Budur artıq mübarək, xeyirli, əzəmətli, bərəkətli, gözəl və çoxlu
xeyirləri özündə cəm edən şərəfli bir aya qədəm qoyduq. Elə bir aya ki, bu
aydan çoxumuz qəflətdəyik. Allah təala bu qəflət pərdəsini bizim üzərmizdən
götürsün, bizə bu ayın həqiqətini, nemətini, dadını, ləzzətini və hikmətini
göstərsin. Amin!
Allah təala bizə kömək olsun ki, bu ayda bütün xeyirləri əldə
edə bilək. Amin! Hər bir insan Allahı ad və sifətləri ilə tək qəbul edib,
tövhid kəliməsini qəbul etdikdən, inanıb dərk etdikdən sonra bilməlidir ki,
islamın üçüncü şərti oruc tutmaqdır. Ey insan, əgər sən artıq özbaşına
olmadığını dərk etmisənsə, sənə həyat verən və sənə nemət verən Allaha təslim
olmusansa, onda bilməlsən ki, Allah təala bu mübarək Ramazan ayında sənə oruc
tutmağı əmr edir. Allah təala buyurur: “Ey
iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq
vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Bəqərə 183). Oruc tutmaq hicrətin ikinci ilində fərz qılınmışdır.
Ramazan orucu İslamın beş şərtindən biridir. Allahın Rəsulu belə deyib:
"İslam beş dirək üzərində bina olunub. 1) Allahdan başqa ilah olmadığına
və Məhəmmədin onun Rəsulu olduğuna şahidlik etmək, 2) Namaz qılmaq, 3) Zəkat
vermək, 4) Ramazan orucunu tutmaq 5) Kəbəni ziyarət etmək. (Buxari və Muslim).
Əbu Hüreyrə (Allah ondan razı olsun) belə demişdir: Allahın Rəsulu (ona və
ailəsinə salam olsun) belə buyurdu: “Oruc bir qalxandır. Oruclu adam pis söz
danışmasın, cahillik etməsin. Əgər kimsə onunla döyüşmək istəsə, yaxud ona
qarşı həddini aşsa iki dəfə “mən orucluyam” desin. Nəfsim əlində olan Allaha
and olsun ki, oruclunun ağzının iyi misk iyindən daha təmizdir. Uca Allah:
Oruclu adam yeməsini, içməsini, şəhvətini Mənə görə tərk edir. Onun mükafatını
da mən verirəm, halbuki digər yaxşı əməllərin hamısı on qatla mükaftlandırılır”
(Buxari, Oruc bəhsi). Oruc, oruc tutana mələki bir xüsusiyyət bəxş etdiyi üçün,
ona ehtiras qapılarını bağlayıb, şər və günah üzünü göstərmədiyi
bildirilmişdir. Yemək, içmək kimi bəşəri hallardan uzaqlaşıb, bir müddət mələki
sifət qazanan oruclu birbaşa Allahın mükafatlandırmasına nail olur. Başqa
hədislərdə belə deyilir: “Cənnətin 8 qapısı var. Bu qapılardan birinin adı
Reyyandır. Oradan ancaq oruc olanlar girəcəklər” (Buxari və Müslim). “Hər şeyin
bir qapısı olduğu halda, ibadətin qapısı da orucdur. Hər şeyin bir zəkatı var,
bədənin də zəkatı orucdur”. “Ramazan ayı girdiyi zaman Cənnət qapıları açılır,
Cəhənnəm qapıları bağlanır. Şeytanlara zəncir vurulur” (Tirmizi).
Allah təala bu böyük ibadəti bir çox böyük hikmətlərə bağlı olaraq fərz
qılmışdır. Bu hikmətlərin ən böyüyü isə nəfsi əmmarənin hiddət və şiddətini
qırıb onu sakitliyə qovuşdurmaqdır. Fiqh üsulu elminin bəyanına görə oruc
tutmaq özlüyündə insanı ac və susuz qoyur, Allahın bəxş etdiyi nemətlərdən
məhrum edir və buna görə də bu kimi şeylər insan nəfsi üçün gözəl sayılmasa da
nəfsi əmmarəni tərbiyə etdiyi üçün gözəl sayılmışdır. Bəli, bu bir həqiqətdir
ki, insanda nəfs deyilən bir qüvvə vardır. Bu qüvvə xeyirə və şərə yarasa da,
əsas etibarı ilə şərə daha çox meyillidir. İnsanın nəfsi adətən atəşə bənzəyir.
Atəş necə ki, xeyirə də, şərə də yarayırsa, şəri xeyirindən daha şiddətl olursa
insan nəfsi də elədir. İnsan nəfsi də daha çox şərə meyl edir. Belə ki, insan
nəfsinin hər istədiyini ona verir və nəticədə o bir çox şər əməllərə yönəlmiş
olur. Allah qorusun, artıq insan elə bir hala gəlir ki, bütün heyvana məxsus
xüsusiyyətləri əldə edir. Əlbəttə insan bunu özlüyündə hiss etmir. Ona görə də
Həzrəti Yusif (əleyhissəlam): “Mən
özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla,
nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir” (Yusuf 53) deyərək Allaha sığınmışdır. Atəşi zərərsiz hala gətirmək üçün
ona qarşı bəzi tədbirlər görüldüyü kimi, nəfsi əmmarəni də zərərsiz hala
gətirmək üçün onun üstündə durub, onu tərbiyə etmək çox vacibdir. Məhz bu bir
həqiqətdir ki, nəfsin də ən böyük tərbiyəçisi oruc tutmaqdır. Ona görə də:
“Oruc tutmaq əzaları acdırır, amma nəfsi doyurur. Əzalar doyduqda isə nəfs
acır” deyiblər. Oruc, insana: fağırlara və yoxsullara qarşı mərhəmət hissi
aşılayır. Çünki aclıq və susuzluq hissini bir neçə vaxt dadmış insan, ilin on
iki ayında eyni acı və iztirab içində çırpınan biçarələrin halını mütləq
xatırladır və onlara acıyır, onların köməyinə qaçır. Orucun biz burada qeyd
etmədiyimiz daha neçə hikmətləri vardır. Biz orucu çoxlu hikmətləri olduğu üçün
yox, Allahın bizə əmr etdiyi üçün tuturuq. Biz soruşmuruq ki, orucun nə kimi
faydaları var. Biz inanırırq və təsdiq edirik ki, Allah təalanın bizə verdyi
bütün əmrlərin hamısında bizim üçün saysız-hesabsız xeyirlər və faydalar
vardır.
Oruc tutmaq insanda böyük bir səbr tələb edir. Çünki səbri olmayan
insanlar heç vaxt oruc tuta bilməzlər. Allah təala buyurur ki: “Qullarıma
Mənim bu Sözümü de: "Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun!
Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer
üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir” (əz-Zumər 10). İmam Qazali buyurur ki; Allahın Rəsulu (səlləllahu aleyhi
və səlləm) Tirmizi və İbn Macənin rəvayət etdiyi bir hədisdə orucun səbrin
yarısı olduğunu bildirmişdir. Oruc tutanlar Cənnətə girdikdə onlara belə
deyiləcək: “Keçmiş
günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” (əl-Həqqa 24).
İmam Qazali daha sonra buyurur: “Orucun digər ibadətlərə görə iki
xüsusiyyəti və üstünlüyü vardır. Bunlardan birincisi, onun gizli olması və bu
səbəblə də son dərəcədə ixlaslı olması, ikincisi isə, onunla nəfsin qırılması
və şeytanın qovulmasıdır. Allahın Rəsulu (səlləllahu aleyhi və səlləm) belə
buyuyrmuşdur: “Şeytan insanın damarlarında gəzib dolaşır. Oruc tutaraq onun
yollarını daraldın” (Buxari və Müslim). Allahın Rəsulu (səlləllahu aleyhi və
səlləm) həzrəti Aişəyə (Allah ondan razı olsun) belə demişdir: “Oruc tutmaqla
davamlı olaraq Cənnətin qapısını döy” (Buxari və Müslim). Həzrəti Aişə (Allah
ondan razı olsun) ömrünün axırına qədər bu əmr və tövsiyyəni yerinə yetirmiş və
ölüm xəstəliyinə tutulanda da oruc tutmuşdur). Allahın Rəsulu (ona və ailəsinə
salam olsun) belə buyurmuşdur: “Şeytanlar insanların qəlbləri özərində gəzib
dolaşmasaydılar, insanların qəlbləri qeyb aləmini görə bilərdi” (İmam Əhməd
rəvayət edib). Oruc tutmaq isə şeytanları qəlbin səmtindən uzaqlaşdırar,
beləliklə qəlbin gözü açılar və insan qəlbinə əks edən ilahi nurla qeybi görər
və ya hiss edər. Oruc şeytanların və pis hisslərin hücumuna qarşı qoruyucu
qalxandır. Oruc digər ibadətlərin də qapısıdır”. Çünki hər bir yaxşı əməl
insanı özündən daha yaxşı bir əmələ götürür. Məsələn sübh namazını vaxtında
durub məscidə gedərək qılan insan digər namazlarını da vaxtında və məsciddə
qılır. Amma bir çox hallarda müşahidə olunduğu kimi insan tənbəl halda qalxıb
sübh namazını evdə qılıb tez yatsa, digər namazlara da tənbəl yanaşır. Ona görə
də bir gün oruc tutan insan əgər səbr edib orucun bütün şərtlərini yerinə
yetirərək tuta bilsə, digər gün də çox həvəslə orucunu tutmağa davam edcəcək.
Yuxarıda işarə etdiyimiz kimi bir yaxşılıq insanı başqa bir yaxşılığa aparır.
Ona görə də bacardığımız qədər saleh (yaxşı) əməllərə yönəlməliyik ki, Allah
təala bizi gördüyümüz saleh (yaxşı) əməldən daha üstün və daha əzəmətli bir
əmələ yönəltsin. Amin!
__________________
Ədəbiyyat:
Ədəbiyyat:
1.
Qurani Kərim, Azərbaycan dilinə mənaca tərcüməsi,
Əlixan Musayev
2.
İbn Həcər əl-Əsqalani, Büluğul Məram, 2-ci cild,
Oruc fəsli.
3.
Səhih əl-Buxari, 1-ci cild, Oruc babı
4.
İmam Qazali, İhya-u Ulumiddin, Orucun sirrləri fəsli
Hazırlayan: Əkrəm Həsənov (İlahiyyatçı)
Hiç yorum yok:
Yorum Gönder