Biz keçən yazımıza ümumi olaraq siğə haqqında qısa da olsa məlumat verdik. Qeyd etdik ki, müasir gənclərimiz bu mövzuda aldanır və yetərincə açıq-aşkar dəlilləri görməzlikdən gəlirlər. Heç kimin halalı haram və haramı halal etmək səlahiyyəti yoxdur. Bu səlahiyyat ancaq Allaha və onun elçisi Məhəmmədə (ona və ailəsinə salam olsun) aiddir.
Ola bilər ki, hansısa bir məsələ bizim xoşumuza gəlsin və biz həmin əməli edək, ancaq nəfsimizə aldanıb heç vaxt iddia edə bilmərik ki, hansısa bir məsələni mən icra edirəmsə demək bu halaldır. Xeyir sənə görə bu halal ola bilər. Amma sən nə bilə bilərsən ki, bu həqiqətən də halal deyil. Bunu ancaq Allah və sonra elçisi Məhəmməd (ona və ailəsinə salam olsun) bizə bildirə bilər. Biz qeyd etmişdik ki, siğə cahiliyyə nigahlarından olduğu üçün Allahın elçisi (ona və ailəsinə salam olsun) bunu birdən-birə haram etməmiş, tədricən haram etmişdir. Bununla bağlı tutarlı və əsaslı dəlillər vardır. Bu araşdırmamızı sona qədər izləsəniz şahidi olacaqsınız ki, Allahın izni ilə biz burada şiə mənbələrindən də istifadə edəcəyik. Şiyələrin bu barədə bütün ortaya qoydaqları məlumatları qeyd edəcəyik və yalnış tərəflərini də göstərəcəyik. Allah təala bu xeyir işdə bizə kömək etsin. Amin!
Keçən yazımızda qeyd etdik ki, siğə cahiliyyə dövrünün nigahıdır. Bununla bağlı Allah elçisinin (ona və ailəsinə salam olsun) möhtərəm xanımları, möminlərin analarından biri olan, islamın yetişdirdiyi ən böyük fəqihçilərdən və bəşəriyyət tarixində elmi səviyyəsi olan Aişə (r.a) bir rəvayətində cahiliyyə dövründə olan dörd cür nigah növünü qeyd edibdir ki, bunlarında arasında siğə nigahı durur. Bununla bağlı olaraq Buxarinin Səhihində Nigah, Əbu Davudun Hədis Kitabında Talaq bölmələrində rəvayət etdikləri hədislərə baxa bilərsiniz. Biz bununla bağlı Buxaridə haram edilmiş bir çox nigah növlərinə rast gəldik. Onları burada qeyd etmək yerində olar. Bunlardan bizim bildiyimiz, əri olan bir qadını nigahlamaq, dörd qadından artıq qadını nigahlamaq, ögey qızınla nigahlanmaq, iki bacını birlikdə nigahlamaq, siğar nigahı etmək (yəni qızını kiməsə verib, qızını verdiyi kimsədən də qızını almaq, məsələn bir kişi öz qızını dostuna verib və dostunun qızını da alır və arada heç bir mehir və s. verilmir), muta nigahı (siğə nigahı) etmək tamamilə haram edilibdir. Xüsusiilə bizim mövzumuz olduğu üçün siğə haqqında gələn qadağanla bağlı Buxaridə qeyd edilən bəzi hədisləri nəzərinizə çatdırmaq yerinə düşür. Buxari, ravilərin adını ardıcıllıqla qeyd edərək Həzrəti Əlinin (Allah ondan razı olsun) İbn Abbasa belə dediyini rəvayət edir: “Rəsulullah (ona və ailəsinə salam olsun) Xeybər qəzvəsində (döyüşündə) siğə nigahını və ev eşşəklərinin ətinin yeyilməsini qadağan etdi”. Bu hədisi Həzrəti Əli (Allah ondan razı olsun) rəvayət edib. Həzrəti Əlini (Allah ondan razı olsun) özünə nümunə götürən şiə qardaşlarım nə üçün Əliyə itaət etmirsiniz. Halbuki siz özünüz deyirsiniz ki, Həzrəti Əli birinci imam və həmçinin Əbubəkrin yerinə xəlifə olmalı idi. Hanı ona göstərdiyiniz ehtiram və hörmət. Onun Allah rəsulundan (ona və ailəsinə salam olsun) bizlərə və sizlərə haram etdiyi bir qadağanı niyə halallaşdırırsınız? Dəliliniz nədir? Siz tələsməsəniz sizin də gətirdiyiniz dəlilləri ortaya qoyacağam. Buxari ravilərin zincirini dəqiq apararaq Əbu Cəmrədən (Allah ondan razı olsun) rəvayət edir: Mən İbn Abbasdan (Allah ondan razı olsun) eşitdim: Ona qadınla siğə nigahı etmək haqqında soruşduqda, o buna icazə verdi. Bunu görən ibn Abbasın bir köləsi İbn Abbasa dedi: “Bu siğə nigahı ancaq qadının ehtiyacının şiddəti və qadınların azlığı və yaxud döyüş vaxtlarına aid deyildirmi?”. İbn Abbas ona: “Bəli, elədir, sən haqlısan” deyə cavab verdi və onun sözünün doğruluğunu təsdiqlədi. Demək şiddətli müharibə vaxtı, qadınların çox olub, kişilərin az olduğu bir vaxt bunun halal olmasını İbn Abbas təsdiq etmişdir. Biz inşallah gələcək yazılarda bununla bağlı qəti qadağanla gəlmiş hədisləri də qeyd edəcəyik. Yenə Buxari ravilərin adlarını qeyd edərək Cabir bin Abdullahdan (Allah ondan razı olsun) və Sələmə bintil Əqvadan (Allah ondan razı olsun) rəvayət edir ki, onlar dedilər: Biz bir ordunun içərisində idik. Allahın rəsulu (ona və ailəsinə salam olsun) bizim yanımıza gəldi və dedi: “-Sizə siğə (muta) surətiylə (müvəqqəti bir vaxt üçün) nigaha və evlənməyə icazə verildi. Müvəqqəti bir vaxt üçün evlənə bilərsiniz”. İbn Əbu Zib (Allah ondan razı olsun) də belə dedi: Mənə Sələmə ibnul Əqvanın (Allah ondan razı olsun) oğlu İlyas, atasından, o da Allahın rəsulundan (ona və ailəsinə salam olsun) rəvayət edib belə dedi: “Hər hansı bir kişi ilə bir qadın sözləşib, müddət təyin etməyərək evlənməkdə qərara gəlsələr, bunların birlikdə yaşamalarının müddəti üç gecədir. Üç gecədən sonra bu cütlər bu müddəti artırmaq istəsələr artırarlar, yaxud ayrılmaq istəsələr, bir-birlərindən ayrılarlar”. Bunu rəvayət edən Sələmə ibnul Əqva (Allah ondan razı olsun) deyir ki, “Bilmirəm, bu icazə bizə Peyğəmbərin (ona və ailəsinə salam olsun) səhabələrinə aiddirmi, yoxsa bu ümmətin bütün müsləmanları da bura şamildirlər?”. Əbu Abdullah əl-Buxari bu hədsiləri qeyd etdikdən sonra deyir ki: “Siğənin hökmünü Həzrəti Əli (Allah ondan razı olsun) Məhəmməd peyğəmbərdən (ona və ailəsinə salam olsun) rəvayət edərək: Siğə, nəsx edilmişdir” demişdir. Beləliklə siğə sonradan haram edilibdir. Çox təəssüf ki, bunun haram edilməsi haqqında olan hədis çoxlarına çatmayıb. İbn Əbu Zibin (Allah ondan razı olsun) rəvayəti siğənin tədbiq etmə şəklini göstərməkdədir. Siğə (Muta) nigahı müvəqqəti bir vaxt üçün iki tərəfin qarşılıqlı razılığı ilə müəyyən bir qiymət müqabilində qadını kiralamaqdır. Bu bir nigah deyildir. Çünki, nigah cütlərin bütün həyatı boyu birlikdə yaşamaq üzrə bir ailə yuvası qurmalarıdır. Siğə də isə baxmayaraq ki, iki tərəfin razılğı vardır, amma bu müvəqqəti hal kəsb edir. İslamın zühurundan sonra bəzi döyüşlərdə müsəlmanların zina etmələrinin qarşısını almaq üçün keçici olaraq buna icazə verilib. Sonra Allahın izni və əmri ilə Allah rəsulu (ona və ailəsinə salam olsun) tərəfindən tamamilə nəsx olunub, qadağan olunub və haram elan edilibdir. Bu barədə şiə alimləri də ixtilaf ediblər. Bir çox şiə alimləri Həzrəti Əlidən (Allah ondan razı olsun) və digər imamlardan gələn səhih mənbələri əsas götürərək həqiqətən də siğənin nəsx olunduğunu bildiriblər. Tarix boyu bu nəsxi bir çox şiələr gizlədərək bu barədə həqiqəti ortaya qoymağa çəkiniblər. Qeyd edək ki, bu gün bütün islam dünyasında yalnız şiələr bu siğə məsələsinə halal olaraq baxırlar. Bununla onlar zinanı açıq-aşkar qanuniləşdrirlər. Çünki bu gün zina edən iki cütlük də öz xoşları və qarşılıqlı razılıqları bir neçə saata cütləşir və bunun üçün gəncləri şiə mollaları aldadaraq onları zina kimi böyük bir təhlükəyə atırlar. Bu gün bir çox şiə mollaları gəncləri belə bir yalanla aldadırlar və gənclər deyirlər ki, onlar münasibət qurmaq istədikləri qızı şiə mollasının yanına apararaq, nə isə müəyyən dualar oxumaqla onları siğə ilə təmin etmiş olur. Guya siğə şəklində onları nigahlayır. Bununla da gənclərin zina etməsini şiə mollaları onlar üçün halalallaşdırır. Əsasən bir çox tələbə gənclərimiz və dini bilməyən və islamda zəif olan gənc oğlan və qızlar bununla öz həyatlarını və gələcəklərini təhlükəyə atmış olurlar. Allah təala bu cür təhlükələrdən bizim müsəlman gəncləri qorusun. Amin!
İslamın mənimsədiyi əsl həqiqət və halal nigaha bir çox istiqamətlərdən tərs düşən müta (siğə) nigahını Rəsulullah (ona və ailəsinə salam olsun) birdən-birə qadağan etməmişdir. Bu səbəblə, bu barədə bizə gəlib çıxan bütün hədislərin və xəbərlərin gəliş tarixlərini və ümumiyyətlə nəsx və mənsux haqqında elmi olmayanalar yalnız gələn hədis və xəbərləri zikr edir və sonradan qadağan olunmuş məsələləri qeyd etmirlər. Gənclər bilməlidirlər ki, islam bütün qayda və qanunlarda tədricilik yolunu tutub. İslam gələndan sonra birdən birə haramı halal və ya halalı haram etməyib. Allah və sonra onun Rəsulu (ona və ailəsinə salam olsun) da birdən birə cahiliyyə adətlərinə qadağa qoymayıblar. Bütün haram və xətalı işlər tədricən nizamlanıbdır. Qurani Kərim 23 il ərzində və tədricən nazil olmuşdur. Şərab tədricən haram edilmiş, donuz əti, fal oxları, digər bütün məsələlər hamısı tədricən qadağan olunmuşdur. Haram olan siğə də birdən-birə yox tədricən haram edilmiş və Allah rəsulu (ona və ailəsinə salam olsun) artıq siğəni Qiyamətə qədər haram elan etmişdir. Peyğəmbərin (ona və ailəsinə salam olsun) vaxtında icazəli olan siğə haqqında kifayət qədər hədislər vardır. İbnu Məsuddan (Allah ondan razı olsun) gələn bir rəvayət belədir: "Biz, Rəsulullahla (ona və ailəsinə salam olsun) döyüşə çıxmışdıq. Yanımızda qadın yox idi. “Tənasülümüzü (övrət yerimizi) burdurub qadınlaşsaq olmazmı?” dedik (İbn Hibban (Allah ondan razı olsun) səhihində deyir ki, onlar belə dedikləri vaxt artıq siğə haram elan edilmişdir). Bunu etməyi bizə qadağan etdi. Lakin bir geyəcək (kimi sadə ödəniş) qarşılığında, qadınlarla bir müddət üçün nigah etməmizə icazə verdi”. Abdullah İbnu Məsud (Allah ondan razı olsun) (fikirinə dəlil olaraq) bu ayəni oxudu. (Tərcümə olaraq): “Ey iman edənlər! Allahın sizə halal etdiyi təmiz və gözəl şeyləri özünüzə haram edib də həddinizi aşmayın. Həddini aşanları Allah əlbəttə sevməz” (Maidə 87). Bunu deyək ki, Müslim, hədisin bir başqa versiyasında, ayəylə dəlil gətirməyin İbnu Məsudun (Allah ondan razı olsun) əməli olmadığını yazır. Bu vəziyyətdə ayəni oxuma işi ona deyil, ondan sonra gələn bir raviyə aiddir. Bu hədisdə İbnu Məsudun (Allah ondan razı olsun) siğəyə (muta) nigahına sənəd verdiyi anlaşılır. Sənəd ifadə edən digər rəvayət sahibləri haqqında deyildiyi kimi, İbnu Məsud (Allah ondan razı olsun) üçün də: “Rəsulullahın (ona və ailəsinə salam olsun) qadağasını eşitməmiş ola bilər” şərhi verilib. Ancaq: İbnu Məsud (Allah ondan razı olsun), bu rəvayəti siğənin (mutanın) nəsx edildiyini eşitməzdən əvvəl etmiş ola bilər” demək daha doğru olar. Çünki Beyhaqi İbn Məsudun "Muta (siğə) mənsuxdur, onu İslamın gətirdiyi, boşanma, mehir iddət və miras kimi hökmlər nəsx etmişdir” dediyini yazır. İbnu Abbasın (Allah ondan razı olsun) bu məsələdəki yeri daha diqqət çəkicidir. Bəzi rəvayətlər, onun muta nigahına (siğəyə) fətva verdiyini, buna görə Hz. Əlinin (Allah ondan razı olsun) ona sərt çıxdığını və: “Sən xəta edənə bənzəyirsən. Allahın elçisi (ona və ailəsinə salam olsun) qadınlarla siğə etməyi qadağan etdi” dediyini rəvayət edir. Beyhaqinin bir rəvayəti bir ara İbn Abbasın (Allah ondan razı olsun) bu məsələdəki fətvalarıyla sadəcə Həzrəti Əlinin (Allah ondan razı olsun) deyil, elm əhlinin tərzini də üzərinə çəkdiyini, ancaq onun bu məsələdəki fikrində dayandığını, belə ki, bəzi şairlərin şerlərinə belə hədəf olduğu bildirilir. Belə ki, sonda İbn Abbas (Allah ondan razı olsun) da rəyindən geri dönmüşdür. Tirmizi deyir ki, “...Sonra İbn Abbas (Allah ondan razı olsun) fətvasından, siğənin Allah elçisi (ona və ailəsinə salam olsun) tərəfindən haram edildiyi özünə xəbər verilincə geri dönüb”. Necə ki, İbn Abbas (Allah ondan razı olsun) nəsxdən xəbərdar olub siğə haqqında deyir: “Siğə, leş və donuz əti kimi haramdır”.
İbnu Abbasın (Allah ondan razı olsun) məşhur olan fətvasının mahiyyəti haqqında Xattabinin Səid İbnu Cübeyrdən (Allah ondan razı olsun) yazdığı bir rəvayəti yazmaqda fayda ümid edirik: "Səid İbnu Cübeyr (Allah ondan razı olsun) rəvayət edir: “İbni Abbasa (Allah ondan razı olsun) dedim ki: “Sən nə etdiyini, nəyə fətva verdiyini bilirsənmi?” Səid İbnu Cübeyr (Allah ondan razı olsun), haqqında yazılan şeri oxuyaraq fətvasının necə istismar edildiyini göstərir. Şeiri eşidən İbnu Abbas (Allah ondan razı olsun) bu cür deyir: “İnna lilləhi və inna ileyhi raciun! Allaha and olsun, mən bu məqsədlə fətva vermədim və bunu heç ağılımdan keçirmədim. Mən, (siğə nigahını), Allahın leşi, qanı və donuz ətini halal etdiyi şərtlərdə halal etdim [Yəni necə ki, Allah təala məcbur qaldıqda və həddini aşmadan donuz ətindən, leşdən yeməyə icazə veribdir]. Siğə yalnız məcbur vəziyyətdə olanlara halal idi. O eynilə leş, qan və donuz əti kimi (haram)dır”. Bu rəvayəti yazan Xattabi, İbnu Abbasın (Allah ondan razı olsun) sözündən çıxa biləcək “Zərurət halında, eynilə leş, qan və donuz ətini yemək necə caiz olduğu kimi muta (siğə) etmək də məcbur olduqda caiz ola bilər hökmünün səhvini ifadə edir. Ona görə səhv iki nöqtədən irəli gəlir:
1) Bu hökmə gedərkən nassa dözülməz, müqayisəyə gedilmiş olar. (Halbuki nassın yəni Rəsulullahdan açıq hökmün olduğu yerdə müqayisəyə yer verilməz. Muta (Siğə) nigahını qadağan edən nass mövcuddur.)
2) Mutanın (Siğənin) qida barəsində məcbur qalınana bənzədilməsi də səhvdir. Çünki qida tapa bilməyən kimsə həyati təhlükədədir, ölməmək üçün haram yeməsinə icazə verilmişdir. Halbuki muta (siğə) məsələsi şəhvətin qələbəsi ilə əlaqədardır. Burada adam, həyati təhlükə ilə qarşılaşmayacağı üçün məcbur sayılmaz. Şəhvətə səbr etmək mümkündür. Ayrıca şəhvət, oruc və dərman yoluyla da qırıla bilər. Elə isə “qida” və “şəhvət” zərurət olmadan eyni dəyərdə deyildirlər, başqa sözlə hökmləri də fərqlidir. Qənaətimizə görə İbnu Abbasın (Allah ondan razı olsun) fətvası, Xattabinin dediyi kimi “uzun qürbət”, “ehtiyac” və “kasıblıq” səbəblərinə bağlı deyil. Nass (Quran və Sünnə) olduğu zaman müqayisə yoluyla fətvaya gedilməyəcəyini İbn Abbas (Allah ondan razı olsun) hər kəsdən yaxşı bilir. Fətva alimlərin ittifaqla ifadə etdiyi kimi, bu məsələdəki nasslardan xəbərdar olmama səbəbinə söykənir. İbnu Abbas (Allah ondan razı olsun) kimi uca bir səhabə hədisi eşitməmiş ola bilərmi? - deyə ediləcək bir etiraza dərhal cavab verək: “Bu çox təbii və Həzrəti Əbu Bəkr (Allah ondan razı olsun), Həzrəti Ömər (Allah ondan razı olsun) kimi - həm də ilklər arasında iştirak edən - digər böyüklərdə də tez-tez rast gəlinən bir vəziyyətdir”. Bu mövzudakı qadağan edici hədislərə bağlı olduğu dövrə aid olduğu aydın olan bir başqa rəvayətdə İbnu Abbas (Allah ondan razı olsun) belə deyir: "Muta nigahı (siğə) İslamın başlanğıcında caiz idi. Adam (ticarət malıyla) tanıdığı bir adamı tapa bilməyən uzaq bir diyara gedərkən, orada qalacağını təxmin etdiyi müddət üçün bir qadınla muta nigahı ilə evlənərdi. Qadın da onun əşyalarını o müddət içində mühafizə edər, məsələsini islah edərdi. Bu hal, bu ayənin nüzuluna qədər davam etdi (Tərcümə olaraq): “Ancaq xanımlara və nökərlərinə qarşı müstəsna, bunlarla olan yaxınlıqlarından ötəri qınanmazlar....” (Məaric 30; Mu'minun 6). İbnu Abbas (Allah ondan razı olsun) davamla deyir ki: “Bu ikisi xaricindəki bütün fərclər (orqanlar) haramdır". İbnu Abbasın (Allah ondan razı olsun), ayətdən hərəkətlə muta nigahı ilə alınan qadının zövcə sayıla bilməyəcəyinə hökm etdiyi ifadə olunub. Çünki ayədə yalnız arvadlarla milk-i and deyilən kölə qadınlar halal hesab edilməkdədir.
Bu araşdırmada Tahavi və İbn Həcərin Fəthu-l Bari əsərindən istifadə olunubdur. Hədisləri isə məşhur və səhih hədis kitablarından qeyd etmişik. Materialı hazırlayarkən isə əsasən “Kutubu Sittə” adlı kitabdan geniş istifadə olunub. Bu barədəki araşdırmamızı Allahın köməyi ilə ortaya qoyacağıq. Həmçinin yuxarıdan bu yerə qədər bizə çox şey məlum oldu. Əsasən bunu bir daha bildik ki, hətta ən məşhur və böyük səhabələrdən bir çoxu belə siğənin haram olması haqqında qəti xəbəri eşitməyib və Həzrəti Əli (Allah ondan razı olsun) kimi böyük səhabələr xəbər verdikdən sonra təsdiqləyiblər. Allah bizim bütün gənclərimizi doğru yola müvəffəq etsin. Amin.
Hazırladı: Əkrəm Həsənov.
Hiç yorum yok:
Yorum Gönder