Mərhəmətli və Rəhimli Allahın adı ilə. Allah təala bizi yaratdı və bizi öz başına tərk etmədi. Bizim üzərimizdə yaxından kömək edib, möhkəm dayanaraq müxtəlif səbəbləri yaradıb bizi qorudu, bizə ata-anamız vasitəsi ilə, qohumlar, ətrafımızda olan digər bəndələri vasitəsi ilə bizə kömək etdi. Bizi körpəlikdən bu yaşımıza çatana qədər və bundan sonra əcəl vaxtımıza qədər müxtəlif nemətlərlə və müxtəlif imtahanlarla sınaqdan keçirdi.
Bizi öz başımıza və öz nəfsimizlə baş-başa buraxmadı. Biz insanlara peyğəmbərlər göndərdi. Bizə bilmədiklərimizi öyrətdi. Allah təalanın yanında ən böyük, ən hörmətli, ən etibarlı, ən əmin mələklərdən böyüyü olan Cəbraili (ona salam olsun) dinimizi bizə öyrətmək üçün bizim peyğəmbərimizin (ona və ailəsinə salam olsun) yanına göndərdi. Allah təala ən etibarlı, ən hörmətli və ən böyük mələyi olan Cəbrail (ona salam olsun) vasitəsi ilə bizə “İslam”, “İman” və “Ehsan” sözlərini, bu sözlərin əhatə etdiyi böyük mənaları və bunlardan hər birini ətraflı olaraq bizə öyrətdi. Dinin əsaslarının hamıısnı cəm edən bu üç sözü öyrədən Cəbrail haqqında Allahın Rəsulu (ona və ailəsinə salam olsun) yanındakı səhabələrə dedi ki: “Bu Cəbraildir. Sizin dininizi sizə öyrətmək üçün gəlib”. Allah təala bu böyük işi, bu əzəmətli mələyi elə-belə bizə göndərmədi. Dini məsələləri adi hesab edən, dini söhbətlərdən sıxılan, dini camaatı kiçik hesab edən, dini təhsilə əhəmiyyət verməyən, dini ayinlərin icrasının qarşısını kəsən, dini əmrləri yerinə yetirməyə qadağa qoymağı özünə fəxr bilən Allahın nütəfədən, dəyərsiz bir sudan yaratdığı insan sən bu böyük və əzəmətli işin qarşısını heç bir sözünlə, heç bir əməlinlə, heç bir maneçilyinlə ala bilməzsən. Çünki bu işi icra etmək üçün uca və böyük Allah ən böyük mələyi göndərmiş, həmçinin kamil olaraq dini Qiyamətə qədər gələn qullarına çatdırmışdır. Cəbrailin gəlib dini öyrətməsi hadisəsi olmuş bir hadisədir. Bu nağıl deyil, uydurma deyil, şişirdilmiş bir hadisə deyil, mollaların yas məclislərində danışdığı əfsanəvi və qeyri-real hadisə deyil. Doğrudan da olmuş və baş vermiş bir hadisədir. Bu bir hədisdir. Hədis Allah təalanın bizə xəbər verdiyi, bizə bildirdiyi, bizə öyrətdiyi vəhy növlərindən biridir. Əgər bu cür səhih hədisləri Allahın elçisi bizə çatdırmasaydı əlbəttə biz özünü tanımayan, heç yerdə yeri olmayan, ümumiyyətlə heç bu həyatda adı-sanı olmayan insanlar olardıq, daha doğrusunu desək, əgər hədislər olmasaydı heç bizdə olmazdıq. Hədislər doğrudan da çox diqqət etməli olduğumuz və əhəmiyyət verməli olduğumuz ən böyük mövzulardan biridir. Ona görə də əsas mənbəmiz olan dinimizi çox dolğun şəkildə öyrənmək üçün bütün alimlərin icması ilə deyə bilərəm ki, hədislər də vəhy sayılır. Çünki hədislər olmasa biz Allahın Kitabı olan mübarək Quranı anlaya bilməz, orada bizə olan Rəbbimizin əmrlərini başa düşməzdik. Məhz əsas qayəmiz olan dinimizi də bizə öyrədən ən mötəbər və məşhur hədislərdən də biri Cəbrail hədisidir. Məşhur və mötəbər Cəbrail hədisini Allah Rəsulunun (ona və ailəsinə salam olsun) yanında olan ən etibarlı dostlarından, yaxınlarından və səhabələrindən olan Ömər bin əl-Xəttab, onun oğlu Abdullah, Əbu Hüreyrə, Əbu Zərr, Abdullah ibn Abbas, Əbu Amir əl-Əşari və başqaları (Allah onların hamısından razı olsun) rəvayət etmişlər. Biz bu kiçik araşdırmamızda yalnız Ömər bin əl-Xəttabın (Allah ondan razı olsun) rəvayəti ilə kifayətlənmək istəyirik. Əgər maraqlı olarsa Allahın izni ilə bu barədə daha geniş araşdırma apararıq. Beləliklə Ömər bin əl-Xəttabın hədisini Müslim öz “Səhih”ində gətirmişdir. Mən burada Ömər ibn Xəttaba qədər olan hissəni hələlik qeyd etmirəm. Birbaşa Ömər bin Xəttabın üzərində dayanıram. Çünki burada bizim üzərində dayandığımız söhbət məhz Ömərin dediyi rəvayətdir. Ömər bin Xəttab bizə dedi ki, bir gün Allahın Rəsulunun (ona və ailəsinə salam olsun) aramızda olduğu bir məclisdə ağ paltarlı, qara saçlı, səfərdən gələnə bənzəməyən, bizlərdən heç birimizin tanımadığı qüvvətli bir kişi Allah Rəsulunun (ona və ailəsinə salam olsun) yanına yaxınlaşıb oturdu, dizlərini onun dizinə dayadı və dedi: “- Ya Məhəmməd mənə İslam haqqında xəbər ver”. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) dedi: “- İslam – Allahdan başqa ibadətə layiq olan haqq ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şahidlik etmək (yəni təsdiq etmək), namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq, gücü çatan hər bir kəsin Beyti həcc etməydir (yəni Həccə getməyidir)”. Dedi: “Düz dedin”. Biz onun sual verməsini, sonra verdiyi suala cavab veriləndə cavabı təsdiqləməsinə təəccüb etdik (çünki həm sual verirdi, həmdə suala cavab verəndə cavabı təsdiq edirdi). Sonra dedi: “- İman haqqında mənə xəbər ver”. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) dedi: “- Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə inanmaq, qədərin xeyirinə və şərrinə iman etməkdir”. Cəbrail (ona salam olsun) dedi: “- Düz dedin, Ehsan haqqında mənə xəbər ver”. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) dedi: “Allaha Onu görürsən kimi ibadət etməkdir, sən Onu görmürsənsə də O, səni görür”. Cəbrail (ona salam olsun) dedi: “Mənə Qiyamət saatı haqqında xəbər ver”. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) dedi: “Soruşulan soruşandan yaxşı bilmir”. Cəbrail (ona salam olsun) dedi: “Mənə onun əlamətlərindən xəbər ver”. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) dedi: “Qulluqçu qadının (cariyənin) öz ağasını doğması, kənddə qoyun otaran çobanın gəlib şəhərdə hündür binalar tikməsi”. Sonra O, qalxıb getdi. Allahın Rəsulu mənə dedi: “ Ya Ömər! Bildinmi sual verən kim idi?”. Mən dedim: “Ən yaxşı bilən Allah və Rəsuludur”. Dedi: “O, Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdir” (Müslim, İman kitabı, “İman və İslamın bəyanı” babı, 1\1 36-38). Səhabələrdən bir çoxu bu hadisəni rəvayət etdikləri üçün bu hədis mütavatir, güclü, etibarlı və çox məşhur hədisdir. Allah təala altı yüz qanadı olan, bir qanadı yerləri və göyləri tutan o böyük mələyi, Cəbraili (ona salam olsun) ən gözəl görkəmdə bizə dinimizi öyrətmək üçün göndərdi. Elə isə bu böyük və əzəmətli işi yerinə yetirmək üçün, hamılıqla xoşbəxt olmaq üçün gəlin öz dinimizə çox yaxından qayıdaq, öz dinimizə fikir verək, dinimizi öyrənək, öyrədək və bir-birimizə Allah yolunda dəstək duraq.
Əkrəm Həsənov (İlahiyyatçı)
Garibekrem@hotmail.com
Hiç yorum yok:
Yorum Gönder