12 Ekim 2012

Əkrəm Həsənov "İslam mənbələrində “Ət-Təhsil vəl-bəyan fi siyaq qissati əs-Seyyid Salman” əsəri" məqaləsinə görə diplomla təltif olundu.

Məqalənin sonunda şəkillərə baxa bilərsiniz. 
10 Oktyabr 2012-ci ildə görkəmli şərqşünas alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və ilk professor qadın olan Aida İmanquliyevanın dünyaya gəlişindən yetmiş üç il keçir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Bakı Dövlət Universiteti ilə birlikdə Bakı Dövlət Universitetində görkəmli şərqşünas xanım Aidə İmanquliyevanın 73 illik yubileyi ilə əlaqədar olaraq  ərəb filologiyası sahəsində məqalə müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirmişdir. Əkrəm Bəhram oğlu Həsənov "İslam mənbələrində “Ət-Təhsil vəl-bəyan fi siyaq qissati əs-Seyyid Salman” əsəri" məqaləsinə görə məqalə müsabiqəsinin qalibi oldu və diplomla təltif olundu. Diplomu gənc alim, ilahiyyatçı Əkrəm Həsənova Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov təqdim etdi. Professor Nərgiz Paşayeva bu cür müsabiqənin keçirilməsinin gənc alimlərə müsbət təsir göstərdiyini, Aida xanım İmanquliyevanın həyat və fəaliyyətinin onlar üçün yaxşı nümunə olduğunu bildirmişdir. 
Əkrəm Bəhram oğlu Həsənovun müsabiqədə diplomla təltif olunmasına səbəb olan məqaləni oxuya bilərsiniz.

İslam mənbələrində “Ət-Təhsil vəl-bəyan fi siyaq qissati əs-Seyyid Salman” əsəri

Elm aləminə yaxşı məlumdur ki, orta yüzilliklərdə yaşayıb yaratmış klassiklərin el­mi və bədii əsərləri ayrı-ayrı ədəbi və dini cərəyanlara mənsub olan, eləcə də müxtəlif bi­lik səviyyələrinə yiyələnən katib və xəttatlar tərəfindən nüsxədən nüsxəyə, kitabdan-ki­taba köçürülərək, çoxaldılan zaman çoxlu miqdarda təhriflərə, dəyişmələrə, ixtisarlara və əlavələrə məruz qalmışdır. Odur ki, bu və ya digər klassikin hər-hansı bir əsəri küt­lə­vi surətdə nəşr olunmazdan əvvəl, həmin əsər əlyazma nüsxələri və mənbələr əsasında araş­dırılmalıdır. Çünki avtoqraf olmadan hər-hansı bir katib nüsxəsi tam şəkildə müəllf ira­dəsini ifadə edə bilmədiyindən, onun əsasında əsərin tədqiqini və kütləvi nəşrini hə­ya­ta keçirmək olmaz. Buna görə də istənilən orta əsr abidəsinin ayrı-ayrı yüzilliklərdə ya­ra­dılmış katib nüsxələri müqayisəli surətdə araşdırılıldıqdan sonra, onun müəllif ira­də­si­nə uyğun mətni müəyyənləşdirilir və həmin əsərin tədqiqi də müəyyənləşdirilmiş mətn əsa­sında həyata keçiirlir.
Yuxarıda deyilənləri nəzərə alaraq, Məhəmməd bin Əbdürrəhman əs-Səxavinin “Ət-Təhsil vəl-bəyan fi siyaq qissati əs-Seyyid Salman” əsəri ilk dəfə olaraq, mənbələr əsa­sında tekstoloji tətqiqata cəlb olunmuşdur. Burada da əsas məqsəd Əs-Səxavinin gös­tə­rilən əsərinin mətnini əhatə edən, Salman əl-Farisinin islama və onun Peyğəmbəri Mə­həm­mədə (s) qovuşanadək keçdiyi həyat yolunu işıqlandıran 12 müxtəlif rəvayətlərin mətn­lərini müqayisəli şəkildə tədqiq edərək, onların mətnləri arasında olan fərqli cə­hət­lə­ri müəyyənləşdirmək və onlardan hansının daha kamil və həqiqətə uyğun olduğunu el­mi araşdırmalarla əsaslandırmaq olmuşdur. Tarixi həqiqətlərin ortaya çıxarılması üçün bu qəbildən olan əsərlərin tədqiqi böyük elmi əhəmiyyət kəsb edir. Bununla əlaqədar ola­raq Əbdülkərim Əlizadə haqlı olaraq belə yazır: “Lakin tarixi hadisələrin təsvirində, ma­terialları lazımınca əhatə etməkdə və ona münasibətdə bəzən müəlliflər arasında fikir ay­rılığına rast gəlirik.
Həqiqəti ortaya çıxarmaq, düzgün nəticə əldə etmək üçün ilk məxəzlər dərindən araş­­dırılmalı, biri-birinə zidd məxəzlər müqyisəli surətdə öyrənilməlidir. Materiallar müx­təlif dillərdə və biri-birinə zidd olduqda, onları müqaisəli tədqiqi xüsusi ilə vacib­dir” (1, 33).
Tədqiqata cəlb olunmuş bu əsərin mətninin araşdırılması üçün hər şeydən öncə müəl­lifin dövrü, həyatı və yaradıcılığı, eləcə də onun müasirləri, şeyxləri və tələbələri ilə əla­qələri dərindən öyrənilmiş və onun elmi üslubu müəyyənləşdirilmişdir. Bununla bə­ra­bər tətqiqata cəlb olunmuş əsərin yaranma tarixi və məxəzləri araşdırılmışdır. Lakin əsə­rin mətninin tədqiqində bir çətinlik meydana çıxmışdır. Bu çətinlik də ondan ibarətdir ki, “Ət-Təhsil vəl-bəyan fi siyaq qissətis-Seyyid Salman” əsərinin dövrümüzədək yalnız bir əl­yazması gəlib çatmışdır. Həmin əlyazması yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-nın “Ya­le” universitetinin kitabxanasında saxlanılır. Əsərin tədqiqi ilə bağlı apardığımız ax­ta­rışlar və araşdırmalar nəticəsində göstərilən əsərin başqa əlyazmaları haqqında heç bir mə­lumat əldə edə bilməmişik. Bir əlyazması əsasında əsərin mətnini tədqiq etmək isə da­ha çətin və daha mürəkkəb bir işdir. Belə iş tətqiqatçılardan müəllifin dövrü, həyatı və ya­radıcılığı, eləcə də tətqiq edilən əsərin mövzusu ilə bağlı daha dərin bilik və təcrübə tə­ləb edir. “Tədqiq edilən əsərin orta əsr əlyazmalarından zəmanəmizədək yeganə katib nüsxəsində gəlib çatması həmin əsərin mətninin tarixinin öyrənilməsində tədqiqatçıları böyük çətnlklərlə üz-üzə qoyur. Orta əsr yazılı abidələri üzərində aparılan araşdırmalar  göstərir ki, bu və ya digər əsərin mətni katib və xəttatlar tərəfindən nüsxədən-nüsxəyə köçürüldükcə yuxarıda qeyd edilən təhriflərlə yanaşı daha ciddi dəyişmələrə məruz qa­la­raq, bir sıra əsərlərin adları stilistik tərtibatı, ideya istiqaməti dəyişdirilmiş, hətta bir janr­dan başqasına keçmişdir” (2, 218).
Bu qəbildən olan əsərlərin mətnini tədqiq etmək üçün, tətqiqatçı ərəb və islam ta­ri­xini, Məhəmməd Peyğəmbərin (s) həyatını və fəaliyyətini, onun səhabələrini, şərafətli Pey­ğəmbər hədislərini və onların isnadlarını, məzhəb və təriqətləri, Quranı, ümu­miy­yət­lə islamşünaslığı dərindən bilməlidir. Məhz bu biliklərə yiyələnən tətqiqatçı  Əs-Sə­xa­vi­nin “ət-Təhsil vəl-bəyan fi siyaq qissatis-Seyyid Salman” əsərini yaxşı mənimsəyib, onun mətnini  düzgün tədqiq edə bilər. Əks təqdirdə aparılan tətqiqat işi uğurlu ola bil­məz.
Məhəmməd əs-Səxavinin bu əsərinin tekstoloji tətqiqata cəlb olunmuş yeganə əl­yaz­masının üstün cəhəti ondan ibarətdir ki, həmin əlyazması müəllifin öz sağlığında onun tələbəsi tərəfindən köçürülmüş və ehtimal olunur ki, müəllif həmin əlyazmasını oxu­muşdur. Bunu da yuxarıda dediyimiz kimi, əlyazmanın ünvanını müəllifin özü yaz­mas­ı və mətndə edilmiş bir sıra düzəlişlər təsdiq edir. Buradan da belə nəticəyə gəlmək olar ki, həmin əlyazması avtoqraf hüququnda olan bir nüsxədir. Bununla yanaşı əsərin mət­ni üzərində apardığımız dəqiq araşdırmalar sayəsində bir sıra nöqsanlı cəhətlər üzə çı­xarılmışdır. Bu da onu göstərir ki, müəllif bu köçürülmüş nüsxəsini sadəcə olaraq göz­dən keçirmişdir, çünki bunu mətndə yol verilmiş xətalar göstərir. Mətnin tədqiqində bu nöq­sanların müəyyənləşdirilməsində əsas prinsip kimi daxili məzmuna uyğun gələn mən­tiqi mühakimələrə və əsərin mövzusu ilə bağlı ilk mənbələr üzərində apardığımız araş­dırmalara söykənmişik.
Mətndə yol verilmiş nöqsanların bir qismi katibin diqqətsizliyi ucundan meydana gəl­mişdir. Belə ki, mətn köçürülərkən bir sıra ön qoşmalar, sözlər, ifadələr mətndən düş­müş, xüsusi adlar səhv yazılmışdır. Bir neçə nümunəyə müraciət edək. Zeyd bin Suhanın rə­vayətində belə yazılmışdır: 
“Dedi: “Həqiqətən bu dağ, uzun bir qayalıqda bir qövm vardır. Onların ibadəti və mö­minliyi vardır, Allahı və axirəti zikr edirlər...” (a194 ,3).
Bu parçanın birinci hissəsindəki cümlədə “Dedi: “Həqiqətən bu dağ, uzun bir qayalıqda bir qövm vardır” məna düzgün səs­lən­mir, həmin parçanı və onunla bağlı mətndəki fikir ardıcıllığını nəzərdən keçirərkən ay­dın olur ki, "həqiqətən" ədatı ilə "bu dağ"  söz birləşməsinin arasındakı "da"   ön qoşması düş­müşdür. Əgər "da"  ön qoşması öz yerinə bərpa edilərsə cümlə öz düzgün mənasını alar və həmin parçadakı anlaşmazlıq aradan qalxmış olar. Beləliklə, ön qoşması bərpa edil­dikdən sonra  həmin cümlə belə olacaqdır:
“Dedi: həqiqətən bu dağda, uzun bir qayalıqda bir qövm vardır”.
Əlyazmasında belə hallara çox təsadüf olunur. Mətndən yalnız ön qoşmaları yox, həm də ayrı-ayrı sözlər, ədatlar, söz birləşmələri, eləcə də mətnin müxtəlif parçaları düş­müş­dür.
Bir sıra hallarda isə əlyazmada ədatların mətndən düşdüyü müşahidə olunur. Zeyd bin Suhanın rəvayətindən aşağıdakı cümləyə nəzər salaq:
“Onun Təhamə deməyi yaxşı olmadı” (b194 ,3).
Bu cümlədəki (ən) ədatı əsərin mətnindən düşmüşdür.
Əsərin mətninin köçürülməsində katibin yol verdiyi nöqsanlardan biri də fellərlə bağlıdır. Belə ki, bəzən fellərin yazılması nəzərdən qaçırılmış, bəzi hallarda isə nöqsanlı yazılmışdır. Abdullah bin Abbasın rəvayətində verilmiş aşağıdakı cümləyə nəzər salaq:
 “Ərəb torpağında zühur edir” (b186 ,3).
Peyğəmbərin (s) zühuru ilə bağlı deyilmiş bu cümlədə (yəxricu) feli əl­yaz­ma­da verilməmişdir.
Eyni sözləri Zeyd bin Suhanın rəvayətində mətndən düşmüş fel haqqında da demək olar. Cümlənin mənasına görə aşağıdakı mətndə felin yazılmadığı müəy­yənləşdi­ril­miş­dir:
“Onlar danışdılar, Allaha şükr etdilər və Onu öydülər” (b194 ,3).
Bu cümlədə (fətəkəlləmu) feli əlyazmada verilməmişdir. Bir sıra hallarda isə katib fellərin bitişən əvəzliklərlə yazılışında səhvə yol vermişdir:
“Onlar tapmadılar və biz onların yanında oturduq” (b194 ,3).
Üçüncü şəxsin cəmi, kişi cinsində olan (vacadu) feli əlyazmada səhvən (vacadunə) kimi yazılmışdır.
Bir sıra hallarda bitişən əvəzliklərin yazılmasında da xətalara yol verilmişdir. Belə ki, (ileykum-sizə) ifadəsindəki ikinci şəxsin cəmini bildirən “kum” bitişən əvəzlik mətndə, ikinci şəx­sin təkində “kə” şəklində verilmişdir (3, 195a). Bəzən isə əsərin mətnindən ayrı-ayrı par­çaların düşdüyü də aşkar edilmişdir. Məsələn: Zeyd bin Suhanın rəvayətindən aşa­ğı­da­kı cümlə bütünlükdə düşmüşdür:
“Fə ləbisə mə şəəAllah yəxricu fi kulli əhədin və yəxricunə məəhu” (3, 196a).
Bu rəvayətin 196 b vərəqində də mətndən cümlənin bir hissəsinin düşdüyü müəy­yən edilmişdir. Həmin cümlə əlyazmasında aşağıdakı kimidir:
“Dedi: Və qövm onların həyəcanı kimi həyəcanlandı” (b196 ,3).
Bu cümlənin bir hissəsi mətndən düşdüyünə görə məna təhrif olunmuşdur. Əslində isə aşağıdakı kimi olmalıdır:
“Dedi: Və qövm həyəcanlandı və onların həyəcanına bənzərini görmədim” (b196 ,3).
Bununla bərabər ərəb əlifbasının çətinliyi üzündən (4, 14) “fəcəzəa” felindən nöqtə də düşmüşdür.
Həmin rəvayətin 197a vərəqində isə mətndən bir söz düşmüşdür:
 “Bir az xurma götürdüm”  (a197 ,3).
Bu cümlədən (“xurma”) sözü düşmüşdür.
Abdullah bin Abbasın rəvayətindən (3, 186b) aşağıdakı parçanın düşdüyü müəy­yənləşdirilmişdir:
“(Onun) Mosuldakı dostunun yanına çatdım və ona dedim: Ey filankəs, həqiqətən fi­lankəs” (5, IV, 102).
Zeyd bin Suhanın rəvayətindən aşağıdakı parçanın da mətndən düşdüyü müəyyən­ləş­dirilmişdir:
“Hətta axşam olduqda o dedi: “Ey Salman sən namaz qıl, yat, ye və iç” (3, 196b).
Əbu Sələmə bin Əbdürrəhmanın rəvayətinin mətnində bir parçanın düşdüyü aşkar edil­mişdir (3, 196 b).
 “Durub sağa sola baxdım, heçkəsi görmürəm” (6, I, 517-518).
Zeyd bin Suhanın rəvayətində Məhəmməd Peyğəmbərlə (s) əs-Seyyid Salman əl-Fa­risi arasında olmuş dialoqun bir qismi əlyazmasından düşmüşdür. Həmin mətn əl­yaz­masında belə verilmişdir:
  “Onun arxasına hərləndim. O mənə baxdı və paltarını aşağı saldı. Onun sol çiyin na­hiyəsindəki (Peyğəmbərlik) möhürünü gördüm. Sonra hərlənib Onun qarşısında oturdum və dedim:
- Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur və həqiqətən sən Allahın Rə­su­lu­san.
O dedi: - Sən kimsən?
Mən dedim: “- Xaçpərəstlərdən bir qadına mənsubam. O, məni öz hasarında (həyətində) yerləşdirdi” (b197 ,3).
Bu mətndə Peyğəmbərin “Sən kimsən?” sualından sonra, Salman əl-Fa­ri­si­­nin Ona verdiyi cavabın mənası sualın mənası ilə uyğun gəlmir. Hiss olunur ki, bu­ra­dan nə isə düşmüşdür. Başqa məxəzlər və rəvayətlər üzərində apardığımız araşdırmalar nəticəsində müəyyənləşdirildi ki, Peyğəmbərin (s) Salman əl-Farisiyə verdiyi “Sən kim­sən?” sualına onun verdiyi cavab və Peyğəmbərin (s) növbəti sualı mətndən düşmüşdür. Həmin cavab mənbələr üzərində aparılmış araşdırmalar əsasında aşağıdakı kimi müəy­yənləşdirilmişdir: 
“O dedi:
 - Sən kimsən?
Dedim: Köləyəm. Sonra öz heykayətimi və yanında olduğum kişinin heykayətini və onun mənə nə əmr etdiyini ona danışdım.
O dedi:
- Sən kimə mənsubsan?
Dedim:
 - Xaçpərəstlərdən bir qadına mənsubam. O məni öz hasarında yerləşdirmişdir”.
Belə parçalar əsərin əlyazmasında bir neçə yerdə düşmüşdür. Yuxarıda göstərilən nümunə kimi, mətndən düşmüş parçaların hamısı dəqiq araşdırmalar nəticəsində müəy­yən edilmişdir. Bu da şübhəsiz ki, katibin diqqətsizliyi nəticəsində baş vermişdir.
Əsərin əlyazmasında bir sıra hallarda imla qaydaları da pozulmuşdur. Məsələn: Əbu Tufeyl Amir bin Vasilənin rəvayətində olan aşağıdakı cümləyə nəzər salaq:
“Ölüm ayağında o, mənə tövsiyə etdi” (a191 ,3).
Bu cümlədəki “ausə” sözü əlyazmada səhvən “ausəni”  kimi yazılmışdır.
Abdullah bin Abbasın rəvayətində isə imla qaydasını diqqətsizlik ucundan təhrif etdiyinə görə sözün mənası da dəyişmişdir. Belə ki, “kasıblar” ifadəsi  “adlı-sanlı, əsil-nəcabətli, kübar” şəklində (3, 187b) yazıldığlına görə, “adlı-sanlı, əsil-nəcabətli, kübar” mə­na­­sını ifadə etmişdir. Bununla da mətndəki məna təhrif edilmişdir. Bunlardan başqa ay­rı-ayrı sözlərin yazılışında da təhriflərə yol verilmişdir.
Əlyazmasında yol verilmiş nöqsanların bir çoxu da bitişən əvəzliklərlə bağlıdır. Belə ki, birinci şəxsi bildirən bitişik əvəzlik əvəzinə ikinci şəxsi bildirən yazılmış, yaxud əksinə, yaxud da birinci şəxsi bildirən bitişən əvəzlik yerinə üçüncü şəxsi bildirən əvəzlik yazılmışdır.
Bu da mətndə fikrin təhrif olunmasına gətirib çıxarmışdır. Məsələn:
“Mən artıq onu işindən yayındırdım” (3, 186a).
Bu cümlədə mətndə səhvən aşağıdakı kimi yazılmışdır:
“Mən artıq yayındı onun işindən”.
Aşağıdakı cümlədə də bitişən əvəzliyin yazılmasında səhvə yol verilmişdir:
“Gəldi mənə, mən ona nəsihət verdim” (3, 186b).
Əlyazmada bu cümlədə “mənə” əvəzinə “ona” kimi yazılmışdır.
Bəzi hallarda xüsusi adların yazılışında da səhvə yol verilərək, birinin adı başqası ilə əvəz edilmişdir. Əbu Osman ən-Nəhdinin rəvayətlərində isnadlar göstərilərkən “əl-Kuna” (“Künyələr”) əsərinin müəllifi Əbu Əhməd əl-Hakim əvəzinə “Məhəmməd (3, 206a)” adı verilmişdir. Bəzi adlar isə natamam yazılmışdır. Abdullah ibn Abbasın rə­va­yə­tində isnadlar göstərilərkən əlyazmasında “Abdullah bin Abbas” əvəzinə sadəcə ola­raq “Abdullah” yazılmışdır (3, 185b). Bunun nəticəsində də hansı Abdullahın olduğu məchul qalır. 
Abdullah bin Abbasın rəvayətində istinad edilən şəxsin adını müxtəsər şəkildə sa­də­cə olaraq “umm əl-haniu əl-farfaniyyə” (3, 185b) kimi verilmişdir. Mə­­həmməd əz-Zəhəbinin “Siyər əlam ən-nübəla” adlı ensiklopedik əsərindən müəyyən edilmişdir ki, həmin şəxsin adı Afifə bint Əhməd bin Abdullahdır (öl.. 606/1209) (6, XXI, 481).
Yenə oradaca verilmiş başqa bir isnad sahibinin adı yenə də müxtəsər şəkildə verilmişdir. Ummul-Həsən əl-Cəvzaniyyə (3, 185b) kimi verilmiş isnad sahibinin tam adı Fatima bint Abdullah bin Əhməd (6, XIX, 504) olduğu müəyyən edilmişdir. Bu şəkildə ix­ti­sar­la verilmiş şəxs adları tətqiq edilən əsərin mətnində az deyildir. Bütün bunlar da hə­min şəxslərin kimlyinin müəyyənləşməsində böyük çətinliklər yaradır.
Yuxarıda göstərilən təhriflərin müəyyənləşdirilməsi ilə yanaşı, əsərin mətnində tə­s­adüf edilən və ixtisarla yazılmış çoxlu miqdarda isnad sahiblərinin və ayrı-ayrı şəx­siy­yət­lərin adları da aşkar edilmişdir.
Beləliklə, Əs-Səxavinin yaradıcılığını, eləcə də “Ət-Təhsil vəl-bəyan fi siyaq qis­sa­ti əs-Seyyid Salman” əsərini, bu əsərin mövzusu ilə bağlı olan Orta əsr mənbələrini və İs­lamın ilk dövrlərinə və Məhəmməd Peyğəmbərin (s) həyatına həsr edilmiş keçmiş yüzil­liklərin yazılı abidələrini, müasir tədqiqatları, eləcə də əsərin yeganə əlyazma nüs­xə­sini dərindən öyrənməklə, müasir mətnşünaslıq elminin metod və üsullarına söy­kə­nə­rək, əs-Səxavinin tətqiqata cəlb etdiyimiz əsərinin mətni diqqətlə araşdırılmışdır.




ƏDƏBİYYAT
1.      Əlizadə Ə. Əlyazmaları və arxiv materiallarından istifadə üsulları. – Azərbaycan mətnşünaslığı məsələləri. Bakı, “Elm” nəşriyyatı, 1979, s.32-36.
2.      Şərifli K. Mətnşünaslığın nəzəri əsasları. Bakı, “Nurlan” 2011, 345 s.
3.      Muhamməd bin Əbdürrəhman əs-Səxavi, “Ət-Təhsil vəl-bəyan fi siyaq qisstətis-seyyid Salman”, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar institunun arxivində əlyazma.
4.      Əl-Xətib ət-Təbrizi, Şərhu Divan Əbu Təmam, Dərul-Məarif, 1964. s 465.
5.      Süleyman ibn Əhməd ət-Təbarani, Əl-Mucəmul Kəbir, 25 c, Beyrut, 1975, s. 658
6.      Muhamməd ibn Əhməd əz-Zəhəbi, Siyərul Aləm ən-Nubəla, c 23, Beyrut, 1988, s 141.


Əkrəm Bəhramoğlu Həsənov
AMEA M. Füzuli adına Əlyazmalar
Institunun elmi işçisi
Telefon: (050)-336-51-24










Hiç yorum yok:

Yorum Gönder