25 Aralık 2011

Yeni ildə islam mədəniyyəti


Ey müsəlman qardaşım! Allah təala bizə də, sənə də rəhm etsin! Amin! Bunu bil ki, Allahın mərhəmətinə nail olanlardan başqa müasir müsəlmanların təəssüf ki, uca dinimizin və Rəbbimizin dəyərli kitabı barədə qəflət içərisində olduqlarını, yol göstərən və müjdələyən Peyğəmbərimizin sünnətinə (yoluna) qarşı çıxdıqlarını görürük.
Onların şeytanın addımları ilə getdiyini, onun toruna düşdüklərini düşmənlərimiz olan yəhudi və xristianları həddən çox işlərdə təqlid etdiklərini, onlara bənzədiklərini, onların ardınca getdiklərini, dünya həyatının əyləncə və oyununa qaçdıqlarını, sonra Allahın kəlmələrini ucaltmağı tərk etməyi və Onun yolunda mübarizə aparmağı tərk etməklərini görürük. Bu səbəbdən də Allah təala onları zillətə və alçalmağa məruz qoydu, düşmənləri onlara qalib gəldi, hər tərəfdən onları əhatə etdi. Bu gün vətənimizdə məscidə, camaat namazına gələnlər azdır demirik. Gələnlər var, amma gəlməyənlər daha çoxdur. Bu gün bir çox məscidimiz bağlıdır. Məscidlə maraqlanan yoxdur. Məscidə gələn, namaz qılan müsəlmanlara böhtanlar, əziyyətlər, zülmlər, haqsızlıqlar edilir. İslam dininə cəmiyyətimizdə böyük sevgi və rəğbət var. Amma islam dini olduğu kimi təbliğ olunmur. İslam dininin həqiqi din olduğu, həqiqi bizim üçün böyük bir nemət olduğu, xoşbəxtçilik olduğu cəmiyyətimizə təqdim olunmur. Amma xristianların və yəhudilərin batil bayramlarına yüksək axın müşahidə olunur. Artıq bir neçə həftədir ki, vətənimizdə yeni ilin gəlişi kütləvi şəkildə qeyd olunur. Bu bir axındır. Burada sevinməyə dəyən nə var ki? Bu axın, bu sevinc kim üçün və nə üçün lazımdır? Əgər bu axına sevinən və müsbət reaksiya verən müsəlman cəmiyyətimiz məscidin tikintisinə, ibadətə, Allaha yönəlməyə, məscidə camaatla namaz qılmağa gəlsə duyduğu ləzzət və sevinc hissini milyonlarla il yaşasa belə onun 1 saniyəsini belə bu xristianların dəyişdirilmiş və batil şəklə salınmış bayramlarına həsr etməzdi. Dövlətimizin, xalqımızın, millətimizin  rəsmi dini islamdır. İslamı təbliğ üçün bu işdə bacarığı və səriştəsi olanları önə çəkmək, onları radio və televiziyaya dəvət etmək lazımdır. Bunun üçün bizim həm xaricdən oxuyub gələn mütəxəssislərimiz, həm də kifayət qədər yerli kadrlarımız var.
Azərbaycan 2009 cu ildə “Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009” adlı təntənəli ili arxada qoydu. Bu il ərzində bu münasibətlə böyük tədbirlər həyata keçirildi. Müxtəlif müzakirələr aparıldı. Təəssüf edirik ki, islam mədəniyyəti kimi bizim milli adət-ənənələrimiz, musiqilərimiz, incəsənətimiz, mədəniyyətimiz təbliğ olundu. Amma əsl islam mədəniyyəti haqqında konfranslar keçirilmədi. Bunun günahını mən kimdəsə və nədəsə axtarmıram. Bu bizim ümummilli günahımızdır. Burada fərdi olaraq bizim hər birimizin də üzərinə pay düşür. Çünki gərək biz bu işdə can ataydıq. Biz can atdıqmı? Yox. Elə isə heç kimi qınamağa haqqımız yoxdur. Bu sualları hər oxucu kimi siz də özünüzə verin. Özünüz-özünüzə sual verin: “Mən bir müsəlman vətəndaş olaraq bu işdə nə etdim?”. Bəlkə də bu sətirləri oxuyan müsəlman qardaşım, yaxud bacım bu cür işlərin mənasız bir iş olduğunu fikirləşə və dilinə gətirə bilər. Həqiqətdə isə biz müsəlmanlar bu cür bir ildən, fürsətdən istifadə edə bilərdik. Əlbəttə biz dövlətimizin və cəmiyyətimizin dinə və dindarlara münasibətinin dəyişməyini istəyirik. Əgər digər inkişaf etmiş ölkələrdə islam təbliğ olunur və yayılırsa burada da təbliğ olunur və yayılır. Digər ölkələrdə, xüsusən bəzi Avropa ölkələrində heç Azana qadağa qoyulmur, yaxud məscidlər bağlanmır. Amma bizdə məscidlər bağlanır. Azana qadağa qoyulur. Saqqalı olan müsəlmanı təhqir edir, onu bölməyə aparıb onu şərləyir, ona hər cür adlar qoşurlar. Biz danmırıq ki, islamın böyük düşmənləri var. Onlar çalışırlar ki, islam və müsəlmanlar terrorist kimi nümayiş olunsun. Bu cür dünyada göstərilsin. Amma islam dinində üzərinə qumbara bağlayıb özünü öldürmək haramdır. Bunu edən əbədi Cəhənnəmlikdir. Bu nəinki özünü intihar, həmdə özü ilə bərabər bir çox insanların ölməsi deməkdir. İslamda bu cür hallar yoxdur. Yaxud islamda meşədə qaçıb gizlənmək yoxdur. Bütün bunları cəmiyyətimizə təbliğ olunmalı, islamın sülh, əmin-amanlıq dini olması camaatımıza öyrədilməlidir. Bunun üçün müsbət addımlar atılır. Dövlətin də dini sahəyə güclü nəzarəti var. Biz hamılıqla bu işlərdə orta mövqe göstərib islam dininin necə bir mədəniyyət istədiyini əvvəlcə özümüzə, sonra yaxınlarımıza nümayiş etdirməliyik. Biz əsasən xristianların və yəhudilərin bayramlarına yox, öz islam dinimin bayramlarına bir müsəlman xalq kimi önəm və əhəmiyyət verməliyik. Bunun üçün islama aid hər il böyük konfranslar və tədbirlər həyata keçirilməlidir. İslam mədəniyyəti olduğu kimi təbliğ olunmalıdır.
Artıq cəmiyyətimizdə yeni ilin gəlişinə böyük hazırlıq gedir. Artıq keçən ildən bu ilə qədər aramızda olanlardan nə qədərini itirdik. Gələn ilə nə üçün sevindiyimizin fərqində olmalıyıq. Keçən ilin hesabatını aparmalıyıq. Əslində unutmayaq ki, gələn yeni ili sevinclə qarşılamaq aldanmaqdır. Biz qorxu və ümidlə qarşılamalıyıq. Deyib-gülmək, yeyib-içməklə yeni ili qarşılamaq dinlərini və adətlərini, Allahın əmrlərini unudan və öz kefinə görə dini dəyişən xristianların və yəhudilərin addımlarını izləməkdir ki, Allahın rəsulu belə demişdir: “Şübhəniz olmasın ki, həqiqətən də siz sizdən əvvəlkilərin yollarını eyni ilə gedəcəksiniz. Hətta onlar bir kərtənkələ yuvasına girsə belə, sizdə o yuvaya girəcəksiniz”. Dedilər ki, “Ya Rəsulullah! Onlar yəhudilər və xristianlardırmı? Buyurdu ki: “Bəs mən kimlərdən danışıram?”. Yəni sizdən əvvəlkilər yəhudilər və xristianlardır ki, bu gün müsəlmanlar onların bayramını yüksək səviyyədə qeyd edir, onlar kimi yeni ili haramla, şənlənməklə keçirir, keçən ilin hesabatını isə aparmır. Ümumiyyətlə bu bir həqiqətdir ki, cəmiyyətimiz xristianların və yəhudilərin adətlərinə meyl edərkən bunun hansı təhlükə gətirəcəyindən xəbərsizdirlər. Ona görə də onlara deyəndə ki, yeni ili keçirmək düzgün deyil özlərinə uyğun haqlı cavablar uydururlar. Əlbəttə onların cavabları öz nəfslərindən gəlir. Yəni onlar heç bir elmi əsasa söykənmədən narazılıq bildirirlər. Öz həva və istəklərinə uyğun şəkildə cavab verirlər. Çünki onlar Quran oxumur, Allahın rəsulunun hədislərini eşitmir, Allahın bizdən nə istədiyini bilmirlər. Sadəcə onların istəklərinə uyğun olduğu üçün, zövq aldıqları üçün bu cür bayramlara böyük əhəmiyyət verirlər. Halbuki Allah təala da onlar haqqında buyurur ki, həqiqətən də onlar Kitab oxumur və öz istəklərinə uyğun danışırlar. Yeni ili qeyd etməkdə ayıb nə var ki? Burada islama zidd nə var ki? Nəyə görə biz yeni ili qeyd etməməliyik? Biz nə edirik ki? Hamı kimi evdə oturub yemək bişirir və şənlik edirik. İçki içmirik, günah etmirik. Xeyr belə deyil. Axı bu cür deyənlər düzgün fikirləşmirlər. İnsan əvvəlcə yeni ili qeyd edir, ili yəhudilər və xristianlar kimi qarşılayır, sonra onlardan gələn hər şeyə meyl edir və tədricən əqidələrini və dinlərini də dəyişirlər. Bunun getmə prosesini hiss etmirlər. Artıq onda ayılırlar ki, müsibətlə üz-üzə qalıblar, Allaha dua edirlər, duaları qəbul olunmur. Çətinliyə düşürlər və anlamırlar ki, nəyə görə heç bir işdə uğur qazana bilmirlər. Xəstəliklər onları tapır, sonra öz-özlərinə də sual versələr bəlaların onlara nəyə görə gəldiyini özləri də tapa bilmirlər. Ona görə də ibrətlə fikirləşəndə yeni ili əslində deyib-gülməklə və çalıb oynamaqla yox, köhnə ilin hesabatını aparmaqla və gələn ilə Allaha bağlanmaqla və günah, xoşagəlməz əməllərə son qoymaqla başlamaq lazımdır. Bu cür addımla biz oxuyub öyrənə-öyrənə islam mədəniyyətinə qədəm qoya bilərik. Allah bizi bağışlasın. Amin! Allah təala bizi bütün fitnə-fəsadlardan qorusun. Amin!

2010-cu ildə yazdığım məqalədir...
Əkrəm Həsənov (İlahiyyatçı)

Hiç yorum yok:

Yorum Gönder