Azərbaycanda 2013-cü ildən bütün
məscidlərdə vahid xütbə verilməsi nəzərdə tutulub. Ölkəmizdə vahid xütbə vermə
məsələsini çox müsbət hal hesab edirəm. Bu məsələnin həm ölkəmiz üçün, həm də
xalqımız üçün faydalı olacağı açıq-aşkardır.
Bəzi radikal meyilli insanlar, bəzi
qeyri-qanuni dinin təbliğatçıları, siyasi məsələdə ölkəmizin inkişafının geriləməsini
istəyən kimlərsə bunu hansısa istiqamətə yönləndirmək istəyirlər. Ancaq onlar
bununla ölkəmizin əhalisini, milli-adət ənənələrimizi nəzərə almırlar. Bununla
da özlərinə uyğun olmadığına görə razılaşmırlar. Çünki bəziləri namaz qılır
deyə namaz qılmayanı islamda görmür və özünü daha müsəlman hesab edir. Bəziləri
dövlətimizin müəyyən əsas orqanlarında işləyən insanlara qarşı neqativ
münasibət bəsləyir ki, bu qərar onları da qıcıalandırır.
Çünki bu yaxınlarda elə məni
tanıyan bəzi radikal yönümlü müsəlmanlar mənim yaşadığımız ölkənin hansısa
aparıcı təşkilatında işlədiyimə görə, hakim Yeni Azərbaycan Partiyasının üzvü
olduğumu biləndən sonra, mənim haqqımda müxtəlif sosial-şəbəkələrdə, öz
aralarında əsassız sözlər danışmağa başladılar. Bu təklif belə tipli insanlara heç cürə sərf etməyəcək
deyə narazılıq bildirirlər.
Halbuki müsəlmanlar
bunu başa düşməlidirlər ki, kiminsə hansı partiyaya mənsub olmasının, haradasa
xalqın və dövlətin vacib işlərində kömək edib müəyyən məvaciblə işləyib ruzi qazanmasının
onun etiqadına, əxlaqına, dininə, dilinə, rənginə, elminə, şəxsiyyətinə,
əməlinə təsiri azdır, demək olar ki, təsiri yoxdur. Hətta bunların içərisində
ən vacib deyərdim ki, imanına təsiri azdır.
İmanı azaldan və
artıran səbəblər arasında hansısa partiyaya üzv olmaq, ruzi qazanmaq üçün,
xalqına, vətəndaşına kömək etmək durmur. Əksinə çox vacib sahələrdə işləyib
insanlara faydalı olmaq imanın artmasına müsbət təsir göstərir. İmanı azaldan
və artıran səbəblər arasında insanın imanına uyğun əməlləri edib etməməsi
durur. Əgər bir insan günahlardan çəkinirsə, haramlara meyl etmirsə, Allaha
ibadətlərini və itaələrini gücü çatan qədər yerinə yetirirsə o insanın tədricən
imanı artır. Onun hansısa partiyaya üzv olmasının əxlaqına və imanına təsiri
yoxdur. Əxlaqa və imana təsir edib azaldan müsəlmanın günahlar etməsi, haramlar
etməsi, yaxşı əməllərini tədricən azaltması və tərk etməsidir. Əxlaqa və imana
təsir edib çoxaldan isə saleh əməllərinin çox olması, günahlardan daima tövbə
edib çəkinmək, haramlar etməmək, qohumlarla sıx əlaqə saxlamaq, gücü çatan
qədər namazlarını məsciddə camaatla qılmaq və s. çoxlu yaxşılıqlar
etməkdir.
Ümumiyyətlə islam dini birlik, bərabərlik
dinidir. İslam dinində və islam dövlətlərində vahid xütbə metodu bütün dünyada
tətbiq olunur. Azad, istər dini, istərsə də demokratik, sivil, inkişaf etmiş
dünya dövlətləri vahid xütbə prinsipi ilə işləyirlər. Bu prinsip islam dininin
özündə vardır. Çünki peyğəmbərlər insanlara Allahdan xəbər verəndə qəbul edib
itaət edən insanlar bu Allahın sözlərini və peyğəmbərin kəlamlarını digər
insanlara çatdırırdılar. Bununla bütün insanlar maariflənirdilər. Kimlərsə
peyğəmbərlərə qarşı gəlirdilərsə onlar narazı tərəf, müxalif tərəf
adlandırılırdı. Bu ümumi islam ümməti, islam camaatı, dövlətin möhkəmliyi,
sabitliyi, inkişafı üçün çox mühüm bir addımdır. Allah Rəsulu (ona və ailəsinə
salam olsun) da öz elmli səhabələrini islama dəvət etmək üçün dünyanın müxtəlif ölkələrinə göndərirdi.
Həmçinin hər bir ölkənin daxilində vahid mərkəzdən Quran ayələri və hədislər
elmi şəkildə camaata, ölkənin vətəndaşlarına çatdırılırdı. Bununla da istər
islamın beynəlxalq aləmə yayılması, istərsə də ölkə daxilində bütün müsəlmanlar
arasında birlik və bərabərlik prisnipinin qorunub saxlanılmasına təkan olurdu.
Ölkəmizdə də vahid xütbə verilməsi islamın daha elmi, daha düzgün, daha dinamik
xalqa çatdırılmasında əvəzsiz rol oynayacaqdır. Bu qərarın həm ölkəmizdə,
vətənimizdə və həm də vətənimizdən kənar yaşayan bütün müsəlmanlar üçün
xeyirli-bərəkətli olmasını uca Allahdan istəyirəm. Müvəffəq edən uca Allaha
həmd olsun!
Əkrəm Həsənov
(ilahiyyatçı, elmi işçi)...
Hiç yorum yok:
Yorum Gönder