15 Mayıs 2011

Namazdan sonra cəm halda səslə zikr varmı?


2009-ci ildə mənə ünvanlanan bir suala qısa şəkildə araşdırma apararaq cavab vermişdim. Həmin sualı və yazdığım cavabı burada dərc edirəm, ola bilər ki, bu barədə kiçik məlumat ala bilərsiniz. Sualda deyilirdi: Namazdan sonra birge zikr varmidir? Eger bele bi hedis varsa yazin . Hedisin zeiyf olub-olmamasi esas meseledir.

Cavab üçün əlimdə olan bir neçə mənbəyə baxdım və belə bir kiçik material hazırladım:

Bu barədə geniş araşdırma aparmaq olar. Bunun üçün mən kifayət qədər olmasa da bir çox mənbələrə baxdım. Türk müəlliflərin “Fiqh Ensiklopediyası” adlı elektron kitabxanada “Namaz” bölməsinə baxdım. Burada fiqh alimlərinin bütün namazla bağlı yazılarına baxdım. Namazdan sonra camaatla zikr haqqında heç nəyə rast gəlmədim. Ən doğrunu bilən Allahdır. Beləliklə fiqh kitablarından “Bidayətül Müctəhid” adlı əsərdə imama tabe olmaq məsələsi ancaq fərz namazda bildirilmişdir. Ümumiyyətlə fərz namazdan başqa digər vaxtlarda və fərz olmayan namaz və zikrlərdə imama tabe olmaq şərt deyil. Yalnız şəriətin bildirdiyi qaydalarda imama tabe olmalısan. Əlbəttə bu mövzuda söhbət namaz qıldıran imamdan gedir. Fetavay-i Hindiyye adlı fiqh kitabında da namazdan sonra camaatla və imamla qalıb zikr etməklə bağlı heç bir məlumat əldə etmədim. Bundan əlavə olaraq “Fiqhu-s Sunnə” adlı kitabda namazdan sonrakı zikr haqqında səhih hədislər gətirilmişdir. Həmin hədislərdə bildirilir ki, Allahın rəsulu (s.ə.s) namazdan sonra necə zikr edərdi və hansı zikrləri edərdi. Hətta Allahın elçisi bir çox hədislərinə namazdan sonra bəzi zikrlərin edilməsini əmr etmişdir. Bu hədisləri bura yazmıram. Çünki bir çoxlarımız bu zikrləri bilirik. Məsələn, namazdan sonra üç dəfə “Əstəğfirullah” demək və sonrakı digər zikrləri də bilirik. Məsələn Allah elçisininin (s.ə.s) hər namazdan sonra 33 dəfə “Subhanallah”, 33 dəfə “Əlhəmdulillah”, 33 dəfə “Allahu Akbar”, sonda isə “La ilahə İllallahu vəhdəhu lə şərikə ləhu ləhu-l mulku və ləhu-l həmdu və huva alə kulli şeyin qadir” dediyini, bunu deməyin nə qədər fəzilətli olması haqqında çoxlu hədislərin olduğunu hamımız bilirik. Bundan başqa imamın dediyinin əksinə olaraq Allahın elçisi məsciddə ucadan Quran oxumağı qadağan etmişdir. Bununla bağlı bir çox səhih dəlillər vardır. Aşağıdakı hədisləri imama çatdırın. Çünki hörmətli imamımız bu hədisləri bəlkə də oxumayıb. Seyyid Sabiq “Fiqhu-s Sünnə” adlı əsərində deyir ki, məsciddə namaz qılanların fikrini yayındıracaq qədər uca səslə Quran oxumaq haramdır. Ancaq elm dərsləri müstəsnadır. Məsələn məsciddə elm öyrədilirsə və Quran öyrədilirsə, onda ucadan oxumaq olar. Abdullah ibn Ömərdən (r.a) rəvayət olunur ki, bir gün Rəsulullah (s.ə.s) camaat namaz qılarkən məscidə gəldi. Onlar Quranı uca səslə oxuyurdular və səsləri yüksəlmişdi. Onlara belə dedi: “Namaz qılan Rəbbi ilə gizlin söhbət edir (pıçıldaşır). Nə ilə niyaz etdiyinə diqqət etsin (necə söhbət etdiyinə diqqət etsin). Bəziləriniz bir-birinizə qarşı açıqdan (uca səslə) oxumasın” (Hədisi İmam Əhməd səhih sənədlə rəvayət etmişdir). Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Allah elçisi (s.ə.s) məsciddə etiqafa çəkilmişdi. Camaatın Quran qiraətini ucadan oxuduqlarını gördü və onlara: “Diqqət edin! Hamınız Rəbbinizə niyaz edirsiniz (yönəlirsiniz). Bir-birinizə qarşı səsinizi yüksəltməyin” (Bu hədisi Əbu Davud, Beyhaqi, Nəsai və Hakim rəvayət etmiş, Buxari və Müslimin şərtlərinə görə səhih hədisdir). Əl-Fəthul Rəbbaninin tərtib etdiyi və Rifat Oralın türk-dilinə tərcümə etdiyi Əhməd bin Hənbəlin “Əl-Müsnəd” adlı əsərində Əmr bin Dinardan rəvayət olunur ki, İbn Abbasın mövlası Əbu Məbəd rəvayət edib ki, İbn Abbasın ona dediyinə görə, insanlar fərz namazı bitirdikdən sonra deyiləcək zikrləri yüksək səslə gətirmək Allah elçisinin zamanında var idi. İbn Abbas bunu əlavə etdi ki; “Mən bu zikrləri eşitdikdə namazın bitdiyini anlayırdım”. İbn Abbasdan gələn bu rəvayət bəzi alimlər tərəfindən qəbul olunmamışdır. Çünki digər rəvayətlərdə bu cür uca səslə oxumaq haqqında heç bir xəbər və rəvayət gəlməmişdir. İmam Şafi bu rəvayəti, peyğəmbər (s.ə.s) dövründə keçici bir müddət ola biləcəyini, yaxud da arxadan camaata qtılan qadınların çıxması üçün işarə olduğunu demişdir. Abdullah ibn Abbas o dövrdə yaşı kiçik olduğu üçün camaatla namaz qılmaq üçün ön saflara (cərgələrə) girməzdi, ya da ki, lap arxada dayanardı. Buna görə də namazın bitdiyini yüksək səslə gələn zikrdən bilərdi. İbn Həzm namazdan sonra səsi yüksəltmənin müstəhəb olduğunu demişdir. Ümumiyyətlə Allah rəsulundan (s.ə.s) gələn digər hədislərdə namazdan sonra təkbir gətirilməsi və ya zikrlərin uca səslə oxunması nəql edilməmişdir. Bu dəlillər kifayətdir ki, biz deyək ki, Allah elçisi məsciddə uca səslə nəinki zikr etməyi, hətta Quran oxumağı belə qadağan etmişdir. Mən belə düşünürəm ki, bu dəlillər bizə kifayətdir. O ki, qaldı məsciddə camaatla bərabər hamının birdən zikr etməsi bu sonradan olan bidətdir. Əgər etirazı olan varsa açıq dəlillərlə xətalarımı düzəltsin. Çünki mən insanam və xəta edə bilərəm. Tövbəyə və Rəbbimdən bağışlanmağa ehtiyacım var. Məsciddə yatmaq, yemək olar və bununla bağlı dəlillər var. Dünyəvi söhbətdən uzaq qaçmaq daha yaxşıdır və bu məscidə yaraşmaz. Bu mövzunun uzanmasına səbəb olmaması üçün bununla kifayətləndim. Yəni məhz camaat halında məsciddə xorla və hamının birdən zikr etməsi haqqında şəriətdə bir dəlil bilmirik. Əgər kimsə bilirsə və məmnuniyyətlə gözləyirik ki, həmin dəlili bizə göstərsin. Çünki bizim hamımızın Allahın elçisindən bizə verdiyi gözəl nəsihətlərə ehtiyacımız var. Bu barədə mən əsas Əhli Sünnə və Camaatdan olan məzhəblərin də fikrini yazmağı vacib bildim:Hənəfi məzhəbinə görə məsciddə namazdan sonra zikr və təsbehlərin uca səslə deyilməsi caizdir. Yəni icazəlidir. Ancaq Məhəmməd peyğəmbərin (s.ə.s) vaxtında belə bir davranış yox idi. İbn Abbasın yuxarıda qeyd olunan rəvayəti isə digər rəvayətlər qarşısında şazdır. (Şaz hədislər o hədislərə deyilir ki, yalnız bir nəfərin, bir hədis alimindən eşitdim dediyi hədis olsun. Şaz hədislər qəbul edilir, amma əməl olunması üçün rəsmi sənəd olmaz. Yəni ciddi hədis kimi qəbul olunmaz.)
Bəzi hənəfilərə görə namazdan sonra uca səslə zikrləri etmək məndubdur.
İmam Mailikin məzhəbinə görə məsciddə namazdan sonra oxunacaq zikrlər səssiz oxunmalıdır. Bu zikrlərin uca səslə oxunması məkruhdur. Şafi və Hənbəlilərə görə də namazdan sonra oxunacaq zikrlər gizlin oxunmalıdır, ucadan oxunmamalıdır. Amma əgər imam camaata öyrətmək istəsə onda ucadan oxuya bilər. Əks halda ucadan oxunması doğru deyil. Bununla aşağıdakı nəticəyə gəldik: Məsciddə camaat namazından sonra zikrlərin səsli oxunması normal hal kimi qəbul edilmir. Bununla digər namaz qılan və zikr edən müsəlmana mane olursan və onun fikrini yayındırırsan. Çalışmalısan ki, bu barədə Allahın elçisinə (s.ə.s) və səhabələrinə tabeçilik edəsən. Allah təala bizim bütün xətalarımızı bağışlasın. Amin! 

Hiç yorum yok:

Yorum Gönder