17 Ağustos 2011

Oruc Allaha aiddir və mükafatını Allah verəcək


Allah təala başqa əməllər içərisindən yalnız orucu özünə aid etmişdir. Bu orucun Onun yanında (nəzdində, dərgahında) şərəfli olması, onu sevməsi üçündür. Çünki orucda Allah üçün ixlas meydana gəlir.

Çünki oruc qul ilə Rəbbi arasında uca Allahdan başqa heç kimin bilmədiyi bir sirrdir. Həqiqətən də Allah təalanın yeyib-içməyi ona haram etməsi ilə oruclu olan insanlardan gizlin vəziyyətdə möhkəmlik (rahatlıq, təmkin) əldə edir (Belə ki, insanlar qarşısında özünü yeməyən kimi göstərsə belə, təkliyə çəkiləndə yenə də yeyib-içə bilər, lakin o tək qaldıqda belə yenə də Allah üçün yeyib-içmir), yeyib-içmir, çünki o bilir ki, həqiqətən də Rəbbi onu xəlvətdə olanda da görür, onun şahidi olur, ona yeyib-içməyi haram etmişdir. O aqibətindən və Allahın əzabından qorxaraq və savabını əldə etməyə rəğbət edərək (savab qazanmağa can ataraq) yeyib-içməyi tərk edir. Buna görə də həmin şəxs ixlasla Allaha şükr edər. Ona görə də Allah təala başqa əməllərdən fərqli olaraq orucu özünə aid edərək demişdir: “O (yəni oruclu bəndəm), öz şəhvətini və yeyib-içməsini mənə görə tərk edib”. Qiyamət gününə aid buradan bir fayda əldə olunmuşdur. Süfyan ibn Üyeynə (Allah ona rəhmət etsin) belə demişdir: Qiyamət günü Allah təala öz qullarlından zülm edənlərin haqqını zülm etdikləri insanlara (yəni məzlumlara) başqa əməlləri ilə verəcək, orucdan başqa bütün yaxşı əməllər qurtaranda, yalnız oruc qalacaq, Allah təala orucla onları, yəni məzlumları Cənnətə daxil edəcək. 


Muhamməd bin Saleh əl-Useymin, “Məcalus Şəhru-Ramazan”, Əl-Məclus-Səni, Yəni İkinci məclis, “Orucun fəziləti” başlığından bir hissə.

Tərcümə və əlavələr: Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder