Allaha həmd,
şükür, təriflər olsun hər bir nemətinə görə, həmçinin onun ən böyük
nemətlərindən olan bu mübarək Ramazan ayına görə. Biz artıq bu ayın içərisinə
daxil oluruq. Allaha çox şükürlər olsun ki, bu ayda bizi yaşadır və bizi saleh
əməllərə yönəldir. Allahın rəsuluna, elçisinə və peyğəmbərlərin xatəmi
Məhəmmədə, onun ailəsinə, səhabələrinə və onların yoluna gücləri çatan qədər
tabe olanlara salam olsun. Amin!
İnşallah ümid
edirik ki, yazıb hazırladığımız bu kiçik risalə bütün müsəlman bacı və
qardaşlarımız üçün xeyirli və faydalı öyüd olar. Uca Allahdan faydalı olmasını
istəyirik. Həmçnin istəyirik ki, müsəlman qardaş və bacılarımız dualarında bizi
unutmasınlar. Allah təala hamımızı öz razılığına daxil eləsin. Amin!
Allah təala
Qurani Kərimdə buyurur:
“- İnsanlara
doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı
batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir...”( əl-Bəqərə (İnək)
surəsi, 185)
Allah təala
Ramazan ayına bəzi xüsusiyyətlərini saya biləcəyimiz, həmçinin digər aylardan
fərqli xüsusiyyətlər və üstünlüklər vermişdir;
1.
Oruc tutanın ağzının qoxusu
Allah yanında müşk ətrindən daha xoşdur.
2.
Mələklər oruc tutanlar üçün
iftar vaxtına qədər Allahdan bağışlanma istəyərlər.
3.
Allah təala hər gün
Cənnətini bəzəyər və belə buyurar: “Saleh qullarımın üzərlərindəki sıxıntı və
əziyyət verən şeyləri ataraq sənə gəlmələrinə çox uzun bir vaxt qalmadı”.
4.
Bu ay azğın şeytanlar
zincirə vurulur, Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır.
5.
Bu ayda bu aydan da xeyirli
olan Qədr gecəsi vardır. Bu gecənin xeyirindən məhrum qalan kimsə xeyrin
hamısından məhrum qalar.
6.
Ramazanın sonunda bütün
oruc tutanların günahları bağışlanar. Bu ayda Allahın Cəhənnəm əzabından azad
etdiyi şəxslər vardır. Bu Ramazanın bütün gecələrində baş verir.
Belə xüsusi
fəzilətlərə sahib olan bu ayı necə qarşılamalıyıq? Saleh bir kimsə bu ayı;
səmimi bir tövbə, bütöv bir qərarlılıq, bütün vaxtını saleh əməllər işlədərək
keçirər. Allah təaladan istəyirik ki, bizə kömək eləsin ki, Özünün razı olduğu
kimi Ona şükür edək, Onu zikr edək, Ona ibadət edək. Amin!
Bəs Ramazan
ayını ən gözəl dəyərləndirmək üçün nə kimi saleh əməllər işlətməliyik sualının
cavabını gəlin birlikdə axtaraq.
Ramazanda
yerinə yetirilməsi gərəkli olan saleh əməllər aşağıdakılardır:
1.
Oruc tutmaq:
“Adəmoğlunun
bütün əməlləri özünündür. Bir yaxşılıq on qat əvəzlə yeddi yüz qata qədər
mükafatlandırılacaq. Əziz və Cəlil olan Allah təala: “Oruc istisna olmaqla, o
mənimdr və onun da mükafatını mən verəcəm, o öz arzularını, yeyib-içməsini
mənim üçün tərk edir” buyurmuşdur. Oruclunun iki sevinci vardır: biri iftar
etdiyi vaxt, digəri isə Rəbbinə qovuşacağı gündür. Allaha and olsun ki, oruc
tutanın tutduğu oruca görə ağzının iyinin dəyişməsi Allah yanında müşk ətrindən
daha xoşdur (Buxari, Müslim).
“Kim Ramazanı
fərz olduğuna inanaraq və mükafatını Allahdan istəyərək oruc tutaraq keçirərsə
keçmiş günahları bağışlanar” (Buxari, Müslim).
“Hər kim
yalan söz danışmağı və yalanla əməl etməyi tərk eləməsə, onun yeyib-içməsini
tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur” (Buxari).
“Oruc bir
qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş
görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin”
(Buxari, Müslim).
Buna görə də
oruc tutan hər bir kəsin; qulağı, gözü və bütün bədən üzvləri, əzaları oruc
tutmalıdır. Oruc tutduğu gün ilə, oruc tutmadığı gün arasında daha müsbət
dəyişikliklər olmalıdır.
2.
Namaz qılmaq.
“- Rəhmanın
(əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla)
gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri)
zaman (onları incitməmək üçün) salam deyərlər. - Onlar gecəni Rəbbi üçün səcdə və
qiyam (namaz) içində keçirərlər” (əl-Furqan (Fərqləndirmə) surəsi, 63-64). “Hər kim
Ramazanı (fərz olduğuna inanıb) mükafatını da Allahdan istəyərək namazla
keçirərsə keçmiş günahları bağışlanar” (Buxari, Müslim).
Gecə vaxtları
namaz qılmaq, Allahın Rəsulu (Ona və ailəsinə salam olsun) və səhabələrinin
üstündə möhkəm dayandığı bir sünnə (yol) idi. Aişə (Allah ondan razı olsun):
“Gecə namaz qılmağı tərk etmə. Çünki Allahın rəsulu (Ona və ailəsinə salam
olsun) onu tərk etməz, xəstələnər və ya yorğun olardısa oturaraq namazını
qılardı” deyir. Ömər bin Xəttab (Allah ondan razı olsun) da gecə istədiyi qədər
namaz qılar, gecə yarısı olduqda ailəsinin fərdlərini namaza qaldırardı.
Onlara, “Namaza, namaza” deyər və “Əhlinə (əhli-beytə və ümmətinə) namaz
qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət
çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik.
(Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!” (Taha surəsi, 132)
ayəsini oxuyardı. Əlqamə bin Qeys belə deyir: Bir gecə Abdullah bin Məsudun
(Allah ondan razı olsun) yanında qaldım. Gecənin ilk vaxtlarında qalxıb namaz
qıldı. Sanki məhəllə məscidində namaz qılan bir imam kimi ağır-ağır, bir-bir
ayələri oxuyurdu. Buna baxmayaraq ətrafında olanlar onun qiraətini eşitmir,
hətta öz səsini özü də eşitməyəcək qədər olardı. Nəhayət səhərə yaxın, dan yeri
ağaranda, axşam azanı lə axşam namazının qurtarmasına qədər bir vaxt qaldıqda
vitri qılardı. Səhabələr səhərə yaxın bir vaxta qədər daima namazı qılardılar.
Gecə vaxtları namaz qılmaq, Allahın elçisnin (Ona və ailəsinə salam olsun) və
səhabələrinin üstündə möhkəm dayandıqları bir sünnə (yol) idi. Aişə (Allah
ondan razı olsun) “Gecə namaz qılmağı tərk etmə. Çünki Allahın rəsulu (Ona və
ailəsinə salam olsun) onu tərk etməz, xəstələnər və ya yorğun olardısa oturaraq
namazını qılardı” demişdir.
3.
Xərcləmək
Allahın
rəsulu (Ona və ailəsinə salam olsun) insanların ən comərdi idi. Ramazanda digər
günlərə nisbətən daha çox mülayim olardı. O, bizə də bunu nəsihət edərdi:
“Sədəqənin ən fəzilətlisi Ramazanda verilənidir” (Tirmizi). Ömər bin Xəttab
belə deyir: “Allahın rəsulu (Ona və ailəsinə salam olsun) bizə sədəqə
verməyimizi əmr etdi. Bu vaxt mənim də yanımda bir az malım var idi. Öz-özümə:
“Əgər Əbu Bəkr keçmək mümkündürsə ancaq bu gün onu keçəcəm” dedim və malımın
yarısını gətirdim. Allahın rəsulu (Ona və ailəsinə salam olsun) mənə dedi: “Öz
ailən üçün nə qoydun?” Məndə sənə gətirdiyim qədər dedim. Əbu Bəkr isə yanında
olanların hamısını gətirdi. Allahın rəsulu (Ona və ailəsinə salam olsun) ona:
“Ailənə nəyi saxladın?” deyə soruşduqda:
“Onlara Allah
və Rəsulunu saxladım” dedi. Mən də: “Heç bir xüsusda əbədiyyən səni keçməyəcəm”
dedim”.
Göründüyü
kimi Ramazan ayında sədəqənin bir üstünlüyü, bir xüsusiyyəti vardır. Ona görə
də bu barədə əlimizi açıq tutmalıyıq, vəziyyətimizə görə sədəqə verməyə,
xərcləməyə cəhd etməliyk. Sədəqə verməyin bir çox növləri vardır. Bunlardan
bəziləri aşağıdakılardır:
Yemək
yedirmək:
“ - Onlar öz
iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını
qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. - (Və sonra da yedirtdikləri kimsələrə belə
deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu
ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.
- Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin
dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət
günündən) qorxuruq!” -
Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş
edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). - Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri)
ipəklə mükafatlandıracaqdır” (İnsan surəsi, 8-12).
Sələflər
yemək yedirməyə olduqca əhəmiyyət verir, bunu bir çox ibadətlərdən üstün
tutardılar. Bu istər ac bir kimsəni doyurmaq, istərsə də ətrafında yaşayan
əməli saleh qardaşlarını yedirmək olsun, heç bir fərq etməzdi. Yemək
yedirdikləri şəxsdə heç bir xüsusi fərqlilik axtarmazdılar. Sələflərdən biri
belə deyir: “Qardaşlarımdan on nəfəri dəvət edib onlara ürəklərinin istədikləri
hansısa bir yeməyi yedirməyim, mənim üçün İsmayıl oğlanlarından on nəfər köləni
azad etməkdən daha sevimlidir”. Sələflərdən
bir çoxu oruclu olduğu halda iftarını açacağı yeməyi başqasına yedirər,
başqasını özünə dəyişərdi. Yəni başqasını yedirməyi daha uyğun görər, özünə bir
o qədər də əhəmiyyət verməzdi. Onlar özləri oruclu olduğu halda qardaşlarını
yedirər, bununla da kifayətlənməyib onlara xidmət edər, onların rahat
olmalarına çalışardı.
Yemək
yedirmək ibadəti bəzi ibadətlərin də qaynağını təşkil edir. Özlərinə yemək
yedirilən qardaşlar sevinir, onlara məhəbbət bəslənilir. Bu da Cənnətə girməyə
bir səbəb təşkil edir: “İman etmədikcə Cənnətə girə bilməzsiniz, bir-birinizi
sevmədikcə də əsla iman etmiş olmazsınız” (Müslim). Bundan başqa yemək yedirmək
səbəbi ilə salehlərlə birlikdə oturub-durmuş olar və yedikləri yemək
nəticəsində ibadətlərə qarşı güc və qüvvət qazanmaları səbəbi ilə onlara bu
xüsusda kömək etdiyin üçün əcir qazanmış olursan.
İftar vermək:
“Oruc tutana
iftar verən onun qədər savab əldə edər, oruclunun savabından isə heç bir şey
əksilməz” (Nəsai, səhihdir)
“Kim bir oruc
tutana iftar verərsə, yaxud bir döyüşə gedəni silahla təmin edərsə ona da eyni
mükafat vardır” (Tərğib, səhihdir).
Daha çox
Quran oxumaq:
Əməli saleh
sələflərin Ramazan ayında olan aşağıdakı iki xüsusiyyətini də qeyd etməliyik:
a)
Qurani Kərimi çox oxumaq
b)
Qurani Kərimi oxuyub
dinlədikdə Allaha qarşı qəlblərində qorxub, titrəmələri səbəbi ilə ağlamaları.
Ramazan ayı
Quran ayıdır. Bu baxımdan müsəlmanın bu ayda digər günlərə nisbətən daha çox
Qurani Kərimi oxumaları lazımdır. Saleh sələflər Allahın Kitabına çox diqqət
göstərərdilər. Cəbrayıl (əleyhissalam) Ramazan ayında Allahın Rəsulu (ona və
ailəsinə salam olsun) ilə Qurani Kərimi qarşılıqlı olaraq oxuyardılar.
Sələflərdən kimisi Qurani Kərimi üç gecədə, bir Ramazan gecəsində qiyamda
(təravihdə) xətm edərdilər. Bəziləri yeddi gündə, bəziləri də on gündə xətm
edərdilər. Onlar namazda və namazın xaricində də Qurani Kərimi daima
oxuyardılar. Çox maraqlıdır ki, bu gün bəzi məscidlərdə Qurani Kərim Ramazan
ayı münasibəti ilə səsli olaraq xətm olunur və müsəlman qardaşlarımızın
bəzilərindən narazılıqlar görürük. Bu əmələ bidət adı verirlər. Halbuki Allahın
evində Allahın kitabı oxunur. Burada dinləyənlər belə savab qazanır. Onsuzda
məsciddə bu cür Quran oxunması çox az çəkir. Hər bir kəs ayrılıqda Qurani
Kərimi oxuyub xətm etməlidirlər.
İmam Şafi
(Allah ona rəhmət eləsin) Ramazan ayında altmış xətm oxuyar və bunları namazdan
kənar oxuyardı.
İmam
Şihabəddin əz-Zühri (Allah ona rəhmət eləsin) Ramazan ayında hədis oxumaqdan və
elm əhli ilə oturub durmaqdan çəkinər, daha çox Quran oxumağa yönələrdi.
İmam Süfyan
əs-Sevri (Allah ona rəhmət eləsin) isə Ramazan ayı girdikdə nafilə ibadətdən
çox Qurani Kərimi oxumağa yönələrdi.
İmam İbn
Rəcəb (Allah ona rəhmət eləsin) belə deyir: “Qurani Kərimin üç gündən daha az
bir müddətdə xətm edilməsinə dair gəlib çatan qadağalar bunun daimi olaraq oxunması
ilə bağlıdır. Ramazan ayı kimi, xüsusi ilə də Qədir gecəsinin axtarıldığı
gecələrdə və ya Məkkəyə Məkkəli olmayanların arasından girənlər kimi, fəzilətli
məkanlarda isə, bu zaman və məkanın fəzilətini qənimət bilərək Qurani Kərimi
çox oxumaq müstəhəbdir”. Necə ki, Məkkədən kənarda olan Məkkəyə daxil olanda
Məkkə onun üçün ən fəzilətli yer hesab olunur, Ramazan ayında da Quran oxumaq
ən fəzlətli ay olduğu üçün fəziləti daha böyük olur. Quran tilavəti zamanı
ağlamağa gəldikdə; Sələflər düşünmədən, qavramadan şeir oxuyar kimi Qurani
Kərimi sürətli oxumaq adətləri yox idi. Onlar Allah təalanın kəlamından
təsirlənər və buna görə qəlbləri titrəyib, qorxardı.
Buxaridə
Abdullah bin Məsudun belə dediyi rəvayət olunur: “Allahın rəsulu (Allahın
salamı və xeyir bərəkəti onun və ailəsinin üzərinə olsun) mənə “Quran oxu”
dedi. “Quran sənə nazil olduğu halda onu mən sənə oxuyummu?” dedim. O: “Onu
başqasından dinləməyi sevirəm” dedi. Ona Nisa surəsini: “- (Ya Rəsulum!) Hər
ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin
edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?” (Nisa surəsi 41) ayəsinə
çatana qədər oxudum. Bu dəfə mənə; “Bu qədər kifayətdir” dedi. Ona dönüb
baxanda gözlərindən yaşlar axırdı”. Beyhaqi öz Sünən kitabında Əbu Hüreyrədən
(Allah ondan razı olsun) belə dediyini nəql edir: Allah təalanın: “- İndi
siz bu kəlama (Qurana) təəccübmü edirsiniz? - Həm də
gülürsünüz, heç ağlamırsınız!” (Nəcm surəsi, 59-60) ayəsi nazil olduqda Suffə
əhli göz yaşları yanaqlarından axana qədər ağladılar. Allahın peyğəmbəri
(Allahın salamı və xeyir bərəkəti onun və ailəsinin üzərinə olsun) onların
ağladıqlarını duyduqda, O da onlarla bərabər ağladı. Onun ağlamasını eşitdikdə
bizdə ağlamağa başladıq. Bundan sonra Allahın rəsulu (Allahın salamı və xeyir
bərəkəti onun və ailəsinin üzərinə olsun): “Alah qorxusundan ağlayan kimsə
Cəhənnəmə girməz” buyurdu. İbn Ömər də (Allah ondan və atasından razı olsun)
Mutəffifin surəsini, “- O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin
Rəbbinin (Allahın) hüzurunda duracaqlar!” (əl-Mutəffifin (Çəkidə və ölçüdə
aldadanlar) surəsi, 6-cı ayə) əmrinə çatana qədər oxudu. Sonra yerə
yıxılana qədər ağladı, digər ayələri oxumağa davam edə bilmədi.
Müzahim bin
Züfər belə deyir; Süfyan əs-Sevri bizə axşam namazını qıldırdı. “- Biz
yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (əl-Fatihə (Kitabı
açan) surəsi, 5) ayəsinə çatandan, qiraəti qurtarana qədər ağladı. Daha
sonra Fatihə surəsini yenidən oxumağa başladı. Bütün bunlar onu göstərir ki,
Quran oxuduqda ağlamalıyıq, əgər bacarmırıqsa özümüzü ağlatmaq üçün
çalışmalıyıq. Bu ağlamaq ancaq Allah üçün olmalıdır. Allah bizi bağışlasın.
Amin!
Günəşin
doğmasına qədər məsciddə qalmaq:
Allahın
rəsulu (Ona və ailəsinə salam olsun) səhər (sübh) namazını qıldıqdan sonra
günəş doğana qədər namaz qıldığı yerdə oturardı (Müslim). Rəsulullah (ona və
ailəsinə salam olsun) belə buyurmuşdur: “Kim səhər namazını camaatla birlikdə
qılıb, sonra günəş doğana qədər oturub Allahı zikr edər, sonra da iki rəkat
namaz qılarsa bu onun üçün bütöv və əksiksiz olaraq bir həcc və ümrə mükafatı
kimi olar” (Tirmizi). Bu hər gün belə olduğu halda gör Ramazan günlərində
yerinə yetirilərsə mükafatı nə olar? Ona görə də gecəni namaz qılmaqla keçirmək
surəti ilə çox böyük mükafatlar qazanmaq üçün Allahın köməyini istəməli, bu
barədə salehlərə tabe olmalıyıq. Allahın razılığını qazanmaq üçün
nəfislərimizlə cihad etməli və Cənnət məqamlarının zirvələrinə çatmaq üçün
həddən artıq çox çalışmalıyıq.
Əkrəm Həsənov
(ilahiyyatçı)
Hiç yorum yok:
Yorum Gönder