Məzəmmət, insan oğlunun ən qüsurlu sifətlərindən biridir.. Heç bir vaxt, qarşı tərəfi (məzəmmət olunanı) məmnun etməz, ona qarşı əziyyətdən başqa bir şey olmaz..
İlk başda qeyd etdiyimiz sözün açıqlaması belədir: Etdiyi günahdan dolayı dostunu, qardaşını biabır etməyə çalışma.. O günah və qüsur sənə dönəcək və onu (həmin günahı) etməyin qaçınılmaz olacaq... Bu söz məşhur hədis alimi Tirmizi`nin "Cəmi" adlı əsərində rəvayət etdiyi bir hədisdən alınmışdır..
Peyğəmbərimiz (s.a.s) buyurur:
"..Kim qardaşına (etmiş olduğu) bir günahdan dolayı məzəmmət etsə, o (məzəmmət edən), həmin günahı işləmədən ölməz.."
Bəzi alimlər bu hədisi "..tövbə etdiyi bir günahdan ötəri məzəmmət etsə... " şəklində şərh etmişlər.. Həmçinin bu məzəmmətlə yanaşı, məzəmmət olunan adamla bir növ lağ və günahını ifşa etmək də, vardır... Mərfu olaraq rəvayət edilən hədisdə belə buyurulur:
"..Qardaşını (etmiş olduğu) günahından ötrü ayıblayıb (məzəmmət edib) sevinmə.. Bir də görərsən ki, Allah ona mərhəmət edər, səni isə, bəlaya düçar edər.."
Digər bir ehtimal da budur: Günahından ötrü qardaşını ayıblamaq, daha böyük bir günah, onun üsyanından daha şiddətli bir üsyandır.. Çünki, bu günah - itaət və ibadətə, nəfsi təmizləməyə, nəfsin şükrünü ifadə etməyə, günahlardan xilas olmaq üçün nəfsi hesaba çəkməyə vəsilə ola bilər.. Din qardaşın bu günahdan dönmüş və bəlkə də, işlədiyi günahından dolayı qəhr olmaqdadır.. Bu günahın həmin insanda meydana gətirdiyi zillət və nəfsini tərbiyə etmə, mənlik iddiasından, qürur və ucubdan (özünü bəyənməkdən) xilas olmağa çalışma, Allahın hüzurunda boynu bükük, başı aşağı, ürəyi qırıq olaraq dayanması, sənin itaətinin çoxluğundan, hazırladığın ibadətlərdən və bunu Allaha və məxluquna minnət saymağından daha xeyirlidir..
Elə isə bu asi insan Allahın əzabına nə qədər də yaxındır!.. Allah`ın hüzurunda qulu zəlil edən bir günah, ətrafa öyünərək elan etdiyin bir ibadətdən daha xeyirlidir.. Çünki, özünü bəyənən insanın əməli Allah qatına yüksəlməz.. Günahını etiraf edərək gülmən, göstərişlə elan edərək ağlamandan daha xeyirlidir.. Allah qatında günahkarların inləmələri, ətrafa elan edərək təsbeh çəkənlərin səs-küyündən daha xeyirli və daha sevimlidir.. Bəlkə Allah ona, bu günahı səbəbiylə bir dərman içirər və heç hiss belə etmədən bir xəstəlik verər..
Doğrusu, Allah`ın itaət və üsyan əhli haqqında yalnız Özünün bildiyi bir sıra sirrləri vardır.. Bu sirrləri ancaq bəsirət əhli görə bilər.. Onlar da, bu sirrlərin yalnız insan ağlının dərk edə biləcəyi qədərini bilə bilərlər.. Bundan başqasını isə, heç Uca Allah`ın mələkləri belə bilə bilməzlər..
Sevgili Peyğəmbərimiz (s.a.s) buyurur:
"..Sizdən biriniz, nökəri zina etdiyi zaman, hədd (cəzası) tətbiq etsin, onu ayıblayıb, qınamasın.." (Buxari və Muslim rəvayət etmişlər.)
Yusif Peyğəmbərin (a.s.) qardaşlarına söylədiyi söz də bu qəbildəndir:
"..Bu gün sizə (etdikləriniz günahlara görə) qınama, məzəmmət yoxdur.."
Həqiqətəndə Uca Allah, Öz Elçilərinə hikmət, ədəb və böyük bir əxlaq bəxş etmişdir.. Yusif`in (Ona Salam olsun) məşhur hekayəsi hamıya məlumdur.. Ona verilən bu qədər əziyyətlərdən sonra, qardaşlarına artıq heç bir söz söyləmədi, əksinə onlar üçün Allah`dan bağışlanma dilədi.. Bu, hamı üçün gözəl bir örnək olmalıdır:
"..Allah sizi bağışlasın!.. Çünki O, rəhm edələrin ən Rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!).." ("Yusuf" surəsi, 92-ci ayə)
Doğrusu, insanı qoruyan, onlara müvəffəqiyyət bəxş edən yalnız Uca Allah`dır.. Allahu Təala məxluqatın Özünü ən yaxşı tanıyanı və Özünə ən yaxın olan əziz Peyğəmbərinə belə xitab etmişdir:
"..Əgər biz səni sabit etməsəydik, yəqinki, az da olsa onlara meyl edəcəkdin.." ("İsra" surəsi, 74-cü ayə)
Yusif (a.s.) belə deyirdi:
"..Sən onların (Yusifi fitnəyə düşürmək istəyən qadınların) hiylələrini məndən çevirməsən, onlara meyl edər və cahillərdən olaram.." ("Yusuf" surəsi, 33-cü ayə)
Peyğəmbərimizin (s.a.s.) belə buyurur:
"..Elə bir qəlb yoxdur ki, Rəhman`nın (özünəməxsus, məxluqa bənzəməyən) iki barmağı arasında (qüdrəti dairəsində) olmasın.. O, qəlbi istiqamətləndirmək istəsə istiqamətləndirər, sürüşdürmək istəsə də, sürüşdürər.." (İbn Macə, Müqəddimə, 13 ; "Musnəd" 4-cü cild, 182.)
Biz də, məxluqatın ən şərəfli insanının (s.a.s.) etdiyi kimi, dua edirik:
"..Ey ürəkləri çəkib çevirən Allahım!.. Qəlblərimizi Sənə itaət etməyə yönəlt.." (Muslim və Tirmizi rəvayət etmişlər.)
Uca Allah bizləri bu cür sifətlərdən uzaq etsin, bu cür sifətlərə sahib olanları isə, islah etsin, onları bağışlasın..
..Bütün sözlərimizin sonu, Allah`a həmd və şükr etməkdir.. (ardı var..)
(Bu yazının tərtibində İbn`ul Qeyyim`in "Mədəricus-Səlikin" adlı kitabından geniş şəkildə -tərcümə etməklə- istifadə olundu. Ayxan Məmmədəlioğlu)
Hiç yorum yok:
Yorum Gönder