Aləmlərin Rəbbi olan Allaha həmd olsun ki, bəzi məkanları, yerləri, vaxtları, zamanları bir-birindən üstün etmişdir. Bu vaxtlardan da biri gecə vaxtlarından olan Qədr gecəsidir. Bu elə bir mübarək gecədir ki, uca Allah Qurani Kərimi o gecədə nazil etmişdir.
Artıq bunu bilməlisiniz ki, Allah təala Məhəmməd ümmətini də digər ümmətlərdən üstün edib xüsusiləşdirmişdir. Allah təala bu umməti ona görə digər ümmətlərdən üstün edib xüsusiləşdirmişdir ki, bu ümmətə xüsusi olaraq elçi göndərmiş və bu ümmətə əvvəlki ümmətlərə vermədiyi çox əzəmətli bir kitab nazil etmişdir. Aləmlərin Rəbbinin kəlamı bu ümmətə ən xeyirli gecədə nazil olunmuşdur. Allah təala bu gecəni başqa digər gecələrdən xüsusiləşdirib seçmişdir. Deməli Allah təala ən xeyirli gecədə, ən xeyirli kəlamı nazil etmiş, ən xeyirli elçisini bizə göndərmiş və bizi ən xeyirli ümmət etmişdir. Belə olduğu halda nə üçün bizim içərmizdə olan bu insanlar bu ümmətdən olmaq üçün səy etmirlər? Nə üçün ən xeyirli ümmət olmaq üçün dəstə-dəstə islamı qəbul edib, Allahın və göndərdiyi ən xeyirli elçisinin əmrlərini yerinə yetirmirlər? Onlar buna layiq deyillərmi, yoxsa özlərini bu şərəfə nail etmək istəmirlər? Artıq bu sual ətrafında özləri düşünsünlər.
Allah təala Qədr gecəsini o qədər xeyirli, əzəmətli bir gecə etmişdir ki, bu gecədə olunan ibadətlər min ayda olunan ibadətlərdən xeyirlidir. Bunun da səbəbi məhz bu gecənin min aydan xeyirli olması üçündür. Yəni bu gecənin min aya bərabər olmasıdır ki, bu da 83 il 4 ay edir. Yəni bu gecə 83 il 4 aya bərabər olan bir gecədir. Bu xəbəri bizə haqq olan uca Rəbbimiz çatdırmışdır, bizə bildirmişdir ki, biz bu gecədən qəflətə düşməyək. Ya Rəbbimiz! Bu gecənin haqqını verməkdə bizə kömək ol! Amin!
Bu gecənin Qədr gecəsi olmasını və min aydan xeyirli olmasını uca Allah açıq aşkar bizə xəbər vermişdir: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)” (Əl-Qədr surəsi 1-5-ci ayələr).
Həmçnin Allah təala Qurani Kərmi bu gecədə nazil olmasını bizə Duxan surəsində də xəbər vermişdir: “Ha, Mim! (Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki, Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur, Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk, Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir! O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə inanırsınızsa (bilin ki, Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir)! Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir” (Əd-Duxan (duman) surəsi, 1-8).
Nə üçün bu gecəyə Qədr gecəsi deyilir? Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) belə demişdir: Birincisi, bu gecənin digər gecələrdən şərəfli olması üçündür, çünki ərəblər bir insanı başqa insandan üstün hesab edəndə “əl-qədr” (şərəfli) filankəs, filankəsdan daha qədrli, yəni şərəflidir. İkincisi, həqiqətən də bu gecədə gələn ilə qədər olan qədərlər təyin olunur. Bir il ərzində baş verəcək bütün işlər təqdir olunur. Bu Allah təalanın əvvəlcədən təyin etdiyi bir hökmdür. Üçüncüsü, Allah Rəsulunun bir sözünə əsasən bu gecədə olan ibadətlər, digər gecələrdə və günlərdə olan ibadətlərdən daha xeyirli, daha üstün, daha şərəfli və daha qədrli qiymətlidir. Allahın Rəsulu (səllallahu aleyhi və səlləm) buyurmuşdur: Kim, inanaraq, savabını Allahdan istəyərək qədr gecəsini ibadət üçün ayaqda durarsa, onun keçmiş və gələcək bütün ganahları bağışlanar” (Buxari və Müslim).
Qədr gecəsinin bəzi əlamətləri vardır. Bunlardan biri gecənin nurlu olması və səhər günün şüası olmadan çıxması və nurunun çox olması, qəlbin mütmain (rahat) olması, möminin sinəsinin geniş olması, yəni sevincli və fərəh içində olması, başqa gecələrdən fərqli olaraq bu gecədə olan ibadətlərin daha ləzzət verməsi və daha imanın artdığının müşahidə olunması və s.
Yazıb hazırladı: Əkrəm Həsənov
Məqaləni Yahya Əz-Zəhraninin “Qədr gecəsi və əlamətləri” haqqında yazdığı məqalədən tərcümə edərək, bəzi əlavələr də edərək hazırladım.
Hiç yorum yok:
Yorum Gönder