Həqiqətən, həmd yalnız Allaha məxsusdur. Biz Ona şükr və tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi haqq yoluna yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət versə, o haqq yolunda olar və kimi də azdırsa, onu haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd onun qulu və elçisidir.
Bir çox müsəlmanlar hesab edirlər ki, əsr namazından nə əvvəl, nə də sonra sünnət namazları qılınmır. Əslində isə bu belə deyil.
Əsr namazından əvvəl dörd rükət sünnət namazının qılınması barədə
İbn Ömərdən (Allah ondan razı olsun!) rəvayət olunur ki, Allahın elçisi (Allahın ona salavatı və salamı olsun!) demişdir: “Əsr namazından əvvəl dörd rükət sünnət namazı qılan kəslərin üzərinə Allahın rəhmi olsun!” Əhməd 2/117, Əbu Davud 1271, ət-Tirmizi 430.
İmam ət-Tirmizi, İbn Hüzəyma, İbn Hibban, əl-Hakim, əl-Munziri, ən-Nəvəvi, Əhməd Şakir, əl-Əlbani, Mukbil, Əbdul-Qadir əl-Ərnaut və Şüeyb əl-Ərnaut bu hədisin səhihliyini təsdiq etmişlər. Bax: “ən-Nəsb ər-rayə” 2/139, “Səhih əl-cami” 3493, “Səhih əl-tərqib” 586, “Təhqiq Cami əl-üsul” 6/26, “Təhqiq əl-Müsnəd” 5980.
Beləliklə, bu hədis əsr namazından əvvəl dörd rükət sünnət namazının qılınmasına təşviq edən əsaslı bir dəlildir.
Bir çox imamlar bu namazı, fərz namazlarından əvvəl və sonra qılınan “əs-Sünnət ər-Rəvatib” adlandırılan nafilə namazlarına daxil etmirlər. Buna səbəb kimi onlar bəyan edirlər ki, bu hədisi rəvayət edən İbn Ömər (Allah ondan razı olsun!), Allahın elçisinin (Allahın ona salavatı və salamı olsun!) fərz namazlarından əvvəl və sonra qıldığı sünnət namazlarına dair gətirdiyi hədisdə bu namazın adını çəkmir.
Bu dəlil barəsində Şeyx İbn əl-Qeyyim demişdir: “İbn Ömər ona məlum olan və Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) qıldığı nafilə namazları haqqinda xəbər verib. Buna görə də bu hədislər arasında heç bir ixtilaf yoxdur.” Bax: Zadul-məəd 1/312.
İmam əş-Şövkani deyib: “Bu hədis, rəhm olunması üçün Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) dua etdiyi kəslərdən olmaqdan ötrü, əsrdən əvvəl dörd rükət nafilə namazının bəyənilən olduğunu göstərir”. 1/ 197, habelə, Aunul-məbud 4/149.
İmam əl-Munavi deyib: “İmam əl-Qəzali rəvayət edib: “Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) Allahdan rəhm dilədiyi kəslərin sırasında olmaq üçün, bu dörd rükətin qılınması bəyəniləndir. Həqiəqətən də onun duası cavabsız qalmır”. Bax: Faydul – Qadir 4424.
Asım İbn Damra deyib: “Bir dəfə biz Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun!) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) gündüz qıldığı nafilə namazları haqqında soruşdurq. O cavab verdi: Onsuz da siz bunların hamısını qıla bilməzsiniz” Biz dedik: “Sən bizə de, hansını bacarsaq, onu daqılarıq!” Belə olan halda, Əli (Allah ondan razı olsun!) dedi: “Allahın elçisi (Allahın ona salavatı və salamı olsun!) səhər namazından sonra, zöhrə qədər iki-iki, dörd rükət nafilə namaz qılardı. Bundan əlavə, o, zöhr namazına qədər dörd rükət, zöhrdən sonra isə iki rükət namaz qılardı. O, həmçinin əsr namazına qədər dörd rükət namaz qılardı. Bu zaman iki rükət arasında mələkləri, peyğəmbərləri və onların ardınca gedən müsəlmanları salamlayardı.” Əli (Allah ondan razı olsun!) dedi: “Bunlar, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) gündüz vaxtı qıldığı 16 rükət nafilə namazdır. Çox az adam tapılar ki, bunları dəqiqliklə yerinə yetirsin.” Əhməd 650, Ət-Tirmizi 598, Ən-Nəsai 874.
Bu hədisin səhihliyi barədə alimlər arasında ixtilaf yaranmışdır. Bu hədisi qəbul etməyən imamlar bu hədisi iki amilə görə zəif hesab edirlər: Birinicisi, bu hədisi Asım İbn Damra Əlidən (Allah ondan razı olsun!) rəvayət edib. Onlar Asımı zəif ravi hesab edirlər. İkincisi, bu hədis Buxari və Muslimdən gələn səhih hədisə müxalifdir. Bu hədisdə, İbn Ömər (Allah ondan razı olsun!) və Aişə (Allah ondan razı olsun!) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) fərz namazlarından əvvəl və sonra qıldığı nafilə namazları təsvir edərkən, əsrə qədər heç bir nafilə namazının qılınmasını qeyd etməyiblər.
Bu iradlara cavab: Birincisi, Asım ibn Damra, onun haqqında deyilənlərə baxmayraq, etibarlı ravidir. İmamların əksəriyyəti hədis raviliyi ilə bağlı elmdə onu mötəbər hesab edirlər. İmamlardan İmam Main, İbn Mədini, İbn Huzeymə və İbn Sad onun haqqında deyiblər: “O, mötəbər ravidir.” İmam Əhməd deyib: ”O, mənim üçün dəlildir”. İmam əl-Bəzzar deyib: “Onun hədisləri yaxşıdır”. İmam ən-Nəsai onun haqqında deyib: “Onda heç bir şübhə yoxdur”. Bax: Əl-Mizan, 2/352-353, əl-Kəşif, 2/50, əl-Muxarrar Fil-hədis 1/135. Hafiz İbn Həcər “ət-Təkrib”də bu ravini etibarlı hesab edib.
Beləliklə, bu ravinin hədisi “həsən” (yaxşı) hədisdən aşağı enmir və İmam Abu İsa ət-Tirmizi, Şeyx Əhməd Şakir, Şeyx əl-Əlbani, Şeyx Abdul-Qadir əl-Arnaut, Şeyx Şueyb əl-Arnaut və Şeyx Əli İbn Adam əl-Əsyubi bu hədisin səhihliyini təsdiq ediblər. Bax: “Əs-Silsilə əs-səhih” 237, Təhqiq Cami əl-Üsul, 6/8, Şərh Sunan ən-Nəsai, 11/125.
Bu hədisin digər hədislərə müxalif olması haqda iradlara gəlincə, İmam əl-Cuzacani belə deyib: “Ey Allahın qulları! Ola bilərmi ki, həmişə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) yanında olan səhabələri və zövcələri, onun hər zaman qıldığı bu rükətlər haqda heç bir şey bilməsinlər? Həqiqətən, bu hədisi rəvayət edən Asım bütün ümmətə qarşı çıxmışdır”.
Əslində isə heç bir ixtilaf yoxdur. Belə ki, səhabələrdən hər biri öz bildiyini rəvayət edib. Məsələn, səhabələr arasında elələri var idi ki, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) heç vaxt duha namazını qılmadığını deyirdilər. Hətta elələri var idi ki, bu namazı bidət hesab edirdi. Bununla belə, bir çox səhih hədislərdən məlum olub ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) duha namazını qılıb və qılınmasına təşviq edib. Hətta, Əbu əd-Dərda (Allah ondan razı olsun!) və Əbu Hureyra (Allah ondan razı olsun!) kimi səhabələrə bu namazın qılınmasını vəsiyyət edib.
Hafiz İbn Həcər deyib: “Əl-Cüzacaninin, Əlidən (Allah ondan razı olsun!) hədis rəvayət edən ravilərə qarşı sərtliyi bəllidir. Odur ki, rəvayət etdiklərinə görə Asıma qarşı heç bir irad tutula bilməz. Məsələn, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) sevimli zövcəsi Aişə (Allah ondan razı olsun!) özü rəvayət edib ki, ondan Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) etdikləri barədə soruşduqda, o: “Bu haqda Əlidən soruş” deyərdi. Buna görə də heç təəccüblü deyil ki, hansısa bir səhabə, başqa birisinin çatdırmadığını rəvayət edib. Xüsusilə də, söhbət nafilə namazlardan gedirsə.” Bax: Təxzib ət-Təxzib, 5/46.
Beləliklə, bu hədis səhihdir və ona qarşı heç bir əsaslı dəlil yoxdur.
İmam İshaq ibn Rəhavey deyib: “Gündüz qılınan nafilə namazlar haqqında rəvayət olunan ən yaxşı hədis elə budur.” Bax: əl-Cami 1/195.
Şeyx əl-Mübarəkfuri deyib: “Güman ki, o, bu hədisdə xatırladılan 16 rükəti nəzərdə tutub. Belə ki, başqa hədislərdə bu haqda məlumat verilmir.” Bax: Tuhfətul-əhvazi 2/504.
Şeyx Əli İbn Adəm əl-Əsyubi deyib: “Bu hədis, əsr namazından əvvəl qılınan nafilə namazın bəyənilən olmasına işarədir. Bu da İmam ən-Nəsainin “Əsrdən öncə qılnan namaz” başlığı altında gətirdiyi hədisə uyğundur. Bax: Şərh Sunən-ən-Nəsai 11/126.
Bu zaman, Əlinin (Allah ondan razı olsun!) hədisindəki bu sözlərə diqqət yetirmək lazımdır: “... eləcə də, o, əsr namazına qədər dörd rükət namaz qılar, iki rükət arasında mələklərə, peyğəmbərlərə və onların ardınca gedən müsəlmanlara salam verərdi.” Bu sözdən belə çıxır ki, əsrə qədər dörd rükət qılanda, ikinci rükətdan sonra salam vermək lazımdır. Lakin bu heç də belə deyil. Belə ki, burada salam vermək deyilərkən, söhbət ikinci rükətdə deyilən təşəhhüddən gedir. Çünki namazın məhz bu hissəsində Uca Allaha, Onun elçisinə (Allahın ona salavatı və salamı olsun!) və möminlərə salam verilir. Bu haqda İmam əl-Bəqai, İmam ət-Tıbi, İmam əs-Sindi, İmam əl-Munai, Şeyx Əli əl-Qari, Şeyx əl-Mübarəkfuri, Şeyx əl-Əlbani və başqaları rəvayət edibər. Bax: Şərh əs-Sindi, 220. Tuhfətul-əhyazi, 2/505, əs-Silsilə əs-Səhih, 237.
Bu cür şərhə bir dəlil kimi, bu hədisin Ən-Nəsai və digər imamlar tərəfindən rəvayət etdiyi digər variantını göstərmək olar: “Eləcə də o, əsrə qədər dörd rükət namaz qılardı. Bu zaman iki rükət arasında mələkləri, peyğəmbərləri və onların ardınca gedən müsəlmanları salamlayardı. Salamı (təslim) isə namazın sonunda deyərdi.” Ən-Nəsai, 2/119.
Hərçənd ki, imamların əksəriyyəti əsrdən qabaqkı dörd rükət namazı fərz namazlardan əvvəl və sonra qılınan tam sabit olan sünnət namazlarına aid etməyiblər. Bəzi imamlar isə, göstərilən hədislərə əsaslanaraq, dörd rükəti sünnət namazlarına aid ediblər. Bu İmamlar arasında Hənbəli imamlarından Əbul –Xəttab, eləcə də Şafii imamlarından əş-Şirazini göstərmək olar. Bu rəyə həmçinin, İmam ən-Nəvavi də üstünlük verib. Bax: əl-Muqni 2/125, əl-Məcmu 4/18.
Şeyx Məhəmməd ibn Ömər Bəzmul, nafilə namazlar haqda məşhur kitabında deyib: “Əsrə qədər qılınan bu dörd rükət nafilə namazı “sunan-ər-rəvatib” , yəni sünnət namazlarına aiddir və İnşəAllah ki, bu, düzgün rəydir. Çünki bu namaz Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) sözləri və əməllərinə əsasən təsbit edilib.“ Bax: “Səlatu-tətəu” 54. İnşəAllah ki, bu, heç bir şübhə doğurmayan bir həqiqətdir.
Əsr namazından sonra iki rükət namazın qılınması
Qeyd etmək lazımdır ki, əsrdən sonra iki rükət nafilə namazın qılınması haqda mübahisələr hələ səhabələrin dövründə, eləcə də bütün məzhəblərə məxsus imamlar arasında da mövcud olub. Bu məsələ haqqında bir çox fikirlər söylənilib.
Allahın izni ilə bu mövzu bizim üçün daha aydın olsun deyə, bu məsələ ilə bağlı olan ən əsaslı fikirləri göstərəcəyik.
Bir qrup alim hesab edir ki, əsrdən sonra nafilə namazı qılmaq olmaz. Bu alimlər, günəşin çıxması və batması anında namaz qılınmasını qadağan edilən hədislərə əsaslanıblar.
Ukbə ibn Amir (Allah ondan razı olsun!) deyib: “Allahın elçisi (Allahın ona salavatı və salamı olsun!) bizə üç vaxtda namaz qılmağı və ölülərimizi basdırmağı qadağan edib: günəş doğan zaman (üfüqə qalxmamış), günorta (günəş hələ qüruba doğru hərəkətə başlamamış) və günəş qürub edən zaman (ta ki qürub edənə qədər).” Muslim 831.
Bir dəfə Müaviyə (Allah ondan razı olsun!) əsrdən sonra namaz qılan adamlara dedi: “Siz bu namazı qılırsız, halbuki, biz Allahın elçisinin (Allahın ona salavatı və salamı olsun!) bu namazı qıldığını görməmişik, çünki o, bu namazı qadağan edib! ” əl-Buxari 587.
İbn Abbas (Allah ondan razı olsun!) deyib: “Ömər və mən əsrdən sonra namaz qılanları dəfələrlə vurmuşuq.” Əl-Buxari 1233, Muslim 834.
Digər alimlər deyiblər ki, əsrdən sonra iki rükət namaz qılmaq olar. Belə ki, zöhr namazından sonra qılınmalı olan, lakin hansısa səbəbdən buraxılmış iki rükət sünnət namazını əsrdən sonra qılmaq olar. Bu zaman onlar aşağıdakı hədisə əsaslanıblar: “Kurayb rəvayət edib ki, bir dəfə İbn Abbas, əl-Misvar, ibn Məhrəmə və Əbdur-Rahman ibn Əzhar, məni Aişənin (Allah ondan razı olsun!) yanına göndərdilər və tapşırdılar ki, onu bizim adımızdan salamla və əsrdən sonra iki rükət namaz barədə soruşub ona belə de: “Bizə deyiblər ki, sən bu namazı qılırsan. Hərçənd ki, bizə onu da bildiriblər ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) bunu qadağan edib.”
İbn Abbas (Allah ondan razı olsun!) da hətta deyib: “Ömər və mən əsrdən sonra namaz qılanları dəfələrlə vurmuşuq.” Kurayb dedi: “Mən Aişənin yanına gələndə, mənə tapşırılanları ona çatdırdım, lakin o dedi: “Bu haqda Ummu Sələmədən soruş.” Bu zaman mən onların yanına qayıdıb, bu sözləri dedim, onlar məni Ummu Sələmənin yanına göndərdilər və Aişədən (Allah ondan razı olsun!) soruşduqlarımı ondan da soruşmağımı tapşırdılar. Umm Sələmə (Allah ondan razı olsun!) dedi: “Mən Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) bu namazın qılınmasını qadağan etdiyini eşitdim. Amma sonra mənim yanıma gələndə onun özünün əsr namazından sonra bu namazı qıldığını gördüm. Bu zaman mənim yanımda Bəni Həram qəbiləsindən olan ənsar qadınlar var idi. Mən cariyələrdən birini onun yanına göndərdim və onun yanında duraraq ona belə deməyi tapşırdım: “Ey Allahın elçisi, Umm Sələmə sənə deyir: “Mən sənin bu iki rükəti qadağan etdiyini eşitdim, amma görürəm ki, sən özün bunu qılırsan.” Namazı bitirdikdən sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) dedi:”Ey Əbu Umayyanın qızı, sən əsrdən sonra iki rükət namaz barədə soruşdun. İş burasındadır ki, mənim yanıma Əbdül-Qeys qəbiləsindən olan adamlar gəlmişdi. Onların gəlişi məni zöhr namazının iki rükət sünnət namazından yayındırdı. Buna görə həmin iki rükətı mən indi qılıram.“ Əl-Buxari, 1233, Muslim 834.
Digər alimlər deyiblər ki, günorta (zöhr) namazının sünnətinin qəzası yalnız Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun!) məxsus idi. Bunu deyərkən, onlar yuxarıda qeyd olunan hədisin bizə bir neçə variantda çatmış əlavəsinə əsaslanırlar.
Umm Sələmə (Allah ondan razı olsun!) soruşdu: “Ey Allahın rəsulu, biz də bu namazın qəzasını qılaqmı?” Bunun cavabında Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) dedi: ”Yox.” Əhməd 6/315, Ət-Təhavi 1/180.
Lakin alimlər arasında bu hədisin səhihliyi barədə ixtilaf var. Hədisin bu variantının zəifliyi barədə əksər imamlar fikir bildirblər. O cümlədən, Əl- Beyhəqi, İbn Həzm, Əl-Mübarəkfuri və Əl-Albani. Bax: Əl-Marifə 3/437, Əl- Mühəllə 2/271, Tuhfətil – Əhyazi 1/545, əs-Silsilə əd-Daifə 946.
Bu alimlərə görə, bu hədisin zəifliyinin səbəbi aşağıdakılardır:
1) Bu hədisdə isnad zənciri qırılır, çünki, ravi Zəkuan bunu Aişədən (Allah ondan razı olsun!) eşitməyib.
2) Hədisin bu hissəsi inkar edilir, yəni şəzz hesab edilir, hətta səhih olsa belə. Çünki ravilərin əksəriyyəti həmin hədisi bu əlavə olmadan çatdırıblar.
Digər alimlərə görə isə, günorta (zöhr) namazının sünnətinin qəzasını Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) yalnız bir dəfə yerinə yetirib və bir daha təkrar etməyib. Buna dəlil olaraq, aşağıdakı hədisi gətirirlər: İbn Abbas (Allah ondan razı olsun!) deyib: “Həqiqətən də, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) əsrdən sonra iki rükət namaz qılmayıb, çünki günorta vaxtı ona pul göndərildiyindən, o da, bu işlə məşğul olduğu üçün, zöhr namazının sünnətini qıla bilməmişdi. Buna görə də bunu əsr namazından sonra qıldı və bir daha bunu təkrar etmədi.” Ət-Tirmizi 184, İbn Hibban 1575.
Lakin bu hədisin səhihliyi barədə şübhə vardır. Çünki bu hədisin ravisi Cərir, bu hədisi Əta ibn əs-Saibdən rəvayət edib. Hafiz ibn Həcər isə “əl-Fəth”də qeyd edir ki, Cərir bu hədisi rəvayət etdikdən sonra, hədisləri qarışıq salıb. Şeyx Albani bu hədisi zəif adlandırıb.
Həmçinin, rəvayət edilir ki, Umm Sələmə (Allah ondan razı olsun!) deyib: “Allahın rəsulu (Allahın ona salavatı və salamı olsun!) əsrə qədər iki rükət namaz qılardı, lakin bir dəfə onu bu namazdan yayındırdılar və o, bu namazı günəş qürub etdikdən sonra qəza etdi. Lakin mən, nə bu hadisəyə qədər, nə də sonra onun bir daha belə etdiyini görmədim.” Ən-Nəsai 581. Şeyx əl-Albani bu hədisin isnadını həsən (yaxşı) hesab edib.
İmam ən-Nəvəvi deyib: “Zahirən bu hədis ona dəlalət edir ki, iki rükət dedikdə, əsrə qədərki iki rükət sünnət namazı qəsd olunur.” Lakin, Qədi İyad deyib: “Bu iki hədisi cəm etmək üçün, Umm Sələmənin digər hədisində rəvayət olunduğu kimi, bu iki rükəti zöhr namazının sünnətinə aid etmək lazımdır. Bundan başqa, günorta nafilə namazını, əsrə qədərki namaz adlandırmaq olar.” Bax: Şərh-səhih Muslim 6/122.
Nəhayət, bir sıra alimlər deyiblər ki, əsrdən sonra iki rükət nafilə namazı sünnət hesab olunur. Bir şərtlə ki, bu iki rükət, fərz namazından dərhal sonra, yəni günəş hələ yüksəkdə olduğu zaman və qürub etməyə meyl etməmiş qılınsın. Söhbət hansısa nafilə namazın qəzasından deyil, bilavasitə əsr namazı ilə bağlı ayrıca sünnətdən gedir.
Bu rəy aşağıdakı bir neçə səbəbə görə ən yaxşı rəy hesab olunur:
1) Buna dəlil Aişənin, (Allah ondan razı olsun!) bir şahid kimi rəvayət etdiyi hədisdir: “Allahın elçisi (Allahın ona salavatı və salamı olsun!) nə aşkarda, nə gizlində iki rükət namazı heç zaman tərk etməyib: fəcr namazından əvvəlki iki rükət və əsrdən sonrakı iki rükət!” Əl-Buxari 592, Muslim 2/211.
İbn Müntəşir rəvayət edib ki, onun atası əsrdən sonra iki rükət sünnət namazı qılırdı. Ondan bu haqda soruşduqda, belə deyib: “Əgər Məsruqun bu namazı qıldığını görməsəydim, bunu etməzdim. Ona isə etibar etmək olar.” Lakin mən bu haqda Aişədən də soruşdum və o dedi: “Allahın rəsulu (Allahın ona salavatı və salamı olsun!) fəcr namazından əvvəlki iki rükəti və əsrdən sonrakı iki rükəti heç vaxt tərk etməyib!” İbn Əbu Şeybə 2/352. İsnadı səhihdir. Bax: Əs-Silsilə əs-Səhih 2920.
Və Aişənin (Allah ondan razı olsun!) buna dair söylədiyi təsdiqləyici fikirlər barədə çox rəvayət olunur. Buna görə də, “Təsdiq inkardan üstündür. Çünki vacib şəriət qaydasına görə, təsdiq – elmdir, inkar isə elmsizlik.”
Bəzi səhabələrin nə üçün bu sünnətdən xəbərsiz olmaları səbəbinə gəldikdə isə, bunu Aişə (Allah ondan razı olsun!) belə izah edib: “Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) canını alana and olsun ki, o, Allah Təala ilə görüşənədək əsrdən sonrakı iki rükət sünnət namazını heç vaxt tərk etməyib. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) ümmətinə ağır olmasın deyə, bu iki rükəti məsciddə deyil, həmişə evdə qılardı. Çünki o, ümməti üçün yüngülləşdirməyi sevərdi.” Əl-Buxari 590.
2) Əsr namazından sonra günəş qürub etməmiş və habelə, digər bəyənilməyən vaxtlarda sünnət namazın qılınmasını qadağan edən birinci qrup alimlərin fikirləri daha əsaslıdır. Çünki əsas şəriət qaydası bu haqda bəyan edir: “Nəhy olunan, əmr olunandan daha üstündür.” Lakin bir məsələ var! Günəş qüruba enərkən sünnət namazı qılınması barədə qadağa ilə bağlı hədislər ümumidir. Belə ki, digər hədislərdə rəvayət olunur ki, bu qadağa birbaşa olaraq, günəşin qüruba yaxın olduğu vaxta aiddir. İbn Ömərdən (Allah ondan razı olsun!) rəvayət olunur ki, Allahın elçisi (Allahın ona salavatı və salamı olsun!) deyib: “Günəş görünməyə başlayandan, üfüqdə tam çıxana qədər namazı dayandırın. Əgər günəş bir balaca üfüqdə gizlənərsə, tam batana kimi namazı dayandırın.” əl-Buxari 583.
Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) deyib: “Allahın rəsulu (Allahın ona salavatı və salamı olsun!), günəşin hələ yüksəkdə olmadığı və bəyaz olduğu vaxtda əsrdən sonra namaz qılmağı qadağan edib.” Əhməd 1/130, Əbu Davud 1274, Ən-Nəsai 2/280. Hədisin səhih olmasını hafiz əl-İraki, hafiz İbn Həcər və şeyx əl-Albani təsdiq ediblər.
Buna görə də, həmin hədislər ümumi hesab olunur. Bunlar isə xüsusi. Və bununla da, aydın olur ki, bilavasitə günəş qürub etdiyi vaxtda nafilə namazlarını qılmaq qadağandır. Buna dəlil, həmçinin Bilalın (Allah ondan razı olsun!) söylədiyi sözlərdir: “Yalnız günəş batdığı vaxtdan başqa, namaz qılmaq qadağan olunmayıb.” İbn Həzm 2/14. İsnadı səhihdir. Bax: “Əs-Silsilə əs-Səhih” 1/390.
Beləliklə, bu hədislər açıq-aydın göstərir ki, gün batan zaman, yəni günəşin qırmızı rəngdə olduğu vaxt əsr namazından sonra nafilə namaz qılmaq qadağan olunub. Günəş yüksəkdə olanda isə nafilə namaz qılınması haqda heç bir qadağa yoxdur.
Məhz buna görə Asım İbn Damra rəvayət edib ki, Əli ibn Abu Talib əsr namazından sonra iki rükət namaz qılardı. Əl-Beyhəqi 2/458.
3) Üçüncü səbəb odur ki, Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun!) əsr namazından sonra namaz qılanları vurması onun ictihadının nəticəsi idi. İmam ibn Həzm deyib: “Bəziləri deyirlər ki, Ömər və ibn Abbas əsrdən sonra namaz qılanları vurardılar.” Buna cavab olaraq biz deyirik ki, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun!) əməllərindən başqa heç bir kəsin əməli bizim üçün dəlil deyil. Əksinə, Allah rəsulunun (Allahın ona salavatı və salamı olsun!) əməlləri Ömər və başqa səhabələr üçün dəlildir. Bəllidir ki, bu məsələdə səhabələrin çoxu Ömərə müxalif olublar. Bax: Əl-Muhəllə 2/272.
Aişə (Allah ondan razı olsun!) Ömərin (Allah ondan razı olsun!) bu hərəkətini şərh edib.
Şureyxin oğlu rəvayət edir ki, bir gün onun atası Aişədən (Allah ondan razı olsun!) soruşdu: “Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) necə namaz qılardı?” Aişə (Allah ondan razı olsun!) əsrdən sonrakı iki rükət haqqında bildirəndə, Şureyxin oğlu dedi: “Axı buna görə Ömər adamları vururdu!?” Aişə (Allah ondan razı olsun!) dedi: “Ömər özü bu iki rükəti qılırdı və bilirdi ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) də bu namazı qılıb. Ancaq sənin qövmün çox dindardır, zöhrdən sonra onlar zöhr və əsr arasındakı namazları da qılardılar. Əsr namazından sonra isə, onlar əsrlə məğrib arasındakı nafilə namazları qılardılar. Buna görə də, Ömər onları vururdu və o haqlı idi. ” Əl-Musnəd 1/132 - əs-Sirac. İsnadı səhihdir. Bax: əs-Silsilə əs-Səhih 6/1013.
Həmçinin, əs-Saib rəvayət edib: “Ömər (Allah ondan razı olsun!) xəlifə olanda, bir gün görür ki, Zeyd ibn Xalid əl-Cuhani əsrdən sonra iki rükət namaz qılır. Ömər (Allah ondan razı olsun!) ona yaxınlaşıb qamçı ilə onu vurdu. Buna baxmayraq, Zeyd namazdan çıxmadı. Namazı bitirdikdən sonra o dedi: “Vur, ey əmir-əl-möminin, Allaha and olsun ki, heç vaxt bu namazı tərk etməyəcəyəm. Çünki mən Allah rəsulunun (Allahın ona salavatı və salamı olsun!) bu namazı qıldığını görmüşəm.” Bu zaman Ömər (Allah ondan razı olsun!) onun yanında oturub dedi: “Ey Zeyd ibn Xalid! Əgər mən insanların axşama qədər namaz qılacaqlarından qorxmasaydım, onları vurmazdım!” Əhməd, ət-Təbərani. Hafiz əl-Heysəmi isnadı yaxşı hesab etmişdir. Bax: Məcmau-Zeyd 2/223.
Beləliklə, Ömər (Allah ondan razı olsun!) bu əməli ilə məkruh və harama aparan yolları bağlamışdır.
Deyilənlərə əsasən aydın olur ki, əsr namazından dərhal sonra qılınan iki rükət namaz, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) qoyduğu Sünnədir. Belə ki, o və səhabələrin əkəriyyəti, eləcə də tabinlərin əksəriyyəti bunu ediblər.
Tausun oğlu atasından rəvayət edir ki: “Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun!) Ömərin xəlifəliyinə qədər əsrdən sonra iki rükət namaz qılardı. Ömər (Allah ondan razı olsun!) xəlifə olandan sonra Əbu Əyyub (Allah ondan razı olsun!) bu namazı tərk etdi. Ömərin (Allah ondan razı olsun!) ölümündən sonra yenə də bu namazı qılmağa başladı. Ondan bu haqda soruşduqda, o dedi: “Həqiqətən də, Ömər (Allah ondan razı olsun!) bu namazın qılan adamları vururdu.” Tavusun oğlu dedi: “Mənim atam (Tavus) heç vaxt bu namazı tərk etməyib!” Abdur –Razzaq 2/334, Şeyx əl-Albani bu hədisi səhih hesab edib.
Bu iki rükətin qılınması bir çox səhabələrdən rəvayət olunur. O cümlədən, Aişə, Əli ibn Abu Talib, Əbu əd-Dərda, ibn Ömər, Abdullah ibn əz-Zubeyr, Əbu Əyyub əl-Ənsari, Zeyd ibn-Xalid, Əbu Burda ibn Əbu Musa və başqaları. Habelə, bir çox tabiinlərdən, o cümlədən Said ibn əl-Musaib, Əbu Şasa, Həmməd ibn Sələmə, Amr ibn Meymun, əl-Asvəd ibn Yezid, Əbu Vayl və başqaları səhih isnadla İbn Əbu Şeyb, Abdur-Razzaq və başqalarından rəvayət edirlər. Bax: əl-Mühəllə 2/272 -283, Şərh Sunən ən-Nəsai 7/365-372.
Beləliklə, bütün bu şərh edilənlərdən aydın olur ki, bu unudulmuş Sünnəni bərpa etmək lazımdır. Halbuki, bir çox müsəlmanlar bu haqda bilmir, hətta bəziləri bunu bidət hesab edir.
Allahın rəsulu (Allahın ona salavatı və salamı olsun!) deyib: “Kİm, insanlar tərəfindən unudulmuş bir Sünnəmi canlandırarsa, həmin Sünnəni yerinə yetirənin qazandığı savabı qazanar. Amma bu Sünnəni yerinə yetirənin savabı əksilməz. Kİm də bir bidət gətirərsə və insanlar bu bidəti edərlərsə, həmin kəs onların etdiyi qədər günah sahibi olar və edənlərin də günahı azalmaz!” İbn Macə 209, ət-Tirmizi 2677. Bu hədis bir neçə yolla rəvayət olunur və hamısı bir-birini təsdiqləyir. Bu hədisin səhihliyini İmam Əbu İsa ət-Tirmizi, İmam əl-Bəqayi, Şeyx ibn-Həcər əl-Heytəmi və Şeyx əl-Albani təsdiqləyiblər. Bax: Cami ət-Tirmizi 3/128, Şərhu-Sunna 1/198, əz-Zəvacir 1/98, Səhih-Sunən İbn Macə.
Düzünü Allah bilir.
İstifadə olunmuş ədəbiyat:
(1) “Fəthul-Bari Şərh Səhih əl-Buxari” İbn Həcər əl-Əsqəlani
(2) “Şərh Səhih Muslim” Yəhya ibn Şərəf ən-Nəvəvi
(3) “Aynul-Məbud şərh Sunən Abu Davud” Şəmsul-Haqq Azım Abadi
(4) “Tuhfətul-Əhyazi bişərh Cami ət-Tirmizi” Məhəmməd əl-Mubarəkfuri
(5) “Şərh sunən ən-Nəsai” Məhəmməd ibn Adəm əl-Əsyubi
(6) “Faydul-Qadir şərh əl-Cami əs-sağir” Abdur-Rauf əl-Munayi
(7) “Naylul-autar şərh Muntəkil-əhbər” Muhəmməd əş-Şövkani
(8) “Silsilətul-əhədisi-səhihə” Məhəmməd Nəsrəddin əl-Albani
(9) “Səhihul-camii-sağir” Məhəmməd Nəsrəddin əl-Albani
(10) “Buqyə əl-mutatay fi salətit-tatayi” Məhəmməd ibn Ömər Bazmul.
Tərcümədə xətalar ola bilər, əsas mənbə http://salaf-forum.ru/viewtopic.php?f=6&t=869
Hiç yorum yok:
Yorum Gönder