27 Kasım 2013

İslamda qadın-kişi bərabərliyi var.

Cəmiyyətimizdə bəzən eşidirik ki, qadınların hüquqları pozulur. Qadınlar kişilərlə eyni hüquqlara sahib ola bilmirlər. Qadınların hüquqlarını müdafiə etmək mümkün olmur. Ancaq bu sözlər şablon kimi səslənən sözlər deyil. Həqiqətən də cəmiyyətdə qadınlara qarşı çox hallarda haqsızlıq olur. Düzdür, bəzən qadınlar həddən artıq çox hüquqlara sahib olmaq istəyirlər. Ancaq istər dünyəvi hüquqda, istərsə də islam dini hüququnda qadınların özlərinə məxsus olan normativ hüquqları vardır və onları hər birimiz qorumağa borcluyuq. İslam dininə görə qadınlar kişilərlə eyni hüquqa malikdirlər.
Çox hallarda müsəlman kişilərdə belə fikir formalaşır ki, kişilər mütləq mənada qadınlardan üstündürlər. Ancaq heç də belə deyildir. Nə Quranda, nə də hədislərdə kişilərin qadınlardan üstün olduğu bildirilmir. Allah təala buyurur ki, “...Allah onun nə doğduğunu və oğlanın qiz kimi olmadığını yaxşı bilirdi” (Ali-İmran (İmran ailəsi) surəsi, 36). Bu ayədən çoxları elə başa düşür ki, kişilər qadından mütləq mənada üstündürlər. Ancaq bu ayəni düzgün başa düşmək lazımdır. Allah təala buyurur ki, “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!” (ən-Nisa (Qadınlar) surəsi, 34). Bu ayə o demək deyil ki, kişilər qadınlardan mütləq mənada üstündürlər. Burada söhbət kişilərin qadınlara nisbətən hüquqlarının daha çox olmasını bildirir. Qadınlar kişilərin bir hissəsidir. Üstünlük nisbidir. İdarə etmə hüququ kişilərə verilmişdir. Bəzi məsələlərdə qadınlar kişilərdən üstün ola bilər. Qadının şəfqət dolu qəlbi olması, övladlarını məhəbbətlə sevməsi, bəsləməsi, kişilərdən fərqli olaraq evdə təmizlik işləri aparması, yemək bişirməsi, ərinin qulluğunda durması, ona kömək etməsi, evin bütün işlərini idarə etməsi, ərinin sirrini qoruyub saxlaması və s. kimi üstünlüklər qadınlara aiddir. Bütün bunları kişi tək başına edə bilməz. Qadının hamilə qalması onun elə kişidən üstün olmasını göstərən xüsusiyyətdir. Kişilər bu əziyyətin nə olduğunu dərk edə bilməzlər. Qadın bu cür böyük, əhəmiyyətli, önəmli vəzifələrə sahib olmaqla kişilərdən üstündürlər.
Allah təala qadın-kişi fərq qoymadan hər ikisinin eyni olmasını bizə bildirib. İstər qadınlardan, istərsə də kişilərdən hansının üstün  olmasını bizə xəbər verib. Allah təala buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” (əl-Hucurat (Otaqlar) surəsi, 13). Bu ayə bizə onu göstərir ki, qadın kişi ilə insan kimi bərabərdir. Eyni hüquqlara sahibdir. Hər ikisinin yaradılışı eyni nəfsdəndir. Allah təala buyurur ki, “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (ən-Nisa (Qadınlar) surəsi, 1). Kökləri birdir və eyni maddədən yaradılıblar.
Qadın da pislik edəndə günah, yaxşılıq edəndə savab qazanır. Dua edərsə Allah ona cavab verər. Qadın Cənnətə və ya Cəhənnəmə getməkdə kişidən fərqlənmir. Hər ikisi eyni ibadətləri həyata keçirirlər. İdarə və təşkilatda işləyəndə qadın da kişilərlə bərabər eyni hüquqa sahib olub eyni maaşı alırlar. Qadın da kişi kimi ticarətlə məşğul ola bilər, işləyib ruzisini qazana bilər. İnsanlar arasında olan hörmətə görə qadınlar bəzi kişilərdən üstündür. Bir gün bir səhabə Allah Rəsuluna buyurur ki, insanlar içərisində ən çox kimə hörmət göstərməliyəm? Allah Rəsulu ona anasına hörmət göstərməyi tövsiyyə edir. Səhabə bu sualı üç dəfə verir, Allah Rəsulu iki dəfə anasına hörmət göstərməli olduğunu, üçüncüdə isə ataya hörmət göstərməli olduğunu səhabəyə öyərdir. Səhabə bu xəbəri bizlərə çatdırıb ki, anaya, qadına hörməti daha çox göstərək. Bu hədisi Buxari və Müslim rəvayət ediblər. Hər ikisi bütün islam aləmində etibarlı və səhih hədisləri toplayan alimlərdir. Yaradılışda, savab və günah qazanmaqda, ibadət və dua etməkdə, günah və cəzada, savab və mükafatda, hörmət və ehtiramda, bir sözlə insan olmaqda qadın və kişi arasında heç bir fərq və üstünlük yoxdur.
Allah təala Qurani Kərimdə buyurur ki: “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun. Əgər bir arvadın yerinə başqa bir arvad almaq itəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?! Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar. Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur!” (ən-Nisa (Qadınlar) surəsi, 19-22).
Bu ayələrdə uca Allah iman edənlərə qadınlara qarşı hörmət göstərməyi əmr edir. Cəmiyyətimizdə insanlar Allaha iman ediblər. İman etdikləri üçün də bu ayələri nəzərə alıb hər kəs öz şəxsində, öz çevrəsində olan qadınlara nəzakətlə, mülayim, hüquqlarını nəzərə alaraq yanaşmalıdırlar. Bu ayələrdə Allah təala qadınlarla bağlı bəzi məsələləri, hüquqları bizə bildirir. Bunlardan biri də və əsası da qadınlara zorla, məcburən miras çıxmaq məsələsidir. Yəni heç bir kişi qadının, onun valideynlərinin, ailəsinin icazəsi, razılığı olmadan ona varis çıxa bilməz. Onun hüqlarını əlindən alıb heç bir kişi onu özünə zorla həyat yoldaşı seçə bilməz. Qarşılıqlı razılıq, qohumların, qızın valideynlərinin icazəsi və məsləhəti, qızın öz razılığı əsas rol oynamalıdır. Əgər bir kişi dünyasını dəyişərsə onun varisi öz həyat yoldaşı olur. Onların övladı varsa övladlara da pay düşür. Bu məsələ başqa ayələrdə bildirilmişdir. Xülasə olaraq, qadınla kişi qarşılıqlı hörmət əsasında, birinin digərinə qarşı haqsılığı olmaması şəraitində yaşamaları çox vacibdir.  
Əkrəm Həsənov (ilahiyyatçı).

Hiç yorum yok:

Yorum Gönder