09 Temmuz 2011

İslamda yeddi rəqəminin bəzi xüsusiyyətləri

Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar institunun arxivində bir çox qiymətli əsərlər qorunub saxlanılır. Bu əsərlərdən biri də Əbu Nasir Muhəmməd bin Əbdürrahman əl-Həmədaniyə məxsus olan “Kitəbu-s-Səbiyyat” əsəridir. Bu əsərdə müəllif “yeddi” rəqəminin üstündə dayanaraq o barədə şəriətdə gələn “yeddi” rəqəmi ilə bağlı hikmətləri açıqlamağa çalışmışdır. Həmin əsəri araşdıraraq bəzi mətnlərini ərəbcədən tərcümə etdim. Beləliklə gəlin birlikdə əsərdə olan bəzi məqamları oxuyaq.
Məlik, Cəbbar, Əziz, Ğəffar olan Allaha həmd olsun. Salat və salam olsun seçilmiş ağamız Nəbi Muhəmmədə və onun seçilmiş ailəsinə, əshabələrinə. Müəllif dedi: Bil ki, Xaliq (Yaradan) Öz qüdrəti ilə danışaraq sözləri, onların böyük və kiçikliyini, yerdə olan nemətlərin adlarını öyrətdi. Məliklərin yeddi seçilmiş əşya ilə mülkləri, sultanların əzəməıtli yeddi mallarını saydı.
Birincisi havanın gözəlliyi (zinəti), yeddi meyvə, göyləri bəzəyən və zinətləndirən yeddi ulduzla göydəki mənzərələri, ikincisi Səmanın göyün yeddi təbəqəsini zinətləndirməsidir. Deyir ki, Allah göyü yeddi təbəqə halında yaratdı. Sonra yeddi dənizlə göyün təbəqələrini bəzədi. Bunlar hamısı yeddidən sonra sayılır. Bu barədə bəzi ayələrə diqqət edək. Uca Allah buyurur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!” (Bəqərə, 29),  “And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik)” (əl-Muminun, 17), “De: “Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?” (əl-Muminun surəsi 86), “Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?!” (Nuh surəsi 15), “Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq” (ən-Nəbə 12).  Bu barədə ayələr çoxdur və biz hamısını burada qeyd etməyi lazım bilmədik. Müəllif də ayələrin çox olduğunu nəzərə alaraq heç bir ayə qeyd etməmişdir. Üçüncüsü, Cəhənnəmi yeddi dərəcə ilə bəzədi. Birinci Cəhənnəm, sonra Səir, sonra Səqər, sonra Cəhim, Hutamə, Laza, Haviyə . Onları yeddi qapı ilə bəzədi və onların hər qapısınında yeddi qapısı var. Allah təala buyurur: “(Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər” (əl-Hicr 44). Dördüncüsü, Quranı yeddilərin yeddisi ilə bəzədi. Sonra Allah təala bu sözü ilə Fatihəni yeddi ayə ilə bəzədi: “(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzamətli Quranı verdik” (əl-Hicr 87).
Beşinci və Altıncısını tərcümə etmədim. İnşallah əlyazmanı əldə edə bilsəm yenə baxaram.
Yeddincisi: Dünyanı yeddi iqlimlə bəzədi. Birincisi Hindistan, ikincisi Hicaz, üçüncüsü Bəsrə, Bədim və Kufə, dördüncüsü İraq, Şam, Xorasan və Bəlxə qədər, beşincisi Rum, Erməni, altıncısı Yəcuc və Məcuc diyarı, yeddincisi Türküstan ölkələri. Həmçinin dünyanı yeddi iqlim ilə bəzədi. Günləri yeddi gün yaratdı. Səbt, Altıncı gün (Şənbə günü), Əhəd (Bazar günü), İsneyn (bazar ertəsi günü), Suləsəu (Çərşənbə axşamı günü), Arbai (Çərşənbə günü), Xamisu (Cümə axşamı günü) və Cümə (Cümə günü). Sonra bu yeddi gündə yeddi şeyə ikram etdi (yaxşılıq etdi). Bu yeddi şeyi hörmətli etdi. Səbt günü (Şənbə günü) Musaya ikram etdi, Əhəd (Bazar günü) İsaya, Bazar ertəsini Davuda, çərşənbə axşamı Sülaymana, çərşənbə günü Yəquba, Cümə axşamı günü Adəmə və Cümə günü Məhəmmədə ikram etdi. Tərcüməçi: Müəllif burada böyük xətaya yol vermişdir. Allah onu bağışlasın. Əslində Cümə günü bütün peyğəmbərlərə bildirilmişdir. Lakin sonralar insanlar bu günlərin yerini səhv salmışdır. Sonralar peyğəmbərlərdən sonra gələnlər Cümə gününü itirdilər. Bu barədə Allahın Rəsulu da bizə xəbər vermişdir ki, əvvəlki ümmətlər Cümə günün yerini itirdilər və bu mübarək gün bizə, islama, müsəlmanlara verildi. Müəllif da burada bununla bağlı xətaya yol vermişdir. Adəm peyğəmbərdən Məhəmməd peyğəmbərə qədər gələn bütün peyğəmbərlərə cümə günü haqqında xəbər verilmişdir. Lakin sonralar insanlar o günləri səhv salmışlar. Bəlkə də müəllif bununla onu qəsd etmişdir. Hər halda bu rəyi alimlər arasında qəbul deyildir. Ən düzünü bilən Allahdır.    
Mötəbər islam alimi İbn əl-Qeyyum ( Allah ona rəhmət etsin ) 7 rəqəmi haqqında özünün “Zad əl-Məad fi Huda Xeyr əl-İbəd (4/90)” kitabında  Səhiheyndəki (Buxari və Müslimdə) hədisi müzakirə edərkən bu barədə danışmışdır: Hədisdə deyilir: “Hər kim səhər yeməyində yeddi “əl-Aliya”xurması yesə, həmin gün ona nə zəhərlənmə, nə də sehr gəlməz”. İbn Qeyyim demişdir: “Yeddi rəqəminin xüsusiləşdirilməsi məsələsi Allah təalanın yaradılışı, xəlqi və şəri əmrləri ilə əlaqədardır. Allah yeddi səma, yeddi yer və yeddi gün xəlq etmişdir və insanın yaradılışı yeddi mərhələdə tamamlanır. Allah təala qullarına Kəbənin ətrafında yeddi dəfə təvaf etməyi, Səfa və Mərva arasında yeddi dəfə səy etməyi (iki hədəf arasında qaçmaq), yeddi kiçik daşı cəmərəyə atmağı buyurmuşdur. Bayram namazının birinci rəkətində təkbirlərin sayı yeddidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Yeddi yaşına vardıqda uşaqlarınıza namaz qılmağı əmr edin”.
Bir rəvayətə görə oğlan övladı yeddi yaşına çatdıqda ona valideynlərindən ikisindən birini seçməkdə seçim verilir. Digər bir rəvayətə görə atasının onun üzərində haqqı anasının haqqından irəlidir. Üçüncü rəvayətə görə isə anasının onun üzərində haqqı atasının haqqından irəlidir. Allah təala Ad qövmünün üzərinə yeddi gün külək əsdirmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Allaha dua etmişdir ki, onun camaatına Yusif (əleyhissalama) göndərdiyi kimi yeddi il--yeddi illik aclıq- göndərməklə ona kömək etsin. Allah təala sədəqə verənin savabını hər birində yüz buğda olmaqla yeddi sünbül məhsul verən buğdaya bənzətmişdir.Yusifin yoldaşının yuxusunda gördüyü buğdadakı sünbüllərin sayı, buğdanın becəriləcəyi illərin sayı yeddi idi və sədəqənin savabı yeddi yüz dəfə və bundan çox artırılır. Bu ümmətdən yetmiş min hesaba çəkilmədən Cənnətə daxil olacaqdır.  
Sonra İbn Qeyyim şərh edir: “Sözsüz ki, bu rəqəmin başqa rəqəmlərdən fərqli xüsusi özəllikləri var... Bu rəqəmi xüsusiləşdirərkən Allah təala Öz hikmətini, qanunlarını və hökmünü daha yaxşı bilir.
Qeyd : Bunu əsas götürərək, bu məsələdə doğru rəy budur ki, açıq-aydın, səhih dəlil olmadan bu rəqəmin zikr olunmasının səbəbi haqqında əqli müzakirələrə girişməkdən çəkinmək lazımdır (Dini fətvalar saytından istifadə olunmuşdur). 

Əkrəm Həsənov 

Hiç yorum yok:

Yorum Gönder