• Abdullah ibn Abbas (radıyAllahu anhu) deyir ki, bir gün Əbu Bəkr (radıyAllahu anhu)
Rasulullahdan (sallAllahu aleyhi və səlləm) soruşdu:
- Ya Rasulullah! Saçlarına dən düşüb. Necə oldu birdən birə qocaldın? Bir dərdin varmı?
Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:
- Ya Əbu Bəkr! Məni "Hud", "Vaqiə", "Mursəlat", "Nəbə" və "Təkvir" surələri
qocaltdı. [1]
• Abdullah ibn Ravəhə (radıyAllahu anhu) buyurmuşdur:
- Əgər O (sallAllahu aleyhi və səlləm) açıq-aydın möcüzələr göstərməsəydi belə, sadəcə Onu görmək Ona inanmağa kifayət edərdi. [2]
• İrbaz bin Sariyə (RadıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurmuşdur:
- Mən atam İbrahimin duası, Məryəm oğlu İsanın müjdəsiyəm. [3]
• Abdullah ibn Məsud (radıyAllahu anhu) buyurur:
Bir dəfə Allah Rəsulu həsir üzərində yatmışdı. Yuxudan oyananda da mübarək üzündə həsirin izi qalmışdı.
"Ya Rasulullah! Sənə bir yataq verək."- deyincə Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
Dünya ilə mənim nə əlaqəm var?! Mən dünyada bir ağac altında kölgələnib sonra qalxıb gedən bir yolçu kimiyəm. [4]
• Peyğəmbərimizin (sallAllahu aleyhi və səlləm) vəfatından təsirlənən qızı Fatimə (radıyAllahu anhə) buyurur:
- Muhəmmədin məzarının torpağını qoxlayan bir insana, başqa ətir axtarmağa ehtiyac varmı? Üstümə elə bir müsibət yağdı ki, əgər onlar gündüzlər üzərinə yağsaydı, gündüzlər zülmət gecəyə dönərdi. [5]
• Əbu Hureyra (radıyallahu anhu) Rasulullaha (sallAllahu aleyhi və səlləm) deyir:
Muşriklərə bəddua eləsənə, ya Rasulullah.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:
Mən rəhmət olaraq göndərildim, lənət edici və istəyici olaraq deyil. [6]
• Əli ibn Əbu Talib buyurur:
- Biz Bədrdə savaş meydanında qorxan zaman Rasulullahın (sallAllahu aleyhi və səlləm) arxasında gizlənib düşməndən qorunurduq. Rasulullah (sallAllahu aleyhi və səlləm) bizim aramızda düşmənə ən yaxın cərgədə olanımız idi. Bədr döyüşündə isə ondan daha çox döyüşən olmamışdı. [7]
• Əli ibn Əbu Talib (radıyAllahu anhu) rəvayət edir ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:
- Məni Rəbbim tərbiyə etdi. Özü də çox gözəl tərbiyə etdi. [8]
• Əbu Said əl-Xudri rəvayət edir ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:
- Axı mənə necə iman gətirmirsiniz ki, mən səmadakıların da əminiyəm. Mənə səhər-axşam səmadan xəbərlər gəlməkdədir. [9]
• Ənəs İbn Məlik (radıyAllahu anhu) rəvayət edir ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:
- Qiyamət günü Peyğəmbərlər içində ən çox ümmətə sahib olan mənəm. Cənnətin qapısını ilk döyən də mənəm. [10]
• Əbu Hureyra (radıyAllahu anhu) rəvayət edir ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:
- Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim. [11]
• Amr ibn Cəbələ ibn Vali rəvayət edir ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:
- Mən mənəvi bütün kirlərdən təmizlənmiş, sadiq, ümmi* bir nəbiyəm. Vay olsun mənə inanmayana, məndən üz çevirənə, mənə qarşı vuruşana! Və müjdələr olsun məni müdafiə edib, mənə kömək edib, dediklərimi təsdiq edib, mənimlə bərabər Allah yolunda cihad edənə... [12]
• Aişə (radıyAllahu anhə) buyurur:
- O (sallAllahu aleyhi və səlləm) Ramazan ayında və başqa aylarda gecə namazını 11 rükət qılardı. İlk 4 rükətini elə bir şəkildə qılardı ki, qıldığı namazın gözəlliyindən və uzunluğundan doymaq olmurdu. Sonra qıldığı 4 rükəti də o gözəllikdə qılardı. [13]
• Əbu Said əl-Xudri (radıyAllahu anhu) bir gün Rasulullahdan (sallAllahu aleyhi və səlləm) “Niyə dünya nemətlərindən istifadə etmirsən?” –deyə soruşduqda, o (sallAllahu aleyhi və səlləm) buyurmuşdu:
- “Dünya nemətlərindən necə istifadə edə bilərəm ki, İsrafil əlinə Suru alıb, ağzına yaxınlaşdırıb və Allahın əmrini gözləyir ki, ona üfürsün.”
Bu cümlənin ağırlığına dözməyib səhabələr ağladılar. Rasulullah (sallAllahu aleyhi və səlləm) isə bu ayəni oxudu: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” [14]
• Simak bin Hərb, Numan bin Bəşirdən (radıyallahu anhumə) bir xütbə əsnasında eşitmişdir:
- Ömər bir gün insanların var-dövlətə olan sevgilərindən bəhs edərkən belə demişdi: “Allaha and olsun ki, mən Rasulullahın (sallAllahu aleyhi və səlləm) acından qıvrandığına şahid olmuşam. Hətta xurmanın ən keyfiyyətsizi olan “dakal” xurmanı da tapıb qarnını doyura bilmirdi. [15]
• Əbu Said əl-Xudri (radıyAllahu anhu) buyurur:
- Səhabələr Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) dinləyərkən sanki başlarına quş qonub və onlar o quşu ürküdərək uçub getməsindən ehtiyat edirlərmiş kimi hərəkətsiz dinləyərdilər. [16]
• Ənəs ibn Məlik (radıyAllahu anhu) buyurur:
- Ailə üzvlərinə qarşı Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) daha mehriban, daha şəfqətli birini görmədim. [17]
• Abdullah bin Şihhirdan (radıyallahu anhu) buyurur:
- Bir gün Rasulullahın (sallAllahu aleyhi və səlləm) evinə getdim. Namaz qılarkən ağlamaqdan sanki içində bir güvəc qaynayırmış kimi səs eşidilirdi. [18]
• Ənəs ibn Məlik (radıyAllahu anhu) buyurur:
- Surət və camal yönüylə insanların ən gözəli olan Allah Rəsulu (sallAllahu aleyhi və səlləm) qəlb və iradəsi ilə də insanların ən comərdi idi. Eyni zamanda insanların ən cəsuru idi. [19]
• Ömər ibnul Xattab (radıyAllahu anhu) Rasulullahın (sallAllahu aleyhi və səlləm) hücrəsinə girmiş və elə bir mənzərə ilə qarşılaşmışdı ki, özünü saxlaya bilməyib, hönkürtü ilə ağlamışdı. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) ondan nə üçün ağladığını soruşanda Ömər buyurmuşdu:
- Ya Rasulullah! Krallar, kisralar sərvət içində üzürlər. Sənin isə altına sərəcəyin bir şeyin yoxdur. Yatağın həsirdəndi və bədənində həsirin izləri alıb.
Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:
- Ya Ömər! İstəməzsənmi ki, dünya onların, Axirət isə bizim olsun?! [20]
___________________
Hazırladı: əz-Zubeyr
[1] – ət-Tirmizi, Təfsir-57
[2] – Said Həvvə, ər-Rasul- 1/194; İbn Həcər, İsəbə- 2/307
[3] – Həkim, əl-Mustədrək- 2/453; Əli-əl Muttəqı, Kənzul-Umməl- 11/384
[4] – Tirmizi, Zuhd 44; İbn Məcə, Zuhd 3
[5] – İbn Məcə, Cənəiz 65; Əhməd, Munəd- 3/197; əz-Zəhəbi, Siyəru Aləmin, 2/134
[6] – Muslim, 87
[7] – Əhməd, Munəd- 1/86
[8] – A’cluni, Kəşful-Xafə, 1/72
[9] – Muslim, Zəkət 112
[10] – Muslim, İman 331
[11] – Beyhəqi, Sunəni Kubra, 10/191
[12] – İbn Saad, Təbəqat- 1/334
[13] – Buxari, Təhəccüd- 16; Muslim, Musafirun- 125
[14] – ət-Tirmizi, Qiyəmə-8 ; Əhməd bin Hənbəl, Musnəd-1/36 ; 3/7
[15] – Muslim, Zuhd 36; İbn Məcə, Zuhd 10
[16] – Buxari, Cihad 37; Əbu Davud, Tibb 1
[17] – Muslim, Fəzəil 63; Əhməd, Musnəd 3/122
[18] – Nəsəi, Səhv 18
[19] – Muslim, Fəzəil 48; Buxari, Cihad 24
[20] – Buxari, Təfsir 66/2; Muslim, Talaq 31
*Ümmi- Oxumamış, anadangəlmə alim
Hiç yorum yok:
Yorum Gönder