)
İbn Bazın fətvalarından əlavələlər və qısaltmalar edərək tərcümə edib hazırladım.

Hiç yorum yok:

Yorum Gönder