“(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar.
De: “Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər) söyləyəcəyəm!. Biz onu yer
üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona
öyrətdik)” (Kəhf surəsi 83-84). Alimlər deyirlər ki, bu adam, yəni Zulqərneyn
saleh bir insan olub. Dünyada hökmran olub. Dünyanın bütün mülkü onun əlində
olub. Bu vaxta qədər dünyanın bütün mülkü həm müsəlmanlardan, həm də kafirlərdən
ikisinə verilib. Yəni, dünyanın bütün mülkü yalnız və yalnız iki müsəlmana və
iki kafirə verilib.
Dünyanın bütün mülkü özünə verilən müsəlmanlardan biri
Davudun oğlu Süleyman əleyhumussəlam
(yəni hər ikisinə, həm Davuda, həm də Süleymana salam olsun), digəri isə Zülqərneyn
olub.
Dünyanın bütün mülkü özünə verilən iki kafir isə Bəxtnasr
və Nəmrud olub.
Təfsir alimləri və tarix alimləri Zülqərneynin saleh
bir adam olduğunu deyirlər. Alimlərdən bəziləri deyirlər ki, Zülqərneyn peyğəmbər olub. Daha məşhur olan
görüş budur ki, Zülqərneyn əməli saleh bir adam olub. Dünyada uzun ömür
yaşayıb. Allah təala bütün yolları onun üçün asanlaşdırıb. Bütün yolların
səbəblərini asanlıqla bilib, onlara sahib olub. Allah təala onun qissəsini
(həyat heykayəsini) əzəmətli Kitabında, Qurani Kərimin Kəhf surəsində bizə
xəbər verib. Allah təala onun vasitəsi ilə yer üzərində baş verəcək böyük bir
fitnənin qarşısını kəsmiş və Qiyamətə qədər təxirə salmışdır.
Qurani Kərimdə Onun haqqında olan ayələri birlikdə
oxuyaq.
“(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar.
De: “Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər) söyləyəcəyəm!”.
Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və
hər şey verdik (hər şeyin yolunu ona öyrətdik).
O, (məğribə çatmaq üçün) yola çıxdı. (Tövbə qapısı
məğribdə olduğuna görə səfərini oradan başladı).
Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara
palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında
(Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya
Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola
dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”
O (İsgəndər) belə cavab verdi: “Zülm (küfr) edənə əzab
verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə)
görünməmiş bir əzab verəcəkdir!
İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat
(Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!” (Onu Allaha
yaxınlaşdırmaq üçün bacardığımız hər şeyi – oruc, namaz, zəkat, cihad və s.
öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar etməyəcəyik).
Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub
getdi.
Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm
üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər
yaratmamışdıq. (Yalnız günəşin özü onlar üçün sipər idi).
(Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi.
Biz hələ onun yanında daha nələr olduğunu da bilirik. (Zülqərneynin qüdrətini,
nə qədər əsgərlə səfərə çıxdığını Allahdan başqa heç kəs dəqiq bilməz).
Daha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan
şimala) üz tutub getdi.
Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud
Türküstanda Yəcud–Məcüc tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib
çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox
çətin başa düşülən) bir tayfa gördü.
Onlar (tərcüməçi vasitəsilə) dedilər: “Ey Zülqərneyn!
Yəcuc–Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar
arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?”
O (Zülqərneyn) dedi: “Rəbbimin mənə verdiyi (qüdrət və
sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə
(bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında
möhkəm bir sədd düzəldim!
Mənə dəmir parçaları gətirin!” (Onlar gətirdilər). O
(Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən
kimi: “(Körükləri) üfürün!” – dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn
dəmiri) od halına salınca: “Mənə ərimiş mis gətirin, onun üstünə tökün!” dedi.
(Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və
beləliklə, möhkəm bir sədd əmələ gəldi).
(Yəcuc–Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər,
nə də onu dəlib keçə bildilər.
O (Zülqərneyn) dedi: “Bu (sədd) Rəbbimdən bəxş edilən
bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc–Məcüc
tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan
(dümdüz) edəcəkdir. Rəbbimin vədi haqdır!” (Allahın buyurduğu hər bir şey, o
cümlədən İsgəndərin səddinin dağılması, Yəcuc–Məcuc tayfalarının yer üzünün hər
tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət bir cür həşərat
tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir).
O gün (həddindən artıq çox olduqlarına görə) onları
(yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi
bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini
bilməzlər). Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik”
(Kəhf surəsi 83-99).
Əkrəm Həsənov
(ilahiyyatçı)..
Hiç yorum yok:
Yorum Gönder