14 Haziran 2013

Şaban ayının 15-ci gecəsində Allah təalanın dünya səmasına enməsi məsələsi

Məmləkətimizdə, ölkəmizdə, vətənimizdə bəzən müxtəlif məzhəblərdən olan insanların Şaban ayı haqqında dində əsli olmayan adət-ənənələrini, sözlərini eşidirik. Bunlardan biri də Şaban ayının 15-ci (on beşinci) gecəsində Allah təalanın dünya səmasına enməsi, kafirlərlə müsəlmanlar arasında düşmənçilik olan iki müsəlmandan başqa digər bütün insanların günahlarının bağışlanması haqqında deyilən sözlərdir.
Bu kimi xəbərlər nə dərəcədə doğrudur. Xüsusi ilə bu məsələ barəsində görkəmli müasir islam alimi Məhəmməd Saleh Əl-Münəccid belə cavab verir:
Həmd, yalnız Allahadır. Bu, bəzi hədislərdə keçir. Lakin hədisin səhih olub-olmaması barəsində elm əhlinin bəzi fikirləri var və Şaban ayının 15-ci gecəsinin fəziləti haqqında rəvayət olunan heç bir səhih hədis yoxdur.
Əbu Musa əl-Əşaridən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Rəsulullah – səlləllahu aleyhi və səlləm - belə buyurub: “Heç şübhəsiz ki, Allah Təala, Şaban ayının on beşinci gecəsi (Bərat gecəsi) Yer üzərinə təcəlli edər və Allaha şərik qoşan (Allahla öz arasında piri, seyidi, ölünü vasitəçi götürən) şəxslə bir-biri arasında ədavət və düşmənçilik olan iki şəxsdən başqa bütün qullarını bağışlayar” (İbn Macə rəvayət edib).
“Məcməuz-Zəvaid” adlı kitabın yazarı belə deyib: “Abdullah bin Ləhiyənin zəif və Vəlid bin Müslimin də müdəlləs olmasına görə hədisin isnadı zəifdir” (Müdəlləs ravi o raviyə deyirlər ki, o rəvayət edəndə arada olan ravilərdən birinin adını çəkmir. Bu cür arada ravi itəndə həmin hədis zəif və etibarsız sayılır).
Ayrıca hədisin sənədi və ya mətnində səhih olub-olmaması barəsində ixtilaf vardır. Necə ki, Darəqutni bunu açıqlamış və belə demişdir: “Hədis, sabit deyildir”.
Muaz bin Cəbəl, Aişə, Əbu Hüreyrə, Əbu Səhləbə əl-Huşani və digər səhabələr yoluyla rəvayət olunan hədislər də zəif olmaqdan uzaq deyil. Hətta bəziləri çox zəifdir.
İbni Rəcəb əl-Hənbəli - Allah ona rəhmət etsin - belə deyib:Şaban ayının on beşinci gecəsinin fəziləti haqqında alimlər arasında fikir ayrılığı olan saysız-hesabsız hədislər vardır. Alimlərin əksəriyyəti bu hədisləri zəif qəbul etmiş, İbni Hibban isə bəzi hədislərin səhih olduğunu demişdir”.  
Allah Təalanın dünya səmasına enməsi isə, Şaban ayının on beşinci gecəsinə xas bir vəziyyət deyil. Əksinə, hər gecənin son üçdə birində Allah Təalanın dünya səmasına endiyi Buxari və Müslimin səhihləri ilə digər hədis kitablarında sabitdir. Şaban ayının on beşinci gecəsi də bu gecələrdən biri olduğu üçün buna daxildir.
Buna görədir ki, Allah Təalanın, Şaban ayının on beşinci gecəsində dünya səmasına enməsini soruşan şəxsə Abdullah bin Mübarək belə cavab verib: “Ey zəif! Şaban ayının on beşinci gecəsimi? Allah Təala dünya səmasına hər gecə enər!”
əl-Ukeyli  - Allah ona rəhmət etsin - belə deyib: “Allah Təalanın, Şaban ayının on beşinci gecəsində dünya səmasına enməsi barəsində rəvayət edilən hədislərdə bir zəiflik vardır. Allah Təalanın, dünya səmasına  hər gecə enməsi barəsində rəvayət edilən hədislər isə, sabit hədislərdir. Bu səbəblə inşallah ki, Şaban ayının on beşinci gecəsi, hər gecəyə daxildir”.
Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı).



Hiç yorum yok:

Yorum Gönder