Azərbaycan bir müddət bundan əvvəl “Əbubəkr” məscidində baş vermiş partlayışı müzakirə etdi. Qabaqcadan qeyd edək ki, məsqədimiz həmin hadisəni gündəmə gətirmək və yaxud da bu hadisənin törədilməsi səbəblərini araşdırmaq deyil. Onsuz da bu hadisə barədə müxtəlif rəylər söylənilib. Gah bu aktın arxasında Rusiyanın olması, gah da məscid daxili çəkişmələr olması söylənildi və sair və ilaxır...
Bu Hüquq Mühafizə Orqanlarının və Təhlükəsizlik Nazirliyinin işidir və biz onlara həddindən artıq güvənirik. Bir insanı nə kimi səbəb məcbur edə bilər ki, o Allahın evi sayılan məscidə basqın etsin. Bax məqsədimiz bunu araşdırmaqdır. Bizim bir-birimizə qarşı ədavətimiz ola bilər ( halbuki müsəlmana və müsəlmançılığa bu yaraşmır və islama zidd bir şeydir bu), başqa-başqa məzhəblərə mənsub ola bilərik (halbuki Allah təkdir, nəyi bölüşə bilmirik anlamıram) və sair səbəblər ola bilər...
Amma bunların heç biri Allaha yaxın olmaq üçün Allahın evinə gələnlərin sağlamlığına və ümumiyyətlə canlarına zərər verməyə vadar edə bilməz. Həm də ki, bu bir başa Allaha - Yerin, Göyün sahibi olan Rəbbimizə qarşı hörmətsizlikdir. Gəlin bu aspektdən baxaq məsələyə. Eyni akt kilisəyə və yaxud sinaqoqa qarşı da olsa idi, məncə, yenə də bu formada reaksiya verməli olacaqdıq. Axı insanlar Allaha daha yaxın olmaq və Ona dua etmək, ibadət etmək üçün üz tuturlar bu kimi ibadət ocaqlarına. Demək məqsəd eynidir Allaha yaxın olmaq. Əgər məsqəd eynidirsə niyə dinimizi yaşamaq əvəzinə kimin haqlı, kimin haqsız oldugunu müzakirə obyektinə çevirməliyik? Bu tip müzakirələr vaxt aparmaqdan başqa bir şey deyil. Bütün dinlərin özəyində tövhid inancının, yəni, təkAllahlığın olması heç kəsə sirr deyil. Sonuncu mükəmməl ümumbəşər dini də islamdır. Biz Allahın xoşbəxt bəndələrindənik ki, Allah bizi müsəlman olaraq yaratmışdır. Amma biz nə edirik? Yerli-yersiz məzhəb mübahisələrinə girir haqlı tərəf axrarırıq. Etiqad insanla Allah arasında olan bir məsələdir. Ürək , ağıl və Rəbb üstəgəl ixlas. Yəni kimin daha yaxşı, daha imanlı təqva sahibi bir mömin olmasını Allah bilir. Ona görə də bu tip mübahisələr yersizdir məncə. Mövzudan uzaqlaşmayaq. Bəs yaxşı bir insan nə dərəcədə vəhşiləşə bilər (ifadəmə görə üzr istəyirəm) ki, gözünə heç nə görünməz və Allahın evi olan məscidə partlayıcı maddə atar. Bu insanlıqdan çıxmanın maksimal həddidir artıq. Ürəyində Allah qorxusu olmayan şəxs hər şey edə bilər, nəyinki məscidə partlayıcı bomba atmaq. Biz həmin şəxsi Allaha həvalə etməklə özümüzə təsəlli verir, uca ədalətə sığınırıq, amma bir müsəlman kimi dəyər verdiyimiz şeyləri nə dərəcə də qoruya bilirik? Gəlin bir də bu sualı verək özümüzə və yaxud da cəmiyyət niyə bu dərəcə də korlanıb ki, insanlar bir-birilərinin etiqadlarına hörmətlə yanaşmırlar. Problem burdadır məncə. Mənəvi boşluq! İnsanın fitrəiındə, yəni təbiətində nəyəsə inanmaq hissi var və o inanc da dogru olmadıqda qeyri insani hərəkətlər meydana çıxır. Allaha olan sevgimiz və Onun əmr etdiyi kimi yaşamaq arzusu bizi bir çox haramlardan çəkindirir və Ona yaxınlaşdırır. Yəni dogru həyat tərzi seçir və minimal səhvlərlə yaşaya bilirik. Xoşbəxt o insandır ki, İslamı özünə həyat tərzi seçib. “Əbubəkr” məscidində baş vermiş bu hadisə bizi düşündürməyə vadar etməlidir. Cəmiyyət, insan və insanı bu tip şeylərə vadar edən səbəblər və onların aradan qaldırılmasına çalışmaq! Biz ancaq bir olsaq , bir-birimizin etiqadına hörmətlə yanaşsaq, hələ xüsusilə də öz aramızda məzhəb, təriqət mübahisəsinə girməsək bu problemin həllini tapa bilərik. Allahımız bir, Kitabimiz bir, liderimizdə Muhamməd aleyhi-s-salamdır. Nəyi bölüşə bilmirik? Əlhəmdulillah da müsəlmanıq. Ramazanın da astanasındayıq. Bu ay bütün müsəlmanlar üçün əziz aydır (məzhəbindən aslı olmayaraq). On bir ayın sultanı bir aydır. Allahın rəhmət və bərəkətinin yağdığı bir ay! Gəlin bu ay özümüz-özümüzə sual verək. Biz nə dərəcədə İslamı mənimsəmişik və İslam bizim üçün sadəcə ehkamlardan ibarət deyil, bizim həyat tərzimiz, hər addımda, hər hərəkətimizdə bizə Allahı, Onun varlığını xatırladacaq bir vasitədir. ALLAH xeyirli bir Ramazan nəsib etsin! Amin! Ümid edək ki, bu Ramazan Allaha bir az da yaxın olacağıq və insanlığın necə şərəfli olduğunun bir az daha çox fərqinə varacağıq. Allah bizə haqqı ilə İslamı yaşamağı nəsib etsin! Amin. Lə həvlə va lə quvvata illə billəh (Allahdan başqa ayrı güc və qüvvə yoxdur).
Əkrəm Həsənov (Məscidə qumbara atılandan bir neçə müddət sonra bu məqaləni hazırlamışdıq)
Hiç yorum yok:
Yorum Gönder