29 Mayıs 2011

ÇAGDAŞ AZƏRBAYCAN TƏFSİRİ


İslam ilahiyyatında Qur’an-kərimlə əlaqəli olan elmlər Qur’an elmləri (ulumu’l-Qu’ran) adı altında tədris edilir.Qur’an elmləri Qur’anın düzgün, nazil olduğu şəkildə oxumağına və onun mənasının  dərkinə xidmət edən elmlərdir. Bu elmlərin yaranma tarixi və təməlləri Həzrət Məhəmmədin (s.) dövründən başlamışdır.
Belə ki, ayələrin ilk nazil olmağa başladığı vaxtdan bəri Həzrət Məhəmməd (s.) ətrafında olan az saylı xalis ərəb olan  müsəlmanlara onları oxuyub və  təfsir edirdi. Bu yol ilə müsəlmanlar Həzrət Məhəmməddən (s.) Qur’anın kəlimələrini və tələffüz şəkillərini öyrənir, anlamağa çətinlik çəkən yerlərin təfsirini öyrənirdilər. Məsələn, sahabələr “İnanıb, imanlarına bir zülüm qatmayanlar...”(Əl-Ənam 6/82) ifadəsini bəyan edən ayədə “zülm” kəliməsini fərqli mənalarda anlayıb peyqəmbərə müraciət etmişlər. Həzrət Peyğəmbər zülm kəliməsini “şərik” kəliməsi kimi təfsir etmişdir. Beləliklə isə Həzrət  Məhəmməd (s.) müsəlmanlara Qur’anla əlaqədar suallara cavab verə-verə bir sıra elimlərin təməlini qoyurdu. İslamın Həzrət Məhəmməd (s.) və səhabə dövründə Qur`an elmləri şifahi olaraq öyrənilir və öyrədilirdi. Çünki, o dövrlərdə Qur’an elmləri sahəsində əsərlərin hazırlanmasına ehtiyac yox idi. Belə ki, Hz. Məhəmməd (s.) həyatda ikən  sahəbələrə Qur’anla əlaqədar olan suallarına cavab vermiş, onlara bilmədiklərini öyrətmişdi. Həmçinin səhabənin çoxu ümmi idi. Onların oxuma, yazma və öyrənmə imkanları məhdud idi. Bu isə onların əsər yazmağlarına mane olurdu (12, 301-302).
Bundan başqa  Həzrət Peyğəmbər vəhylərin ilk nazil olduğu dövrlərdə səhabələrə Qur’an ayəsindən başqa bir şey yazmağı qadağan etmişdi     Qur’an elmlərinin tədvin edilməsi ən çox tabiin dövründə baş vermişdir.Bu dövrdə ilk olaraq təfsir, rəsmul-müshəf, təcvid, qiraət, əsbəbin-nuzul, qaribul-Qur’an, muşkilul-Qur’an, irabul-Qur’an kimi elmlər tədvin edilmişdir.    Qur’ana aid olan elmlərin nə vaxtdan Ulumul-Qur’an (Qur’an elmləri) olaraq adlandırıldığı haqqında açıq bir dəlil yoxdur. Lakin bir cox alimlərin fikrinə görə Qur’an elmləri istilah kimi ilk dəfə əl-Hufi adı ilə məşhurlaşan Əli bin İbrahim bin Səidin(v.430/1038) “əl-Burhan fi Ulumil-Qur’an” adlı əsərində  qeyd edilmişdir (12,128-129).Digər Qur’an elmləri sayəsində Qur’ani-kərimin düzgün dərk edilməsində öz xüsusi yeri olan elm təfsir elmidir. Təfsir  kəliməsinin azərbaycan dilində lüğəvi mənası  “anıaşılması çətin olan kəlimədə nəyin nəzərdə tutulduğunu izah etmək və ortaya çıxartmaq” deməkdir. İstilahda isə təfsir elmi Qur’an-kərimdəki  kəlmələrin mənalarını, ayələrin məzmunlarını, hökmlərini və hikmətlərini izah edən bir elmdir.( 12,302) Qur’an ayələri Allah kəlamı olduğu üçün, onların bəyanı ancaq məntiq və elmi qaydalar ilə izah edilə bilməz.  Çünki Qur’anda bir çox məsələlər, hökmlər açıq kəlmələr ilə bəyan edilsədə, əxlaqi, hüquqi, ictimai həqiqətlərin  şərhlərə və haşiyələrə ehtiyacı vardır. Müfəssirlər məhz belə məsələləri izah edərək müxtəlif həcmli şərhlər, haşiyələr yazırlar ki, bu isə öz növbəsində təfsir elmidir. Qur’ani- kərimi  ilk təfsir edən  Həzrət Məhəmməd (s.) olmuşdur. Ona görə də təfsir elmində ən mühüm elmi  mənbələrdən biri Həzrət Məhəmmədin (s.) sünnəsidir. Müfəssirlərin qəbul etdiyinə görə Qur’anın təfsirinin ilk mənbəyi isə yenədə Qur’anın özüdür. İslam alimləri təfsirləri iki yerə ayırmışlar:1.Rəvayət təfsiri.Bu təfsir növündə müfəssirlər ancaq sələfdən nəql edilən  rəvayətlərə müraciət etmişlər. Digər bir  ifadə ilə,  rəvayət təfsirində ayələr yenə də Qur`andakı  başqa ayələrlə, Həzrət Peyqəmbərin və səhabənin sözləri ilə açıqlanır. Bəzən isə müfəssirlər hətta tabiunun sözlərini də əlava edirlər. Çünki, rəvayət təfsiri Həzrət Məhəmməddən sahəbələrə, onlardan isə tabiilərə keçmişdir. İslam elm tarixində tədvin dövrü başladıqdan sonra rəvayətlər təfsirlərin yazılmasında istifadə edilməsi üçün toplanmağa başlanmışdır.Ən məşhur rəvayət təfsirlərindən Məhəmməd bin Cərir ət-Tabarinin(v.504/ “Camiul-Bəyan an Təvilil-Qur’an”, Əbul-Leys əs-Səmərqəndinin (v.383/993)        “Təfsirul-Qur`anil-Azım”,  İbn Kəsirin “Təfsirul-Qur’anil-Azim”, Cəlaləddin əs-Süyutinin (v.864/1460) “əd-Dürrül-Mənsur fi Təfsirl-Məsur”, Məhəmməd Cəmaləddin əl-Qasıminin “Təfsirul-Qasimi, Məhasinut-Təvil”  adlı təfsirlərinin adını qeyd etmək olar(8, 228).2.Rəy təfsiri.    Bu təfsir növündə müfəssirlər rivayətlərdən, dil, ədəbiyyat, din və s. məlumatlardan da istifadə edərək öz rəyləri ilə  Qur`an ayələrini təfsir edirlər. Müfəssirlərin rəyləri isə əlbəttəki, ancaq ictihad yolu ilə  təfsirlərə yazılır. Rəy təfsirin yaranması islam dövlətinin genişlənməsi, müxtəlif millətli müsəlman alimlərin fəlsəfi, fiqhi fikirlərinin  və məzhəblərin ortaya çıxması ilə əlaqədardır. Qur`ani-kərimin təfsirində bu metod zamanı müfəssirlər ilk öncə ayələrin ayələrlə daha sonra isə Peyğəmbərin sünnəsindən istifadə edirlər. Lakin islamın  iki mühüm mənbəyində ayələrin təfsiri üçün lazım olan mənaları əldə etmədikdə isə, onlar kəlmələrin lüğət, istilah və sarfına müraciət edirlər. Rəy ilə ayələr təfsir edilən zaman əlbəttə ki, Həzrət Məhəmmədin (s.) söz və hərəkətlərinə uyğunluq nəzərə alınır.   Ən məşhur rəy təfsirlərindən Fəxruddin ər-Razinin “Məfatihul-Qayb”, əl-Beyzavinin “Ənvarut-Tənzil və Ənvarut-Təvil”, Əbu Hayyanın “əl-Bahrul-Muhit”, əl-Məhəlli və əs-Süyutinin “Təfsiru Cəlaleyn” adlı təfsirlərinin adını çəkmək olar (8, 230-231). İslam dini Azərbaycanın etiqadi və mənəvi dəyəri olduqdan sonra təfsir elmi digər elmləri kimi öyrənilmiş, tədris edilmiş və Azərbaycanda özünəməxsus təfsir məktəbi yaranmışdır. Bu təfsir məktəbinin nümayəndələri  dəyərli elmi məzmuna malik təfsirlər yazmaqla yanaşı, gözəl bir mütəxəssis kimi Azərbaycanda xillafətin müxtəlif mədrəsələrdə müəllim kimi fəaliyyət göstərilmişdir.Müxtəlif əsrlərdə yaşamış bu alimlərdən Abdul-Cabbar bin Əhməd bin Abdul-Cabbar (v.415/1025), Baba Əhməd ibn Baba Həsən Təbrizi (v.506/1112), Məhəmməd Əmin Sədrəddin Şirvani (v.1036/1626), İshaqzadə Məhəmməd Saleh bin İshaq Zuhuri Qarabaği (v.1083/1673), Məhəmməd Həsən Movlazadə Şəkəvi (v ),Mir Məhəmməd Kərim Ağa Hacı ibn Mir Cəfər Bakuvinin (v.1938 ) adlarını çəkmək olar (5, 64-65). Mir Məhəmməd Kərim Ağa Hacı ibn Mir Cəfər Bakuvinin  yazdığı “Kitabü-kəşfil-həqaiq ən nükətil-ayat vəd-dəqayiq” adlı təfsirdən  sonra uzun illər ərzində Azərbaycanda  heç bir təfsir  yazılmamışdır. Əlbəttə ki, bunun əsas səbəbi 1920-ci ildə baş verən tarixi hadisələrin nəticəsi olraq Azərbaycanda yaranan yeni, sovet dövlət sistemi olmuşdur. 70 il davam edən bu sistemin dövründə Azərbaycan xalqının mənəvi dəyərlərinə, elmi sərvətinə böyük zərər vurulmuşdur. Dini mövzularda əsərlərin çoxu  məhv edilmiş, onların həyatda olan müəllifləri isə xalq düşməni adı altında öldürülmüşdür.  Lakin bütün bunlara baxmayaraq, Azərbaycanda sovet dövründə dini həyaıtını yaşamağı davam edən və yaza bildiyi qədər də dini məzmunlu əsərlər yazan alimlər də olmuşdur. Bu alimlərin adları uzun müddət onların yazdığı əsərlərin içində gizli olaraq qalmışdır.       Əhməd  İsrafil oğlu Haşımzadə belə alimlərdən biridir. O, 1896-cı ildə Azərbaycanın Quba rayonunun Çiçi kəndində dindar bir ailədə anadan olmuşdur. Atası Çiçi kəndində və həmçinin Quba rayonunda savadlı dindarlarından biri sayılan İsrafil Haşımzadə olmuşdur. Anası Gülbahar xanım Çiçi kənd sakini idi. İsrafil  və Gülbahar Haşımzadənin beş övladı: iki qızı üç oğlu olmuşdurAilənin böyük övladı olan Əhməd Haşımzadə ilk dini təhsilini Çiçi kəndində atasıdan     almışdır. Atası vəfat etdikdən sonra Əhməd Haşımzadə Quba rayonunun müxtəlif kəndlərində tanınmış və mükəmməl dini savadı olan Abdulvahhab əfəndi, Hüseyn ağa və İsa əfəndi kimi şəxsiyyətlərindən dərs almışdır.  Ə. Haşımzadə on dörd yaşında Dəvəçi rayonuna oxumağa getmiş və orada ərəb və fars dillərinin öyrənmişdir. Onun Dəvəçidə harada və kimin yanında  oxuduğu haqqında məlumat yoxdur. Lakin 1919-cu ildə Əhməd Haşımzadənin Şamaxı şəhərində yaşayan və   xalq tərəfindən alim kimi böyük hörmətə sahib olan Mustafa əfəndidən ərəb və fars dilində dərs vermək üçün o dövrün mühüm sənədi sayılan “icazət” alır. Ə.Haşımzadə həmin ili öz doğma kəndinə Çiçiyə geri dönür. Sənədlərdən məlum olur ki, o 1920-1922-cü illərdə yəni sovet dövründə Çiçidə orta məktəbdə ibtidai təhsil almışdır. Bu təhsili 24 yaşına çatmış, mükəmməl dil və dini bilgisi olan Ə.Haşəmzadə dövrün tələbi olaraq aldığı aydınlaşır. Oxumağa və dərs verməyə böyük həvəsi olan Ə.Haşəmzadə 1923-cü ildə Quba şəhərində açılmış müəllimlik kurslarında oxuduqdan sonra Şuşa pedoqoji texnikumunun qiyabi şöbəsinə daxil olur. Bu texnikumu Ə.Haşımzadə 1930-cu ildə bitirmişdir. Həmin illərdə təhsil almaqla yanaşı o, tədris ilə də məşğul olmuşdur. Ə.Haşımzadə 1936-1940-cı illərdə isə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda qiyabi təhsil almışdır. 1938-ci ildə alim Quba rayonunun Utug kəndində orta məktəb müdiri işləməyə başlayır. 1943-cü ildə isə Ə.Haşımzadəni Quba rayonunun təhsil şöbəsinin müdiri olaraq təyin edirlər. Böyük Vətən Müharibəsi illərində o, rayonun təhsil sisteminə nəzarət etmiş və böyük işlər görmüşdür. Lakin, buna baxmayaraq Ə.Haşımzadə 1946-ci ildə  öz doğma kəndi olan Çiçiyə məktəb müdiri vəzifəsinə təyin edilir. Alim təqayüdə çıxana qədər, yəni 1970-ci ilə qədər bu məktəbdə əvvəllər müdir, sonralar isə müəllim olaraq işləmişdir. O,  məktəbdə tarix, biologoya, botanika fənlərindən dərs vermiş, bununla yanaşı isə onun məktəbdən kənar dini təhsil və ərəb, fars dillərini öyrənən  tələbələri də olmuşdur. Ə.Haşımzadənin müəllimlik fəaliyyəti dövlət tərəfindən qiymətləndirərək, ona 1949-cu ildə Qirmızı Əmək Bayrağlı Şöhrət ordeni və Əməkdar Müəllim fəxri adı verilmişdir.      Əhməd İsrafil oğlu Haşımzadə 1979-cu ilin aprel ayının 14-də Quba rayonunun Çiçi kəndində vəfat etmişdir.
Alimin atası və babasından qalmış böyük şəxsi kitabxanası olmuşdur. O, daima mütaliyə ilə məşğul olmuşdur. Ailə üzvləri onun  kitablar yazdığını da görmüşlər.  1962-ci ildə Əhməd  İsrafil oğlu Haşımzadə  “Təfsirul-Quranil-Azım” adlı təfsir yazmışdır. Bu təfsir Ə.Haşımzadənin qorunub saxlanılmış yeganə əsəridir. Çunki, alim sağlığında özü bu əsəri AMEA M.Füzuli adına Əlyazmalar İnstitutuna təhvil vermişdir. Təfsiri hal-hazırda həmin institutda C-699 nömrəli şifr altında qorunub saxlanılır.       İlk öncə biz təfsirin bütün cildlərini mətnşünaslıq baxımından təhlil etmək istərdik. Belə ki, təfsir sovet dövründə istifadə edilən iri həcli dəftərxana dəftərlərinə yazılmış və dörd cildə bölünmüşdür. Ə.Haşımzadə surələrin təfsirini ardıcıl olaraq nəstəliq xətti ilə bənövşəyi rəngli mürəkkəbdən istifadə edərək yazmışdır. Lakin, Qur`ani-kərimin ayələri təfsirin mətnindən aydın və gözəl nəstəliq xətti ilə fərqlənir.  Əlyazmada bəzi yerlərdə həm pozuntular, həm də xəttin qayımasına rast gəldik. Təfsirin bütün mətni sadə qırmızı və qəhveyi qələmlə çərçivəyə alınmışdır. Ərəb dilində yazılmış bəzi kəlmələrin altından qırmızı xətt çəkmişdir. Abidənin  səhifələrinin sətir sayı fərqli olaraq 23, 24, 25, 26 və ya 27 sətirdir.Ərəb əlifbası ilə azərbaycan dilinə yazılmış bu təfsirin xüsusi bir cildi yoxdur. Əlyazmanın cildi yazıldığı sadə dəftər üzüdür. Səhifələr şərq üsulu ilə ardıcıl olaraq hər iki tərəfdən nömrələnmişdir.         Müfəssir hər bir cildin əvvəlində “Bütün təfsirlərdən istifadə etmişdir” sözlərini yazmış və müəlliflərin isimlərini yazmadan təfsir kitablarının aşağıdakı siyahısını tərtib etmişdir:1.     Təfsiru-Qadi (Qadi Beyzavi  /v.685.1209/ Ənvarut-Tənzil və Əsrarut-Təvil)2.     Təfsiru-Kəşşaf (Zəməhşəri /v.538.949/ əl-Kəşşaf ən Həqaiqit-Tənzil )3.      Nəsəfi Təfsiri  (Əbul-Bərəkət ən-Nəsəfi / v.710.1300/ “Mədarilut-Tənzil və Həqaiqut-Təvil”) 4.     Təfsiru Cəlaleyn  (Cəlaluddin əl-Məhəlli /v.864.1460/ və Cəlaluddin əs-Suyuti /v.911.1505/ “Təfsirul-Cəlaleyn”)5.     Bahrul-Ulum (Əbul-Leys əs-Səmərqəndi /v.383.993/ Təfsirul-Leys əs-Səmərqəndi “Bahrul-Ulum”)6.     Cəvahirut-Təfsir (Əbu Zeyd Əbdurrahmən bin Məhəmməd əs-Saalibi /v.875.1470/ “əl-Cəvahirul-Hisan fi Təfsiril-Quran”)7.     Təfsirul-Bəhr (Əbu Hayyan əl-Əndülüsi /v.745/1344/ “əl-Bəhrul-Muhit”) 8.     Təfsirul-Kəbir (Fəxruddin ər-Razi /v.606/1209)Bu kitabların siyahısından sonra müfəssir və “ilaxir” sözlərini yazmışdır. Qeyd etmək istərdik ki, islam elm aləminin  ən məşhur təfsirləri sayılan bu kitablar Ə.Haşımzadənin şəxsi kitabları olmuşdur.      Müfəssir hər cildin ilk səhifəsində  “Yazanı Əhməd Haşımzadə İsrafil oğlu, əslən Çiçi” sözlərini qeyd etmişdir. Ə.Haşımzadə surələri təfsir etməzdən əvvəl onların adlarını, saylarını və harada nazil olduğunu qeyd etmişdir. Müfəssir ayələrin tərcüməsini vermədən təfsirə başlamışdır. Lakin adətən digər təfsirlərdə müfəssirlər  ayərin ayrıca tərcüməsini verdikdən sonra təfsirə başlayırlar.Biz düşünürik ki, müfəssir təfsiri yazmadan əvvəl ola bilsin ki, Qur`ani-kərimi artıq tərcümə etmişdi. Çünki, onun Qur`ani-kərimi tərcümə etmədən təfsirə başlaması inandırıcı deyildir. Əlbətdəki, bizim araşdırma zamanı belə bir tərcümə ortaya çıxmadı. Ə.Haşımzadənin ailəsində onun öz əli köçürtdüyü ancaq bir əlyazma Qur`ani-kərim qorunub saxlanılmışdır.        Təfsirin birinci cildinə gəldikdə isə o 311 səhifədən ibarətdir. Bu cild “əl-Fatihə surəsi ilə başlayıb “əl-Maidə” surəsi ilə sona çatır.  Cildin ilk səfihəsində müfəssir “Bu “Təfsirul-Azim”i Şəni mən Azərbaycan Respublikası, Quba rayonu əhlindən olan Çiçi kənd sakini Haşımzadə Əhməd İsrafil oğlu tərəfindən yazılmış, 6666 ayədən ibarətdir. Çox aydın bir şəkildə ərəbcədən türkcəyə tərcümə edilmişdir” sözlərini yazmışdır. Daha sonra isə müfəssir miladi 1960-cı il, hicri 1380-cı il tarixini qoymuşdur. Təfsirin 440 səhifədən ibarət olan ikinci cildi, birinci cild ilə bərabər qalın iplər vasitəsi ilə tikilərək bir kitab halına salınmışdır.   İkinci cild “əl-Ənam” surəsindən başlayaraq “əl-İsra” surəsinə qədər davam edir.    Təfsirin üçüncü cildi 441 səhifədən ibarət olub ayrıca bir kitab halındadır. Bu cild “əl-Kəhf” surəsindən başlayaraq “Fatir” surəsinə qədər davam edir.   Təfsirin sonuncu cildi isə “Yasin” surəsindən başlayır. Cildin ilk səhifəsində müfəssir Mədəni surələrin siyahısını tərtib etmişdir.  Ə.Haşımzadə böyük sürələri iki və ya üç ayə olaraq birlikdə təfsirini verimişdir. Eyni metoddan o bütün cildlərdə  istifadə etmişdir. Müfəssir bu cilddə təfsirin mətni bitdikdən sonra ərəb dilində dua yazmış və təfsiri 1962-ci ildə (hicri 1382-ci ildə) tamamladığını qeyd etmişdir.       Müfəssir  hər dörd cildin son səhifəsində təfsir etdiyi surələrin fihristini tərtib etmişdir. Təfsirin bəzi səhifələrdə isə Ə.Haşımzadə ayələrin təfsirlərinə haşiyələr də yazmışdır.        Mətnşünaslıq baxımından abidəni tədqiq edərkən bizə aydın oldu ki, bu əlyazmanın strukturu orta əsr təfsir əlyazmalarına uygun olaraq qurulmuş  və onun  müəllifi islami elmlər və ərəb dili sahəsində savadlı bir şəxsiyyət olmuşdur. Həmçinin əlyazmadan müəllifin ərəb əlifbası ilə azərbaycan dilində sərbət yazdığı və  əlyazma kitab tərtibatçısı kimi bacarığa da sahib olduğu qənaətindəyik.        Əlyazmanın mətninin şəhrinə gəldikdə isə onun Qur`ani-kərimin təfsiri olduğuna tam əminik.   Bu təfsirin yazılmasında müfəssirin istifadə etdiyi metod və üsulllar onun  rəy təfsiri olduğuna dəlalət edir. Çünki ilk öncə müfəssirin mənbə olaraq göstərdiyi  təfsir kitablarının coxu rəy təfsirləridir. Rəvayət təfsirində istifadə edilən Qur`an ayələrinin ayələrlə təsfirinə müfəssir qismən yer vermişdir. Həmçinin rəvayət təfsirində ikinci əsas mənbə sayılan hədislərdən müfəssir çox az istifadə etmişdir. İstifadə etdiyi çox az saylı hədislərin hansı dərəcədə hədis olduğuna da aydınlıq gətirməmişdir. Lakin buna baxmayaraq o, yazdığı bəzi hədislərin kim tərəfindən rəvayət edildiyini bildirmişdir. Məsələn o, Həzrət Əbu Bəkr, Həzrət Ömər, Həzrət Əli, Əbu Hüreyrə, İbnu Abbas, Səlman Farisi kimi sahəbələrin adını çəkmişdir. Çox güman ki, o yazdığı hədisləri təfsirlərdən köçürtmüşdür. Çünki, Ə.Haşımzadə yazdığı ədəbiyyat siyahısında ancaq təsfirlərin  adını çəkmişdir. Bununla isə müfəssirin islam elm aləmində məşhur olan hədis kitablarından istifadə etmədiyi açq-aşkar aydındır.  Ə.Haşımzadə ömrünün dini təhsilini uşaqlıq illərində almış və daha sonrakı gənclik  illərində  dini təhsilin yasaqlandığı bir dövrdə yaşamışdır. Biz düşünürik ki bu səbəbdən o, Qur`ani-kərimin təfsiri üçün mühüm olan bir çox elmlər haqqında dərin biliyə yiyələnə bilməmişdir.     Ə.Haşımzadə Qur`ani-kərimin , həm rəy və həm də rəvayət təfsirində olduğu kimi ayələrin nazil səbəblərini rəvayətlərdən istifadə edərək açıqlamışdır.  Lakin o,   bu rəvayətlərin  kim tərəfindən rəvayət edildiyini və mənbələrini göstərməmişdir. Müfəssirin istifadə etdiyi mənbə olaraq göstərdiyi təfsir kitablarında ayələrin nazil olma səbəbləri bir neçə rəvayətə istinad edilərək izah edilməsinə baxmayaraq, o ancaq bir rəvayət ilə ayələrin nazil olma səbəbbini izah etməklə kifayətlənmişdir.     Ə.Haşımzadə Qur`anda peyğəmbərlərə aid qissələrin təfsiri zamanı rəy təfsirində istifadə edilən israil rəvayətlərinə də müraciət etmişdir.   Müfəssir fiqhi məzhəb olaraq əhli-sünnə məzhəbindən olduğu aydındır. Onun fiqh və usul kimi elmlərdən müəyyən qədər görüş sahibi olmasına baxmayaraq o, fiqhlə əlaqədar olan ayələrinin təfsirini demək olar ki, verməmişdir.  Müfəssir ancaq bəzi ayələrin təfsirində imam Əbu Hənifə, imam Malik, imam  Şafii, imam Əhməd bin Hənbəli, imam Əbu Yusif, İmam İshaq və s. alimlərin fiqhi görüşlərini qısaca olaraq qeyd etmişdir.   Ə.Haşımzadə təfsiri yazarkən surələrin Məkkədə və ya Mədinə də nazil olduğunu təyin etdikdən sonra bəzən nəqli-tarixi dəlillər gətirmişdir( məsələn, əl-Kovsər, ən-Nəs surələrində olduğu kimi). Müfəssir mutəşəbih ayələr sayılan hurufi-muqattaanı (Qur`ani-kərimin 28 surəsinin əvvəllərində yazılan hərflər) təfsir etməyə çalışmışdır. Bu isə öz növbəsində rəy təfsirlərində istifadə edilən metodlardan biridir.   Təfsirin  ərəb əlifbası ilə azərbaycanda dilində yazılmasına baxmayaraq, müfəssir bəzi kəlmələri ərəb, fars dillərində vermişdir. O ərəb dilində olan sözlərin bəzilərinə aydınlıq gətirmişdir. Məsələn “zəmmun”,”xuyutun”  və sairə. Bu kimi  sözlərin bir kəlmə ilə tərcüməsi mümkün olmadığı üçün müfəssir onları ərəb dilində yazmış daha sonra isə azərbaycan dilində bir və ya iki cümlə ilə mənasını  vermişdirir. Lakin, o, fars dilində olan  məsələn, “bəradər” kimi kəlmələrə heç bir aydınlıq gətirməmişdir. Biz düşünürik ki,  müfəssir bu kəlmələrin  türk dilində və   və ya onun ləhçəsində işləndiyi üçün tərcümə etməmişdir.     Əlyazmanın həm mətnşünaslıq, həm də yazıldığı metod və üsul baxımından  araşdırılması nəticəsində meydana çıxan bu və digər nəticələr abidənin ayrıca bir mövzu kimi işlənməsi, tədqiqata cəlb edilməsi üçün zəmin yaradır. Təfsirin çağdaş Azərbaycan ilahiyyatı üçüm xeyirli olduğu kimi Azərbaycanda elm xadimlərinin yaradıcılığını öyrənməkdə də maraq doğuran əsərlərdən biri saymaq olar. Bu təfsiri Azərbaycan təfsir məktəbinin davamı kimi qiymətləndirsək heç də səhv etmiş olmarıq.
      Əhməd İsrafil oğlu Haşımzadə ömrünün bütün anlarında Qur`anla birlikdə olmuş, Qur`andan ilham almış  və sovet dövründə elm dünyasını hərəkətə gətirən “Təfsirul-Quranil-Azım” adlı əsər yazmışdır.

NAİLƏ SÜLEYMANOVA, İlahiyyatçı, Alim

Hiç yorum yok:

Yorum Gönder