08 Ağustos 2012

Fitrə sədəqəsi, fitrə zəkatı


Ramazan ayı Allahdan qorxu ayı, yəni çoxlu imanı artırmağa səbəb olan bir aydır. Həmçinin bağışlanma və bol nemətləri olan bir aydır. Yaşayan hər kəs bu mübarək ayın başqa aylardan olan fərqini hiss edir.
Artıq Ramazan ayının sonuna yaxınlaşırıq. Bu ayda artıq çoxumuz yaşadıq. Peşmanılıq çəksək də, çəkməsək də artıq Ramazanın günlərini başa vurduq. Aramızda bu aya xüsusi önəm verib ibadətlərini, zikrlərini artıranlar çox oldu. Bu ayda xəstə olanlar, oruc tuta bilməyənlər, oruca qarşı səhlənkar olanlar da çox oldu. Allah təala bu ayı günahlardan bağışlanmış olaraq və ən gözəl şəkildə ibadət etmiş olaraq bizə yazsın. Allah təala bizi gələcək Ramazan ayına xeyir və afiyətlə çatdırsın. Amin!
Artıq bu sətirləri yazanda kövrəlməyə bilmirəm. Çünki biz bir il əvvəl Allaha dua edib yalvarırdıq ki, bizi bu Ramazan ayına çatdırsın. Allah təala bizi bu Ramazan ayına çatdırdı və bu ayda bizi yaşatdı. Görəsən bizlər Allah təalanın istədiyi və razı olduğu kimi bu ayı yaşaya bildikmi? Özünüz özünüzə sual verin. Əgər Allaha layiqincə ibadət edərək keçirdiksə nə gözəl. Yoxsa yenə də Allahdan bizi gələcək xeyirli Ramazan ayına qovuşdurmasını istəyək ki, səhvlərimzi düzəldə bilək. Çünki vaxt bizə verilən elə bir nemətdir ki, o da tez bitib tükənir. Allah təaladan hər birimiz üçün xeyir istəyirik. Allah təala tutduğumuz orucları, qıldığımız namazları bizdən qəbul etsin. Amin!
Artıq Ramazan ayının sonuna çatırıq. Bu ayda edilməsi vacib olan ibadətlər içərisində Ramazanın sonunda fitrə verməkdir. Buna “fitrə zəkatı”, yaxud da “fitrə sədəqəsi” deyilir. Fitrə zəkatını vermək hər bir müsəlmana vacibdir. Fitrə zəkatı Ramazan ayında hər bir müsəlmanın çıxardığı bir zəkatdır. Fitrə zəkatı ancaq Ramazana xas olan bir zəkatdır. Ramazandan başqa digər aylarda və günlərdə kimsə kiməsə hansısa yardımı etsə bu fitrə zəkatı yox, sədəqə adlanır.
Fitrə sədəqəsi bədənin zəkatıdır. İnsanı bəlalardan mühafizə edər. Zəkat vermək malı qoruyub bərəkətləndirdiyi kimi fitrə vermək də bədəni qoruyub bərəkətləndirər. Özünün və ailəsinin fitrəsini verən bir müsəlman Allahın himayəsinə daxil olar. Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir. Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı "Fitrə zəkatı" qoyulmuşdur. (Ibn Useymin).
Fitrə vermək oruc tutanın günahlarını təmizləyər. Oruc tutanın kiçik günahlarına kəffarə olar. Danışılan pis sözlərin və edilən günah əməllərin bağışlanmasına səbəb olar. Buna görə də istər zəngin olsun, istərsə də yoxsul olsun bütün müsəlmanlar fitrə verməyin sevincini yaşayarlar. Bu barədə dəlil aşağıdakı hədislərdir: “Fitr sədəqəsi oruc tutan üçün faydasız, günah sözlərdən təmizlənmədir” (Tirmizi, Tərgib və Tərhib, Fitrə). “Fitr sədəqəsi oruc tutanın pis sözlərindən təmizlənməsidir” (Əbu Davud, İbn Macə, “Əl-İxtiyar”, Fitrə). Əbu Davud, İbn Macə və Darakutninin İbn Abbasdan (Allah hər ikisindən razı olsun) rəvayət etdikləri hədisdə İbn Abbas belə demişdir: “Rəsulullah (səlləllahu aleyhi və səlləm) fitr sədəqəsini oruc tutanı boş söz və hərəkətlərdən qorumaq və yoxsulları doyurmaq üçün fərz etmişdir. Hər kim onu bayram namazından əvvəl əda edərsə məqbul bir zəkat olar. Əgər namazdan sonra əda edərsə sədəqələrdən bir sədəqə olar”.  Həmçinin fitrə sədəqəsi orucun qəbul olunmasına səbəb ola bilər: “Ramazan orucu Yer ilə Göy arasından asılıdır. Fitr sədəqəsi ilə yüksəldilər” (Tirmizi, Tərğib və Tərhib, Fitr).
Fitrə zəkatını çıxarmağın hökmü vacibdir. Yəni fərzdir. Çünki əgər kimsə Ramazan ayında fitrə zəkatı çıxarmasa o mütləq bunun qəzasını yerinə yetirməlidir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir". Fitrə zəkatı hər bir oruc tutan və ya tutmayan kişi və qadın, böyük və kiçik müsəlmana vacibdir. Həmçinin səfərdə olub oruc tuta bilməyən adama da fitrə zəkatı vacibdir. Əvəzinə verilməsi müstəhəb olan ana bətnində olan uşaqdır. Bu Fiqh alimlərinin rəyidir. (Ibn Useymin). Belə ki, fitrə zəkatı körpə uşaqdan, ana bətinində olan uşaqdan belə başlayaraq ən qoca adama qədər kişi və qadın fərqi olmadan hər bir adamın fitrə zəkatı çıxarması vacibdir. Müsəlman şəxsə özü və ailəsi, yəni: uşaqları, arvadları, kölələri və s. üçün fitrə zəkatı çıxarmaq vacibdir. Bu vaciblik, həmin ailənin bir günlük yemək və içmək ehtiyatı olduğu halda təyin olunur. (Şeyx, Əbdül Əziz Ibn Bəzz).
Hər bir ailə başçısı ailə üzvlərinin sayına görə evindən fitrə zəkatını çıxarmalıdır. Evdə olan körpə uşağa, qoca qadına və kişiyə, bir sözlə ailənin bütün üzvlərinə fitrə zəkatı çıxarılmalıdır. Bir ailədə neçə nəfər varsa ailənin başçısı ailə üzvlərinin hər birinə aid fitrə zəkatı çıxarır. Bəzi alimlər isə ana bətnində olan uşaq üçün fitrə zəkatının çıxarılmasını müstəhəb görüblər. Rəvayətlərdə gəlib ki, Osman (Allah ondan razı olsun) ana bətnində olan körpə uşaq üçün fitrə zəkatı çıxarardı. Bu rəvayətlər zəif olduğu üçün bəzi alimlər bunu qəbul etmirlər. Məsələn, müasir alimlərdən məşhur hədis alimi Albani Osmanın (Allah ondan razı olsun) ana bətnində olan uşaqdan fitrə zəkatı çıxarmasını və bu barədə gələn hədisləri səhih hesab etmir. Albani Osmanın (Allah ondna razı olsun) ana bətinində olan uşaq üçün fitrə zəkatı çıxarması haqqında olan hədisləri zəif hədis hesab edir.
Fitrə zəkatı üçün verəcəyin ərzaq növləri buğda, arpa, qənd, düyü, un, vermeşil, çay bir sözlə gündəlik təlabat olan bütün ərzaq növlərindən çıxara bilərsən. Fitrə zəkatı hər ölkənin yemək adətləri olan şeylərdən çıxarılır. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun bunu təyin etməmişdir. (Şeyx, Əbdül Əziz Ibn Bəzz). Fitrə sədəqəsi ərzaq şəklində və pul şəklində verilə bilər. Əsasən pul çıxarmaq yoxdur. Bu gün müsəlmanların bir çoxu pul çıxrarırlar. Amma pul çıxarmaq düzgün deyil. Yəni sən hansısa ehtiyacı olana fitrə zəkatını pul şəklində yox, şəriətdə gələn gündəlik ərzaq mallarından verməlisən. Amma bu məsələdə təfsilat var. Bu da odur ki, indi ərzaq pulnan alınır. Buna görə əgər sən ailə başçısısansa onda ərzağı pulnan alıb fitrə zəkatını vermək istədiyin ehtiyaclıya verirsən. Bir neçə nəfərlə yığışıb pul yığaraq ərzaq almaq üçün bir nəfərə həvalə edir və sonra fitrə zəkatını verirsən.  Bundan başqa müsəlmanlar bir yerdə pul yığıb, ərzaqlar alıb, sonra onu öz aralarında da fitrə zəkatı olaraq paylaya bilərlər. Hədisdə deyilir ki, fitrə zəkatı beş şeydən çıxarılır. Buğda, arpa, xurma, kişmiş və un. Amma bəzi təhqiqatçı alimlər demişlər ki, deyilən bu beş növ yemək növləri o vaxtın istifadə olunan yeməkləri idi. Buna görə də hansı ölkədə nəyə çox təlabat varsa fitrə zəkatı da ondan çıxarılır. (Şeyx: Ibn Cibrin). Həmçinin şeyx Ibn Bəzzdən soruşdular ki, hal hazırda fitrə zəkatını düyü vermək olarmı? Cavabında: Bəli olar və bu daha yaxşıdır, Çünki bugünki insanların təlabatı bu yeməkdir.
Fitrə zəkatının verilmə vaxtı Ramazan bayramına bir neçə gün qalmış başlanılır və bayram namazına qədər çıxarlılmalıdır. Ramazan bayramına 3, 2, 1 gün qalmış çıxarmaq fəzilətlidir. Kim bayram namazına qədər fitrə zəkatını çıxarsa o fitrə zəkatı çıxarmış kimi savab qazanır, kim bayram namazından sonra çıxarsa artıq o fitrə zəkatı olmaq hökmündən çıxır və sədəqə hesab olunur. Fitrə zəkatını çıxarmağın ən fəzilətli vaxtı Ramazanın son günü məğrib namazından sonra bayram namazına qədərdir.  
Fitrə zəkatının miqdarı hər adam üçün 2,5 - 3 kq ərzaq məhsuludur. Bu ən az həddidir. Çox nə qədər istəsən olar. Şeyx Ibn Bəzz-in rəyinə görə fitrə zəkatının miqdarı təqribən 3 kq-dır. Amma şeyx Ibn Useyminə görə 2,5 kq-dır.
Fitrə zəkatı miskinlərə, fəqirlərə, kasıblara, ehtiyacı olanlara, yolda olanlara, səfərdə olanlara, borclu olanlara verilə bilər. Ehtiyacı olan hər kəsə verməlisən. Şafi məzhəbinin sonra gələn bəzi alimlərinə görə fitrə sədəqəsi babaya, nənəyə, ata-anaya, övlada, nəvə-nəticəyə verilmir (Əli əl-Şərbəçi, “Böyük Şafii Fiqhi”). Fitrə zəkatı yalnız kasıblara verilir. Abdullah ibn Abbasdan Allah ondan razı olsun gələn hədisdə deyilir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını oruc tutanın təmizlənməsi və kasıbların doyması üçün fərz etmişdir". Buna görə də fitrə zəkatı yalnız kasıb və müsəlman olan adama verilir. (Ibn Useymin).
Fitrə zəkatını verməkdən imtina etmək haramdır. Çünki bu cür etmək Peyğəmbərin ona Allahın salavatı və salamı olsun fərz etdiyinə təcavüz etməkdir. Məlum olduğu kimi fərz olunan şeyin tərki haramdır. Bu zəkatı verməkdən imtina edən adam Allaha asilik edir və günah qazanır (Ibn Useymin).
Əgər bir insan Ramazanın son günləri ölərsə və fitir sədəqəsi vermədən dünyasını dəyişərsə onun yerinə fitir sədəqəsi verilmir. Bunun səbəbi fitr sədəqəsini verməyin bir ibadət olmasıdır. Allah daha düzünü bilir. Bizi müvəffəq edən Allaha həmd olsun.

Hazırlayan: Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)…

Hiç yorum yok:

Yorum Gönder