17 Mayıs 2011

Qeybət dilin törətdiyi fəsaddır


Dil bizə verilən nemətlərdən biridir. Biz verilən nemətlərə qarşı bəzən unutqanlıq edərək, əhəmiyyət verməyərək, yaxud da səhlənkar yanaşaraq həddini aşırıq. Bizim xoşbəxt olmağımız, rahat olmağımız, nemət içində olmağımız öz əlimizdədir. Əlbəttə buna nail olmaq üçün bizə Allahın köməyi lazımdır.
Əgər Allahın köməyi olmasa biz hansısa nemətə, hansısa rahatlığa, hansısa xoşbəxtliyə nail ola bilmərik. Allah təalanın bizə ən böyük köməyi elə odur ki, bu nemətləri bizə verib. Bizdə bu nemətlərin mövcudluğunu qoruyub saxlayıb və bizi əcəl vaxtımıza qədər hər cür təhlükələrdən qoruyub. Əlbəttə bununla mən verilən nemətləri sərhədləndirmirəm. Çünki bizi yaradan Allah təala bizə buyurmuşdur: “(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-nemət olar) (1. İbrahim surəsi, 34). Başqa bir ayədə Allah təala buyurur: “- Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (1. Ən-Nəhl surəsi, 18). Bundan başqa Rəhman surəsini əvvəldən sona qədər oxuduqda orada da bizə verilən nemətlərin çox olduğu, sərhəddinin olmadığı bildirilir. Məhz buna görə də mən qeyd edirəm ki, verilən nemətləri sərhədləndirmək yox, neməti Allahın razı qaldığı kimi və Allahın razı qaldığı işlərdə işlətmək lazımdır. Bizim özümüzün əldə edə bilmədiyimiz, bizə uca Allahın verdiyi bu saysız-hesabsız nemətlərin içərisində ən əhəmyyətlisi dil nemətidir. Allah təala bizə verdiyi dil haqqında bizə belə demişdir: “Məgər o heç kəsin onu görmədiyini güman edir?! Məgər Biz ona iki göz vermədikmi?! Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükür etmədi)” (1. əl-Bələd, 7-11). Bununla da bizə verilən bu dil bizə elə-belə verilməmişdir. Biz bu dilimzi əsasən danışığımızda çox işlədirik. Nə gəldi danışır, kiminsə haqqında bilmədiyimizi danışır, hansısa şəxsin xoşuna gəlməyən sözlər danışmaqla onun qeybətini etmiş oluruq. Biz bütün davranışlarımızı, danışıqlarımızı, əxlaqımızı “Adəm oğullarının ən seçkini, bu ümmətin müəllimi, sözləri, tərbiyəsi və yol göstərməsi ilə məclisin daima başında dayanan” (2) Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) bizə öyrətdiyi kimi həyata keçirib yaşamalıyıq. O peyğəmbərin ki, əgər özü danışmaqda olan biri olduqda onu dinləyər, qeybət edilməsini qəbul etməz, söz gəzdirməyə və ya hər hanısa iftiraya razı olmazdı. Buna görə də onun başqalarının şərəfini və şəxsiyyətini qoruyub müdafiə etdiyini görürük. İtban bin Malik (Allah ondan razı olsun) belə demişdir: Peyğəmbər (ona, ailəsinə və səhabələrinə salam olsun) namaza qalxmaq istədi: “Malik bin əd-Duhşum haradadır?” deyə soruşdu. Bir adam: “O, Allahı və peyğəmbərini sevməyən bir münafiqdir”, dedi. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə salam olsun) buyurdu: “Xeyr, belə demə! Onun Allahın razılığını ümid edərək Lə İləhə İlləllah dediyini görmürsənmi? Şübhəsiz ki, Allah təala Öz razılığını axtararaq (ümid edərək) Lə İləhə İllallah deyənə cəhənnəm odunu haram etmişdir” (Buxari və Müslim). Möminlərin anası Aişəyə (Allah ondan razı olsun) olan sevgisinə baxmayaraq onun qeybət etməsini böyük narazılıqla qarşılamış və ona qeybətin nə qədər böyük bir təhlükə olduğunu bildirmişdir. Həmin hadisəni Aişə (Allah ondan razı olsun) belə danışır: “Mən Peyğəmbərə (ona və ailəsinə salam olsun) dedim: “Safiyyənin filan, filan qüsurları və hətta boyunun qısalığı sənə bəs edər”. O dedi: “Artıq elə bir söz dedin ki, əgər o söz dəniz suyuna qarışdırılsaydı onu tamamilə əhatə edərdi”. Aişə (Allah ondan razı olsun) dedi: “Mən ona bir insandan danışmışdım, o demişdi: “Mən bir adamdan danışmağı və bu, bu mənimdir deməyi sevmirəm” (Əbu Davud, Tirmizi). Yenə başqa bir hədisdə Aişə (Allah ondan razı olsun) dedi: “Həqiqətən də mən bir adamdan (onun arxasınca) danışmağı və mənim bu bu şeylərim vardır deməsini sevmirəm. Başqa ləfizdə “Həqiqətən də mən kiminsə haqqında danışmağı və bu bu şeylər mənimdir deməyi sevmirəm”. Hədisin şərhində deyilir ki, İnsanlar öz üstünlüklərini başqalarının nöqsanlarıyla müqayisə etmək surəti ilə bildirmək istəyərlər. Öz yaxşılığını bildirmək üçün başqalarından bəhs etmək qeybətdir (Hədisi Tirmizi rəvayət etmişdir). Ənəs ibn Malik dedi: “Məhəmməd peyğəmbər (ona və ailəsinə salam olsun) buyurdu: “Mən meraca çıxarılanda bir tayfaya rast gəldim. Onların misdən dırnaqları var idi. Üzlərini və sinələrini cırmaqlayırdılar. Mən dedim: “Bunlar kimdir, ya Cəbrayıl! O dedi: “Bunlar o kəslərdir ki, insanların ətlərini yeyirlər və namuslarına (ın arxasınca düşürlər) toxunurlar” (Əbu Davud rəvayət edib). Məhəmməd peyğəmbər (ona və ailəsinə salam olsun) qardaşlarının namusunu, şərəfini və şəxsiyyətini qoruyan kimsələrə müjdə verərək buyurur ki, “Hər kim qeybəti edilən qardaşının şərəf və şəxsiyyətini müdafiə edərək qoruyarsa, o şəxsi Cəhənnəm odundan azad etmək Allahın üzərinə bir haqq olar” (3. Əhməd). “Müsəlmanların qeybətini etmək və onların əleyhində danışmaq bir çox məclisin əyləncəsi olmuşdur. Halbuki Allah təala bu davranışı qadağan etmiş, qullarına ondan nifrət etmələrini bildirmiş və nəfislərin iyrəndiyi çirkin bir miisalla onu bizə örnək vermişdir. Allah təala buyurur: “Biriniz digərinizin arxasında danışmasın, sizdən biriniz ölmüş qardaşınızın ətini yeməyə razı olarmı? (1. Hucurat 12). Əbu Hüreyrədən (Allah ondan razı olsun) Rəsulullah (ona və ailəsinə salam olsun) belə dedi: “Siz bilirsinizmi qeybət nədir?”. Səhabələr dedilər ki, “Allah və Rəsulu daha yaxşı bilir”. Peyğəmbər (ona və ailəsinə salam olsun) dedi: “Qardaşından onun xoşuna gəlməyən bir sözü deməkdir”. Birisi dedi: “Əgər o dediyim şey qardaşımda varsa nə deyim?” Peyğəmbər (ona və ailəsinə salam olsun) dedi: “Əgər dediyin onda varsa artıq qeybət etmisən və əgər onda yoxdursa artıq ona böhtan demisən” (Müslim rəvayət edib). Aişə (Allah ondan razı olsun) dedi: “Peyğəmbər (ona və aləsinə salam olsun) belə buyurdu: “Dostunuz (yoldaşınız) öldüyü vaxt ona dua edin və onun arxasınca danışmayın (qeybətini etməyin)” (Əbu Davud və Müslim). Abdullah (Allah ondan razı olsun) Peyğəmbərdən (ona və ailəsinə salam olsun) rəvayət etdi ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) dedi: “Mənə səhabələrimdən biri o birisindən bir şey çatdırmasın. Mən sizin qarşınıza sağlam bir qəlblə çıxmağı sevirəm” (Əbu Davud, Tirmizi). Ənəs dedi: “Peyğəmbər (ona və ailəsinə salam olsun) dedi: “Kimin yanında qardaşının qeybəti edilərsə, gücü çatarsa ona kömək etsin, ona kömək etsə Allah dünya və axirətdə ona kömək edər və əgər ona kömək etməsə onun günahı dünya və axirətdə ona çatar” (ravi, Əbu Şeyx “Tövbih” kitabında rəvayət edib). Əbu Bərzə əl-Əsləmi (Allah ondan razı olsun) dedi: “Allahın Rəsulu (ona və aləsinə salam olsun) dedi: “Ey dili ilə iman etmiş və hələ iman qəlblərinə daxil olmayan kəslər! Müsəlmanların qeybətini etməyin və onların eyiblərinin dalınca düşməyin. Kim onların eyiblərinin dalınca düşərsə Allah onun eyiblərini üzə çıxarar. Allah bir kmsənin eyibini üzə çıxararsa onu evində rüsvay edər” (Əbu Davud). İbn Abbas dedi: “Allahın Rəsulu (ona və ailəsinə salam olsun) iki qəbrin yanından keçdi və dedi: “Həqiqətən də onların hər ikisinə əzab olunur. Hər ikisinin əzabı böyük bir günah içində olduqları üçün deyil. Birisinə gəlincə o bövüldən çəkinməzdi (kiçik ayaqyolunda yaxşı təmizlənməzdi). Digəri isə söz gəzdirərdi (nəmmamlıq edərdi)”. Sonra bir yaş xurma budağı istədi. Onu iki yerə böldü. Birini bir qəbirə, digərini isə o biri qəbirə qoydu. Sonra dedi: “Ola bilsin ki, onların əzabı bunlar quruyana qədər yüngülləşər” (Buxari rəvayət edib). Qeybətdən və kiçk ayaqyolu zamanı sidik sıçramasından qorunmamaöın böyük günah sayılması, insanların çoxunun buna fikir verməməlrinə görədir. Yaş ağacın əzabı yüngülləşdirməsnn səbəbi Qurani Kərimdə buyrulduğu kimi hər şeyin Allahı təsbeh (tərif, zikr) etməsi səbəbi ilədir. Bəzi hallarda qeybət etmək olarmı? Cündub (Allah ondan razı olsun) dedi: “Bir çöl ərəbi gəldi, dişi dəvəsini çökdürdü, sonra məscidə daxil oldu. Ardınca Allah Rəsulunun (ona və ailəsinə salam olsun) arxasında namaz qıldı. Rəsulullah (ona və ailəsinə salam olsun) salam verdikdə dəvəsinin yanına gəlib onu açdı və mindi. Sonra uca səslə dedi: “Ey Allahım! Mənə və Məhəmmədə rəhmət elə (mərhəmət elə), bizə olan rəhmətinə heç kimi şərik etmə”. Allahın Rəsulu buyurdu: “Mənə deyə bilərsinizmi o daha çox zəlalətdədir, yoxsa dəvəsi? Eşitmədinizmi nə dediyini?” Dedilər: “Bəli, eşitdik” (Buxari, Müslm, Əbu Davud, Tirmizi, İbn Macə). Bu hədisin şərhində deyilmişdir: Geniş və hər şeyi əhatə edən Allahın mərhəmətini daraldan bu adamı Peyğəmbər (ona və ailəsinə salam olsun) heyvandan da aşağı səviyyəyə salmaqla bu kimi insanların qeybətini etməyin doğru olduğunu bizə göstərmişdir. Allah təala bizi qeybət etməkdən qorusun. Amin! Müvəffəqiyyət, doğruluq, yaxşılıq və uğur qazanmaq Allahdandır. Xətalar məndən və şeytandandır.


1.     Qurani Kərim, (Tərcümə edənlər: Vasim Məmmədəliyev və Ziya Bünyadov) Elektron versiya.
2.     Abdülmelik el-Kasım, “Peygamber (sav) evinde bir gün”, Guraba yayınları, (trkc.cev. M. Beşir Eryarsoy), İstanbul 2003.


Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder