İlk öncə bunu bunu söyləmək lazımdır ki, Axmaqlıq - İlahi bir imtahan və ən böyük nəsibsizliklərdən biridir.
Ağılı olmayan insana dəli deyilir.. Ağılı olub, ağlını istifadə etməyənə və ya istifadə edə bilməyənə isə, axmaq deyilir. Axmaq - ağılı az, fikri qısa, bəsirətsiz, pis xasiyyətli kimsədir. Qazanc və zərərini yaxşı düşünə bilməz.
Hikmət - yaxşını pisdən, haqqı batildən ayıran qüvvətdir. Hikmətin az olmasına axmaqlıq deyilir. Axmaq, xeyir və şəri bir-birindən tam ayıra bilməz.
Alimlər buyurur:
"Axmaqla yoldaşlıqdan çəkin. Çünki, sənə yaxşılıq edim -deyərkən, zərəri toxunar." (Hz. Ömər)
"Dişi ilə dırnaq uclarını dişləmək axmaqlıq əlamətidir." (Hz. Əli)
"Axmaqlar arasında olan - zillət, alimlər arasında olan - hörmət görər." (Cəfər əs-Sadiq)
"Dünyanı əldə etmək üçün Axirətini [dinini] vermək axmaqlıqdır. Varlıqların ən axmaq olanı - nəfsdir. Çünki, hər istəyi öz əleyhinədir."
"Qəza borcu varkən, müstəhəblərə sarılmaq axmaqlıqdır." (Hz. Əbu Bəkr)
"Axmaqlığın əlaməti, öz eybini buraxıb, başqasının eyiblərilə məşğul olmaqdır." (Səqati)
"Axmağa veriləcək ən gözəl cavab ancaq sükutdur." (İbni Hibbən)
"Nəfsin arzuları arxasında qaçan axmaqdır." (əl-Fəruqi)
"Xətasında israr edən axmaqdır." (Ərvasi)
Bu haqda hikmət əhli buyurur:
"Ağılı olan ər-arvad, bir-birinin xətrinə dəyməz.. Həyat yoldaşının xətrinə dəymək və incitmək - axmaqlıq əlamətidir."
"Ağıllı ilə müşavirə - qalibiyyət, axmaqla müşavirə - məğlubiyyətdir."
"Axmağın qəlbi ağızında, ağıllının dili qəlbindədir. Yəni, axmaq sirr saxlaya bilməz, ağıllı isə, sirri ifşa etməz."
"Axmağın üç əlaməti vardır: Fərzlərdə (ona Allah tərəfindən vacib edilmiş ibadətlərdə) tənbəllik, faydasız işlərlə məşğuliyyət və məxluqlara əziyyət etmək."
"Ağılımız məhduddur. Ağılın çata bilmədiyi şeyləri ağıl ilə anlamağa cəhd etmək axmaqlıqdır."
Peyğəmbərimiz (s) belə buyurur:
"Ağıllı - nəfsinə uymaz, ibadətlərini yerinə yetirər. Axmaq isə - nəfsinə uyar, günah işlər görər, sonra isə "Allah bağışlayar" -deyə ümid edər.." [Tirmizi]
"Ağıllı - Allaha və Peyğəmbərinə iman gətirib, ibadətini yerinə yetirən kimsədir." [İbni Muhbər]
"Günah işləyənin ağılı gedər, bir daha geri dönməz." [Əbu Həmid əl-Qazəli]
"Axmaq insan - öz axmaqlığı səbəbilə, fasiqin (günahkarın) günahının ona (fasiqə) gətirdiyi sıxıntıdan daha böyük bir sıxıntıya düşər." [Hakim]
"Axmaq olanla əlaqəni kəs." [Beyhəqi]
"Axşamüstü yatmaq axmaqlıqdır." [Məvardi]
"Süfrədən düşən qırıntını yeyən - kasıblıq görməz, uşaqları axmaq olmaz." [İbn Nəccar]
"Mömin sərt birisi deyil.. Yumşaqlığı səbəbilə axmaq deyə zənn edilər." [Deyləmi]
"Axmaqlığın ən ifratı – İslam`ı tərk edib, başqa dinə meyl etməkdir. Bundan daha böyük bir axmaqlıq ola bilməz." [Deyləmi]
AXMAQLIĞIN ÇARƏSİ VARDIRMI?
İlk öncə İslam alimlərinin bu haqdakı sözlərindən bəzilərini bildirək:
"İnsanların ən axmağı - zəkasına ən çox güvənəndir. İnsanların ən ağıllısı isə - xətanı özündə axtaran və bilmədiklərini alimlərdən soruşan kimsədir."
"Saleh əməl işləmədən -yəni, Cəhənnəm toxumu əkib, Cənnət gözləmək - axmaqlıqdır."
"Yaxşıya xəyanət etməkdənsə, pisə yaxşılıq etməkdənsə, ağıllını çətinliyə sürükləməkdənsə, axmağın halına yanmaqdansa - şərlərindən qorun!"
"Nəsil-nəcabətlə öyünmək və təkəbbürlənmək - cahillik və axmaqlıqdır."
"Qadınların çoxu gözəllikləri ilə qürurlanarlar. Halbuki gözəllik, insanda daimi deyil, tez solub gedər, insanın mülkü olmaz. Bu cür şeylər insana -qaytarılmaq şərtilə verilmiş- əmanətlərdir. Əmanət olan şeylə qürurlanmaq isə, axmaqlıqdır."
"Nəfsinə de ki: Ey nəfsim, ağıllı olduğunu iddia edir və sənə axmaq deyənlərə hirslənirsən.. Halbuki, səndən daha axmaq kim var ki.. Ömürünü boş şeylərlə, gülüb əylənməklə keçirirsən.. Sənin halın bu qatilə bənzər ki – asayiş keşikçilərinin səni axtardıqlarını və tutulunca cəzalandırılacağını bildiyin halda, tədbirsiz, rahat gəzirsən. Bu axmaqlıq deyilmi?.."
"Üstündə əqrəb olan bir kimsə, o əqrəbi üstündən atmağa, onu öldürməyə çalışmayıb, başqasının üzünə qonan ağcaqanadları qovmağa çalışması - axmaqlıqdır."
"Özünü əbədi təhlükəyə atan - ağıllı ola bilməz, axmaqdır. "Məgər düşünmürsünüzmü?!" -xəbərdarlığı Qurani-Kərimdə bir çox ayələrdə dəfələrlə vurğulanıb."
"Axmaqlığın tək bir sözlə vəsfi - ağılsızlıqdır. Ağılsızlıq isə doğuşdandır, Qədər mövzusudur."
Hədislərdən birində Peyğəmbərimiz (s) buyurur:
"Hər şey Allahu Təalə`nin təqdirilə baş verir.. Ağıl və axmaqlıq da, həmçinin." [Buxari]
Hz. İsa (a.s.): "- Korları sağaltmaq, ölüləri (Allahın iznilə) diriltmək mənə çətin gəlmədi. Amma, axmağa doğru sözü izah edə bilmədim" –buyurdu.
Axmaqlığın tərkibində cahillik də, vardır. Cahilliyin dərmanı isə, elmdir. Axmaq, nəyinki haqq ilə batili ayıra bilməz, hətta daha böyük fəsadlar törədər. O halda haqq ilə batili ayıran və faydalı olan məsələləri bəyan edən alimlərə tabe olan kəs, axmaqlığın zərərindən xilas olar. Axmaqlar, bir adada köməksiz qalmış insanlara bənzəyirlər. Onlar öz imkanları ilə sahilə çıxa bilməzlər. Təcrübəli bir kapitanın gəmisinə minsələr sahilə qovuşarlar. Gəmiyə minməyən sahilə çıxa bilməz. Bu səbəblə də, alimlərə uyan - xilas olar. Necəki, Əziz Peyğəmbərimiz (s) hədisdə "Alimlər mənim varislərimdir, onlara tabe olun!" - deyə buyurur..
________________________________
Ayxan Yaquboğlu. Dekabr/2011
Hiç yorum yok:
Yorum Gönder