17 Mayıs 2011

Siğə haramdır-2


Biz keçən yazımıza ümumi olaraq siğə haqqında qısa da olsa məlumat verdik. Qeyd etdik ki, müasir gənclərimiz bu mövzuda aldanır və yetərincə açıq-aşkar dəlilləri görməzlikdən gəlirlər. Heç kimin halalı haram və haramı halal etmək səlahiyyəti yoxdur.
Bu səlahiyyat ancaq Allaha və onun elçisi Məhəmmədə (s.ə.s) aiddir. Ola bilər ki, hansısa bir məsələ bizim xoşumuza gəlsin və biz həmin əməli edək, ancaq nəfsimizə aldanıb heç vaxt iddia edə bilmərik ki, hansısa bir məsələni mən icra edirəmsə demək bu halaldır. Xeyir sənə görə bu halal ola bilər. Amma sən nə bilə bilərsən ki, bu həqiqətən də halal deyil. Bunu ancaq Allah və sonra elçisi Məhəmməd (s.ə.s) bizə bildirə bilər. Biz qeyd etmişdik ki, siğə cahiliyyə nigahlarından olduğu üçün Allahın elçisi bunu birdən-birə haram elan etməmiş, tədricən haram elan etmişdir. Bununla bağlı tutarlı və əsaslı dəlillər vardır. Bu araşdırmamızı sona qədər izləsəniz şahidi olacaqsınız ki, Allahın izni ilə biz burada şiyə mənbələrindən də istifadə edəcəyik. Şiyələrin bu barədə bütün ortaya qoydaqları məlumatları qeyd edəcəyik və yalnış tərəflərini də göstərəcəyik. Allah təala bu xeyir işdə bizə kömək etsin. Amin!
Keçən yazımızda qeyd etdik ki, siğə cahiliyyə dövrünün nigahıdır. Bununla bağlı Allah elçisinin (s.ə.s) möhtərəm xanımları, möminlərin analarından biri olan, islamın yetişdirdiyi ən böyük fəqihçilərdən və bəşəriyyət tarixində elmi səviyyəsi olan Aişə (r.a) bir rəvayətində cahiliyyə dövründə olan dörd cür nigah növünü qeyd etmişdir ki, bunlarında arasında siğə nigahı durur. Bununla bağlı olaraq Buxarinin Səhihində Nigah, Əbu Davudun Hədis Kitabında Talaq bölmələrində rəvayət etdikləri hədislərə baxa bilərsiniz. Biz bununla bağlı Buxaridə haram edilmiş bir çox nigah növlərinə rast gəldik. Onları burada qeyd etmək yerində olar. Bunlardan bizim bildiyimiz, əri olan bir qadını nigahlamaq, dörd qadından artıq qadını nigahlamaq, ögey qızınla nigahlanmaq, iki bacını birlikdə nigahlamaq, siğar nigahı etmək (yəni qızını kiməsə verib, qızını verdiyi kimsədən də qızını almaq, məsələn bir kişi öz qızını dostuna verib və dostunun qızını da alır və arada heç bir mehir və s. verilmir), muta nigahı (siğə nigahı) etmək tamamilə haram edilmişdir. Xüsusiilə bizim mövzumuz olduğu üçün siğə haqqında gələn qadağanla bağlı Buxaridə qeyd edilən bəzi hədisləri nəzərinizə çatdırmaq yerinə düşür. Buxari, ravilərin adını ardıcıllıqla qeyd edərək Həzrəti Əlinin (ə.s) İbn Abbasa belə dediyini rəvayət edir: “Rəsulullah (s.ə.s) Xeybər qəzvəsində (döyüşündə) siğə nigahını və ev eşşəklərinin ətinin yeyilməsini qadağan etdi”. Bu hədisi Həzrəti Əli (ə.s) rəvayət etmişdir. Həzrəti Əlini (ə.s) özünə nümunə götürən şiyə qardaşlarım nə üçün Əliyə itaət etmirsiniz. Halbuki siz özünüz deyirsiniz ki, Həzrəti Əli birinci imam və həmçinin Əbubəkrin yerinə xəlifə olmalı idi. Hanı ona göstərdiyiniz ehtiram və hörmət. Onun Allah rəsulundan (s.ə.s) bizlərə və sizlərə haram etdiyi bir qadağanı niyə halallaşdırırsınız? Dəliliniz nədir? Siz tələsməsəniz sizin də gətirdiyiniz dəlilləri ortaya qoyacağam. Buxari ravilərin zincirini dəqiq apararaq Əbu Cəmrədən rəvayət edir: Mən İbn Abbasdan eşitdim: Ona qadınla siğə nigahı etmək haqqında soruşduqda, o buna icazə verdi. Bunu görən ibn Abbasın bir köləsi İbn Abbasa dedi: “Bu siğə nigahı ancaq qadının ehtiyacının şiddəti və qadınların azlığı və yaxud döyüş vaxtlarına aid deyildirmi?”. İbn Abbas ona: “Bəli, elədir, sən haqlısan” deyə cavab verdi və onun sözünün doğruluğunu təsdiqlədi. Demək şiddətli müharibə vaxtı, qadınların çox olub, kişilərin az olduğu bir vaxt bunun halal olmasını İbn Abbas təsdiq etmişdir. Biz inşallah gələcək yazılarda bununla bağlı qəti qadağanla gəlmiş hədisləri də qeyd edəcəyik. Yenə Buxari ravilərin adlarını qeyd edərək Cabir bin Abdullahdan və Sələmə bintil Əqvadan rəvayət edir ki, onlar dedilər: Biz bir ordunun içərisində idik. Allahın rəsulu (s.ə.s) bizim yanımıza gəldi və dedi: “-Sizə siğə (muta) surətiylə (müvəqqəti bir vaxt üçün) nigaha və evlənməyə icazə verildi. Müvəqqəti bir vaxt üçün evlənə bilərsiniz”. İbn Əbu Zib də belə dedi: Mənə Sələmə ibnul Əqvanın (r.a) oğlu İlyas, atasından, o da Allahın rəsulundan (s.ə.s) rəvayət edib belə dedi: “Hər hansı bir kişi ilə bir qadın sözləşib, müddət təyin etməyərək evlənməkdə qərara gəlsələr, bunların birlikdə yaşamalarının müddəti üç gecədir. Üç gecədən sonra bu cütlər bu müddəti artırmaq istəsələr artırarlar, yaxud ayrılmaq istəsələr, bir-birlərindən ayrılarlar”. Bunu rəvayət edən Sələmə ibnul Əqva (r.a) deyir ki, “Bilmirəm, bu icazə bizə Peyğəmbərin səhabələrinə aiddirmi, yoxsa bu ümmətin bütün müsləmanları da bura şamildirlər?”. Əbu Abdullah əl-Buxari bu hədsiləri qeyd etdikdən sonra deyir ki: “Siğənin hökmünü Həzrəti Əli (ə.s) Məhəmməd peyğəmbərdən rəvayət edərək: Siğə, nəsx edilmişdir” demişdir. Beləliklə siğə sonradan haram edilmişdir. Çox təəssüf ki, bunun haram edilməsi haqqında olan hədis çoxlarına çatmamışdır. İbn Əbu Zibin rəvayəti siğənin tədbiq etmə şəklini göstərməkdədir. Siğə (Muta) nigahı müvəqqəti bir vaxt üçün iki tərəfin qarşılıqlı razılığı ilə müəyyən bir qiymət müqabilində qadını kiralamaqdır. Bu bir nigah deyildir. Çünki, nigah cütlərin bütün həyatı boyu birlikdə yaşamaq üzrə bir ailə yuvası qurmalarıdır. Siğə də isə baxmayaraq ki, iki tərəfin razılğı vardır, amma bu müvəqqəti hal kəsb edir. İslamın zühurundan sonra bəzi döyüşlərdə müsəlmanların zina etmələrinin qarşısını almaq üçün keçici olaraq buna icazə verilmişdir. Sonra Allahın izni və əmri ilə Allah rəsulu tərəfindən tamamilə nəsx olundu, qadağan olundu və haram elan edildi. Bu barədə şiyə alimləri də ixtilaf etmişlər. Bir çox şiyə alimləri Həzrəti Əlidən və digər imamlardan gələn səhih mənbələri əsas götürərək həqiqətən də siğənin nəsx olunduğunu bildirmişlər. Tarix boyu bu nəsxi bir çox şiyələr gizlətmiş və bu barədə həqiqəti ortaya qoymağa çəkinmişlər. Qeyd edək ki, bu gün bütün islam dünyasında yalnız şiyələr bu siğə məsələsinə halal olaraq baxmışlar. Bununla onlar zinanı açıq-aşkar qanuniləşdirmişlər. Çünki bu gün zina edən iki cütlük də öz xoşları və qarşılıqlı razılıqları bir neçə saata cütləşir və bunun üçün gəncləri şiyə mollaları aldadaraq onları zina kimi böyük bir təhlükəyə atırlar. Bu gün bir çox şiyə mollaları gəncləri belə bir yalanla aldadırlar və gənclər deyirlər ki, onlar münasibət qurmaq istədikləri qızı şiyə mollasının yanına apararaq, nə isə müəyyən dualar oxumaqla onları siğə ilə təmin etmiş olur. Guya siğə şəklində onları nigahlayır. Bununla da gənclərin zina etməsini şiyə mollaları onlar üçün halalallaşdırır. Əsasən bir çox tələbə gənclərimiz və dini bilməyən və islamda zəif olan gənc oğlan və qızlar bununla öz həyatlarını və gələcəklərini təhlükəyə atmış olurlar. Allah təala bu cür təhlükələrdən bizim müsəlman gəncləri qorusun. Amin!
İslamın mənimsədiyi əsl həqiqət və halal nigaha bir çox istiqamətlərdən tərs düşən müta (siğə) nigahını Rəsulullah (s.ə.s) birdən-birə qadağan etməmişdir. Bu səbəblə, bu barədə bizə gəlib çıxan bütün hədislərin və xəbərlərin gəliş tarixlərini və ümumiyyətlə nəsx və mənsux haqqında elmi olmayanalar yalnız gələn hədis və xəbərləri zikr edir və sonradan qadağan olunmuş məsələləri qeyd etmirlər. Gənclər bilməlidirlər ki, islam bütün qayda və qanunlarda tədricilik yolunu tutmuşdur. İslam gələndan sonra birdən birə haram halal və ya halalı haram etməmişdir. Allah və onun Rəsulu da birdən birə cahiliyyə adətlərinə qadağa qoymamışlar. Bütün haram və xətalı işlər tədricən nizamlanmışdır. Qurani Kərim 23 il ərzində və tədricən nazil olmuşdur. Şərab tədricən haram edilmiş, donuz əti, fal oxları, digər bütün məsələlər hamısı tədricən qadağan olunmuşdur. Haram olan siğə də birdən-birə yox tədricən haram edilmiş və Allah rəsulu artıq siğəni Qiyamətə qədər haram elan etmişdir. Peyğəmbərin (s.ə.s) vaxtında icazəli olan siğə haqqında kifayət qədər hədislər vardır. İbnu Məsuddan gələn bir rəvayət belədir: "Biz, Rəsulullahla (s.ə.s) döyüşə çıxmışdıq. Yanımızda qadın yox idi. “Tənasülümüzü burdurub qadınlaşsaq olmazmı?” dedik [İbn Hibban səhihində deyir ki, onlar belə dedikləri vaxt artıq siğa haram elan edilmişdi]. Bunu etməyi bizə qadağan etdi. Lakin bir geyəcək (kimi sadə ödəniş) qarşılığında, qadınlarla bir müddət üçün nigah etməmizə icazə verdi”. Abdullah İbnu Məsud (fikirinə dəlil olaraq) bu ayəti oxudu. (Tərcümə olaraq): “Ey iman edənlər! Allahın sizə halal etdiyi təmiz və gözəl şeyləri özünüzə haram edib də həddinizi aşmayın. Həddini aşanları Allah əlbəttə sevməz” (Maidə 87). Dərhal ifadə edək ki, Müslim, hədisin bir başqa vəchində, ayətlə dəlil gətirmə işini İbnu Məsudun etmiş olmasının açıq olmadığını yazır. Bu vəziyyətdə ayəti oxuma işi ona deyil, ondan sonra gələn bir raviyə aiddir. Bu hədisdə İbnu Məsudun, siğəyə (muta) nigahına sənəd verdiyi anlaşılmaqdadır. Sənəd ifadə edən digər rəvayət sahibləri haqqında deyildiyi kimi, İbnu Məsud üçün də: “Rəsulullahın qadağasını eşitməmiş ola bilər” şərhi edilmişdir. Ancaq: İbnu Məsud, bu rəvayəti siğənin (mutanın) nesx edildiyini eşitməzdən əvvəl etmiş ola bilər” demək daha doğru olacaq. Çünki Beyhaqi İbn Məsudun "Muta (siğə) mənsuxdur, onu İslamın gətirdiyi, boşanma, mehir iddət və miras kimi hökmlər nəsx etmişdir” dediyini yazır. İbnu Abbasın bu məsələdəki yeri daha diqqət çəkicidir. Bəzi rəvayətlər, onun muta nigahına (siğəyə) fətva verdiyini, buna görə Hz. Əlinin ona sərt çıxdığını və: “Sən xəta edənə bənzəyirsən. Allahın elçisi (s.ə.s) qadınlarla siğə etməyi qadağan etdi” dediyini rəvayət edir. Beyhaqinin bir rəvayəti bir ara İbn Abbasın bu məsələdəki fətvalarıyla sadəcə Həzrəti Əlinin deyil, elm əhlinin tərzini də üzərinə çəkdiyini, ancaq onun bu məsələdəki fikrində dayandığını, belə ki, bəzi şairlərin şerlərinə belə hədəf olduğu bildirilir. Belə ki, sonda İbn Abbas da rəyindən geri dönmüşdür. Tirmizi deyir ki, “...Sonra İbn Abbas fətvasından, siğənin Allah elçisi (s.ə.s) tərəfindən haram edildiyi özünə xəbər verilincə geri dönmüşdür”. Necə ki, İbn Abbas nəsxdən xəbərdar olub siğə haqqında demişdir: “Siğə, leş və donuz əti kimi haramdır”.
İbnu Abbasın (r.a)  məşhur olan fətvasının mahiyyəti haqqında Xattabinin Səid İbnu Cübeyrdən yazdığı bir rəvayəti yazmaqda fayda ümid edirik: "Səid İbnu Cübeyr rəvayət edir: “İbni Abbasa dedim ki: “Sən nə etdiyini, nəyə fətva verdiyini bilirsənmi?” Səid İbnu Cübeyr, haqqında yazılan şeri oxuyaraq fətvasının necə istismar edildiyini göstərir. Şeiri eşidən İbnu Abbas bu cür dedi: “İnna lilləhi və inna ileyhi raciun! Allaha and olsun, mən bu məqsədlə fətva vermədim və bunu heç ağılımdan keçirmədim. Mən, (siğə nigahını), Allahın leşi, qanı və donuz ətini halal etdiyi şərtlərdə halal etdim [Yəni necə ki, Allah təala məcbur qaldıqda və həddini aşmadan donuz ətindən, leşdən yeməyə icazə vermişdir]. Siğə yalnız məcbur vəziyyətdə olanlara halal idi. O eynilə leş, qan və donuz əti kimi (haram)dır”. Bu rəvayəti yazan Hattabi, İbnu Abbasın sözündən çıxa biləcək “Zərurət halında, eynilə leş, qan və donuz ətini yemək necə caiz olduğu kimi muta (siğə) etmək də məcbur olduqda caiz ola bilər hökmünün səhvini ifadə edər. Ona görə səhv iki nöqtədən irəli gəlir:
1) Bu hökmə gedərkən nassa dözülməz, müqayisəyə gedilmiş olar. (Halbuki nassın yəni Rəsulullahdan açıq hökmün olduğu yerdə müqayisəyə  yer verilməz. Muta (Siğə) nigahını qadağan edən nass mövcuddur.)
2) Mutanın (Siğənin) qida barəsində məcbur qalınana bənzədilməsi də səhvdir. Çünki qida tapa bilməyən kimsə həyati təhlükədədir, ölməmək üçün haram yeməsinə icazə verilmişdir. Halbuki muta (siğə) məsələsi şəhvətin qələbəsi ilə əlaqədardır. Burada adam, həyati təhlükə ilə qarşılaşmayacağı üçün məcbur sayılmaz. Şəhvətə səbr etmək mümkündür. Ayrıca şəhvət, oruc və dərman yoluyla da qırıla bilər. Elə isə “qida” və “şəhvət” zərurət olmadan eyni dəyərdə deyildirlər, başqa sözlə hökmləri də fərqlidir. Qənaətimizə görə İbnu Abbasın fətvası, Xattabinin dediyi kimi “uzun qürbət”, “ehtiyac” və “kasıblıq” səbəblərinə bağlı deyil. Nass (Quran və Sünnə) olduğu zaman müqayisə yoluyla fətvaya gedilməyəcəyini İbn Abbas (r.a) hər kəsdən yaxşı bilməkdədir. Fətva alimlərin ittifaqla ifadə etdiyi kimi, bu məsələdəki nasslardan xəbərdar olmama səbəbinə söykənməkdədir. İbnu Abbas kimi uca bir səhabə hədisi eşitməmiş ola bilərmi? - deyə ediləcək bir etiraza dərhal cavab verək: “Bu çox təbii və Həzrəti Əbu Bəkr, Həzrəti Ömər (r.a) kimi - həm də ilklər arasında iştirak edən - digər böyüklərdə də tez-tez rast gəlinən bir vəziyyətdir”. Bu mövzudakı qadağan edici hədislərə bağlı olduğu dövrə aid olduğu aydın olan bir başqa rəvayətdə İbnu Abbas belə demişdir: "Muta nigahı (siğə) İslamın başlanğıcında caiz idi. Adam (ticarət malıyla) tanıdığı bir adamı tapa bilməyən uzaq bir diyara gedərkən, orada qalacağını təxmin etdiyi müddət üçün bir qadınla muta nigahı ilə evlənərdi. Qadın da onun əşyalarını o müddət içində mühafizə edər, məsələsini islah edərdi. Bu hal, bu ayətin nüzuluna qədər davam etdi (Tərcümə olaraq): “Ancaq xanımlara və nökərlərinə qarşı müstəsna, bunlarla olan yaxınlıqlarından ötəri qınanmazlar....” (Mearic 30; Mu'minun 6). İbnu Abbas davamla deyir ki: “Bu ikisi xaricindəki bütün fərclər (orqanlar) haramdır".  İbnu Abbasın, ayətdən hərəkətlə muta nigahı ilə alınan qadının zövcə sayıla bilməyəcəyinə hökm etdiyi ifadə olunmuşdur. Çünki ayədə yalnız arvadlarla milk-i and deyilən kölə qadınlar halal hesab edilməkdədir.
Bu raşdırmada Tahavi və İbn Həcərin Fəthu-l Bari əsərindən istifadə olunmuşdur. Hədisləri isə məşhur və səhih hədis kitablarından qeyd etmişik. Materialı hazırlayarkən isə əsasən “Kutubu Sittə” adlı kitabdan geniş istifadə olunmuşdur. Bu barədəki araşdırmamızı Allahın köməyi ilə ortaya qoyacağıq. Həmçinin yuxarıdan bu yerə qədər bizə çox şey məlum oldu. Əsasən bunu bir daha bildik ki, hətta ən məşhur və böyük səhabələrdən bir çoxu belə siğənin haram olması haqqında qəti xəbəri eşitməmiş və Həzrəti Əli (ə.s) kimi böyük səhabələr xəbər verdikdən sonra təsdiqləmişlər. Allah bizim bütün gənclərimizi doğru yola müvəffəq etsin. Amin.
Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder