Müasir gənclərimiz tərəfindən siğə evliliyi böyük bir problem və ixtilaflı məsələ olduğu üçün bu mövzu üzərində daha çox dayanmaq lazımdır. Çox təssüf edirik ki, bir çox gənclərimiz bu məsələdə aldanır və digər gənclərimiz də doğru yoldan sapdıraraq böyük təhlükələrə salırlar.
Ona görə də bu məsələ ətrafında araşdırılma uzun getməlidir. Siğəyə türk dilində və bir çox islam qaynaqlarında “Mutə nigahı” adı verilir. Siğə islamdan əvvəl Ərəbistanda olan zina növlərindən biridir. Ona görə də Allahın elçisi bu məşhur və qeyri-qanuni nigah növünü birdən qadağa etməmiş, tədricən qadağa etmişdir, hətta bir aralar bu cür nigahın kəsilməsinə icazə də vermişdir. Bundan sonra Məkkənin Fəthi vaxtı tamamilə haram etmiş və bu cür fasiq əməli qadağan etmiş, qiyamətə qədər haram olduğunu bildirmişdir. Bu sözləri biz siğənin halal olduğunu iddia edən yalançılar kimi dəlil və sübutsuz demirik. Biz həm Əhli Sünnə və Camaat və həm də Şiyə qaynaqlarına baxsaq və ədalətli olsaq hər şeyin açıq-aşkar ortada olduğunu bilərik. Əlbəttə Allah elçisinin siğəni haram etdiyini eşitməmiş olanlar arasında siğəni halal bilənlərin də olması sonralar da Həzrəti Peyğəmbərimizin (s.ə.s) vəfatından sonra da bu məsələnin ixtilaflı olmasına gətirib çıxarmışdır. Belə olduqda Həzrəti Ömər (r.a) Allah elçisinin bu qadağasını bilməyənlərə eşitdirmiş və hakimiyyətində bunu tamamilə haram etmişdir. Ümumiyyətlə, bu gün ona görə də bəzi şiyə gənclərimiz bu məsələnin peyğəmbərin yox, Ömərin (r.a) haram etdiyini iddia edirlər. Halbuki onlar açıq-aşkar üzərlərinə ağır yük götürmüş olurlar. Həzrəti Ömər bunu tamamilə qadağa edəndən sonra səhabələr onunla razılaşmış və bütün sələf-i salehin bu qadağaya riayət etmişlər. Şiyələrdən bir qrup Həzrəti Ömərə (r.a) qarşı açıq-aşkar düşmənçiliyi ilə irəli gedərək, ona qarşı olan kin küdurətləri səbəbi ilə də siğə məsələsini halal hesab etmiş və siğənin halal olduğu barədə uydurma və zəif hədisləri dəlil gətirmiş və bu gündə bu haram əməlin halalığı barədə bilmədən gənclərimizi çaşdırmaqdadırlar. Siğəni Həzrəti Ömərin (r.a) acığına nəinki halal elan etmiş, üstəlik bu məsələni vacib ibadət halına gətirmiş və şiyəliyin əsas hissəsi kimi qeyd etmişlər. Tarix boyu şiyələr bu məsələdə obyektiv bir dəlil-sübuta dayanmamış, hissiyyata və şəhvətə qapılaraq, əsassız təvillərə gətirib bu cür yaramaz və haram əməli halallaşdırmışlar. Ağıllı və tədbirli gənclərimiz məsələni qaynaqlara baxaraq dəyərləndirməlidirlər. Dinin son dərəcə həssas olduğu qadın-kişi münasibətlərində səhlənkar yanaşmaq və edilən günahın şiddətinin nə dərəcədə olduğunu unutmamaq lazımdır.
Siğə məsələsindən əvvəl islamda nigahla bağlı məsələləri bilməliyik. Bu mövzu böyük olduğu üçün biz əsas məsələləri qeyd edəcəyik. Biz çalışacağıq ki, mövzudan yayınmayaq. Amma əvvəlcə islama görə nigahın nə olduğu haqqında qısa məlumat vermək lazımdır. Nigah halal yolla və şəriətin bildirdiyi kimi müsəlman kişinin, şəriətin bildirdiyi tərzdə bir qadınla birləşməsidir. Allah təala bu birləşmənin halal yolla olduğunu bizə bildirmişdir. Bir halal evlilikdə qadını mirasla almaq şərti vardır. Amma siğədə miras yoxdur. Siğə əslində mirassız bir nigahdır ki, bu da fəsaddır. Allahın rəsulu siğə ilə bağlı belə bir söz demişdir: “Qadınlarla siğə etmək haramdır. Mən Allaha düşmənçilikdə, Allahın haramlarını halal bilən və qatilindən başqasını öldürəndən daha zalım birini tanımıram”(Şiyə qaynağı: el-Müttaki el-Hindî, Kenzu'l-Ummâl, 16, 328.).
Evlənmə hadisəsinin bir də ictimai tərəfi vardır. Hər şeydən əvvəl kişi və qadın, ailələri, qohumları arasında qırılmaz bir bağ olur. Bundan başqa ata-analar üçün bu uzun illər zəhmət çəkərək boya-başa çatdırıb yetişdirdikləri övladlarının xoşbəxtçiliyini görmək, onların övladlarını görüb nəvə-nəticə sahibi olmaq onlar üçün dünyanın ən böyük sevinc paylarıdır. Bu səbəbdən də məsələyə məhz Rəbbimiz Allah Təala, Quranda yer verərək, yuxarıda qeyd etdiyimiz kimi qadınların “ailələrinin icazəsi ilə” nigahlanmlarını əmr etmişdir. Bir hədisdə peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Valideynlərinin icazəsi olmadan evlənən qadının nigahı batildir...” (Abdurrəzzaq, Müsənnəf). Hədis, Muhallada: “Qadın, valideyninin icazəsi olmadan evlənə bilməz. Əgər valideyinsiz evlənərsə nigahı batildir, nigahı batildir...” (İbnu Hazm, Muhalla 11, 24; İbnu Mace, Nikah 15.) kimi qeyd edilmişdir. Bir çox rəvayətlərdə valideynsiz olaraq nigah kəsənlərə ən şiddətli qarşı gələnin Həzrəti Əlinin (r.a) olduğu bildirilmişdir. Abdullah ibn Abbasın valideynsiz nigah kəsənləri fahişə adlandırdığı rəvayət olunmuşdur. Məhəmməd peyğəmbərimizin bəzi hədislərində də “Vəli (valideyn) və iki şahid olmadan nigahın səhih-doğru olmayacağı” ifadə edilmişdir (Daraqutni, Abdurrəzzaq). Biz də bu gün bilirik ki, siğə zamanı nə valideynlər olur, nə də şahidlər. Təbii ki, nigahdan sonra dəf çalınması, nigah ziyafətinin verilməsi, şahidlərin çağırılması və s. məsələlər şəriətdə bildirilmişdir. Ailə qurmaq haqqında və haal evlilik haqqında araşdırmalar aparılmış və ciddi olaraq bütün məsələlər ortaya qoyulmuşdur. Evlilik barədə qısa qeyd etdikdən sonra siğə məsələsinə keçək. Belə ki, siğə haqqında əvvəlcə alimlərin söz və fikirlərinə nəzər salaq:
“Nigah şəhvətin dəf edilməsi üçün deyil, ancaq nigahla çatıla bilən başqa məqsədlər üçün halal edilmişdir. Siğədə isə şəhvət əsas rol oynayır. Evlilikdə olan məqsədlər həyata keçmir. Ona görə də evlilik halal, siğə isə haramdır” (Qasani).
Siğə (Muta) söz olaraq ərəb-dilində hələ də istifadə olunan təməttu kəliməsiylə eyni kökdən gəlir. Təməttu faydalanmaq, xeyir əldə etmək deməkdir. Muta nigahı (siğə), məlum və ya məchul bir müddət üçün edilən nigahdır. Bu nigahda normal nigahda mövcud olan uşaq sahibi olmaq, ünsiyyət, vərasət kimi digər məqsədlər yoxdur. Tək məqsəd təməttu, yəni istifadə olduğu üçün muta (siğə) deyilmişdir. Siğə haqqında bir çox alimlər öz fikirlərini bildirərək evliliyin məqbul və halal, siğənin isə haram olduğunu ortaya qoymuşlar.
Siğə haqqında danışmazdan əvvəl siğəylə bağlı bəzi qeydləri bildirək:
- Siğə cahiliyyə dövrünün nigahıdır
- Həzrəti Məhəmməd (s.ə.s) ilk əvvəllər qadağan etməmiş, sonralar tamamilə qadağan etmişdir.
- Qadağan hamı tərəfindən eşidilməmişdir. Çoxları qadağan olunduğunu bilmirdilər.
- Həzrəti Ömərin (r.a) vaxtında qadağan tamamilə təmin edilmişdir.
- Qadağana bütün müsəlman icma razılıq vermişdilər.
- Şiyənin bu məsələdə mövqeyi yalnışdır.
Həzrəti Məhəmməd peyğəmbərimiz (s.ə.s) peyğəmbərliyinin ilk illərində siğəni haram etməmişdir. Çünki birdən birə bunu haram etsəydi bir çoxlarına bu məsələ ağır gələrdi. Biz bilirik ki, islamda belə məsələlər çox olub ki, Allah təala və Onun elçisi (s.ə.s) birdən-birə yox, hansısa haram bir əmələ tədricən sərhəd qoymağa başlayıblar. Bu barədə əlimizdə kifayət qədər tutarlı dəlillər var. İnşallah bu dəlilləri araşdırmamızın gedişində sizlərə çatdırarıq. Siğənin islamın ilk illərində halal olması haqqında saysız-hesabsız hədislər vardır. Bu hədisləri heç bir hədis alimi nə danıb, nə də gizlədib. Bizdə danmır bə gizləmirik. Allahın izni ilə bu hədisləri hazırlayıb gənclərimizə çatdıracağıq. Gələcək araşdırmamızda inşallah siğənin harada və necə haram olduğu haqqında araşdırmamızı davam etdirəcəyik. Yazılarımızı izləyin.
Əkrəm Həsənov (İlahiyyatçı)
Hiç yorum yok:
Yorum Gönder