19 Mayıs 2011

Ayaqyoluna aid bəzi ədəblər

İslam dini gələndən bəri biz müsəlmanlara həyatımıza aid bütün gözəl əxlaq və ədəbləri öyrətmişdir. Bu ədəblərdən də biri ayaqyoluna getmək ədəbidir. Bu barədə şəriətdə çox məsələlər vardır. Biz bu araşdırmamızda bəzi qısa və faydalı məlumatları nəzərinizə çatdırmaq istəyirik.
Bizim gündəlik ən çox istifadə etdiyimiz və çoxumuzun fikir vermədiyimiz bəzi məsələlərdən biri də ayaqyolu ədəbinə lazımınca riayət etməməyimizdir. Əvvəlcə qeyd edim ki, ayaqyoluna girməzdən əvvəl sol ayaqla girməli və çıxarkən də sol ayaqla çıxılmaıldır. İslamda olan bu qayda bütün pis yerlərə sol ayaqla girmək, çıxanda sağla çıxmaq və yaxşı yerlərə sağ ayaqla girmək və çıxanda sol ayaqla çıxmaq qaydasını özündə gətirmişdir. Bu qaydaya hər bir müsəlman riayət etməlidir. Ayaqyoluna gedərkən ən böyük ədəb qaydalarından biri aşağıdakı hədisdə bizə öyrədilmişdir. Belə ki, Aişə (Allah ondan razı olsun) deyir ki: “kim ayaqyoluna gələrsə örtünsün”. Hədisi Əbu Davud rəvayət edib. Hədis həsəndir. Bu hədisdən aşağıdakı faydalar əldə olunmuşdur:
1.     Ayaqyolunda olarkən övrət yerlərini (ayıb yerlərini) başqalarının görməsindən uzaq tutmaq (çöllük və açıq ərazilərdə, örtülü olmayan və insanların olduğu yerlərdə olanda buna xüsusi diqqət yetirmək lazımdır).
2.     Ümumiyyətlə üzrsüz yerə övrət yerini (eyib yerini) digərlərinə göstərilməsinin haram olması. Bəzən elə ola bilər ki, həkimin müalicə vaxtı buna zərurət yaana bilər. Bu halda da zərurətlər qadağanı mübah edə bilər. Ən doğrunu bilən Allahdır.
3.     Ayaqyoluna gedərkən insanların onu görməməsi gözəl əxlaqlardandır. Bu gün şəhər həyatında buna tam riayət etmək qeyri mümkündür. Çünki hamımız bilirik ki, ayaqyolu evlərin içində olur və belə halda bir müsəlmanın ayaqyoluna gizlin getməsi qeyri-mümkündür. Buna görə də bu məsələ əsasən çöl şəraitinə öyrənmiş müsəlmanlara aid edlir. Evdə isə bu ayaqyolu məsələsinin xüsusi ədəbləri vardır ki, biz ona gücümüz çatan qədər riayət etməliyik.
Həmçinin ayaqyoluna aid bəzi ədəb qaydalarını sizin nəzərinizə çatdırırıq. Bunlardan biri aşağıdakı hədisdir: Əbu Qatadə (Allah ondan razı olsun) deyir ki, Rəsulullah (ona və ailəsinə salam olsun) buyurub: “Sizlərdən biriniz kiçik su başına çıxdığı zaman övrət yerini sağ əli ilə tutmasın. Ayaqyolunda təmizlənərkən sağ əli ilə təmizlənməsin və qaba nəfəsini verməsin”. Hədisi İmam Buxari və Müslim rəvayət edib. Bu ləfz Müslimindir. Hədisdən çıxan faydalar bunlardır:
1.     Həm kişi, həm də qadının sağ əliylə övrət yerinə əl vurulmasının haram olması, qadağan olması. Yəni sağ əl ilə övrət yerindən tutmaq və övrət yerinə toxunmaq olmaz.
2.     Nəcasətdən bacardıqca uzaq olmağın vacib olması. Zərurət hallarda sol əllə nəcasətə toxunmaq olar.
3.     Sağ əl sol əldən daha üstündür.
4.     Yaxşı işlər hər zaman sağ əl ilə görülməlidir.
Digər bir hədisdə Səlman əl-Farisi (Allah ondan razı olsun) deyir ki, Rəsulullah (ona və ailəsinə salam olsun) bizi üzümüzü qibləyə çevirərək kiçik və ya böyük ayaqyoluna getməyi qadağan edib. Həmçinin ayaqyolunda sağ əli ilə təmizlənməyi, üç ədəddən az daş ilə təmizlənməyi, sümük və peyin ilə təmizlənməyi də qadağan edib. Hədisi İmam Müslim rəvayət edib.
Hədisdən aşağıdakı faydalar əldə olunmuşdur:
1.     Ayaqyoluna gedərkən qibləyə tərəf oturmaq qadağandır. Çünki qiblə tərəfə namaz qılınır və digər ibadətlər də qibləyə tərəf edilir. Qiblə cəhətlərin ən şərəflisidir.
2.     Kəbəni ucaltmaq və ona hörmət etmək, onun müqəddəsliyinə zidd olan hər bir günahdan çəkinmək lazımdır.
3.     Kəbəni həcc, ümrə, təvaf, namaz və digər ibadətlər ilə təqdis etmək lazımdır.
4.     Kəbənin ətrafında olan müqəddəs yerlər hədisdə deyilən qadağaya aid deyil.
5.     Ayaqyolunda sağ əl ilə təmizlənməmək bu ələ edilən hörmətə görədir (bütün yaxşı işlər sağ əl ilə edilməlidir).
6.     Üçdən az daş ilə təmizlənməyin qadağan olması. Bu su olmadıqda olur. Lakin su varsa bir və ya iki daşla və suyla təmizlənsə olar.
7.     Hədisdə daş ilə təmizlənmək qeyd olunub, çünki bu o vaxt çox geniş yayılmışdı. Hədisdə məqsəd hər hansı bir yol ilə, parça, vərəq, salfetka ilə təmizlənmək olar.
8.     Daş ilə təmizlik suyun təmizləyəcəyi miqdara qədər olmalıdır.
9.     Peyin ilə təmizlənməyin qadağan olunması iki səbəbədir; ya nəcis olduğuna görə, ya da cinlərin yeməyi olduğuna görə. Həmçinin sümük də bura aiddir (cinlər sümük də yeyirlər).
10.                        Ola bilər ki, kimsə desin ki, biz cinləri görmürük və onların bu cür şeylər yeməsini görmürük. Cavab verilir ki, şəriətin belə hökmləri olduğu kimi və deyildiyi kimi təsdiqlənir. Çünki bilmədiyimiz və görmədiyimiz qeybi aləm var və buna iman gətirmək qeybə iman etmək deməkdir.
Ayaqyolunda riayət olunan digər ədəblərdən də biri ayaqyolunda olarkən üzü qibləyə durmamaq ədəbidir. Belə ki, Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) deyir ki; Ayaq yolunda olarkən kiçik və ya böyük su başı ilə üzünüzü və ya arxanızı qibləyə çevirməyin. Şərqə və ya qərbə tərəf yönəlin. Bu hədisi yeddilik rəvayət edib, səhihdir. Bu hədisdən aşağıdakı faydalar əldə olunmuşdur:
1.     Kiçik və böyük su başı ilə üzünü və arxasını qibləyə çevirmək qadağandır.
2.     Hər hansı bir yol ilə qiblədən yayınmaq (məsələn bəzi şəhər evlərini elə tikirlər ki, ayaqyolu qibləyə tərəf baxır, belə vaxt ayaqyolunda özün öz istiqamətini bacardığın qədər qiblədən uzaqlaşdırmalısan).
3.     Hədisdə deyilən şərqə və qərbə tərəf yönəlmək (yəni, məşriqə və məğribə yönəlmək), kim  üzünü qiblədən çevirər və  Məkkədə şərqə tərəf olarsa bu onlara aiddir. Kimlər ki, onların qibləsi Məşriqdədir, onlar üzlərini ya şimala ya da cənuba tərəf tutsunlar. Qısa desək üzünüzü və arxanızı ayaqyolunda olarkən əgər qibləni bilirsnizsə həmin tərəfdən sağa və ya sola yönəldin. Çalışın üzünüz və arxanız qibləyə düşməsin.
Bunlar ayaqyolunda olan ədəblər idi. Bəs ayaqyolundan çıxanda hansı ədəblərə riayət etməliyik. Bunu da yenə bizə Allahın Rəsulu (ona və ailəsinə salam olsun) öyrətmişdir. Aişə (Allah ondan razı olsun) deyir ki, Rəsulullah (ona və ailəsinə salam olsun) ayaqyolundan çıxdıqda deyərdi: “Ğufranəkə”. Hədisi beşlk rəvayət edib. Əbu Hatim və Hakim deyiblər ki, hədis səhihdir.
1)    Ayaqyolundan çıxdıqdan sonra “ğufrənəkə” demək sünnətdir /Allah Rəsulunun (ona və ailəsinə salam olsun/ metodudur/yoludur).
2)    “Ğufranəkə” sözünün mənası: “günahlara və xətalara görə Allahdan bağışlanma istəyirəm” deməkdir.
3)    Ayaqyolundan çıxdıqdan sonra bu duanı oxumağın münasibəti cismində olan artıq pislikləri çıxardıqdan sonra mənəvi pislikləri çıxarmaq üçün Allaha sığınmaqdır.
4)    Bu dua bu baxımdan dəstəmazdakı duaya bənzəyir.
5)    Ayaqyolundan çıxandan sonra oxunan dualar haqqında müxtəlif rəvayətlər gəlmişdir. Lakin bu barədə olan olan hədislərin yalnız biri səhihdir ki, o da ayaqyolundan çıxandan sonra “ğufranəkə” demək haqqında olan hədisdir. Yəni qeyd etdiyimiz hədisdir. Biz bu qeydləri “Əbubəkr” məscidində Əbdürrəhim müəllimin fiqh dərsində toplamışdıq. İndi sizin də nəzərinizə çatdırırıq. Bəlkə kimin üçünsə faydalı oldu. 


Əkrəm Həsənov

Hiç yorum yok:

Yorum Gönder