23 Ağustos 2011

Şeyx Albaniyə atılan “murciəlik” iftirasına cavab.


I- Öncə bilmək lazımdır ki, Şeyx Albani (rahiməhullah) iman məsələsində heç də cahil deyildir. Təkcə bunu demək kifayətdir ki, o, iman barədə yazılmış iki qədim kitabı təhqiq etmişdir:

1- Əbu Ubeyd əl Qasim İbnus-Səlləm-in (vəf. hicri-224) yazdığı– “Kitəbul İmən” [1]
2- Əbu Bəkr ibn Əbi Şeybə-nin (vəf. hicri-235) yazdığı- “Kitəbul İmən”

Həmçinin Şeyx Albani (rahiməhullah) Şeyxul İsləm İbn Teymiyyənin yazdığı “Kitəbul İmən”-i də təhqiq etmişdir. Yəni bizim bu gün oxuyub başa düşmək istədiyimiz kitabları şeyx nəinki oxumuş, hətta təhqiq etmişdir. Demək ki, o iman məsələsində heç də cahil olmamışdır.

II- Bu iftiranı atmadan öncə murciəliyin nə olduğunu bilmək lazımdır.

İbn Teymiyyə (rahiməhullah) bu barədə buyurur:

- Murciənin üç sinfi var:
1- “İman yalnız qəlbdə mucərrəd bir şeydir”- deyənlər. Bunlar murciənin əksər firqələridir.
2- “İman yalnız dilin sözüdür”- deyənlər. Məs: Kərramiyyə.
3- “İman qəlbin təsdiqi və dilin sözüdür”- deyənlər. Məs: Fuqahətul –Murciə [2]

Eləcə də İbn Teymiyyə (rahiməhullah) buyurur:
- Murciə deyir ki, böyük günah etmək və zahiri vacibatları tərk etmək imandan heç nəyi azaltmır. Çünki, ondan bir şey getsə qalan hissəsi də gedəcək. Çünki iman bütövdür (ayrılmazdır).[3]

Demək bizə aydın oldu ki, Murciə- “İman bütövdür, onun şöbələri yoxdur. Əməl imandan deyil. İman artmaz və azalmaz. Onun əsli və fəri yoxdur. Ondan bir hissə gedərsə, hamısı gedəcəkdir. Və biz imanda istisna etməyi düzgün saymırıq”- deyənlərdir.

İndi isə Şeyx Albaninin (rahiməhullah) iman barədə söylədiklərinə baxaq. Şeyx Albani buyurur:
- İman- söz, əməl və etiqaddır. Və saleh əməllər imanın həqiqətindəndir.[4]
- Əməllər imanda əsli bir rükundur.[5]
- Həqiqətən, iman artır və azalır.[6]
- İmanda istisna caizdir.[7]
- Əhli sünnə ilə murciə arasında ixtilaf iki yönlüdür:

I- Əhli sünnə etiqad edir ki, saleh əməllər imandandır. Amma murciə buna etiqad etmir.
II- Əhli sünnə deyir ki, iman itaətlə artır və asiliklə azalır. Ancaq murciə bu şəri həqiqəti inkar edir.[8]

Bunları oxuduqdan sonra bir kimsə Şeyx Albanini ircalıqda ittiham edə bilərmi? Əlbəttə ki, xeyr!

İmam Əhməddən (rahiməhullah) “İman artır və azalır”- deyən kəs barədə soruşduqda, imam Əhməd buyurur: “O kəs ircalıqdan uzaqdır.”[9]

Şeybən ibn Fərrux buyurur:
- Abdullah ibn Mübarəkə dedim: 
- “Zina edib, içki ikən barədə nə deyirsən? O mömindirmi?
İbn Mübarək (rahiməhullah) dedi: 
- “Mən onu imandan çıxarmıram.” 
Şeybən İbn Fərrux ona deyir: 
- “Qoca yaşında murciə oldunmu?”
İbn Mübarək (rahiməhullah) buyurur:
- “Yə Əbu Abdullah! Mən murciəni qəbul etmirəm və mən deyirəm iman artır. Ancaq murciə bunu söyləmir.”[10]

İmam Bərbəhəri (rahiməhullah) buyurur:
- Kim desə ki, iman, söz və əməldir, artır və azalır, o kəs tam olaraq əvvəlindən sonunacan tamamilə ircalıqdan çıxır.[11]

III- Əslində “əməllərin imanın kamilliyi-səhihliyi üçün olub-olmaması” məsələsinə ayrı bir mövzu kimi baxmaq düzgün deyil. Çünki, bu məsələdəki ixtilaf- elə namazı tərk edənin hökmü məsələsindəki ixtilafın özüdür. 
Elə bu səbəbdəndir ki, Şeyx Albani[12] və eləcə də İbnul Qeyyim[13] saleh əməllərin imanın kamilliyi üçün şərt olmasını öz kitablarında qeyd etmişlər.

Yəni bu ixtilaf namazı tərk edənin hökmündəki ixtilafdan qaynaqlanır. Məs: Namazı tərk edəni kafir görən bir alimə sual verilsə ki, “bir kəs qəlbən etiqad edərək şəhadəti iqrar etsə və namaz qılsa, ancaq digər bütün əməlləri təkr etsə (inkar etmədən), yəni, oruc tutmasa, zəkat verməsə, cihad etməsə, həcc etməsə və s.- belə bir kəs müsəlman sayılırmı?” 

Təbii ki, həmin alim: “Bəli, o kəs müsəlmandır”- deyəcək və onu təkfir etməyəcəkdir.
Lakin bu alimə yenə sual verilsə ki, “bir kəs qəlbən etiqad edərək şəhadəti iqrar etsə və namaz qılmasa, ancaq digər bütün əməlləri yerinə yetirsə, yəni oruc tutsa, zəkat versə və s. - belə bir kəs müsəlman sayılırmı?”
Təbii ki, həmin alim: “Xeyr, o kafirdir”- deyəcək və onun üçün həmin kəsin imanı, İslamı isbat etməyəcək. 

Deməli məsələ, bütün əməllər məsələsi deyil, namaz qılsa və qılmasa məsələsidir. 
İndi bir halda ki, Şeyx Albani (rahiməhullah) namaz qılmayanı da kafir görmür, bu zaman o nə deməli idiki? Şeyx Albaniyə bu məsələdə ircalıq nisbət edənlər böyük bir xəta içindədirlər. Əslində bu məsələ yeni bir məsələ deyil, şeyx Albani də murciəlik iftirasına məruz qalan ilk alim deyil. Çox güman ki, axırıncı da olmayacaq. Tarix boyunca namazı tərk edəni kafir görməyən əhli-sünnə alimlərinə murciəlik iftirası atılmışdır. Deməli, bu məsələ namazı tərk edənin hökmü məsələsinə bağlıdır.

Necə ki, Hənbəli alimlərindən olan Şeyx Əbul Fədl buyurur:
- Abdullah ibn Zeydin əshabından olan Mənsuriyyə adlı bidət əhlindən bir tayfa əhli-sünnə alimlərinə bu sözlərindən dolayı murciəlik damğası vurdular. Həmin söz bu idi: “Namazın vacibliyini inkar etmədən onu tərk edən bizim məzhəbdən (yəni, hənbəli məzhəbindən) səhih olan rəyə əsasən müsəlmandır.”
Və beləcə onlar (bu ittihamı atanlar) dedilər: “Onların bu sözləri dəlildir ki, onlar “imanı-əməlsiz iman”- olaraq qəbul edirlər.”[14]

İbn Abdul Bərr (rahiməhullah) buyurur:
- “Namazı tənbəlliklə tərk edən kafir deyil”- sözünü, elə, “İman, söz və əməldir”- sözünü deyən alimlərdən bir dəstə demişdir. Həmçinin bu sözü murciə də deyir. Ancaq murciə onlardan fərqli olaraq belə deyir: “Bu şəxs imanı kamil olan mömindir.”[15]

İndi sual olunur: “Məgər “namazı (və ya orucu, zəkatı, həcci və s.) tərk edən kafir deyil”- deyən Albani murciələrin söylədiyi kimi- “Bu şəxs imanı kamil olan mömindir” - söyləyirmi? Əlbəttə ki, xeyr. Çünki şeyx Albani (rahiməhullah) demişdir:
- Belə bir şəxs imanı naqis müsəlmandır. Allah (Subhənəhu və təalə) istəsə ona əzab verər, istəsə onu bağışlayar.

IV- Bilmək lazımdır ki, Şeyx Albanidən öncə bu məsələni onun kimi görən əhli-sünnə alimləri çox olmuşdur. 
Əbu Hənifə (tələbələri Əbu Yusuf, Muhəmməd əş-Şeybəni, İmam Zufər), İmam Şafii, İmam Məlik, Əbu Ubeyd, İmam əz-Zəhəbi və s.

Bütün bu alimlər namaz, oruc, zəkat, cihad, həcc kimi zahiri əməlləri tənbəllikdən tərk edənləri kafir görməmişlər. Onu da qeyd edim ki, bu rəy İmam Əhmədin məzhəbində iki rəydən haqqa daha çox yaxın olan bir rəydir.

İmam Əhməd (rahiməhullah) tələbəsi olan Musəddədə deyir:
- Kişini İslamdan Allaha şərik qoşmaqdan və Allahın fərzlərindən birini inkar edərək, rədd etməkdən başqa bir şey çıxarmaz. Ancaq fərzləri tənbəllik ilə tərk edən Allahın istəyi altındadır. İstəsə əzab verər, istəsə bağışlayar.[16]

Diqqət edin! İmam Əhməd fərzlərdən hansısa birini istisna etdimi?!

İmam Muhəmməd ibn AbdulVahhəb (rahiməhullah) buyurur:
- İslamın ərkanı beşdir və onların biricisi şəhadətdir. Sonra dörd rükun gəlir. Bir kəs bunları tənbəlliklə tərk etsə, biz onunla savaşsaq da onu kafir saymırıq. Alimlər bunları tənbəlliklə tərk edənin hökmündə ixtilaf ediblər. Biz alimlərin (tərkin küfr olduğu) üzərində icma etdikləri şeydən başqasını təkfir etmirik. Bu da şəhadətdir.[17]

İbn Rəcəb (rahiməhullah) buyurur:
- Məlumdur ki, bir kəs qəlb ilə təsdiq və dil ilə şəhadəti söyləməklə Cənnətə haqq qazanır. Bu ikisi ilə Cəhənnəm əhli olmaqdan çıxıb Cənnətə girəcək.[18]

Buna dəlalət edən nəbəvi hədislər də mövcuddur. Xeyir naminə Allah üçün heç bir əməli olmayan kəslərin Cəhənnəmdən çıxmalarına dair şəfaət hədisi ilə “Bitaqa” hədisi bunlardan sadəcə ikisidir.

V-“İman əsl və fərdən ibarətdir, fər isə əsli kamilləşdirir”- demək, murciəlikdirmi?

Əlbəttə ki, xeyr! Həqiqətəndə iman, kökü qəlbdə olan, budaqları isə əzaların əməlindən ibarət olan bir ağaca bənzəyir. Biz əməllərin imanı kamilləşdirən fər olmasını nəbəvi hədislərdə də görə bilərik:

1- “İmanı ən kamil olan mömin, əxlaqı ən gözəl olandır.”[19]
2- “Kim Allah üçün sevər və qəzəblənərsə, Allah üçün verər və mane olarsa, imanını kamilləşdirmiş olar.”[20]

Necə ki, Ömər bin AbdulAziz (rahiməhullah) buyurur:
- İmanın fərzləri, şüarları, hüdudu və sünnətləri var. Kim bunları tamamlasa imanı kamilləşər, kim bunları kamala çatdırmazsa, imanı kamil olmaz (naqis olar).[21]

İbn Məndə (rahiməhullah) buyurur:
- İman əsl və fərdən ibarətdir. İmanın əsli MərifətULLAHdır. Onu və Ondan gələnləri təsdiq etməkdir. 
- Kim bu əsl ilə gəlsə, o artıq imana daxil olub. 
- Ancaq imanın fəri ilə gəlməyənin imanı kamil olmaz. İmanın fəri də fərzləri yerinə yetirmək və haramlardan çəkinməkdir.[22]

İbn Teymiyyə (rahiməhullah) buyurur:
- İmanın əsli qəlbdədir və onun kamilliyi zahiri əməllərdir.[23]

- والأعمال الظاهرة هي الفروع، وهي كمال الإيمان
“Zahiri əməllər fərdir və onlar imanın kamilliyidir.”[24]

İmam Muhəmməd ibn Nəsr əl-Mərvəzi (rahiməhullah) buyurur:
- İmanın əsli və fəri var. İmanın ziddi hər bir mənada küfrdür.
- İqrar və təsdiqə zidd olmaq (hansı ki, bu imanın əslidir) Allaha qarşı küfrdür.
- Fəri imanın ziddi olmaq (hansı ki, bu əməldir) bu da küfrdür, ancaq Allahı inkar və millətdən çıxaran küfr deyil![25]

VI- Əhli Sünnə alimlərinin kitablarında olan: “Əməli olmayanın imanı yoxdur” və ya “Əməlsiz iman yoxdur” –sözünün mənası nədir?

Bu sözün istifadə edildiyi yerinə görə bir neçə mənası var:

I- Əgər bu sözü namazı tərk edəni kafir görməyən alim deyirsə, onun bu sözündən “şəhadəti dilinə gətirməyən və beləcə özünün müsəlman olduğunu bəyan etməyən, eləcə də qəlbin təsdiqini kifayət görən şəxsin imanı yoxdur!”- mənası anlaşılır. Çünki şəhadəti iqrar etmək dilin əməlidir. Bütün əməli tərk edənin içinə şəhadəti tərk edən də daxil olur.
Ancaq belə bir sözü, namazı tərk edəni kafir görən alim deyirsə, onun bu sözündən “şəhadəti və namazı tərk edənin imanı yoxdur!”- mənası anlaşılır. Çünki onlar namazı şəhadəti ilə birlikdə imanın səhihliyi üçün şərt görmüşlər.
İmam Şafii (rahiməhullah) buyurur:
- İman, Allah üçün əməl etməkdir. Və söz də bu əməlin bir hissəsidir.[26]

Deməli, əməli tam olaraq tərk etməyə dilin əməlini də təkr etmək daxildir ki, (bu da şəhadətdir) bu hal insanı dindən çıxarır.

İbn Teymiyyə (rahiməhullah) Murciətul-Fuqahənin bəzi batil sözlərini qeyd edəndən sonra onları haqq olan sözlərini də qeyd edərək buyurur:
- “... (onlar bunu da söyləyir: ) Fərz olan əməlləri işləmədən, haramları da işləməklə birlikdə olan imanın sahibi cəzalandırılmağa haqq qazanmışdır.”
Sonra Şeyxul İsləm buyurur:
- Necə ki, Camaat da belə demişdir.[27]

Şeyx Muhəmməd Ənvər Şah əl-Kəşmiri (rahiməhullah) buyurur:
- Təsdiqi tərk edən kafir, əməli tərk edən isə fasiqdir.[28]

II- “Əməlsiz iman yoxdur”- sözü inkarı mümkün olmayan haqq sözdür. Çünki, iman: qəlbin, dilin və əzaların əməlindən ibarətdir. Və beləcə əməli bütövlükdə tərk edənə müsəlman deyilməz. Çünki, burada “əməl” dedikdə, imana xas olan əməllər nəzərdə tutulur ki, bu da imanın şöbələridir. İmanın şöbələri də yetmişdən çoxdur. Bunları bütövlükdə tərk edən kafirdir. Çünki, bu tərk etməyə Allaha, Kitablarına, Axirətə iman kimi qəlbin əməlləri də daxildir. Eləcə də bütövlükdə tərk etməyə dilin əməli olan şəhadəti də tərk etmək daxildir ki, bütün bunların tərki də küfrdür.

Bu barədə Əbu Ubeyd (rahiməhullah) buyurur:
- Qəlbin əməli: etiqad, dilin əməli: söz, əlin əməli: qəbul etmək, ayağın əməli isə: yürüməkdir. Deməli, bunların hamısı əməl ismində cəm olur. Biz imanı bu cür qəbul etdikdə, deməli o, əvvəlindən sonunacan yalnız əməl üzərində qurulmuşdur. Bizim müxaliflər iddia etdilər ki, iman əməlsiz sözdür. Bizə görə bu sözün özündə ziddiyyət var. Çünki, onlar imanı söz saydılar, (ancaq unutdular ki,) söz özü elə əməldir.[29]

Bəli, bir kəs mütləq olaraq əməli tərk etdikdə, kafir olur. Çünki o, qəlbin, dilin və əzaların əməlini tərk edir. Sələfin “Əməli olmayanın imanı yoxdur” – sözündə də məqsəd elə budur. Ancaq bir kəs dilin əməlini (yəni şəhadəti) tərk etmədən, namazı, zəkatı, orucu və s. təkr edərsə, o İslamdan çıxmaz. (Bu namazı tərk edəni kafir saymayanları rəyidir). 

Bu səbəbdən də Əbu Ubeyd (rahiməhullah) buyurur:
-İman, niyyət, söz və əməldir. Onun bir-birindən üstün dərəcələri var. Onları ilki və ən ucası dilin şəhadətidir.
- Bir kəs şəhadəti söyləsə və Allahdan gələnləri təsdiqləsə, o iman isminə haqq qazanır.[30]

Aydın oldu ki, İmanın əsli qəlbdir. Yəni qəlbdə olan iman əzalarda olan imanın əslidir və zahiri əməllər də birbaşa daxilə bağlıdır. Aralarında ayrılmaz bir bağ var. Qəlbdə imanın əsli (təsdiq, etiqad) varsa, bu özünü zahirdə (zahiri əməllərdə) göstərməlidir. Bunun da ən aşağı həddi dilin əməli olan şəhadəti söyləməkdir. Təbii ki, bu, namazı tərk edəni kafir görməyənlərin rəyidir. Ancaq namazı tərk edəni kafir görən alimlərə görə zahiri əməllərin az həddi şəhadət və namazdır. Şübhəsiz ki, qəlbdə olan zahirdə, ən az həddə belə özünü göstərmirsə, bu hal qəlbdə imanın yoxluğunun ən böyük dəlilidir. Yox əgər, qəlbdə olan iman zahirdə ən az həddə belə özünü göstərirsə, bu hal qəlbdəki imanın zəifliyinə dəlalət edir. Əgər qəlbdə olan iman zahirdə, özünü kamil bir şəkildə göstərirsə, bu, qəlbdəki imanın, təqvanın və ixlasın kamilliyinin əlamətlərindəndir. Çünki qəlb hökmdar, əzalar isə o hökmdara tabe olan əsgərlərdir.

III- Bəzən “Əməlsiz iman yoxdur” – sözü ilə “Kamil iman yoxdur” mənası anlaşılır.

VII- Burada bilinməsi lüzumlu olan başqa bir məsələ də var. O da imanın mərtəbələri məsələsidir. İmanın üç mərtəbəsi var.

I mərtəbə: “İmanın əsli” mərtəbəsidir ki, buna da bəzən “Mucməl İman” deyilir. Bunun yeri qəlbdir. İmanın bu mərtəbəsi əksilmə qəbul etməz. Çünki, bu İslamın sərhəddidir. İman ilə küfr arasında ayırd edici bir nöqtədir. Bu növ bir iman, iman mərtəbəsinə girən hər kəs üçün labüddür,qaçılmazdır. Çünki bu, imanın səhihliyinin şərtidir. Bir kəsdə imanın əsli varsa, o, bu iman ilə müsəlmandır. Hətta böyük günah sahibi olsa belə. Və beləcə bu mərtəbənin sahibi İslam dairəsinin və ya muqəyyəd imanın içindədir. Eləcə də belə bir şəxsi fasiq və ya asi kimi isimlərlə isimləndirirlər.

II mərtəbə: “Vacib iman”mərtəbəsidir ki, buna da bəzən “Mufəssəl İman” və ya “Mütləq iman” deyilir. Bu mərtəbə əsli imandan sonra gəlir və əsli imanı hifz edə bilmək üçün qulun buna ehtiyacı vardır. Bu da vacibləri əda edib, günahlardan çəkinməklə olur ki, bu mərtəbənin sahibinə mömin deyilir. Beləsinə əzabsız Cənnət vəd edilmişdir.

III mərtəbə: “Müstəhəb İman”- mərtəbəsidir ki, bu da qulun İhsan dərəcəsinə çatması ilə olur.

İmam Əhməd (rahiməhullah) buyurur:
- İman, söz və əməldir. Artır və əksilir. İtaətlə artar, asiliklə azalar. Kişi imandan çıxıb İslama girər. Tövbə etdiyi zaman yenə də imana dönər. Kişini ancaq İslamdan Allaha şərik qoşmaqdan və Allahın fərzlərindən birini inkar edərək rədd etməkdən başqa bir şey çıxarmaz. Ancaq fərzləri tənbəlliklə tərk edən Allahın istəyi altındadır. İstəsə əzab edər, istəsə bağışlayar.[31]

VIII- “Əməllər imanın kamilliyi üçün şərtdir”- sözü bir qədər mucməl (yəni, izaha ehtiyacı olan) sözdür. Baxır, bu kəlməni kim söyləyir. Əslində, belə bir sözü murciədən olan kəs deyə bilməz. Çünki, bu sözü deyən: Əməli imanı kamilləşdirən ünsür olaraq görür ki, bu da imanın artmasının bəyanıdır. Murciə isə imanın artmasını-azalmasını qəbul etmir.

Əgər belə bir sözü sələfi etiqadından olan bir kəs dilinə gətirərsə, burada qəbahət olacaq bir şey yoxdur. Belə bir şeyin şərti, onun əslindən ayrıdır. Məgər kamillik üçün şərt dediyimiz əməllər (yəni, fəri iman) əsli imandan ayrı bir şey deyilmi? Uca Allah Qurani-Kərimdə bir çox yerdə buyurur: 

( آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ) 

Məgər burada saleh əməllər imandan ayrılmadımı?
Bəli, ancaq əslində burada fəri imanın əsli imandan ayrılması nəzərdə tutulur, əməlin imandan olmaması deyil! Çünki ayədəki آمَنُوا- əsli imana, وَعَمِلُوا الصَّالِحَاتِ isə fəri imana dəlalət edir. Uca Allah buyurur:
- Ey iman edənlər! Allaha və Rəsuluna iman edin![32]

Bu ayədə ki xitab - qəlbində imanın əsli olanlaradır. Əmr edilən iman isə fəri imandır. Bu fər imana “əslin kamillik şərti” desəniz də, deməsəniz də, bilin ki, bunu deyən alim fəri də ümumi imanın bir cüzü olaraq qəbul edir və bu etiqadını “İman: söz və əməldir”- sözləri ilə isbat edir. 

Çünki bunu deyən alim “şərt kəlməsindən” üsulçuların istilahında olan mənanı qəsd etmir. Və hər bir halda siz bu ibarəni “İman: etiqad, söz və əməldir”- qaydasına əlavə bilib və bunu yanlış görürsünüzsə, bilin ki, o alim də “cinsul əməl” ibarəsini bu qaydaya əlavə görür və düz saymır.

Allah isə Öz lütfü ilə iman gətirənləri ixtilafda olduqları məsələrlə də haqqa yönəltdi. Həqiqətən də, Allah (Subhənəhu və Təalə) istədiyini doğru yola yönəldər.

Allah daha yaxşı bilir

[1]- Bu kitab iman haqqında yazılmış ilk əsərdir
[2]- Kitəbul İmən, səh. 184
[3]- Kitəbul İmən, səh. 21
[4]- əz-Zəbbul Əhməd, səh. 31-32
[5]- Şərhut-Tahəviyyə, səh. 58
[6]- əs-Sahihə, 4/369
[7]- əd-Daifə, 6/152
[8]- əs-Sahihə, 2602
[9]- Xalləl Sunnə, 581
[10]- İshəq, Musnəd, 3/670
[11]- Şərhus-Sunnə
[12]- Hukmu Tarikis-Saləh
[13]- Kitəbus-Saləh
[14]- Kitəbul-Burhən, səh.96
[15]- ət-Təmhid, 4/252
[16]- İbn Teymiyyə, Kitəbul İmən, səh. 245; Əbu Yələ, Təbəqatul-Hənəbilə, 1/343
[17]- əd-Durasus-Səniyyə, 1/70
[18]- Fəthul-Bəri, 1/112
[19]- Əhməd, Musnəd- 6/47
[20]- Əbu Davud, 4681
[21]- İbn Əbi Şeybə, Kitəbul-İmən, 135
[22]- İbn Məndə, Kitəbul İmən, 1/331-332
[23]- Fətava, 7/637
[24]- Fətava, 10/355
[25]- Təzimu Qadris-Saləh, 2/517-519
[26]- Beyhəqi, Mənəqibuş-Şafii, 1/387-393
[27]- Kitəbul İmən -254, Fətava -7/297
[28]- Feyzul Bəri a’ləs-Sahihil Buxari, 1/53-54
[29]- Kitəbul İmən, 52-53
[30]- Kitəbul İmən, 34-35
[31]- İbn Teymiyyə, Kitəbul İmən, səh. 245; Əbu Yələ, Təbəqatul-Hənəbilə, 1/343
[32]- ən-Nisa surəsi, 136

_________________
Hazırladı: əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder