17 Ağustos 2011

Qədr gecəsini tapmaq üçün yola çıxmalıyıq


Qədr gecəsinə doğru yaxınlaşırıq. Biz çalışmalıyıq ki, bu gecəni tapa bilək. Bunun üçün biz mütləq axtarışa çıxmalıyıq. “Axtaran tapar” deyiblər bizim atalarımız. Həmçinin bu böyük günün tapılması üçün bəzi məqamlrı bilməliyik.

Ən əvvəl onu bilməliyik ki, qədr gecəsi ilin gecələrinin ən üstünü, fəzilətlisi, hörmətlisi, əzəmətlisidir. Allah təala belə buyurmuşdur:
“Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!
2 - (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
3 - Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
4 - O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
5 - O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!” (Qurani Kərim, əl-Qədr (Qədr gecəsi) surəsi).
Həqiqətən də qədr gecəsi axtarılmalıdır. Bu gecəni xüsusi olaraq Ramazan ayının son on günündəki tək günlərində axtarmaq müstəhəbdir. Yəni yaxşı əməldir. Allahın elçisi, sevimlimiz Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) bu Qədr gecəsini Ramazanın son günlərində axtarardı. Ramazanın son on günü girdiyi vaxt gecələri ibadətlə keçirər, ailəsini oyadar, ibadət üçün yaxşıca hazırlaşardı. Belə ki, son gecələr xanımlarından uzaqlaşıb özünü ibadətə verərdi. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) bu davranışı bizə onu bildirir ki, biz də bu Qədr gecəsini axtarmalıyıq. Əgər Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) axtarıbsa deməli bu böyük və əzəmətli bir işdir. Biz də bundan dərs götürməliyik.
Qədr gecəsinin təyin edilməsi haqqında alimlərin müxtəlif fikirləri vardır. Bəziləri 21-ci, bəziləri 23-cü, bəziləri 25-ci, bəziləri 27-ci, digər bəziləri də 29-cu günlərin gecələri olduğunu demişlər. Bəziləri isə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) hədisinə uyğun olaraq son on gecələrin tək gecələrindən birinə dağılmışdır demişlər. Alimlərin çoxuna görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Çünki bununla bağlı hədis vardır. Belə ki, Əhməd ibn Hənbəl (Allah ona rəhmət etsin) səhih bir sənədlə İbn Ömərdən (Allah hər ikisindən razı olsun) rəvayət etdiyi hədisdə Allah rəsulu (ona və ailəsinə salam olsun) belə demişdir: “Hər kim qədr gecəsini axtarsa onu iyirmi yeddinci gecəsində axtarsın”.
Müslim, Əhməd, Əbu Davud və Tirmizinin Übeyy bin Kəbdən (Allah ondan razı olsun) rəvayət edərək, Tirmizinin səhih dediyi hədisdə Übey bin Kəb belə demişdir: “Özündən başqa ilah olmayan Allaha and olsun ki, Qədr gecəsi Ramazanın içərisindədir. Yenə də Allaha and olsun ki, onun hansı gecə olduğunu bilirəm. Qədr gecəsi, Allah rəsulunun (səllallahu aleyhi və səlləm) bizə əhya etməklə əmr etdiyi, Ramazanın iyirmi yeddinci gecəsidir”. (Belə ki, hədisdən də göründüyü kimi səhabə Qədr gecəsinin məhz bu gecə olmasına and içir. Qədr gecəsinin bir çox əlamətləri vardır. Ən böyük əlaməti odur ki, günəş həmin gecənin səhəri ziyası olmadan doğar.
Ümumiyyətlə bu gecənin özünə xas bəzi xüsusiyyətləri vardır ki, biz onları bu qısa məqalədə qeyd etməyəcəyik. Əsasən ona toxunmağı vacib bilirik ki, bu gecədə əsasən hansı ibadətləri yerinə yetirməliyik. Bu barədə yenə də Allah rəsulundan (səllallahu aleyhi və-səlləm) gələn hədisə baxacağıq. Buxari və Müslimin Əbu Hürüyrədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allahın elçisi (səllallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Hər kim qədr gecəsini inanaraq və savabını Allahdan gözləyərək ibadətlə keçirərsə onun keçmiş günahları bağışlanar”.
Əhməd, İbn Macə və Tirmizinin Aişədən (Allah ondan razı olsun) rəvayət edərək, Tirmizinin də səhih saydığı hədisə görə Aişə (Allah ondan razı olsun) belə buyurmuşdur: “Ya Rəsulullah! Qədr gecəsinin hansı gecə olduğunu bilsəm nə deyim?” Aişə rəvayət edir ki, Allah rəsulu (səllallahu aleyhi və səlləm) belə deməyimi əmr etdi: “Allahım! Sən bağışlayansan, bağışlamağı sevənsən, məni bağışla”.
Bu gecə çox dua eləmək, Allahdan bağışlanma diləmək, tövbə və istiğfar eləmək lazımdır. Bəzi insanlar elə başa düşür ki, bu gecəni səhərə qədər oyaq qalmaq lazımdır. Təbiidir ki, əgər buna imkanı və gücü çatarsa oyaq qalsın. Amma bu o demək deyildir ki, səhərə qədər çilə çıxarıb ibadətdən kənar bir işlə məşğul olasan. Bu qətiyyən yol verilməzdir. Əsasən bilməlisən ki, bu gecənin bir hissəsində müəyyən qədər ibadət, etsən, Quran oxusan, zikr etsən, namaz qılsan sənə kifayət edər. Təəssüf edirik ki, müsəlmanların bir çoxu bunu yalnış anlamışlar. Hətta biz çox şahidi olmuşuq ki, gənclər Qədr gecəsində səhərə qədər oyaq qalıb digər işlərlə məşğul olurlar. Halbuki oyaq qalmaqda məqsəd təkcə Novruz bayramındakı kimi çilə çıxarmaq deyil, ancaq və ancaq Allaha yönəlib dua etmək, bağışlanma üçün yalvarmaq və Allahı çox zikr etməkdir. Allah təala bizə Qədr gecəsinin qədr-qiymətini vermənin yollarını göstərsin. Qedr gecəsində ibadət edib günahları bağışlanan kimsələrdən olaq. Amin!.

Əkrəm Həsənov 

Hiç yorum yok:

Yorum Gönder