08 Aralık 2013

İslam dininə görə və müasir dövrümüzdə ipoteka

İsveçrə, Fransa və.s. bir çox avropa ölkələri, müasir beynəlxalq hüquqda böyük inkişaf etmiş ipoteka kreditinin məqsədi və funksiyası alacağın təmin olunmasıdır. Ona görə də ipotekaya belə bir tərif verilib: “Şəxsi bir alacaq məqsədi ilə təsis edilən və qiymətli bir sənədə ehtiyacı olmayan bir girov haqqıdır”.
İpotekaya əsas təşkil edən alacaq, borclunun şəxsi məsuliyyətidir. Borclu bütün imkanları ilə şəxsi məsuliyyət dairəsində cavabdehdir. İpoteka krediti - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınan əşyaların girovudur. İpoteka qoyan ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. İpoteka saxlayan ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir.
İpoteka dəyəri şəxsi vəsaitlərindən daha çox olan mənzil (ev) almağı planlaşdıran insanlar üçün lazımdır. İpoteka krediti mənzil (ev) almaq üçün kifayət qədər vəsait olmadıqda belə, insanlara öz şəxsi mənzillərində yaşamaq imkanı yaradır. 
Azərbaycan banklarında ipoteka krediti üzrə aylıq ödənişlər ya aylıq annuitet, ya da əsas borcun bərabər hissələrlə bağlanması yolu ilə həyata keçirilir. Annuitet ödəniş ipoteka krediti üzrə elə ödəniş formasıdır ki, bu zaman aylıq ödənişin məbləği bütöv kredit müddəti ərzində dəyişilmədən, sabit qalır.
İslam hüququnun klassik qaynaqlarında ipoteka adlı heç bir alış-veriş növü mövcud deyildir. Hətta bu alış-veriş növü bizdə bəzi doğruların yalnış anlaşıldığı kimi müsəlmanlar arasında yalnış anlaşılmağa səbəb olmuşdur. Biz bizi tənqid etsələr də, bizə qarşı aqressiv nümayişlər göstərəslər də ipoteka haqqında müasir dövrümüzdə islam fiqh alimlərinin bu mövzu ilə bağlı olan fikirlərini oxucuların diqqətinə çatdıracağıq. Bir çox müsəlman ölkələrində müsəlmanlara ipoteka tətbiq olunur və müasir fiqh alimləri bununla bağlı geniş açıqlamalar veriblər.
Bu açıqlamalardan əvvəl qeyd edək ki, islam hüququnda ipotekanın olmadığı və tanınmadığına işarə edən müasir alimlər çoxluq təşkil edirlər.
Ancaq islamda ipotekaya icazə verilmədiyi və bir çox islam alimləri bunu dilə gətirmədiklərinə baxmayaraq, birincisi bu o demək deyil ki, fiqh kitablarına bu mövzu işlənməməlidir, ikincisi bu o demək deyil ki, biz bu mövzuya toxunmamalıyıq, üçüncüsü isə bu gün bir gerçəkdir ki, bir çox müsəlmanlar açıq və ya gizlin yollarla ipoteka götürürlər.
İpotekanın faiz növlərindən bir növ olması, islama zidd olması buna əsas vermir ki, islam hüququnun prinsiplərində ipoteka mövzusuna yer verilməməlidir. Bir çox islam ölkələrində və xüsusi ilə Türkiyədə müasir fiqh alimləri bu mövzularda kifayət qədər fiqhi əsərlərində toxunublar.
Əslində islam fiqh, hüquq müəlliflərini bu istiqamətə sövq edən bu ipoteka alış-verişinin həqiqətini təsbit etmək, əsas da islam hüququnda girov müqaviləsinin əhəmiyyətli şərtlərindən biri olan malı, mülkü təslim almaq (qəbz almaq) şərtidir. Pul, qiymətli şey və sairənin alınması, qəbul edilməsi haqqında verilən kağıza, sənədə qəbz deyilir. Girov müqaviləsinin qəbz şərti olmadan baş tutmayacağı və ya bəzi ictihadlara görə məcburi olmadığını görən müəlliflər “islam hüququnda ipoteka yoxdur” deyiblər.
Sənəd müqavilələrinin olmadığı və ya müasir dövrümüzdəki kimi müntəzəm və etibarlı olmadığı dövrlərdə daşınmaz girovun (əmlak) tək keçərli yolu və üsulu təslim almaq şərtinə bağlı olmasıdır. Bu səbəblə də fiqh alimləri daşınan əmlak kimi, daşınmaz əmlakı da təslim etməyi şərt qoşublar. Başqa formada girovun təminat funksiyasını yerinə yetirilməsi düşünülə bilməz. Yenə də eyni səbəblərlə daşınmaz əmlakın yerinə, onun sənəd və sübutlarının təslim olunması da kifayət görünməmişdir.
Müasir dövrümüzdə sənədlərin rəsmləşdirilməsi ilə bağlı müəssisələr vardır. Daşınmaz əmlakın satılması, alınması, başqa şəxsə bağışlanması, vəsiyyət edilməsi ilə bağlı olaraq bu kimi müqavilələri həyata keçirmək üçün dövlətin müəyyən cavabdehlik daşıyan qurumları fəaliyyət göstərir. Bu cür daşınmaz əmlakların alınması, satılması, vəsiyyət edilməsi, bağışlanması ilə bağlı sənədləşmə işlərini həyata keçirən idarələr müntəzəm çalışırlar, rəsmi idarələrdir, güvənilən, etibarlı qurumlardır. Bu səbəbdən də bizim mövzumuz olan ipoteka kreditini alan şəxs, ipoteka səbəbi ilə girov aldığı daşınmaz əmlak üzərindəki haqqını, onun xəbəri olmadan və razılığı alınmadan aradan qaldırılması, satılması, dəyişdirilməsi, kiməsə verilməsi və s. kimi onun üzərində bu va ya digər əməliyyatları həyata keçirmək mümkün deyildir. Bu səbəbdən də islam hüququnda ipoteka şəklində olan daşınmaz əmlakın girovunun halal, yəni icazəli və ya haram, yəni icazəsiz olub-olmaması, rəsmi sənədlərlə qeydiyyata alınıb, alınmamasından asılıdır. Bu problemli məsələyə həll yolu axtararkən ən əvvəl girov müqabilində qəbz (rəsmi sənəd) şərti, bu şərtin yeri, əhəmiyyəti barəsində məlumatlı olmalıyıq. Pul, qiymətli şey və sairənin alınması, qəbul edilməsi haqqında verilən kağıza, sənədə qəbz deyilir.
Birinci biz bilməliyik ki, qeydiyyat qəbz yerinə keçirmi? Allah təala qarşılıqlı borc əlaqəsinə girən şəxslərə borcu yazmalarını və ya yazdırmalarını, buna şahid tutulmasını əmr etmiş, əvvəlcədən olan alış-verişdə yalnız şahid tutmaq, səfərdə olub yazacaq şəxs olmaması halında girovla alış-verişi əmr etmişdir. Bu hökmləri ifadə edən ayənin təfsirinə baxsaq görərik ki, girov almaq yalnız səfər zamanı və yaza bilən şəxs olmadıqda həyata keçirilir. Bəzi müctəhidlər də məsələni belə anlayıblar (Şövkani, Fəthul qadir, 1/273,275). Ancaq çox alimlər Allah Rəsulunun səlləllahu aleyhi və səlləmin tətbiqatına baxaraq səfərdə olmadan da borca əvəz olaraq girov verilməsinin, yazılmasının və şahid tutulmasının fərz yox, bəyənilən bir əməl olması görüşünü mənimsəyiblər (İbn əl-Arabi, Ehkamul Quran, Beyrut 1972, 1/261).
Borcun yazılması ilə bağlı olan ayədə səfərdə, yəni səfər vaxtında olub “alınmış girovlardan” bəhs edildiyinə görə, bundan ilk nəzərdə tutulan tələb yolu ilə başa düşülən, girovun daşınan mal olmasına görədir. Allah Rəsulu səlləllahu aleyhi və səlləmdən rəvayət olunan tətbiqat və ifadələrdə də ancaq daşınan mallar qəsd olunur. Halbuki müctəhidlər, istər daşınan mal olsun, istərsə də daşınmaz mal olsun, satılması üçün əlverişli olan hər malın girov alınıb verilməsinin icazəli olduğuna hökm veriblər. Hətta malikilərə görə alınan malın borcluya malı alan tərəfindən girov verilməsi də icazəlidir. Çünki borc qüvvədə olduğuna görə, borcun qüvvədə olma vəziyyətinin qəbz sayılması lazımdır. Hətta bu ödəniləcək məbləği qəbzləşdirmək və ya ödəniləcək malın üstünə artım əlavə etməkdən daha sağlam bir qəbzdir (İbn əl-Arabi, Ehkamul Quran, Beyrut 1972, 1/261).
Qəbzin (təslim almağın) lüğət mənası real olaraq məlum malı əlinə almaq, əlində saxlamaq daşınmaz əmlaklarda, lazım olarsa içərisini boşaltmaqla girov alanın oraya daxil olması səviyyəsinə gətirmək deməkdir.
Bütün bunlara aid çox misallar vermək olar. Yorucu olmamaq üçün qısa şəkildə bildirək ki, mənbələrə baxdıqda görərik ki, Allah Təala həm Qurani Kərimdə, həm də göndərdiyi peyğəmbəri vasitəsi ilə hədislərdə bütün müsəlmanlara öz aralarında mallarını qarşılıqlı razılıq əsasında, bir-birlərinə güzəşt getməklə, imkanı olanın imkansıza borc verməsi ilə münasibətləri tənzimləməyi buyurmuşdur.
Azərbaycanda da ipoteka kreditləri son zamanlarda verilməyə başlanılıb. Azərbaycan Respublikasında əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu  yaradılmışdır.
22 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə" təsdiq edilmişdir (http://www.amf.cbar.az/az/view/pages/43/aif-haqqinda).
Son vaxtlar bu kreditin mülayimləşdirilməsi, verilmə şərtlərinin asanlaşdırılması ilə bağlı müzakirələr gedir.
Azərbaycan İpoteka Fondu əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur. Əhaliyə ipoteka kreditlərinin verilməsi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən seçilmiş müvəkkil kredit təşkilatları tərəfindən həyata keçirilir.
Azərbaycan İpoteka Fondunun əsas funksiyaları aşağıdakılardır:
1.     Müvəkkil kredit təşkilatları tərəfindən verilmiş ipoteka kreditlərini yenidən maliyyələşdirir;
2.     Yenidən maliyyələşdirilən ipoteka kreditlərinə dair tələbləri müəyyən edir;
3.     Maliyyə vəsaitlərinin cəlb olunması məqsədilə ipoteka ilə təmin olunmuş qiymətli kağızlar emissiya edir;
4.     Öz fəaliyyətinin sabitliyini və likvidliyini təmin etmək üçün maliyyə risklərini idarə edir;
5.     İpoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması və Fonda ucuz maliyyə resurslarının cəlb olunması məqsədilə öz səlahiyyətləri daxilində tədbirlər görür.
Azərbaycan İpoteka Fondunun əsasnaməsi, nizamnaməsi də mövcuddur. Fonduz xüsusi sayı fəaliyyət göstərir və istəyən hər bir vətəndaş sayta daxil olaraq geniş məlumat ala bilər.
Son zamanlarda Azərbaycanda ipoteka kreditlərinin sıfır faizlə verilməsi barəsində təkliflər səsləndirilib. Əgər belə bir hal olarsa bu dövlətdən xalqa bir yaxşılıq edilmiş hesab olunar. Allah təala və göndərdiyi elçisi də borc verməyin savab iş olduğunu, borcluya möhlət verilməsi məsələlərini bildirilmişdir. Borclu da insaf və ədalət sahibi olub öz borcunu vaxtında qaytarmağa çalışmalıdır. Bizdə təklif edirik ki, ipoteka kreditləri faizsiz olaraq əhaliyə verilsin.

Əkrəm Həsənov (ilahiyyatçı).





Hiç yorum yok:

Yorum Gönder