22 Mayıs 2013

Qadın həddi aşdıqda əri onu cəzalandıra bilər


Qadın həddi aşdıqda əri onu cəzalandıra bilər

Qadın vəzifə sahibi olanda isə islam dini bunu qadağan etməməklə yanaşı yenə də onun qadına məxsus olan sərhədləri çərçivəsində həyata keçirməsini ondan tələb edir

İslam dininə görə qadının özünə məxsus xüsusi yeri və hörməti vardır. Qadın ailədə kişidən sonra ikinci rola sahibdir. Onun rolu özünə məxsusdur və nisbətən kişi ilə müqayisədə bir dərəcə aşağıdır. Bunu da bir həqiqət kimi bildirməliyik ki, kişi qadından həm dininə görə, həm ağlına görə, həmdə digər bütün məsələlərə görə üstündür. Kişi qadından hər bir məsələdə üstündür. Allah təala buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir" (Nisa surəsi 34-ci ayədən). İslam dininə görə qadın evdə ya anadır, ya bacıdır, ya da qızdır. Əlbəttə həmdə islam dininə görə qadın nənədir, nəvədir, nəticədir. Qadının ana, qız, bibi, xala, qaynana, baldız, gəlin, qohum kimi də öz əsas adı, yeri vardır.

Qadın da pislik edəndə günah, yaxşılıq edəndə savab qazanır. Dua edərsə Allah ona cavab verər. Qadın Cənnətə və ya Cəhənnəmə getməkdə kişidən fərqlənmir. Hər ikisi eyni ibadətləri həyata keçirirlər. İdarə və təşkilatda işləyəndə qadın da kişilərlə bərabər eyni hüquqa sahib olub eyni maaşı alırlar. Qadın da kişi kimi ticarətlə məşğul ola bilər, işləyib ruzisini qazana bilər. İnsanlar arasında olan hörmətə görə qadınlar bəzi kişilərdən üstündür. Bir gün bir səhabə Allah Rəsuluna buyurur ki, insanlar içərisində ən çox kimə hörmət göstərməliyəm? Allah Rəsulu ona anasına hörmət göstərməsini tövsiyyə edir. Səhabə bu sualı üç dəfə verir, Allah Rəsulu iki dəfə anasına hörmət göstərməli olduğunu, üçüncüdə isə ataya hörmət göstərməli olduğunu səhabəyə öyərdir. Səhabə bu xəbəri bizlərə çatdırıb ki, anaya, qadına hörməti daha çox göstərək. Bu hədisi Buxari və Müslim rəvayət ediblər. Hər ikisi bütün islam aləmində etibarlı və səhih hədisləri toplayan alimlərdir. Yaradılışda, savab və günah qazanmaqda, ibadət və dua etməkdə, günah və cəzada, savab və mükafatda, hörmət və ehtiramda, bir sözlə insan olmaqda qadın və kişi arasında heç bir fərq və üstünlük yoxdur.
Qadında olan bütün bu kimi üstünlüklər hamısı müəyyən sərhəd və qaydalarda öz əksini tapır. Qadın ana rolunu oynayanda atadan daha çox üstünlüklərə sahib olur. Ancaq qadın bu ana vəzifəsini öz xüsusi sərhədləri çərçivəsində həyata keçirməlidir. Qadın həmçinin vəzifə sahibi də ola bilər. Eyni ilə ana rolunda olduğu kimi həyat yoldaşı rolunda da öz xüsusi sərhədləri çərçivəsində olmalıdır. Qadın vəzifə sahibi olanda isə islam dini bunu qadağan etməməklə yanaşı yenə də onun qadına məxsus olan sərhədləri çərçivəsində həyata keçirməsini ondan tələb edir. İslam dini tələb edir dedikdə nəzərə çatdırılmaq istənilən budur ki, yəni Allah təala və göndərdiyi peyğəmbərlər və kitablar bütün bu sərhədləri aşmamasını qadından tələb edir. Vəzifə sahibi olması qadına milli, dini, adət-ənənəyə bağlı olan sərhədləri aşmasına icazə vermir. Qadının hansı vəzifəsindən asılı olmayaraq özünə məxsus hörmətli yeri vardır. Qadın bu yerdə olanda bu hörməti tapdalamamalı, sərhədi, ümumi qaydaları aşmamalıdır. Bunu edən qadına dünyəvi cəzalar verildiyi kimi, axirətdə də xüsusi cəzalara, sorğu-suala məruz qalır. Çünki biz insanlar təkcə bu keçici və tez bitib tükənən dünya üçün yaradılmamışıq. Əsasən bizim yaradılışımızın mayağı axirətdə Allah təala tərəfindən yüksək xeyirlərlə mükafatlandırılmağımızdır. Qadınlar bu xeyiri əldə etmək üçün ona verilən səlahiyyətləri aşanda həm dünyəvi qaydalarla cəzalandırılır, həm də Allah təala axirətdə onu cəzalandırır. Allah təala Qurani Kərimdə buyurur ki: "Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun. Əgər bir arvadın yerinə başqa bir arvad almaq itəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?! Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar. Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur!" (ən-Nisa (Qadınlar) surəsi, 19-22). Bu ayələrdə uca Allah iman edənlərə qadınlara qarşı hörmət göstərməyi əmr edir.
Cəmiyyətimizdə insanlar Allaha iman ediblər. İman etdikləri üçün də bu ayələri nəzərə alıb hər kəs öz şəxsində, öz çevrəsində olan qadınlara nəzakətlə, mülayim, hüquqlarını nəzərə alaraq yanaşmalıdırlar. Qadınlar da öz növbələrində hansı vəzifədə olmasından asılı olmayaraq öz ərlərinin hüquqlarını pozmamalı, onların mallarını mənimsəməlidirlər. Belə olduqda Allah təala ərə daha çox üstünlük verir ki, öz xanımına hansı vəzifədə olmasından asılı olmayaq onu haqsızlıq etdiyinə görə həm hüquqi yollarla, həm də dini yollarla onu cəzalandırsın. Bu kişiyə qadın üzərində verilən böyük bir səlahiyyətdir. Hər bir kişi öz həyat yoldaşını hansı statusda, hansı vəzifədə olmasından asılı olmayaq ona qarşı haqsızlıq etdikdə onu danlaya bilər, yatağından ayıra bilər, boşaya bilər, onu məhkəməyə verə bilər. Ancaq kişi belə halda həddi aşmamalı, dini və hüquqi cəhətdən öz xanımına qarşı ədalətli olmalıdır.

Əkrəm Həsənov (ilahiyyat üzrə elmi araşdırmaçı).

Hiç yorum yok:

Yorum Gönder