02 Ekim 2011

Gecə namazı


Mərhəmətli, Rəhmli Allahın adı ilə!

    Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan ba­ğışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorun­maq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hi­dayət verirsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəm­məd Onun qulu və elçisidir.

    “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”
     “Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, on­dan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə biri-birimizdən cürbəcür şeylər istə­di­­­­yiniz Allahdan qorxun və qohumluq əlaqələrini  kəs­məkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edəndir! ”
    “ Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əgər belə etsəniz Allah əməllərinizi is­lah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səa­dətə nail olar ”
Gecə namazı

   Hər bir şeyi yoxdan var edən, göyləri və yeri yara­dan Uca Allah torpaqdan xəlq etdiyi insanı bir çox işlərdə digər məxluqlardan üstün tutmuşdur. Allahın Adəm öv­ladına elçilər və peyğəmbərlər göndərməsi və on­lara xi­tab etməsi artıq insan üçün böyük bir şə­rəf­dir. İnsanlar arasından iman gətirənlərə altından çaylar axan Cənnət­lər vəd edilməsi də onlar üçün ay­rıca bir fəzilətdir. Lakin vəd olunan Cənnətə nail ol­maq üçün Allahın buyruqları­nı yerinə yetirmək və qadağan  etdiklərindən bacardığı­mız qədər uzaq ol­mağımız gərəkdir. Bizə əmr olunanlar dərəcə etibarı ilə biri-birindən fərqlənirlər. Yerinə yetiril­məsi vacib olan əməllər və insanı bu əməllərə daha da yaxın­laş­dıran və bağlayan əlavə ibadətlər. Va­­cib əməl­lərdən sonra ən fəzilətli əməl sünnə hesab olunur. Müsəl­man sünnə əməl­lərini artırdıqca Allahın sevgisini qaza­nır. Allah buyurur: “De: Əgər siz Allahı se­virsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sev­sin və gü­nah­larınızı bağışlasın. Allah Bağışla­yandır, Rəhmlidir!”
   Gecə namazı vacib buyurulmuş namazlardan sonra ən fəzilətli namaz sayıldığına görə bu risaləmizdə məhz bu namaz barəsində danışacağıq.  
   Uca Allah mömin bəndələrini vəsf edərək bu­yurur: “Onlar gecə namazını qılmaq üçün böyürlərini ya­taq­dan qaldı­rır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzi­lərdən Allah yo­lunda xərclə­yirlər. Etdikləri əməllərin mükafatı ola­raq onlar üçün gözlərinə sevinc gətirən nələr sax­landığını heç kəs bil­mir.”
   Başqa bir ayədə buyurur: “Onlar gecələrini Rəbbi üçün səcdə və qiyamda keçirərlər.”
   Gecə namazının qılınması vacib olmasa da Allahın se­vimli qulları sayılan möminlər bu na­mazı tərk etməzlər.
   Başqa bir ayədə də Uca Allah belə buyurur: “Həqiqə­tən, Rəbbin bilir ki, sən bəzən gecənin üçdə iki­sindən az, bəzən yarısını, bəzən də üçdə birini iba­dət üçün du­rursan. Səninlə olan kəslərdən bir züm­rə də belə edir.”
   Peyğəmbər r gecə namazını o qədər qılardı ki, ayaq­ları şişərdi. Aişə t ona: “Ey Allahın elçisi! Axı Allah sə­nin keç­miş və gələcək günahlarını bağışla­yıb”- dedik­də, Pey­­ğəmbər r: “Məgər Allahın şükür edən qulu olmayımmı?”- deyə ca­­vab vermişdi.

Gecə namazının fəziləti

   Əbu Hureyrə t rəvayət edir ki, Peyğəmbərdən r fərz namazlarından sonra hansı namazın ən əfzəl sa­yılması barədə soruşdular və o dedi: “Fərz namaz­la­rın­dan sonra ən əfzəl sayılan na­maz gecə qılınan na­maz­dır”
   Əbu Hureyrə t rəvayət edir ki, Peyğəmbər r dedi: “Mö­min­in şərəfi gecə namazını qılma­sı­dır...”
   Abu Səid əl Xudri t rəvayət edir ki, Peyğəmbər r dedi: “Hər hansı bir kişi gecə ikən öz əhlini oyadıb onlarla birlikdə namaz qılarsa, Allahı çox­ zikr edən­lər­dən sayılarlar ”
   Bu hədis həm də ona dəlalət edir ki, gecə namazını camaatla qılmaq olar. Lakin camaatla birlikdə bu na­mazı məsciddə qılmaq bidətdir.

Gecə namazının qılınması

   Gecə namazının vaxtı:
   Gecə namazı işa namazından sonra sübh na­mazı girənədək gecənin istənilən vaxtı qılına bilər. İbn Hə­cər Allah ona rəhmət etsin deyir ki, Peyğəmbərin r gecənin əvvəlində, orta­sında və axı­rın­da gecə namazını qıl­maq mötəbər hədislə varid olmuşdur.
   Abdullah ibn Amr ibn As t rəvayət edir ki, Pey­ğəmbər r buyur­du: “ Allaha ən sevimli namaz Da­vudun u namazı və ən sevimli oruc Davudun u tutduğu orucdur. Gecənin yarısını yatar, üçdə birini namazda keçirər və altıda birini yatardı. Bir gün oruc tutar o  biri günü isə tut­mazdı”.
   Davud u  gecənin ilk vaxtında yatardı, sonra Uca Allahın dünya səmasına endiyi və: “Kim Məndən istəsə ona istə­diyini verə­rəm...”- dediyi vaxtda na­maz qılar sonra təzədən yatardı. Bu gecənin axır üç­də birinə təsadüf edir ki, bu da gecə na­ma­zının qılın­dığı ən gözəl vaxtdır. Bu cür yolla gecə namazını qıl­maq nəfs üçün də rahatdır.
   Qeyd etmək lazımdır ki, gecə namazı qılmaq üçün azan və iqamə verməyə lüzum yoxdur.

   Gecə namazı neçə rükət qılınır:
   Aişə t demişdir: “Pey­ğəm­bər r nə Ramazan­da, nə də baş­­qa bir vaxtda on bir rükətdən artıq gecə namazı qıl­ma­mış­dır.”
   Başqa rəvayətində isə o demişdir: “Peyğəm­bər r işa namazından sübh na­mazınadək on bir rükət qılar, hər iki rükətdən bir salam verər və sonda bir rükət vitr namazı ilə bunları ta­mam­­layardı”.
   Gecə namazını qılan şəxs on bir rükətdən artıq da qıla bilər. Peyğəmbər r özü gecə namazını on bir rükətdən çox qılmasa da o, bu­nu qadağan etməmiş­dir. Gecə namazı qılmaq istəyən müsəlman hər hansı bir sayı müəyyən etmədən iki rükət, iki rükət istədiyi qədər namaz qıla bilər.
   Abdullah ibn Ömər t rəvayət edir ki, Peyğəmbər r min­bərdə ikən bir kişi ondan gecə namazı haq­qın­da soruş­duqda o dedi: “İki rükət, iki rükət qılın. Sübh namazının vaxtının daxil olmasından qorxduğunuz zaman bir rükət vitr namaz qılıb cüt-cüt qıldığınız  namazların cəmi sayını təkləşdirin. Beləliklə də vitri gecə qıldığınız namazların sonuncusu edin”.
   İbn Həcər Allah ona rəhmət etsin bu hədisləri cəm edib demişdir: “Ab­dullah ibn Ömərin t rəvayət etdiyi bu hədis müsəlman ümməti üçün daha fəzilətlidir. Çün­ki Peyğəmbər r  soruşana cavab verdi.
   Gecə namazını uzun-uzadı qılmaq daha yaxşıdır. Huzeyfə t Peyğəmbər r ilə birlikdə gecə namazı qıldı. Peyğəmbər r birinci rükətdə əl-Bəqərə, Ali-İmran və ən-Nisa surələrini oxudu.
   Bu namazı istər uca səslə, istərsə də alçaq səslə qılmaq olar. Peyğəm­bər r gücə namazını hərdən uca səslə, hərdən isə alçaq səslə qılardı.

   Gecə namazına durmağa kömək edən amillər:
   Gecə namazına qalxmaq çətin olsa da Uca Allah bəzi qul­­ları üçün bunu asanlaşdırır. Bunun üçün aşa­ğı­dakı səbəblərdən istifadə etmək lazımdır.
   1. Allaha səmimi qəlbdən dua etmək;
   2. Gecə namazının fəzilətini bilmək;
   3. Yatmazdan əvvəl çox yeməmək;
   4. Yatağa girməzdən öncə yatmaq ədəblərini yerinə yetirmək;
   5. Gündüz vaxtı az da olsa dincəlmək;
   6. İşa namazından sonra heç bir məşğuliyyət olma­dığı hal­da tez yatmaq;
7. Fərz namazlarını vaxtında qılmaq;
   8. Qiyamət gününü düşünüb o gün üçün hazır­lıq görmək;
   9. Dəstəmazlı halda yatmaq;
   10. Günahlardan uzaq olmaq;
   Qeyd etmək lazımdır ki, bu, gecə namazı­na qalx­mağa kömək edən ən böyük amildir. 
   Bir nəfər İbrahim ibn Ədhəmin Allah ona rəhmət etsin yanına gəlib dedi: “Gecə namazına qalxa bil­­mirəm. Mənə bu­nun əlacını de”. O, belə cavab verdi: “Gün­düz Allaha asi olma ki, gecə qalxa bi­ləsən. Gecə na­mazına qalxmaq böyük şərəfdir və Allah bu şərəfi asi qullarına verməz”.
   Sufyan əs-Sovri Allah ona rəhmət etsin təəssüflə demişdir: “Etdiyim bir günah üzündən beş ay gecə namazına qalxa bilmədim”.
   11. Yuxudan qalxmaq üçün zəngli saat və başqa bu kimi vasitələrdən istifadə etmək.

Gecə namazının ədəbləri

   1. Yatmazdan öncə gecə nama­zına qalxmağı niyyət etmək; Aişə t rəvayət edir ki, Peyğəmbər r dedi: “Hər kim gecə namazına qalx­maq üçün niyyət edər, sonra da yuxu onu apararsa, Uca Allah ona bu nama­zın savabını yazar, yuxusu isə ona sədəqə olar.”
   2. Yuxudan ayıldıqda gecə qalxarkən oxunan du­anı oxumaq;
   3. Gecə namazını evdə qılmaq;
   4. Gecə namazını davamlı qılmaq;
   5. Ev  əhlini oyatmaq;
   6. Qurandan bacardığın qədər çox oxumaq;

Gecə namazının faydaları

   Gecə namazının qılınmasında insanın həm dünya həyatı, həm də axirəti üçün xeyli faydalar vardır. Bu fay­dalardan bir neçəsinə nəzərinizə çatdırırıq.  
   1. Allahın sevgisini qazanmağa səbəbdir;
   Əbu Dərda t rəvayət edir ki, Peyğəmbər r buyur­muş­dur: “Üç nəfəri Allah sevər, onlara gülər və onla­ra sevinər. Bir camaat Allah yolunda sava­şarsa, o kəs də öz nəfsi ilə Allah üçün onlarla birgə savaşar. Ya öldürülər ya da Allah onu qalib edər və qoruyar. Allah deyər baxın mənim bu quluma, necə Mənim üçün öz nəfsi ilə səbir etdi. İkincisi, gözəl qadını, yumşaq və rahat yatağı ola-ola gecə namazına qalxar. Uca Allah deyər: "O, öz nəfsi­nin istəyini tərk edib Məni zikr edir. Əgər o istəsəydi yatardı. Üçün­cüsü də səfərdə olar, onunla olanlar gecəyə kimi oyaq qalar sonra yatarlar. O isə rahat vaxtında da, çətin anlarda da gecə namazına qalxar”.
   2. Cənnətə girmək üçün bir vasitədir;
   Abdullah ibn Səlam t rəvayət edir ki, Pey­ğəmbər r Mədinəyə gəl­dikdə insanlar: “Allahın elçisi gəlib, Allahın elçisi gəlib!”- deyə tələsik onun yanı­na get­dilər. Mən də onlarla bərabər Peyğəmbərin r yanına gəldim. Mən onun üzünə baxan ki­mi onun yalançı olmadığını başa düşdüm. Onun Mə­dinə əh­linə tövsi­yə etdiyi ilk nəsihəti belə oldu: “Ey camaat! Salamı yayın, kasıbları ye­diz­­­­­dirin, insanlar yatan za­man na­maz qılın və beləliklə də Cənnətə daxil olun.”
   3. Gecə namazını qılan kimsə Peyğəmbərimizin r sünnəsi­nə əməl etmiş hesab olunur;
   Peyğəmbər r gecə namazını qılmağı bizə tövsiyə etmiş, özü də bunu nə səfərdə, nə də evində olan­da tərk etmə­mişdir. Elə bu səbəbdən də əməlisaleh in­sanlar gecə namazı qılma­yana pis ba­xar­dılar.
   4. Əməlisaleh insanların adətlərindən sayılması;
   5. İnsanı pis əməldən çəkindirən bir vasitə olması;
   6. Kiçik günahları silən bir amil olması;
   7. Bədəni sağlam saxlayan amillərdəndir;
   Bilal t rəvayət edir ki, Pey­ğəmbər r dedi: “Gecə na­mazı qılın! Həqiqətən o, sizdən əvvəlki əməlisaleh in­san­ların adətlərindən, Allaha yaxınlaşdı­ran vasitə­lər­dən, pis əməllərdən çəkindirən, kiçik günahları si­lən və bədən xəstəliklərini aradan qaldıran amillər­dən­dir.”
   8. Bu namazın ən əfzəl vaxtda qılınması;  
   Əbu Hureyrə t rəvayət edir ki, Peyğəmbər r dedi: “Rəbbimiz gecənin axır üçdə birində dünya səmasına nüzul edir və deyir: “Mənə dua edənin duasını qəbul edərəm; Məndən istəyənin istədiyini verərəm; Mən­dən bağışlanma diləyəni bağışlaya­ram.”
   9. Savabının çox olması;
   Bu namaz gizlində qılındığı üçün savabı daha çox­dur. Suheyb t rəvayət edir ki, Pey­ğəmbər r dedi: “Ki­şinin gizlində qıldığı nafilə nama­zının savabı, insanlar arasında qıldığı nafilə nama­zından iyirmi beş dəfə artıqdır”.
   Muaz ibn Cəbəl t rəvayət edir ki, Mən Peyğəmbə­rə r dedim: “Ey Allahın elçisi! Cənnətə daxil edən, Cə­hən­nəmdən uzaqlaşdıran bir əməli mənə öyrət! O, dedi: “Sən çətin bir şey haqqında soruşdun, lakin o Allahın istədiyi bəndəsi üçün sadələşdirdiyi asan əməldir. Allaha ibadət et və ona heç kəsi şərik qoş­ma! Namaz qıl, zəkat ver, oruc tut və Allahın evini ziyarət et! İstəyirsən sənə xeyir qapılarını göstərim? Oruc (pis əməllərə qarşı müqavimət göstərən bir) qa­­la­­dır. Su odu söndürdüyü kimi sədəqə də gü­nahları silir. Həmçinin kişinin gecə qıldığı nafilə namazı da bu qapılardandır"- deyib bu ayəni oxudu: “Onlar gecə namazını qılmaq üçün böyür­lərini yataqdan qaldı­rır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzi­lərdən Allah yolunda xərc­ləyirlər. Etdik­ləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirən nələr saxlandığını heç kəs bilmir.” (əs-Səcdə 16-17).  
   10. Müsəlmanı şərəf dərəcəsinə yüksəldir; 
   Cəb­rail u bir dəfə Peyğəmbərin r yanına gəlib dedi: “Ey Muhəmməd! Bil ki, möminin şərəfi onun gecə namazına durma­sındadır.”
  Bir gün Həsən əl-Bəsri öz köləsini başqa birinə satır. Həmin kölə gecə yarısı yeni ağasını gecə nama­zı­na çağırdıqda o: “Sübh namazının vaxtı çatmayıb”- deyir və yatır. Səhər kölə Həsənin yanına qayıda­raq ona: “Məni elə bir günahkar adamlara satmışsan ki, onlar yalnız fərz namazlarını qılır­lar”- deyib onu geri qay­­tarmağını istəyir.
   11. İnsanın az yatmağına səbəbdir;
   Belə ki, çox yatmaq qəlbi öldürür və bədənə ağırlıq gətirir.

Təravih namazı

   Ramazan ayında qılınan gecə namazları təravih na­mazı adlanır. Təravih sözü ərəb dilindən tərcümədə dincəlmək, istirahət etmək deməkdir. Müsəlmanlar hər dörd rükətdən sonra istirahət etdikləri və uzun-uzadı qıldıqları üçün bu namaz təravih namazı adla­nır. Bu namazın hökmü müstəhəbdir.
  Bu namazın camaatla məsciddə qılınması daha əf­zəldir. Aişə t rəvayət edir ki, Peyğəmbər r Rama­zan ayında - gecələrin birində məsciddə camaatla birgə namaz qıldı. Ertəsi gün yenə namaz qıldı və əvvəl­kilərdən də çox camaat onunla bu namazı qıldı­lar. Üçüncü gün yenə bu hal təkrar oldu və ondan sonra Peyğəmbər r camaatla namaz qılmağa gəlmə­di. Həmin gecənin səhəri Pey­ğəmbər r dedi: “Sizin, bu namazı qılmaq üçün belə çox sayda toplandığınızı gördüm və onun sizə vacib buyurulaca­ğından qorx­duğum üçün camaat namazına gəlmə­dim”.
   Ömər t xəlifə olduğu dövrdə müsəl­manları Ubeyy ibn Kəbin t arxasında təravih namazına toplamışdır. Çünki bu namazı axıra qədər imamla birlik­də qılana böyük savab vardır.
   Təravih namazının rükətlərinin sayı gecə namazı kimidir. Peyğəmbər r özü on bir rükətdən çox qıl­masa da bunu qadağan et­məmişdir. Muhəmməd ibn Saleh əl-Useymin demiş­dir: “Bəziləri bunu inkar edib deyirlər ki, sün­nə­də varid olandan çox qılan asi olaraq günah qazanır. Şəkk yoxdur ki, bu fikir xəta­dır. Necə asi və günahkar sayıla bilər ki, Peyğəmbər­dən r gecə namazı haqqında soruşduqda o: "İki-iki qılın..."- de­miş­ və heç bir məhdudiyyət qoymamış­dır.” La­kin rü­kət­lərin sayını müəyyən edib hər dəfə eyni sayda qılmaq dində yenilikdir.      


Vitr namazı.

   Vitr sözünün ərəb dilindən tərcüməsi tək deməkdir. Bu namaz gecə namazlarının sonunda qılınır. Bu na­mazın hökmü - təkid olunmuş sünnədir. Pey­ğəmbəri­miz r vitri nə səfərdə, nə də evdə tərk etməmişdir. Abdullah ibn Ömər t rəvayət edir ki, Peyğəmbər r dedi: “Vitr gecənin axırında qılınan bir rükətdir.”
    Əbu Hureyrə t rəvayət edir ki, Peyğəmbər r mənə üç şeyi nəsihət etdi: “Hər ayın üç günü oruc tutmaq, iki rükət duha namazı və yatmazdan öncə vitr namazını qılmaq.”

   Vitr namazının vaxtı:
   Vitr namazı işa namazından sonra fəcr namazı girənə­dək qılına bilər. Hətta səfərdə olduqda belə işa namazını məğrib ilə birlikdə qıldıqdan sonra da vitr namazını qılmaq olar. Çünki vitr namazı işa na­­ma­zının vaxtının girməsi ilə yox, işa namazının qı­lınması ilə başlayır.
   Vitr namazını gecənin axır vaxtında qılmaq daha əfzəldir. Əgər insan bilsə ki, gecənin axır vaxtında qalxa bilməyəcək onda yatmazdan öncə qılmalıdır.

   Vitr namazının növləri:
   Vitr namazı rükətlərinin sayına görə aşağıdakı növlərə bölünür.
   A) bir rükət.
   B) üç rükət. (iki, sonra da bir ayrı, və ya üç rükət ardı­cıl təşəhhüd oxumadan)
   C) beş rükət ardıcıl.
   D) yeddi rükət. (altı rükət ardıcıl qılıb təşəhhüd oxu­maq, sonra qalxıb yeddinci rükəti tamam­lamaq)
   E) doqquz rükət. (səkkiz rükət ardıcıl qılıb təşəh­hü­dü oxumaq, sonra qalxıb doqquzuncu rükəti tamamla­maq)
   F) on bir rükət. (on  rükəti cüt-cüt qılıb salam ver­mək­lə tamamlamaq, sonra da bir rükət qılmaq)
    Vitr namazında da başqa namazlardakı kimi Qu­randan istənilən surəni oxuya bilərsən. Daha əfzəl isə sünnədə gələn surələrdir. Əbu Hureyrə t rəvayət edir ki, Peyğəmbər r vitr namazında əl-Əla, əl-Kəfi­run və əl-İxlas surələrini oxuyardı”.

   Vitr namazında qunut tutmaq:
   Vitr namazında qunut tutmaq sünnədir. Həsən ibn Əli t dedi: Peyğəmbər r mənə vitrdə oxumaq üçün bu kəl­mələri öyrətmiş­dir. “Allahım! Hidayət verdi­yin kimsələr arasında mənə də hidayət ver! Salamat­lıq bəxş etdiyin kimsələr arasında mənə də salamat­lıq bəxş et! Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et! Mənə verdiklərini bərəkətli et! Qərar verdiyin şeylərin şərindən məni qoru! Hər şeyə Sən qərar verirsən, Sənin üçün isə qərar verilməz! Sənin dost qəbul etdiyin kimsə zəlil olmaz. Ey Rəb­bim xeyirxahsan və ucasan!”
   Əli t demişdir: “Peyğəmbər r vitr namazının axı­rında deyərdi: “Allahım! Sənin qəzəbindən razılığı­na, cəzandan əfvinə sığınıram. Səndən sənə pənah aparı­ram. Mən Səni layiqincə tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən!”
   Qunutu axırıncı rükətdə rükudan əvvəl və ya sonra tutmaq olar. Hər ikisi Peyəmbərdən r varid olmuş­dur. Rükudan sonra tutmaq isə daha əfzəldir. Çünki hədislərin əksəriyyəti qunutun rükudan sonra olun­masına aid gəlmişdir.
    Qunut duası oxunan zaman əlləri qaldırmaq olar. Əbu Rafi demişdir: “Ömər ibn Xəttabın t arxasında namaz qıldım, rukudan sonra əllərini qaldıraraq uca səslə dua etdi.”
   İmam dua etdikdə arxasında dayananlar amin deyə bilərlər. İbn Abbas t rəvayət edir ki, Peyğəmbər r Bənu Suleym qəbiləsi üçün dua etdikdə arxasında dayananlar amin deyərdilər.
    Vitr namazını gecə qıla bilməyən şəxs onu səhəri gün qıla bilər. Əgər adəti üzrə on bir qılırdısa on iki, bir qılırdısa iki rükət və beləcə tək sayda qılmaq istədiyini cüt sayda qılmalıdır.
    Bəla gəldikdə qunutu hər bir namazda tutmaq olar. Peyğəmbərin r sübh, zöhr, əsr, məgrib və işa namazlarında qunut tutması varid olmuşdur.

Sələfin gecə namazı barədə dedikləri

   Muhəmməd ibn Munkədir demişdir: “Mənə dünya­nın ləzzətindən yalnız üç şey qalmışdır. Gecə nama­zını qılmaq, müsəlman qardaşlarımla birgə olmaq və camaatla namaz qılmaq”.
   Yezid ibn Abən Rəqaşi demişdir: “Bu dünyada ibadət əhlini gecə namazından daha çox sevindirən başqa bir şey tanımıram”.
   Yəhyə ibn Muaz demişdir: “Qəlb beş şey ilə müa­licə edilir. Quranı oxuyub anlamaq, həddindən artıq yeməmək, gecə namazını qılmaq, səhərə yaxın Alla­ha dua etmək və əməlisaleh insanlarla dostluq et­mək”.
   Fudeyl ibn İyad demişdir: “Gecələri namaz qılıb gündüzləri oruc tuta bilmirsənsə, bil ki, günahların­dan dolayı böyük bir xeyirdən məhrum olmusan”.
   Başqa bir rəvayətdə də belə demişdir: “Gecələri yatıb Allahı yada salmayan (gecə namazını qılma­yan) Allahı sevdiyini iddia edərsə, yalan danışmış olar”.
   Əta əl Xorasani demişdir: “Mömin bəndə gecə du­rub namaz qılanda sevinər, qəlbi şad olar, yatıb qal­dıqda isə kədərlənər, ürəyi sıxılar”.
   Səbit əl-Bunani demişdir: “Özümü iyirmi il gecə namazı qılmağa öyrəşdirdim, sonra da iyirmi il onun ləzzətini daddım”.

Ramil Soltanov

Hiç yorum yok:

Yorum Gönder