Ey insan! Bir anlıq dayan, dur, tələsmə. Hara tələsirsən? Sənə sözüm var. Bilirəm işlərin çoxdur, tələsirsən, səni gözləyən var. Hər kəsin sənin üzərində haqqı var. Əgər yaşın azdırsa, uşaqsansa onda həyətdə uşaqlar səni gözləyir. Bilirəm onlarla oynamağa gedirsən. Səni çox saxlamayacam. Bir anlıq ayaq saxla. Əgər məktəblisənsə dərslərin çoxdur, onları oxumalısan, bilirəm, oxumasan olmaz, amma bir anlıq ayaq saxla.
Əgər tələbəsənsə sabah 90 dəqiqə müəllim qabağında oturub mühazirə dinləməlisən, yaxud da sabah dərs danışmalısan, mühazirə hazırlayırsan, səni çox gözəl başa düşürəm, amma bir anlıq ayaq saxla. Əgər müəllimsənsə sabah uşaqların qarşısına çıxmalısan, onlar üçün materiallar hazırlamalısan, bu gündən onlara nə danışacaqsansa hamısını hazırlamalısan, səni hamıdan yaxşı başa düşürəm, amma tələsmə, bir anlıq dayan, sənə sözüm var. Əgər proffessorsansa onda sənin işlərin daha çoxdur. Sabah növbəndə rəy yazdırmaq üçün duracaq insanlar var, əlində işlədiyin mövzular var, işlərin hamıdan daha çoxdur, amma bir anlıq dayan. Sənə sözüm var. Bax, mən hamını çağırmıram, çünki mənim buna gücüm çatmaz. Mən qulağı olub eşidəni çağırıram. Gözü olub görəni çağırıram. Hər gün haram mahnıları dinləyib, haram içkidən içən, haram toylara küllü miqdarda malını-pulunu tökəni çağırmıram. Çünki o özü də bilir ki, bu etdiyinin ona heç bir xeyiri olmayacaq, özü də bilir ki, onu toya pul yazdıqmaq üçün çağırırlar, özü də bilir ki, bunu etməsə birdən ona pis baxarlar, nəsə deyərlər, belə düşündüyü üçün mən ona heç nə deyə bilmərəm. Mənim sözüm məni dinləyib özünə qayıdanadır. Məni dinləyin. Bu həyat bizə nə üçün verilib, niyə yaşayırıq, niyə yatır, niyə dururuq? Niyə istirahət edirik, niyə qidalanırıq? Bütün bunlar bizə nə üçün verilib? Sualı başa düşən hər kəsə ünvanlayıram. Müxtəlif cavablar eşidirəm. Biri deyir ki, həyata zövq almaq üçün gəlmişəm, digəri deyir ki, yeyib-içmək üçün gəlmişəm, başqa birisi deyir ki, Allahı tanımaq üçün gəlmişəm. Müxtəlif ağızlardan müxtəlif sözlər çıxır. Bəs həqiqət necədir? Həqiqəti biz haradan dərk edə bilərik? Çoxları deyir ki, o yandan gələn olub? Bəli. Olub. Sən də etiraf et ki, həmişə Allah sözü sənin ağzındadır. Duranda, oturanda, əyiləndə, qalxanda istər-istəməz Ya Allah sözünü işlədirsən. Belə olduğu halda niyə həyatı dərk etmək istəmirsən?
Bir anlıq bu işlərinizin çox olan vaxtı heç özünüzdə istəmədən düşünməyə başlayın. Birdən heç tələsdiyim, getdiyim, can atdığım işləri görə bilməyəcəm. Bəlkə birdən öldüm. Qorxmayın, belə düşünün. Çünki siz axı ölü idiniz. Bir neçə il bundan əvvəl, bu uşaqlar üçün 10-20 il əvvəl, böyüklər üçün 50-100 il əvvəl olsun, yox idiniz, heç kimi tanımırdınız, ətrafınızda gördükləriniz və tanıdıqlarınız yox idi. Heç nə idiniz. Heç kim sizi tanımırdı. Ona görə də dayanın, birdən yenə yox olacaqsınız, heç kim sizi yenə tanımayacaq. Hara gedirsiniz? Sizi saxladım ki, sizə bu sualı verim. Hara gedirsiniz? Siz elə düşünməyin ki, bu sualı mən verirəm. Yox. Məndə sizin kimi gedirəm, mənim də çoxlu işlərim var, mən də tələsirəm. Amma mən Allah təalanın əmanət olaraq bizə göndərdiyi Kitabı, Qurani Kərimi oxuyuram, orada uca yaradan danışaraq həm mənə, həm də sizə bu sualı verir: “Elə isə bəs siz hara gedirsiniz?” (ət-Təkvir (Sarınma) surəsi, 26). Sizin xəbəriniz varmı ki, siz bir damcı sudan yaradılmısınız, sonra su halında ana bətninə yerləşdirilmiş, orada müəyyən mərhələlər keçdikdən sonra bu dünyaya gəlmisiniz. Heç özünüzün də xəbəriniz olmadan yedirilib içirilmiş, geyindirilmiş, böyüdülmüş, həyata, insanların içərisinə, cəmiyyətə çıxarılmısınız. Uca Allah buyurur: “- Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız” (əl-Bəqərə, 28). “- Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur!” (Ali İmran surəsi, 6). “- Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!” (ən-Nisa surəsi, 1). “- Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!” (əl-Ənam, 2). “Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli və ya yer üzü), bir də bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik” (əl-Ənam, 98). “Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı” (əl-Əraf, 11), “Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, (böyüyüb yetkinlik hədinə çatanda haqqı inkar, batili iqrar edib qiyamətdə diriləcəyinə inanmayaraq) birdən-birə açıq-aşkar bir düşmən kəsildi” (ən-Nəhl, 4), “Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq” (Taha, 55). “Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər” (əl-Həcc, 5). “Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik). Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur! (Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz! Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!” (əl-Muminun, 12-16), “İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana tərəfdən, ikinci isə bacı, qız tərəfdən olan qohumluqdur)” (əl-Furqan, 54). Bu qədər ayələr hamısı Allahın Kitabındadır. Qurandadır. Hələ çox az hissəsini burada qeyd etdim. Qeyd etdim ki, sizə Qurana dönmənizi xatırladım. Rahatçılıq və zövq almaq yolunu sizə göstərim. Bütün bunlar hamısı Allaha gedən yoldadır. Başqa yollarda zövq, rahatlıq xoşbəxtlik yoxdur. Allaha gedən yolu ona görə tutmalısan ki, sən Allah tərəfindən bu dünyaya gətirilmiş, sənə yazılan qədərə uyğun olaraq yenə də müəyyən müddət yaşadıqdan sonra Allah tərəfinə aparılacaqsan. Bu məsələ sənin əlində olan bir iş deyil ki, tarix boyu bəzi səfehlər kimi özünə ölməmək üçün hansısa qəsrlər qurasan, hansısa qalalarda sığınacaq tapasan, hansısa mumiyalarda bədənini saxladasan. Bu mümkün deyil.
Ona görə də dərk etməlisən ki, sən bu dünyaya böyük və əhəmiyyətli bir iş üçün gətirilmisən. Yerdən çıxan meyvələr sənin qarşına hazır halda hədər yerə qoyulmur. Növbənöv gül-çiçəklər sənin üçün hədər yerə bitirilmir. Yerdən və göydən gələn sular sənə boş yerə verlmir. Sən elə-belə nəsə kiçik bir məsələ üçün yedirilib, içirilmirsən, geydirilmirsən. Sənə bu nemətlər çox-çox böyük bir işi icra etməyin üçün verlir. Bu iş çox ağır, qaldırıla bilinməyən bir iş deyil. Bu iş sənin üstündə çox duraraq əhəmiyyət verəcəyiin ən böyük işdir. Sən bu iş üçün bu dünyaya gətirilmisən. Allaha ibadət etmək üçün. Elə insanlar var ki, deyirlər ki, hə nə olsun, gündə beş dəfə alnını və dizini vur yerə, bundan sənə nə gəlir. Yaxşı işlər görmək lazımdır. Əlbəttə yaxşı işlər görmək üçün bu dünyada yaşayırıq. Allah təala da bizə yaxşı işlər görməyimizi əmr edir. Yaşadığımız cəmiyyətə lazımlı adam olmağı uca Allah bizdən tələb edir. Bununla bərabər Allaha olan borcumuzu da ödəməliyik. Bu məsələni heç vaxt təxirə salmaq olmaz.
Allaha gedən yolu tutmaq üçün bizi yaradan, bizi qoruyan, bizi yedirib-içirən, bizi öldürən, Qiyamət günü bizi yenidən dirildən uca Rəbbimizi tanımalıyıq. Tanımaq üçün elm öyrənməyə başlamalıyıq. Bu elm Allahı öyrənmək elmidir. Yəni, Allahı yaxşı tanımaq, yaxşı dərk etmək, adlarını, uca sifətlərini öyrənməliyik. Onun bizə göndərdiyi peyğəmbərləri və son peyğəmbəri Muhammədin (ona və ailəsinə salam olsun) həyatını oxumalı, onu tanımalı, onu sevməliyik. Bilməliyik ki, uca Allah bizi başlı-başına tərk etməyib. Bizə çox yaxından nəzarət edir. Buna görə də bizə Öz sözünü demək üçün peyğəmbərlər və bütün peyğəmbərlərin xatəmi, sonuncusu Məhəmmədi (ona və ailəsinə salam olsun) xəbərdar edici olaraq göndərib. Kim göndərilən peyğəmbərlərə tabe olsa Cənnətə gedəcək, kim tabe olmasa Cəhənnəmə gedəcəkdir. Cəhənnəmdan uca Allaha pənah aparırıq. Allah təala buyurur: “Həqiqətən, Biz - Firona peyğəmbər göndərdiyimiz kimi – sizə də (qiyamət günü Allahın hüzurunda) şahidlik edəcək peyğəmbər göndərdik. Firon o peyğəmbərə (Musaya) asi oldu və Biz də onu şiddətli əzabla yaxaladıq (həm özünün, həm də onunla birlikdə olanları suda boğduq)” (əl-Muzzəmmil 15). Bizlərdən də kimlərsə Allaha və göndərdiyi Rəsula qarşı gələrsə, Allahın göndərdiyi dini, şəriəti heçə sayarsa və özünü bu işə həsr etməzsə onda onu da eyni aqibət gözləyə bilər. Bu barədə ayələr çoxdur. Bununla kifayətlənək. Dərk edək ki, xoşbəxt olmağımızın yeganə çarəsi Allaha tərəf addım atmaqdır. Allahın və göndərdiyi peyğəmbərin dediklərini etməkdir.
Əkrəm Həsənov (ilahiyyatçı)
Hiç yorum yok:
Yorum Gönder