Biz bu gün ən böyük bir nemət içərisindəyik. Elə bir nemət ki, bunu sələflərdən biri belə vəsf etmişdir: “Əgər kafirlər bu nemətin bizdə olduğunu bilsəydilər qılıncları ilə üzərimizə hücüm edib bizimlə müharibə edərdilər”. Bu nemət din nemətidir. Allah təala insanları yaradanda onlar qəflətdə qalmasın deyə həmişə onlara xəbərdarlıq etmiş, elçilər, rəsullar və nəbilər göndərmişdir.
Əgər bir qövm Allah tərəfindən xəbər verən elçini, peyğəmbəri öldürsəydi, onda Allah təala yeni, başqa bir peyğəmbər göndərərdi. Bütün bu peyğəmbərlər hamısı eyni məqsədə, eyni amala, eyni yola çağırırdılar. Bu da yalnız Allaha ibadət etmək, yalnız Allahdan kömək istəmək, yalnız Allahdan qorxmaq, yalnız Allaha ümid bağlamaq, yalnız Allahı sevməkdir. Allah təalanın mərhəməti, gücü və köməyi ilə bizim də xalqımız bu dindən tarix boyu nəsbini və payını almışdır. Bu gün artıq cəmiyyətimizdə Allahın izni ilə din yayılır və insanlar dəstə-dəstə Allahın dininə daxil olurlar. Bu nemətdən faydalanırlar. Əlbəttə belə olduqda hər bir müsəlman müxtəlif çətinlklərlə üzləşir. Çox insanlardan çox sözlər eşidir. Özündə olmayan, aid olmadığı işlərdə ittiham olunur, böhtan atılır, şər deyilir, qara yaxılır, əziyyət verilir. Bütün bunlara heç də hər bir şəxs tab gətirmir, dözə bilmir və sterssə qapılır. Allah təala buyurur: “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!). Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!” (Ənkəbut surəsi, 2-3). Bəzən elə olur ki, imtahanlara dözə bilməyən bir çox müsəlmanlar onlara qarşı hücumların dayanması üçün müvəqqəti olaraq dindən kənar insanlarla Allahın əmrlərini yerinə yetirməməkdə razılığa gəlirlər. Bu an islama gələn hər bir kəs üçün imtahan anı sayılır. Bəzən zəif iradəli və zəif imanlı şəxslər bu cür çətinliklərdə şübhəyə meyl edərək və Allahın dinində və Allaha doğru atdığı addımda geriləyərək ibadətlərə qarşı səhlənkar yanaşır, elə vəziyyətə gəlir ki, hətta namazı belə tərk edir. Allah bizi qorusun. Allah təala başqa bir ayəsində bizə belə buyurur: “Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir” (Ali İmran surəsi 186).
Ona görə də belə vəziyyətdə hər bir Allah bəndəsi uca Allahın bu ayəsini xatırlamalı və bu ayənin həqiqətən də verilən sözlərdən biri olmasını təsdiq etməlidir. Eyni zamanda bu Allah tərəfindən deyilən sözün əvvəlki iman edənlərin sınandığı kimi, özünün də sınandığına yəqinliklə əmin olmalıdır. Uca Allah buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!” (Bəqərə surəsi, 155). Əlbəttə bu cür sıxıntılar çoxdur. Amma məsələ belədir ki, bu sıxıntılar keçici sıxıntılardır. Bu sıxıntılardan sonra genişlik və rahatlıq gəlir. Bunun üçün biz bacardığımız qədər şəriət elminə üstünlük verib onu öyrənməliyik. Öyrəndiyimiz hər bir dini ehkamı gücümüz və bacarığımız nisbətində həyata keçirməliyik. Allah təala buyurur ki; “(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər.Bilin ki, Allahın köməyi (sizə) yaxındır!” (Bəqərə surəsi, 214). Bizi yaradan, bizə qarşı diqqəti çox olan uca Allah nazil etdiyi Qurani Kərimin bir çox ayələrində imahan olunmağımızı bizə xəbər verir. Qurani Kərimin bir çox ayələrində bizim dünyaya gələndən ölümümüzə qədər müxtəlif imtahan və sınaqlarla qarşı-qarşıya gələcəyimiz bizə xəbər verilir. Bu ayələrin yalnız birini oxuyaq: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır” (Mülk surəsi, 2-ci ayə). Bu həyatda biz bütünlüklə imtahan olunur və sınanırıq. Müxtəlif çətinliklərlə qarşı-qarşıya gəlirik. Belə anda insan gərək ona gələn pis fikirlər başından atsın. Çünki unutmamalıyıq ki, hər sıxıntıdan sonra bir genişlik gəlir. Birdən elə olur ki, bu dünyada hər şeyin öz əleyhinə olduğunu düşünürsən. Amma belə deyil. Bilməlisən ki, əgər səni uca Yaradan səhərə sağlam olaraq və bir çox nemətlər əlində olaraq çıxarıbsa deməli bu günü əlində olan nemətinlə bərabər Allah üçün xeyirli əməllər işlətməlisən. Ona görə də biz müsəlmanlar səhərə çıxanda bu zikri heç vaxt dilmizdən düşürməməliyik: “Mülk, Allaha aid olduğu halda sabahladıq. Həmd Allahadır. Allahdan başqa haqq ilah yoxdur. O Təkdir və şəriki yoxdur. Mülk Onundur, Həmd Onadır və O hər şeyə gücü yetəndir. Rəbbim! Səndən bu gündə olan və bu gündən sonra olan xeyiri istəyirəm. Bu günün şərindən və bu gündən sonra olan şərdən Sənə sığınıram…” (Müslim, 4, 2088). Bu cür səhər zikrlərini etdikdən sonra Allah təala Özünü xatırlayan qulunun bütün gün yanında olar və ona kömək edər. Zikr etmədiyi günlərdə həmişə qarşılaşdığı bütün sıxıntıları özündən kənarlaşdıra bilməyən müsəlman bu kimi səhər zikrlərini etdiyi günlərdə özündən asılı olmayaraq bütün sıxıntıları çox böyük bir rahatlıqla əvəz olunar. Hər birimiz bilməliyik ki, biz imanımıza görə imtahana çəkilirik. Biz imanımızı artırmaqla bütün imtahan və çətinliklər qarşısında rahatlaşarıq. Əksinə imanımızı artırmaq üçün çalışmasaq onda adi bir şey bizə çox böyük bir problem kimi görsənər. Hər birimizin Allaha bağlanmaqdan başqa heç bir çıxış yolumuz yoxdur. Bütün yollar sınanmış və nəhayət ən etibarlı yol Allaha bağlanmaqla əldə olunmuşdur. Allah təala bizə həmişə hər yerdə rahatlıq və imtahanlar qarşısında dözüm bəxş etsin. Amin!
İlahiyyatçı: Əkrəm Həsənov
Hiç yorum yok:
Yorum Gönder