11 Nisan 2012

"Sələfi” qadınların asudə vaxtı İNTERNET-də keçirməsi! -I Hissə


Bəzi özlərini “Əhli-Sünnə”yə nisbət edərək “Sələfi” adlandıran bacılar öz asudə vaxtlarını İnternetdə keçirirlər. Müxtəlif sosial şəbəkələrə üzv olaraq özlərinə naməhrəm olan “qardaş”lar ilə söhbət edir, onlar ilə “chat” və “email” vastəsi ilə yazışır və bu haramlar ilə də özlərini günah çuxuruna sürükləyirlər. 


Bu “bacı”lar etdikləri əməllərinə bir neçə bəhanə ilə haqq qazandırmağa çalışırlar, bəziləri sosial şəbəkələrə sadəcə dəvət niyyəti ilə, bəziləri digər bacılara nəsihət etmək niyyəti ilə, bəziləri isə yardıma ehtiyacı olanlara yardım etmək niyyəti ilə daxil olduqlarını iddia edirlər. Fəqət hər bir halda, bunun əsli qadağan hökmünə əsaslanmışdır. Çünki, bir qaydanı unutmaq lazım deyil ki, gözəl niyyət batil bir əməlin edilməsinə dəlil deyildir, əksinə batil niyyət gözəl bir əməlin puç olmasına dəlildir. 

1- Dəvət niyyəti ilə sosial şəbəkələrdə olduqlarını iddia edən “bacı”lara gəlincə, bu sadəcə boş bir bəhanə, vaxtlarının isə israf və zay edilməsidir. Bacıların dəvət məqsədi ilə internetdə oturması haqda sələfin öndər şeyxləri fətvalar vermiş və ümmətin qadınlarını bundan çəkindirməyə çalışmışdır. 

20-ci əsrin ən böyük muhəddisi olan Şeyx Muhəmməd Nəsiruddin əl-Albani (rahiməhullah) buyurur:

- Qadınlar özlərini dəvətə aid etməməlidir. Mən (qadınlar haqqında) dəvət sözünün istifadə edilməsini pisləyirəm. Ələlxüsus, qız və qadınlar haqqında “onlar dəvətçidir”- deyirlər... Gənc qızlar və evdar qadınlar dəvətlə məşğul olaraq, öz vəzifələrini unutmuş, əri və uşaqları üzərində olan vəzifələrindən boyun qaçırmışlar.[1]

Şeyx Salih ibn Fəuzan əl-Fəuzan (hafizəhullah) internetdə müsəlman bacıların bu cür dəvətlərini və elmi müzakirələrini məzəmmət edərək demişdir:

- Bütün müsəlman qadınlara, ən əsası isə, sələfi qadınlara bu cür məsələlərə girməmələrini nəsihət edirəm. Çünki, ilk əvvəl, bu vaxtı boş yerə xərcləməkdir... Əgər müsəlman bir qadın bunu etməyə vadar olarsa belə, yenə də o, elm əhlinin dərslərinə qulaq asmaqla kifayətlənməlidir.[2]

2- Digər bacılara nəsihət etmək niyyəti ilə sosial şəbəkələrdə oturan “bacı”lar öncə özlərinin islah olunmasına çalışmalıdırlar. Uca Allah buyurur:

- Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.(Rad surəsi, 11)

Onların digər bacılara və ən əsası isə öz nəfslərinə etməli olduqları ən böyük nəsihət isə, asudə vaxtlarını sosial şəbəkələrdə keçirməklə günlərini zay etməmək olmalıdır. Bu məsələ artıq o həddə çatmışdır ki, evli bacılar belə, vaxtlarını ailələrinə həsr etməli olduqları halda, öz övladlarına baxmaq əvəzinə günlərini internetdə keçirir və digər bacılar ilə qeybət, eləcə də digər haram və lüzumsuz söhbətlər edirlər. 

3- Kiməsə yardım etmək məqsədi ilə internetdə olan “bacı”ların isə iddiası boş bir bəhanədir. Artıq kifayət qədər hazırlanmış yardım qrup və saytları mövcuddur ki, bunun vasitəsi ilə köməyə ehtiyacı olanlara yardım edilir. Həmçinin, həmin – yardım etmək niyyəti ilə günlərini internetdə keçirən bacılar da, yardıma ehtiyacı olanlar haqqında bu kimi saytlardan istifadə edə və verməli olduğu elanı göndərə bilər. 

Lakin bu həmin bacının gününün internetdə keçməsinə səbəb deyildir. Bu elanları oxumaq və ya elan vermək üçün bacılara sadəcə az bir müddət vaxt kifayət edir, həmçinin hansı niyyətlə internetə daxil olduqlarını da, Allah (subhənəhu və təalə) çox gözəl bilir:

- Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir. (Nəcm surəsi, 32)

- ...(Allah) kökslərin (nələr) gizlətdiyini bilir. (Ğafir surəsi, 19)

Və çox şahidi olmuşuq ki, internetə məhz ehtiyaclılara yardım etmək niyyəti ilə daxil olanlar da, sonradan niyyətlərini dəyişmişlər. Məhz bu səbəbdən, şeytanın üzünüzə açmaq istədiyi bu fitnə qapısını kilidləyin!

Necə ki, şeyx Muhəmməd Salih əl-Munəccid (hafizəhullah) fətvalarının birində, bacıların bəhanə olaraq yürütdüyü bu üç iddiaya bu cür cavab vermişdir:

- “Dəvət, nəsihət və başqalarına kömək etmək məqsədi ilə (internetdə) münasibət qurmaq” iddiasını şeytan bəzəmişdir və müsəlman olan bir kəs, şeytanın bəzədiyi bu iddiaya aldanmamalıdır. 

Həmçinin şeyx buyurur:
- Sizə (yəni, müsəlman qadına) nəsihətimiz odur ki, internet sosial şəbəkələrində və forumlarında hökm sürən fitnələrdən özünüzü qoruyun, onlar vasitəsilə asta-asta açılan fitnə qapısını bağlayın. Şeytan öz hiylələrini insanlara təlqin edir, onları günaha sürükləmək üçün buna aparan qapıları açır, şəriətin izn verdikləri ilə izn vermədikləri məsələləri, haqq ilə batili bir-birinə qatır və hər bir kəsə münasib olan yerindən yaxınlaşır.

Son olaraq isə “sələfi” bacılara Şeyx Munəccidin (hafizəhullah) bu nəsihətini təq dim edirəm:

- ‘Facebook’ və ona bənzər sosial şəbəkələrə üzv olmaqdan çəkinin... Ələlxüsus, bu - öz nəfsi istəklərinin ardınca gedənlərə, nə özünə, nə də başqalarına xeyir verə bilməyənlərə aiddir.[3]

Ardı var...

İstifadə edilən mənbələr:

[1]- “Həl yəcuzu lilmərati ən təkuna daiyətən lidinilləh”
[2]- “Muntəqa min əl-Fatava əş-Şeyx Salih ibn Fəuzan əl-Fəuzan” kitabı, 3/160-161
[3]- Şeyx Muhəmməd ibn Salih əl-Munəccidin rəsmi saytı

_________________
Hazırladı: əz-Zubeyr

Hiç yorum yok:

Yorum Gönder