17 Haziran 2013

Cənnətin qapısını açmağa tələsək!

Mərhəmətli və Rəhimli Allahın adı ilə. Əs-Səlamu Aleykum və rəhmətullahi və bərəkətuhu. Əziz müsəlman qardaşlarımız və bacılarımız. Bu sözləri özümə nəsihət kimi yazıram.

Həmçinin bu nəsihətimlə bərabər burada yazmaqda məqsədim sizin də oxuyub faydalanmağınızdır. Artıq bir çox asilikləri, günahları, səhlənkarlıqları etdiyimiz günləri arxada qoyuruq. Həmin günləri artıq heç vaxt geri ala bilməyəcəyik. Qarşıdan da çox böyük, çox dəyərli, çox bərəkətli, çox nurlu günlərə doğru gedirik. Heç birimiz də bilmirik ki, həmin günləri yaşayacayıq ya yox. Əgər yaşayacayıqsa bu uca Allahın bizə verdiyi nemətdir, fürsətdir. Biz elə günlərə, elə böyük bir aya yaxınlaşırıq ki, əgər istəsək, qarşımıza məqsəd qoysaq həmin ayda Allahın razılığını qazana bilərik. Bu ay Ramazan ayı, Ramazan ayının mübarək, xeyirli günləridir. Ramazan ayı və Ramazan ayının mübarək günləri çoxlu yaxşılıqlarımızı qazanacağımız günlərdir. Biz istər həmin günlərdə olsun, istərsə də digər günlərdə olsun, Qiyamət günündə bizim lehimizə olan və əleyhimizə olan əməllərimizi intizarla gözləyəcəyik. Daha çox, elə əsas da biz Qiyamət günü özümüzün xeyirinə olan, lehimizə olan əməllərimizin, yaxşılıqlarımızın əvəzini gözləyəcəyik. Gözləyəcəyik ki, Allah təala bizi bağışlasın, bizə çoxlu mükafatlar versin! Allah təala buyurur: "O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!" (Ali İmran surəsi 30-cu ayə). Biz bu yaşadığımız günlərdə yaxşılıqlar etməliyik ki, Qiyamət günü bu gün etdiyimiz yaxşılıqları görəndə sevinək, fərəhlənək, buna görə bu mövsümlərdə özümüzə çəki-düzən verməliyik. Özümüzü düzəltməliyik. Bu da özümüzə etdiyimiz bir yaxşılıqdır ki, gəlin özümüzdən əsirgəməyək. Özümüzü yaxşılığa doğru düzəltməyə başlayaq.



Əməllərimizi yaxşılıqlarla, gözəl sözlərlə, gözəl əməllərlə bəzəyək. Pis sözləri, xoşagəlməz əməlləri, günahları, haramları tərk edək. Sənin Cəlil olan Rəbbin sənə belə buyurur: "Ey qulum! Sənin əməlin sənin üçün sayılıb hesablanılır. Ya sənin lehinə, xeyrinə olacaq, yaxud da əleyhinə olacaqdır. Kim xeyir tapsa Allaha həmd etsin, kim də bundan başqasını tapsa özünü qınasın" (Müslim rəvayət edib, qüdsi hədisdir).
Ey Allahın qulları! Üzümüzə gələn Ramazan ayı demək olar ki, sizin özünüzə ömrünüzün sonuna qədər bəs edə biləcək yaşantınızdan böyük yaxşılıqların yarısını yığa biləcəyiniz bir fürsətdir. Kim bu aydan pay götürərsə özünə kifayət edər. Bu aydan pay götürənə Cənnətin qapıları açılar. Ramazandan pay götürməyənlər digər aylardan pay götürməkdə aciz olarlar. Bu ayda oruc tutmaqla imanını artıra bilərsən. Bir yaxşılıq səni digər yaxşılığa aparar. Çox insanlar ilk dəfə Ramazanda oruc tutmaqla digər yaxşılıqlara başlayıblar. Bu fürsəti səndə qaçırma. Buyur! Gəl birlikdə dua edək ki, uca Allah bizi Ramazan ayına sağlam halda çatdırsın! Amin! Uca Allah bizə bu ayda Cənnətin qapısını açmaqda kömək olsun! Amin! Çünki Cənnətin 8 qapısı var. Onlardan biri Reyyan qapısıdır. Oradan ancaq oruc tutanlar Cənnətə daxil ola biləcəklər. Allah təala bizə Cənnətin bütün qapılarını açsın! Amin!
Əkrəm Həsənov (ilahiyyatçı).

Hiç yorum yok:

Yorum Gönder