26 Temmuz 2011

Orucun Rüknları nələrdir?

ƏVVƏLİ VAR...

Orucun bəzi rükunları vardır. Alimlər bu barədə bəzi sözlər demişlər. İbn Rüşd demişdir ki: “Orucun ikisində ittifaq edilən, birində ixtilaf edilən üç rüknu vardır.

İttifaq edilən iki rükn zaman və imsaqdır. İxtilaf edilən isə niyyətdir. Bu məsələlərdən birincisi, bu zamanın başlaması və sona çatması, yəni neçə gün olması, ikincisi də bunu hər şəxsə və hər iqlimə görə bildirən əlamətlərin nələr olduğu haqqındadır. Alimlər, hicri ayların gah 29, gah 30 gün olmasında və Ramazan ayının başlanması və sona çatmasının da ancaq ayın görülməsi ilə olduğunda eyni fikirdədirlər. Çünki, Peyğəmbər (s.ə.s) buyurmuşdur ki: “Ayı gördüyünüz vaxt oruc tutun və növbəti ayı gördüyünüz vaxt orucu tərk edin”. Amma bununla bağlı alimlər iki məsələdə ixtilaf etmişlər:
1. Hava tutulu olub, ayın görünməyən vaxtı nə etməli,
2. Ay nə vaxt görünərsə mötəbər sayılar.
Cümhur alimlər demişlər: “Əgər Ramazanın əvvəlində hava tutulu olarsa, ondan əvvəlki Şaban ayı 30 gün sayılır və 31- ci gün Ramazanın başlanğıcı olur. Əgər sonunda tutulu olarsa, 30 gün tamamlanır”. İbn Ömər isə belə demişdir: “Əgər tutulu olan, ayın əvvəlinci günüdürsə, ertəsi gün (buna şəkk günü deyilir) oruc tutulmalıdır”. Sələfdən bəzilərinin “Əgər ay tutulu olarsa Ay və Günəşin seyri üzrə hesablanma aparılmalıdır” dedikləri rəvayət olunmuşdur. Bu, tabeinin böyüklərindən olan Mütərrif bin Şüreyxin fikridir. Şüreyx də İmam Şafiidən “Ayın dərəcələri və ulduzlar elmi ilə məşğul olan bir kimsə əgər apardığı hesablar nəticəsində, ona məlum olsa ki, hava tutulu olmasaydı Ay görünəcəkdi, onda, o oruc tutmalıdır və tutduğu oruc doğrudur” dediyini rəvayət etmişdir. Bu ixtilafın səbəbi Peyğəmbərin (s.ə.s): “Ayı gördüyünüz vaxt oruc tutun və Ayı gördüyünüz vaxt orucu tərk edin. Əgər olduğunuz yer buludlu olarsa onu təqdir edin” hədisindəki gizlilikdir. Cümhur alimlər “Onu təqdir edin”, “Ramazan ayı üçün əvvəlki ayı 30 gün fərz edin, deməkdir” demişlər”.[1] Bu barədə müxtəlif sözlər demişlər. Bu məqalədə bunlara çox yer vermədik.
İmsaq – orucu pozan bütün işlərdən çəkinmək – vaxtı ilə bağlı məsələlərə gəlincə isə İbn Rüşd demişdir: “Allah təala: “sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”[2] buyurduğu üçün, alimlər, bu vaxtın sonu Günəşin batıb yox olmasıdır demişlər. Amma bu vaxtın başlanğıcının nə vaxt olmsı haqqında ixtilaf etmişlər. Cümhur alimlər demişlər: “İmsaq vaxtı dan yerinin ağarması ilə başlayır”. Çünki Allah təalanın ayəsindən başqa, peyğəmbərimiz də (s.ə.s) fəcr vaxtını bu cür tərif etmişdir”.[3] “Fıqhı-s-Sünnə” sahibi bu barədə deyir ki: “Orucun həqiqətini meydana gətirən iki rükun vadır:
1. Fəcrin doğmasından günəşin batmasına qədər yeyib-içməkdən özünü qorumaq. Allah təala buyurmuşdur: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!”[4] Ağ və qara sapdan məqsəd, gündüz vaxtının işıqlığı, ağlığı, gecənin isə qaranlığıdır. Buxari və Müslimin rəvayətlərinə görə “Adiy bin Hatəm belə demişdir: “ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için” ayəsi nazil olduqda, bir ağ sap və bir dənə də qara sap aldım. Yastığımın altına qoydum. Gecə tez-tez onlara baxırdım. Amma heç cür bir-birindən ayıra bilmirdim. Duha vaxtı Peyğəmbərin (s.ə.s) yanına gedərək vəziyyəti ona danışdım. Peyğəmbər (s.ə.s): “Şübhəsiz ki, bu ifadə gecənin qaranlığı və gündüzün işıqlığıdır” deyə cavab verdi”.
2. Niyyət. Allah təala buyurur: - Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur![5] Peyğəmbər (s.ə.s) də: “Əməllər niyyətlərə görədir. Hər kəs üçün niyyət etdiyi vardır” demişdir. Niyyətin, Ramazan ayının gecələrindən hər gecə üçün fəcrdən əvvəl olması lazımdır. Çünki, Həfsənin rəvayət etdiyi bir hədisə görə Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Fəcrdən əvvəl oruca aid niyyətini sağlam etməyənin orucu yoxdur”. (Hədisi Tirmizi, Nəsai, Əbu Davud, İbn Macə, Əhməd rəvayət etmiş, İbn Hüzeymə və İbn Hibban səhih demişdir.) Niyyətin gecənin hər hansısa bir vaxtında olması səhihdir. Niyyəti dil ilə ifadə etmək şərt deyildir. (Niyyətin dil ilə ifadə olunması məsələsi ayrı bir mövzu olduğu üçün burada qısaca onu qeyd edim ki, Hənəfi məzhəbinin sonrakı alimləri niyyəti dil ilə ifadə etməyi şərt biliblər.) Çünki niyyət qəlbə aid bir işdir. Dilin bu işdə heç bir təsiri yoxdur. Niyyətin həqiqəti, Allahın əmrinə tabe olmaq və razılığını qazanmaq üçün edilən əməli qeyd etməkdir. Bir kimsə oruc tutmaqla Allaha yaxınlaşmağı qəsd edərək gecə sahura qalxarsa, niyyət etmiş sayılır. Gündüz vaxtı sadəcə Allah üçün yeyib-içiləcək şeylərədn özünü uzaqlaşdırmağa qərar verərsə sahura qalxmasa belə yenə də niyyət etmiş sayılır. Alimlərin çoxuna görə nafilə orucun niyyəti, əgər bir şey yeməyibsə də belə gündüzdən kifayətdir. Aişə (r.a) belə demişdir: “Bir gün peyğəmbər (s.ə.s): yanıma gəldi. “Yanınızda yeməyə bir şey varmı?” deyə soruşdu. Mən də: “Xeyir” dedim. Bundan sonra Allah rəsulu (s.ə.s): “Mən orucluyam” dedi”. (Hədisi Müslim, Əbu Davud rəvayət etmişlər.) Hənəfilər niyyətin günorta vaxtından əvvəl olmasını şərt qoşublar. Şafinin iki görüşündən biri də belədir. İbn Məsud və Əhmədin iki görüşündən birinin zahirinə görə “Günorta vaxtından əvvəl və ya sonra niyyət edilməsi arasında fərq yoxdur və ikisi də kifayətdir”.
Buxari və Müslimin Aişədən (r.a) rəvayət etdiyinə görə Allah rəsulu (s.ə.s) Ramazanın son on günü gəldiyi vaxt, gecələrini ibadətlə keçirərdi. Ailəsini də qadırardı. Bu gecələrdə xanımıyla əlaqə qurmaz və özünü ibadətə verərdi”. Tirmizinin Əlidən (r.a) rəvayət edib səhih saydığı hədisə görə: “Rəsulullah (s.ə.s), son on gündə ailəsini oyandırar, xanımıyla birləşməzdi”.

Qədir gecəsi
Qədir gecəsi ilin gecələrinin ən fəzilətlisidir. Allah təala belə buyurmuşdur: “Mərhəmətli, rəhmli Allahın adı ilə!  - Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!  - (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!  - Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).  - O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.  - O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)”[6] Yəni o gecə qılınan namaz, oxunan Quran, edilən çoxlu dua və zikirlər, içərisində Qədir gecəsi olmayan min aylıq əməldən daha xeyirlidir. Qədir gecəsini ramazanın son on günündəki tək günlərdə axtarmaq müstəhəbdir. Peyğəmbərimiz (s.ə.s) Qədr gecəsini Ramazanın son günündə axtarar, Ramazanın son on günü girdiyi vaxt gecələri ibadətlə keçirər, ailəsini oyandırar, xanımlarından uzaqlaşaraq özünü ibadətə verərdi.
Qədir gecəsinin təyini haqqında alimlərin müxtəlif fikirləri vardır. Bəziləri 21 –ci, bəziləri 23, 25, 29 – cu gecəsi olduğunu demiş, bəziləri isə “son on gündəki tək gecələrə dağılmışdır” demişlər. Alimlərin çoxuna görə 27- ci gecədir. Əhmədin səhih bir sənədlə İbn Ömərdən rəvayət etdiyi hədisə görə Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Hər kim qədr gecəsini axtararsa onu 27- ci gecəsində axtarsın”. Müslim, Əhməd, Əbu Davud və Tirmizinin Übey bin Kəbdən (r.a) rəvayət edərək, Tirmizinin səhih dediyi Übeyy bin Kəb belə demişdir: “Özündən başqa ilah olmayan Allaha anda olsun ki, qədr gecəsi Ramazanın içindədir. Yenə də Allaha and olsun ki, onun hansı gecə olduğunu bilirəm. Qədr gecəsi, Peyğəmbərin (s.ə.s) bizə oyaq qalmaqla əmr etdiyi, Ramazanın 27 - ci gecəsidir”. Bu gecə olmasına Übey bin Kəb and içmişdir. Qədr gecəsinin əlaməti Günəşin o günün səhərinə ziyası olmadan, bəyaz olaraq doğmasıdır.
Buxarinin və Müslimin Əbu Hüreyrədən (r.a) rəvayət etdiyi hədisdə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Hər kim qədr gecəsini inanaraq və savabını Allahdan umaraq ibadətlə keçirərsə keçmiş günahları bağışlanar”.
Allah təala bizi bağışlasın. Bizi bu mübarək ayda orucu, namazı qəbul olunan qullardan etsin. Bizi Cəhənnəmdən xilas etsin. Cənnətlə müjdələsin. Allah təala aqibətimizi xeyirli etsin. Allah təala əziyyətlərimizi əlimizdə qoymasın. Qədr gecəsinin savabını almaqda bizə kömək olsun. Amin! Allah təala bu yazdığım məqaləni də oxuyanlar üçün faydalı etsin. Amin!

 





[1] İbn Rüşd Kadı Ebu'l-Velid Muhammed b. Ahmed b. Muhammed b. Rüşd El-Hafîd, Bidayetü’l-Müctehid ve Nihayetü’l-Muktesid, Beyan Yayınları: 2/26-30.
[2] əl-Bəqərə (İnək) surəsi, 187
[3]İbn Rüşd Kadı Ebu'l-Velid Muhammed b. Ahmed b. Muhammed b. Rüşd El-Hafîd, Bidayetü’l-Müctehid ve Nihayetü’l-Muktesid, Beyan Yayınları: 2/32-33.

[4] əl-Bəqərə (İnək) surəsi, 187
[5] əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi, 5
[6] əl-Qədr (Qədr gecəsi) surəsi, 1-5

ƏKRƏM HƏSƏNOV

Hiç yorum yok:

Yorum Gönder