27 Haziran 2011

Allaha dəvət edənə dil uzatma!

Hər dəvətçi islamı təmsil edir
Bu gün gözəl vətənimizdə islama çox gözəl Rəbbimizin izni ilə, yardımı ilə dəvət gedir. Gənclər islama axınır, öyrənir, araşdırır, müxtəlif yerlərdə, həm real həyatda, həm də virtual aləmdə müzakirələr, mübahisələr və islama dəvət metodları həyata keçirilir.

Bunlar bir qəlbən Allaha bağlı insan olaraq, müsəlman olaraq bizi sevindirir. Bu sevinci bizim qəlbimizdə uca Allah yaradıb. Bu sevinc bizdən asılı olmayan sevncdir. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) ömrünün sonlarında evindən məscidə baxanda keçirdiyi sevinci biz dərk edə bilmərik. Bu elə bir sevincdir ki, islamdan kənarda duranlar bunu anlaya bilməz, başa düşə bilməzlər. Bu sevinc Allahın sevinci və Allahın qəlblərdə qoyduğu bir sevincdir. Çünki uca Rəbbimiz bir qul özünə qayıdıb tövbə edəndə, xətalardan ayılıb Allaha dönəndə çox sevinir. Bu sevinci uca Rəbbimiz səhralıqda bir dəvəsi itən, onu axtarıb-arayan, lakin tapa bilməyən, kor peşman gəlib bir ağacın altında oturan, sonra yuxuya gedən, sonra ayılanda dəvəsini baş tərəfində görən və  sevincindən “Ya Rəbbim! Sən mənim qulumsan! Mən sənin Rəbbinəm!”  deyən bir şəxsə bənzədir. Uca Allah bir qul tövbə edib Ona dönəndə o qədər sevinir ki, Allah təala bunu dəvəsi itib axtarmaqdan yorulan və sonra oturub dəvəsini hazır qarşısında görən  sevincli quluna bənzədir. Allah təalanın o sevinc payından öz qullarının da qəlbində vardır. Bir insan islama gələndə, bizimlə bərabər eyni səfdə namaz qılanda, etdiyi əməllərdən peşman olub Allaha dönəndə bizdə elə sevinirik. Allahın Rəsulu da (ona və ailəsinə salam olsun) öz evindən məscidinə baxanda camaatın saf-saf durmağını görüb sevinirdi. O saf-saf duran insanlar da bır-birlərini sevirdilər. Çünki hamılıqla Allahın ipindən yapışmışdılar. İxtilaf etmirdilər. Hansısa bir ixtilaf olduqda onu Allahın Rəsuluna bəyan edir və Allahın Rəsulu da aralarında hökm verirdi. Ona və ailəsinə salam olsun. Allahın Rəsulu (s) indi də həyatdadır. “Oradan gələn varmı?”  -  deyə sual verənlərə rahatlıqla bəli cavab verin. Oradan gələn var. “Oradan gələn varmı?” – deyə sual verən doğrudan da elə bilir ki, oradan gələn yoxdur. Amma oradan gələn var. O da Allahın Rəsuludur. Allahın Rəsulu meraca çıxmadımı, qəbirdə olan hadisələri, Qiyamətdə baş verəcəkləri bizə xəbər vermədimi? Demək oradan gələn var. Oradan gələn havadan danışmır. Bizim kimi qeybdən xəbərsiz danışmır. Oradan gələn bilmədiyini də danışmır. Oradan gələn ancaq ona vəhy olunanı deyir. Ona görə də oradan gələnə tabe olmaq və onun ardınca getmək üçün səy etməliyik.

Biz sevinirik ki, oradan gələnə gücümüz çatan qədər tabe oluruq. Bu Allahın Rəsuludur (ona salam olsun). Bu gün oradan gələnə tabe olanlar arasında bəzi anlaşılmazlıqlar yaşanır. İslam dininə insanları təbliğ edənlərə bəzi böhtanlar atılır, onlar haqqında əsassız sözlər deyilir. Amma hər bir islam dəvətçisi öz dəvətini özünə görə etmir. Allah üçün edir. Hər bir islam dəvətçisi özünü reklam etmək üçün islamdan yazmır. İnsanları Allaha istiqamətləndirmək üçün yazır. Təəssüf ki, bu islam dəvətçilərinə bəzi böhtanlar və yalanlar deyilir, olmayan sözlər danışılır. Bu tarix boyu belə olub. Bu gündə bunun belə olması zərurətə çevrilib sanki. Böyük alimlərdən biri öz dövründə islama, Allaha dəvət etdiyi zaman qarşılaşdığı çox gözəl bir mövzunu bizə xəbər vermişdir. İmam Şatibi “Əl-İtisam” adlı əsərdə İmam Abdurrahman ibn Battanın öz dövründə insanların ona atdığı olmayan böhtanları danışır və deyir ki, hər bir dəvətçi bu yolu keçməlidir. Çünki Allahın Rəsuluna (s) nə demədilər. İbn Battan belə deyir: İstər səfərdə olsun, istər yaşadığım yerdə, mənə ən yaxın olanlar və ən uzaq olanlar, arif olanlarla cahil olanların hamısına heyrət edirəm. Məkkədə, Xorasanda və digər yerlərdə mənimlə eyni fikirdə olanlar və müxalif olanlarla qarşılaşdım. Bunlar məni öz görüşlərinə tabe olmağa, dəstəkləməyə və şahidlik etməyə çağırırdılar. Dediklərini təsdiq etsəydim – bu günkü müsəlmanlar kimi – məni öz fikirlərini dəstəkləyən kimi qələmə verərdilər. Onların dediklərindən kiçik bir şeyi başqa cür desəydim mənə müxalif kimi baxardılar. Dediklərindən birinə qarşı Qurandan və hədisdən bir əks dəlil gətirsəm mənə xəvaric deyirdlər. Tövhid barəsində onlara bir hədis oxusam mənə Müşəbbihə (Bənzədən) deyərdilər. Oxuduğum hədis Allahı görmək barəsində olsaydı məni Salimi adlandırardılar. İmanı gücləndirəcək hədislər desəydim məni Mürciə adlandırardılar. Oxuduğum hədislər əməllər barəsində olsaydı məni Qədəriyyəyə nisbət edərdilər. Mərifət barədə danışanda məni Kərramiyə məzhəbinə aid edərdilər. Görkəmli xəlifələrdən Əbu Bəkr və Ömər (Allah hər ikisindən razı olsun) haqqında danışanda məni Nasibi adlandırırdılar. Əhli-Beytin fəziləti haqqında hədislər desəydim məni rafizi adlandırardılar. Bir ayənin və hədisin təfsiri haqqında susub ayə və hədislə bir söz deməsəm məni Zahiri adlandırardılar. Başqa şeylərlə cavab versəm mənə Batini deyərdilər. Təvilə cavab versəm Əşari deyərdilər. Hər ikisini də rədd etsəm mötəzilə deyərdilər. Bir sözlə nə danışsam məni müəyyən bir cərəyana və məzhəbə bağlayardılar”. Hələ neçə əsrlər bundan əvvəl olan eyni vəziyyət bizdə də təkrarlanır. İnsanlar hansısa görkəmli alimlərədn biri haqqında danışanda və onu müdafiə edəndə dərhal belə danışan adamı onun adı ilə hallandırırlar. Bu da cahillikdən və dardüşüncəlikdən irəli gəlir.
Biz bilirirk ki, bütün müsəlman alimlər islama çox gözəl dəvət ediblər və hər alimdən da üstün bilən bir alim vardır. Lakin insanları islama dəvət edənlərə qarşı olmazın böhtanlar və yalanlar danışılır. Biz bunu qeyd edirik ki, bu gün gənclər belə sözlərə əhəmiyyət verməsinlər və dinlərini doğru-düzgün şəkildə öyrənib islam haqqında daha geniş məlumatlar əldə etsinlər. Uca Allahdan hər birimiz üçün müvəffəqiyyət arzu edirəm. Amin!
Allah təala bizdən Öz kitabını çox oxumağı istəyir. Biz Allahın Kitabını başa düşərək oxusaq, Allahın elçisinin hədislərini başa düşərək oxusaq, yaxud da oxuyub düzgün başa düşsək onda hansısa bir dəvətçi haqqında yaxşı zənndə olarıq. Həm də ən əsası da budur ki, Quran və hədislərdən sonra biz səhih, doğru yolda olan alimlərə tabe olmalıyıq. Buna icma deyirlər. Yəni alimlərin birliyi nəzərdə tutulur. Çünki elə məsələlər vardır ki, o məsələ barəsində Quranda, hədisdə tapmayanda alimlərin kitablarından tapıb əldə etmək olur. Bəs biz əsasən hansı alimlərə üstünlük verməliyik. İsnadı qoruyub saxlayan alimlər. Çünki islam ümmətinə verilən ən böyük nemətlərdən biri dində əsas mənbələrə düzgün istinad etməkdir. Tarix boyu bu Əhli Sünnə və Camaat alimləri arasında ədalətlə öz həll yolunu tapmışdır. Çünki bəzi məzhəblər islamı dar çərçivəyə salmış, yalnız islamı müəyyən şəxslərlə əlaqələndirmişlər. Bu səbəbdən də bir çox parçalanmalar olmuşdur. Bu parçalanmanın qarşısını almaq üçün biz ancaq bu ümmətin ən xeyirli alimlərinə istinad etməliyik. Bizə müvəffəqiyyət bəxş edən uca Allaha həmd olsun. Amin!


Əkrəm Həsənov (ilahiyyatçı)

Hiç yorum yok:

Yorum Gönder