03 Temmuz 2011

Urvə ibnuz-Zubeyrin çəkildiyi imtahan...


Allah (subhənəhu və təalə) bir gün Urvə ibnuz-Zubeyri böyük  bir imtahana çəkdi.


Urva bin Zubeyr yanında çox yaraşıqlı və ən gözəl üzlü oğlu Məhəmmədlə Valid bin Abdul-Məlikin yanına gəlmişdi. Valid: "Qüreyş gəncləri belə olurlar”- dedi və onlara nəzəri dəydi.

Bundan sonra Məhəmməd bir gecə heç yatmadı və çıxıb heyvanların axuruna düşdü və heyvanlar onu öldürüncəyə qədər ayaqladılar.
 Daha sonra atası Urvanın ayağına bir yara çıxdı. Valid ona həkimlər göndərdi. Həkimlər müayinədən sonra: "Əgər ayağın kəsilməzsə, bütün bədəninə yayılar və ölərsən» - dedilər. Urva ayağının kəsilməsinə razı oldu.

Həkimlər onun ayağını kəsərkən ondan: "Ağrını hiss etməyəsən deyə sənə bir şey içirəkmi?» - soruşur. O da: "Allah-taala, Onun əmrinə qarşı çıxacağımı, səbrimi görmək üçün məni imtahan edir” - deyir və qəbul etmir.

Həkimlər alətlə ayağını kəsməyə başlayıb sümüyə çatanda onun başı yastığa düşdü və bir saat huşsuz qaldıqdan sonra ayıldı. Üzündən tər axırdı, o isə təhlil və təkbir edirdi. Kəsilən ayağını əlinə alıb sağa-sola çevirdikdən sonra: "Məni səninlə daşıtdıran Allaha and edirəm ki, səninlə heç bir harama, heç bir günaha, Allahın razı olmadığı heç bir yerə getmədim”- dedi. Sonra bu ayağının yuyulub, ətirlənib, kəfənlənib, müsəlman qəbiristanlığında dəfn edilməsini xahiş etdi.


Bu hadisədən sonra Valid ibn AbdulMəlik kor bir kişiyə rast gəlir. Və kişidən niyə kor olması haqda soruşur. Kişi başına gələnləri belə izah edir:

- Ey möminlərin əmiri! Mən vilayətdə övlad və mal-dövlət baxımından ən zəngini idim. Günlərin birində misli görünməmiş sel fəlakətinə düçar olduq. Sel mənim malımı və ailəmi yuyub apardı. Sağ qalan isə yalnız bir dəvə və yeni doğulmuş körpə uşağım idi.
Bir gün dəvə qaçıb getdi. Uşağı orada qoyub dəvənin ardınca qaçdım. Birdən uşağın fəryadını eşitdim. Geri dönəndə gördüm ki, onun başı qurdun ağzındadır. Özümü uşağa yetirdim. Amma artıq gec idi. O dünyasını dəyişmişdi. Əlacsız qalıb dəvəni ardınca getdim, çatanda isə dəvə mənə təpik atdı və zərbədən gözlərim tutuldu.
Beləcə bir gecədə ailəsiz, uşaqsız, mal-dövlətsiz və kor qaldım...
Xəlifə bunları eşidib buyurur:
-Bu adamı Urvə ibnuz-Zubeyrin yanına aparın, hekayəsini ona danışsın. O da bilsin ki, insanlar içində ondan daha böyük bəlalara düçar olanlar var.

Urvə İbnuz-Zubeyr Mədinəyə ailəsinin yanına çatanda buyurdu:
-Gördüyünüz sizi qorxutmasın. Allah (subhənəhu və təalə) mənə dörd oğul verdi, sonra onlardan birini aldı və üçünü mənə saxladı.
O mənə iki qol və iki ayaq verdi. Sonra da onlardan birini aldi və üçünü mənə saxladı.
Əlhəmdulilləh. Vallahi ki, Allah məndən azını aldı və çoxunu mənə saxladı.
O mənə bir bəla göndərdisə, əvəzində dəfələrlə afiyət verdi.

Mədinə xalqı Urvə ibnuz-Zubeyrin gəldiyini bilib, ona başsağlığı vermək üçün axışdılar. Lakin İbrahim Muhəmməd ibn Talhənin bu cümləsi ona edilən ən gözəl başsağlığı idi:
- Müjdələr olsun sənə, ya Əbu Abdullah! Ayaqlarından və uşaqlarından biri özündən
öncə Cənnətə getdi. İnşəAllah bədənində həmin parçasına tabe olar. Allah (subhənəhu və təalə) sənə ehtiyacımız olan elm verdi. Allah sənin elmini həm sənə, həm də bizə faydalı etsin...


_________________
Tərcümə: əz-Zubeyr

İstifadə etdiyim mənbələr:

• İbn Saad, ət-Təbəqatul-Kubra, 1/406
Əbu Nuaym, Hilyətul-Əuliyyə, 176
• İbnul Cəuzi, Sıfətus-Səufə, 87
• İbn Həllikən, Vəfəyətul-Ayən, 255
Əl-Bələzuri, Ənsabul-Əşraf
• İbn Həzm, Cəmhəratul-Ənsabil-A'rab.

Hiç yorum yok:

Yorum Gönder